Naxçıvan MR: Aqrar bölmənin inkişafında yeni mərhələ

 

Əhalinin etibarlı ərzaq təminatı sosial dayanıqlığın, iqtisadi sabitliyin və hərbi gücün başlıca meyarıdır

 

Günü-gündən yeniləşən Azərbaycanımızın Naxçıvan bölgəsi XXI əsrin əvvəllərindən başlayaraq özünün sürətli inkişaf dövründə otən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm dəyişkənliklərlə başa vurur. Bu illərdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı istiqamətində muxtar respublikanın iqtisadi strategiyasına uygun olaraq bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bu da blokada vəziyyətində olan muxtar respublikada sənayenin və kənd təsərrüfatının inkişafı üçün bazis rolunu oynamış, yeni iş yerlərinin açılmasına, nəticədə adamların maddi-rifah halının yüksəldilməsinə öz müsbət təsirini göstərmişdir.

Müstəqil dövlət quruculugunun ilk illərində çox çətin tarixi sınaqlardan çıxmış Naxçıvan Muxtar Respublikası bir sıra sosial-iqtisadi proqramların və onların icra mexanizmlərinin həyata keçirildiyi bölgələrdən olmuş, digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da xüsusi mülkiyyətə əsaslanan infrastrukturların formalaşdırılması istiqamətində aparılan işlərdə həmişə ön mövqedə qərarlaşmışdır. Bölgədə aqrar islahatların inkişaf strategiyası hələ müstəqil dövlət quruculugunun ilk illərində – ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən hazırlanmışdır. Yaxın keçmişə nəzər salcaq görərik ki, o dövrdə Naxçıvan MR Ali Məclisinin 1992-ci ildə “Naxçıvan MR - də zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, həmçinin ”Rentabelli işləməyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarları ictimai əmlakın özəlləşdirilməsi istiqamətində atılan ilk addımlar olmuşdur.

Bundan başqa, Naxçıvan Ali Məclisinin müxtəlif vaxtlarda qəbul etdiyi “Aqrar islahatların əsasları”, ”Kəndli-fermer təsərrüfatının yaradılması”, “Özəlləşdirmə proqramları haqqında” qərarları və digər mühüm sənədlər aqrar bölmədə əsaslı islahatların həyata keçirilməsində mühüm rol oynamışdır. Azərbaycanda ilk dəfə olaraq torpaq islahatlarının həyata keçirilməsinə məhz bu bölgədə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Muxtar Respublikada aparılan quruculuq işlərini belə ifadə etmişdir: “Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın bütün sosial məsələləri oz həllini tapsın. Naxçıvanın timsalında biz bunu görürük. Burada həm sosial sahəyə diqqət göstərilir, həm də iqtisadi inkişaf çox sürətlə gedir, yeni müəssisələr, fabriklər, zavodlar açılır, quruculuq işləri aparılır. Mən çox sevinirəm,qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür”.

Muxtar respublikanın coğrafi mövqeyi aqrar bölmənin inkişafına çox uyğun gəldiyindən bu sahəyə daha çox diqqət yetirilir. “Naxçvan Muxtar Rekspublikasının(2005-2008-ci illər) sosial-iqtisadi regional Proqamı”na uyğun olaraq aqrar bölmədə dövrün tələblərindən irəli gələn ayrı-ayrı sahələrin inkişafı üçün çevik qərarlar qəbul edilir. “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı” və digər qəbul edilmiş sənədlərdən irəli gələn vəzifələrin həyata keçirilməsi, fermerlərə, kənd adamlarına maliyyə dəstəyinin göstərilməsi, sahibkarlığın inkişafı, regionda infrastruktur lahiyələrin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir.

Keçən mövsüm taxılçılığın inkişafı ilə bağlı görülən tədbirlər məhsuldarlığın yüksəldilməsinə zəmin yaratmışdır. Bütün qəbul edilmiş müvafiq qərar və sərəncamlar nəticə etibari ilə aqrar bölmədə maddi-texniki bazanın möhkəmləndirilməsində mühüm rol oynamışdır. Muxtar respublikada ərzaq mallarının istehsalı ilə istehlakı arasında nisbət ildən-ilə birincinin hesabına artmaqdadır. Ərzaq məhsullarının istehlakı 2007-ci ildə adambaşına taxıl məhsulları üzrə 174,5 kq (o cümlədən çörək və çörək məhsulları üzrə 138,8 kq), ət və ondan hazırlanan məhsullar üzrə 43,4 kq, süd məhsulları üzrə 177 litr, yumurta üzrə 126 ədəd, kartof üzrə 91,1 kq, tərəvəz üzrə 140,6 kq, meyvə və giləmeyvə üzrə 88,5 kq, şəkər üzrə 31,5 kq, bitki yağı üzrə 8,7 kq, balıq məhsulları üzrə 1,2 kq təşkil etmişdir.

