Referendum ölkənin həyatında yeni dönəmin
başlanğıcını qoyacaqdır
Ölkəmizdə martın 18-də keçiriləcək
referenduma hazırlıqla
bağlı gedən proseslər geniş ictimaiyyətin diqqət mərkəzindədir. Konstitusiyaya ediləcək
əlavə və dəyişikliklərlə əlaqədar
referenduma çıxarılan
təkliflər paketi bütövlükdə cəmiyyətdə
əsas müzakirə
mövzusudur. Bu da təbiidir. Çünki referenduma çıxarılan
təkliflər ölkəmizin
gələcək siyasi
həyatı üçün
mühüm əhəmiyyət
kəsb edir. Digər tərəfdən referendum yolu
ilə Konstitusiyaya ediləcək əlavə
və dəyişikliklər
ölkədəki mövcud
siyasi reallıqları
özündə əks
etdirir. Yəni cəmiyyət bu
müsbət əlavə
və dəyişiklikləri
qəbul etməyə
siyasi baxımdan tam hazırdır.
Hakimiyyətin ölkəmizin demokratik inkişaf yolu ilə bağlı yeritdiyi siyasi kurs və son 5 ildə bu istiqamətdə əldə edilən uğurlar geniş kütlələr tərəfindən dəstəklənir. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər və ölkəmizin Cənubi Qafqazda lider dövlətə çevrilməsi beynəlxalq aləmdə də diqqətlə izlənilir. Ötən il oktyabrın 15-də keçirilən seçkilərin nəticələri və xalqın Prezident İlham Əliyevə yenidən göstərdiyi böyük etimad bu ümummilli dəstəyə bariz nümunədir. Bir sözlə, referendum ölkəmizin siyasi həyatında yeni dönəmin başlanğıcını qoyacaqdır. Lakin özünü hələ də “müxalifət” adlandıran müəyyən radikal qüvvələr, şəxslər və onların təsiri altında olan mətbuat orqanları həmişə olduğu kimi hakimiyyətin bu xoşməramlı son təkliflərini də süngü ilə qarşılamışlar. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı referenduma çıxarılacaq təkliflər arasında bir şəxsin 2 dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan götürülməsi ilə əlaqədar müddəa bu qüvvələr tərəfindən daha çox əsassız və yersiz tənqidə məruz qalır. Belə ki, onların heç bir məntiqə sığmayan və həddən artıq absurd görünən mülahizələrinə əsasən qeyd edilən müddəa ilə əlaqədar məhdudiyyətin aradan qaldırılması “demokratik inkişaf yolunda geriyə doğru bir addım” olardı. Onlar hazırkı dövrdə prezident idarəçiliyinin mövcud olduğu ABŞ və digər Qərb dövlətlərində bu məhdudiyyət ilə bağlı müddəanın hələ də qüvvədə olduğunu bir arqument kimi ortaya qoyurlar. Əslində bu arqumentlə əlaqədar müqayisənin özü də çox yersiz görünür. Çünki hər bir ölkənin özünəməxsus tarixi xüsusiyyətləri vardır.
Yenicə müstəqillik
qazanmış və xarici təcavüzə məruz qalmış Azərbaycanla, demokratik inkişafla bağlı böyük bir tarixi yol keçmiş
ABŞ kimi qüdrətli
ölkənin müqayisəsinin
özü də çox əsassızdır.
Qeyd edək ki, uzun bir
tarixi dövr ərzində – 1789-1947-ci illərdə
ABŞ-da prezident seçkisi ilə bağlı belə bir məhdudiyyət olmamışdır. Yalnız
1947-ci ildə demokrat-prezident
Harri Trumenin hakimiyyəti dövründə
bu məhdudiyyətlə
bağlı qanun qüvvəyə minmişdir.
Bu addım da ilk növbədə
bəzi obyektiv tarixi-siyasi zərurətdən
irəli gəlmişdir.
Belə ki, II Dünya müharibəsindən
sonra demək olar ki, ABŞ yeni bir tarixi
mərhələyə qədəm
qoydu. Siyasi-hərbi və
iqtisadi cəhətcə
müharibədən çox
qüdrətli bir dövlət kimi çıxan ABŞ o zaman bütövlükdə
beynəlxalq aləmdə
liderlik iddiasında idi. Ölkənin siyasi-iqtisadi həyatında
sabitlik və möhkəm dayaqlara əsaslanan ənənəvi
demokratik mühit artıq formalaşmışdı. Məhz bu səbəbdən
də bir şəxsin 2 dəfədən
artıq prezident seçilməsinə qoyulan
məhdudiyyətlə bağlı
qanun o dövrdə
gündəmə gətirilərək
reallaşdı. Ondan əvvəlki tarixi dönəmlərdə isə
(yəni 1947-ci ilə
qədər) ölkənin
siyasi həyatında bir şəxsin təkrarən
dəfələrlə dövlət
başçısı seçilməsi
praktikada özünü
uğurla doğrultmuşdu.
Buna misal olaraq görkəmli dövlət xadimi Franklin Delano Ruzveltin (1882-1945) “fenomenal siyasi koryerasını” göstərmək olar. Qeyd edək ki, onun
hakimiyyətdə olduğu
vaxtlarda ABŞ müəyyən
siyasi-iqtisadi kataklizmlər
və böhranlarla üzləşmişdi. 39 yaşında
ikən ağır xəstəlik keçirməsi
– ayaqlarının iflic
olması və çətinliklə hərəkət
etməsi Ruzveltin siyasi şöhrətinə
mane ola bilmədi. F.Ruzvelt
1928-32-ci illərdə Nyu-York
ştatının qubernatoru,
1933-cü ildən ölümünədək
isə ABŞ Prezidenti
olmuşdur. Prezident vəzifəsinə o, dörd dəfə dalbadal – 1932, 1936, 1940 və
1944-cü illərdə seçilmişdi.
Nə ondan əvvəl, nə də ondan sonra
seçilən prezidentlərin
heç biri Ağ evdə 8 ildən artıq qalmamışdır. Məhz
F.Ruzveltin uğurlu daxili-xarici siyasəti nəticəsində ölkə
böyük iqtisadi böhranın fəsadlarını
aradan qaldırmış
və Amerika müharibədən ən
az itkilərlə çıxmışdır.
Elxan RZAYEV
Xalq qəzeti.-2009.-11 yanvar.- S.3.