2008-ci ildə aqrar bölmədəki istehsalçılara 4 milyon 528 min manatlıq kredit verilməsi nəticəsində əkin sahələrinin ümumi sahəsi 59 min hektara çatdırılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə 1 milyon 263 min manatlıq mineral gübrə ilə təmin edilmişlər. “Naxçıvan Aqrolizinq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən 84 ədəd yeni texnika gətirilərək istehsalçıların ixtiyarına verilmişdir. Bütün bu işlərin nəticəsi olaraq 2008-ci ildə 135 milyon 797 min manatlıq ərzaq məhsulları istehsal edilmiş, o cümlədən sahələrdən strateji əhəmiyyət kəsb edən 87 min 305 ton taxıl, 34 min 309 ton kartof toplanılmışdır. Sahibkarlıq subyektlərinin sayı artırılaraq 66 hüquqi, 1555 fiziki şəxsə çatdırılmışdır. Ötən dövr ərzində ümumi daxili məhsulda özəl bölmənin payı 86 faiz, kənd təsərrüfatı məhsullarının istehsalında isə 97 faizə yüksəlmişdir.

Ancaq buna baxmayaraq aqrar bölmədə makroiqtisadi sabitlik və əhalinin pul gəlirlərinin artdığı dövrdə işgüzar fəallığın artırılması, yoxsulluğun minimum həddə endirilməsi, torpaqdan, sudan, işçi quvvəsindən səmərəli istifadə olunması, əkinçilikdə texniki təhcizatın yaxşılaşdırılması, bitkiçilik və heyvandarlıq məhsullarının artırılması, aqrotexniki, fitosanitar və baytarlıq xidməti mədəniyyətinin yüksəldilməsi dövrün tələbindən geri qalırdı. Xüsusilə, əhalinin ərzaq təminatında təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi, nəhayət bunları həyata keçirə biləcək yüksək kadr potensialının keyfiyyətcə müasir dövrün tələbatı səviyyəsində yetişdirilməsi və digər məsələlər öz həllini gözləyirdi.

Həmçinin muxtar respublikada aparılan aqrar islahatların nəticəsi kimi kənd təsərrüfatında tələbata uyğun strateji istiqamətlərin dəqiq müəyyənləşdirilməsi, dünya standartlarına cavab verə biləcək emal müəsissələrinin yaradılması, yerli istehsalın artırılması ilə onların idxalının tədricən azaldılması və digər problemlərin həlli üçün uzunmüddətli proqramların hazırlanmasına ciddi ehtiyac duyulurdu. Belə bir vaxtda Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərancamına müvafiq olaraq Naxçıvan Ali Məclisi “2008-2015- ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” haqqında sərəncam verdi. Bu sərəncamla aqrar bölmənin inkişafında yeni mərhələnin əsası qoyuldu.

Dövlət proqramında muxtar respublikada bitki və heyvan mənşəli ərzaq məhsulları istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirməsi və sahibkarlıq mühitinin yaxşılaşdırılması kimi istiqamətlər müəyyənləşdirilmişdir. Bu illlər ərzində dənli bitkilərin əkin sahələrinin 38 min hektara, məhsuldarlığın hər hektardan 40 sentnerə, ümumi istehsalın 150 min tona, kartof istehsalı həcminin 45 min tona, tərəvəz və bostan bitkilərinin istehsalının 120 min tona, meyvə məhsullarının həcmini 45 min tondan çox, şəkər çuğundurunun əkin sahələrini 3 min hektara, yem bitkilərinin əkin sahələrini 12 min hektara qədər genişləndirilməsi, ət istehsalını 25 min tona, süd və süd məhsulları istehsalını 100 min tona qədər artırılması, sənaye üsulu ilə illik quş əti istehsalını 3 min tona, yumurta istehsalını 70 milyon ədədə qədər yüksəldilməsi nəzərdə tutulmuşdur. Çünki əhalinin etibarlı ərzaq təminatı sosial dayanıqlığın, iqtisadi sabitliyin və hərbi gücün başlıca meyarıdır.

Artıq muxtar respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində özəl mülkiyyətə əsaslanan münasibətlərin formalaşması prosesi başa çatmışdır. Kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,8 faizə yüskəlmişdir. 2007-ci ildə aqrar bölmədə real gəlir orta hesabla 4 faiz artmışdır. Bununla yanaşı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kreditləşdirmənin günün tələbləri səviyyəsinə çatdırılması, əldə olunmuş müxtəlif növ məhsulların saxlanmasının təmin edilməsi, bütün mövsümlər ərzində satış bazarlarına ayrı-ayrı ərzaq məhsullarının çıxarılmasında fasiləliyin aradan qaldırılması, məhsulların satışında qiymət sabitliyinin qorunub saxlanılması və s. kimi problemlər gündəmdə duran əsas problemlərdəndir.

2008-ci ildə muxtar respublikada kartof, meyvə və tərəvəzin saxlanılması üçün 2 soyuducu anbar, ərzaq məhsulları terminalı, taxılın uzunmüddətli saxlanılması üçün 18 min ton tutuma malik, qısamüddətli saxlanılması üçün isə 20 min tonluq anbar tikilib istifadəyə verilmişdir. Ancaq görülmüş tədbirlərlə yanaşı, muxtar respublika ərazisində ayrı-ayrı kənd təsərrüfatı məhsullarının artırılması üçün stimullaşdırıcı təsirə malik olan, işlək mexanizmə əsaslanan istehsalçı - alıcı - satıcı şəbəkəsinin yaradılmasına, pul dövriyyəsinin sürətləndirilməsi üçün satış bazarlarının genişləndirilməsinə, bir sıra yeyinti məhsullarının saxlanılma müddətinin uzadılması, ixracat şəbəkəsinin yaradılması üçün iri tutumlu xüsusi anbarların, soyuducu kameraların tikilməsinə, yerli və idxal məhsullarının keyfiyyətinə nəzarətin artırılmasına ciddi ehtiyac duyulur. Bu yaxınlarda Naxçıvan şəhərində ərzaq mallarının keyfiyyət müayinəsinin aparılması üçün yeni müasir tipli laboratoriyanın istifadəyə verilməsi mütəxəsis rəylərinin ciddi nəzərə alınması imkanlarını artırmışdır.

Aqrar bölmənin inkişaf etdirilməsi kənd əhalisinin, xüsusilə, sərhədyanı yaşayış məntəqələrində adamların məşğulluğunun artırılmasına, nəticədə şəhərlərə axının qarşısının alınması sahəsində mühüm əhəmiyyəti vardır. Müxtəlif ekoloji-coğrafi ərazilərində 6 iqlim, 10-dan çox tipə aid çoxlu sayda torpaq növlərinə məxsus olan düzən, dağətəyi və dağlıq ərazilərindəki əkinə yararlı sahələrdə müvafiq kənd təsərrüfatı bitkilərinin becərilməsinin genişləndirilməsi, məhsuldarlığının artırılması üçün geniş imkanlar mövcuddur. Regionda meyvəçilik və üzümçülük xüsusi iqtisadi əhəmiyyət kəsb edən sahələrdən biridir. Ancaq mövcud meyvə bağları hələlik daxili bazarı və qismən kiçik həcmli emal müəssisələrinin tələbatını ödəmək imkanına malikdir. Meyvə ixracının təşkili üçün müvafiq ərazilərdə özəl fermer təəssüratlarından ibarət infrastrukturların təşkili eyni sort tərkibli yeni meyvə bağlarının salınması nəticəsində mümkündür.

Ərazidə tədqiqatlar nəticəsində öyrənilmiş müxtəlif vaxtlarda yetişən alma sortlarından “Ordubad gözəli”, “Rəcəbi”, “Şada alması”, “Kükü alması”, “Qızıləhmədi”, “Toz alma”; armud sortlarından “Abasbəyi”, “Qızıl armud”, “Sarı şəkəri”, “Qış armudu”, şaftalı sortlarından “Tərəlli”, “Şərəlli”, “Ağ nazlı”, “Qırmızı nazlı”, “Zəfərani”; ərik sortlarından “Abutalibi”, “Badam ərik”, “Sarı şalax”, “Qırmızı şalax”; alça sortlarından məşhur “Naxçıvan göycəsi” və müxtəlif gilas, gilənar, badam, heyva, qoz sortlarından ibarət meyvə plantasiyalarının salınması, toplanmış məhsulların yüksək səviyyədə qablaşdırılaraq xarici bazarlara çıxarılması muxtar respublika büdcəsinə xeyli maddi gəlir gətirməklə gələcəkdə kəndlərimizdə əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayardı. Hazırda dağətəyi və dağlıq ərazilərdə meyvəçiliyin genişləndirilməsi, meyvə bağlarının bərpası, sort tərkibinin yeniləşdirilməsi və digər işlər uğurla həyata keçirilir.

Muxtar respublikada üzümçülüyün çox qədim tarixi vardır. Keçən əsrin 70-80-ci illərində regionun iqtisadi həyatında çox mühüm rol oynayan aqrar bölmənin bu sahəsi Mixail Qorbaçovun məlum alkoqolizmə qarşı mübarizə proqramı əsasında kütləvi məhv edilməyə başlandı. Qısa müddətdə bütün şərab emalı zavodları məhv edildi. Üzüm genefonduna çox ciddi ziyan vuruldu. Aborigen üzüm sortları ancaq həyətyanı sahələrdə qorunub saxlanıldı. Əlbəttə, belə xoşagəlməz hal uzun müddət davam edə bilməzdi. Artıq 2002-ci ildən üzüm sahələrinin genişləndirilməsi işlərinə başlanıldı. 2005-ci ildə muxtar respublikanın 923 hektarlıq üzüm plantasiyasından 13280 ton məhsul toplanıldı.

Hazırda kənd əhalisinin məşğulluğunun və maddi gəlirlərinin artırılmasında mühüm əhəmiyyət kəsb edən üzümçülüyün genişləndirilməsinə fəal və doğma münasibət bərpa olunmaqdadır. Dövlər proqramında üzümçülüyün inkişaf etdirilməsi, süfrə sortları istehsalının artırılmasının nəzərdə tutulması bu sahəyə dövlət qayğısının artdığını göstərir. Muxtar respublikda həm əhalinin ehtiyacının təmin olunması, həm də xarici ölkələrə ixrac edilməsi məqsədilə yüksək keyfiyyətli üzüm məhsullarının istehsalının təşkili, ixtisaslaşdırılmış fermer təsərrüfatları şəbəkəsinin yaradılması, daxili və xarici ticarət dövriyyəsi üçün “Sarı kişmişi”, “Qırmızı kişmişi”, “Qara kişmişi”, “Miskalı”, “Şəfeyi”, “Muxtarı” və digər yüksək keyfiyyətli süfrə sortlarından ibarət plantasiyaların salınması artıq həllivacib problemlərdəndir. Yüksək keyfiyyətli qurudulmuş kişmiş istehsalının təşkili və xarici bazarlara çıxarılması xüsusi diqqət tələb edən sahələrdəndir. Yeri gəlmişkən onu da deyək ki, yeni üzüm bağlarının salınmasında yerli sortlardan geniş istifadə olunması daha məqsədəuyğundur. Azərbaycan MEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunda ərazidəki üzüm sortları toplanılaraq qorunmuş, 150 sortdan ibarət “üzüm genefondu” kolleksiya bağı yaradılmışdır. Çox müxtəlif genetik xüsusiyyətləri, yetişmə müddətləri və iqtisadi səmərəliliyi ilə diqqəti cəlb edən süfrə, universal və texniki üzüm sortları gələcəkdə müxtəlif məqsədli yeni üzüm plantasiyalarının salınmasında istifadə olunacaqdır.

Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması muxtar respublika rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə aqrar bölmədə səmərəli istehsal mühitinin yaradılması, toplanan məhsulların saxlanılması, satış infrastrukturlarının yaradılması, qabaqcıl sığorta sistemindən istifadə olunması, elmi yeniliklərin tətbiqi, kadr potensialının daim yeniləşdirilməsi, bu sahəyə maliyyə dəstəyinin genişləndirilməsi və maddi marağın artırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Muxtar respublikada işgüzar quruculuq mühiti davam edir. Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov öz çıxışında 2008-ci ildə görülən işlərə yekun vuraraq demişdir: “Təbii ki, görülən işlərlə, quruculuq sahəsində əldə olunan naliyyətlərlə kifayətlənməyəcək, bundan sonra da ümummilli liderimizin yolunu davam etdirərək doğma Azərbaycanımızın quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirəcəyik”.

 

 

Varis QULİYEV,

Azərbaycan MEA-nın

Naxçıvan bölməsinin əməkdaşı 

                                      

Xalq qəzeti.-2009.-11 yanvar.- S.3.