Təhsil Nazirliyinin kollegiya iclası ilin yekunlarını müzakirə etdi

 

Kollegiya iclasını açan təhsil naziri Misir Mərdanov ötən ilin yekunları ilə bağlı hesabat xarakterli çıxış etdi. Nazir bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilmişdir. Cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə təhsilə qayğı ilbəil artmış, 14-dən artıq Dövlət Proqramı qəbul olunmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda təhsil sahəsində əsaslı yeniliklər yaranmış, yeni məktəblər tikilmiş, köhnə məktəblər əsaslı təmir olunmuş, təhsilin məzmunu yeniləşmiş, informasiya kommunikasiya texnologiyalarının məktəblərə gətirilməsi sürətlənmiş, kadr hazırlığı əsaslı şəkildə yeniləşmişdir.

Sonra nazir təhsilin ayrı-ayrı sahələrində ötən il həyata keçirilmiş tədbirlərdən danışdı. Məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətindən bəhs edən nazir bildirdi ki, ötən il 21 uşaq bağçası əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təmin edilmişdir. Eyni zamanda, bu müəssisələr üçün 24 adda 254 min nüsxədə təlim materialı hazırlanmışdır. Bu sahədə dövlət başçısının imzaladığı (2007) Dövlət Proqramının hazırda həyata keçirildiyini vurğulayan natiq onu da bildirdi ki, bu sahədə ciddi işlər görülməsi nəzərdə tutulmuşdur.

Nazir orta ümumtəhsil məktəblərində də ötən il xeyli iş görüldüyünü və bu təhsil sferasında islahatların davam etdirildiyini bildirdi. Orta ümumtəhsil məktəblərinin tikintisinin getdikcə genişləndiyini, ötən il 161 yeni məktəbin istifadəyə verildiyini, 129 məktəbin əsaslı təmir olunduğunu nəzərə çatdırdı.

Misir müəllim təhsilin keyfiyyətində baş verən yeniliklərdən danışdı. Buraxılış test imtahanlarının ali məktəblərə qəbul prosesinə təsirini konkret faktlarla əsaslandırdı. O, həmçininƏn yaxşı məktəb”, “Ən yaxşı müəllimmüsabiqələrinin keçirilməsinin təhsilin keyfiyyətinə göstərdiyi təsir barədə danışdı.

Nazir Azərbaycanda təhsilin inkişafına YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi qayğını da xüsusi olaraq qeyd etdi.

İnformasiya texnologiyalarının məktəblərə gətirilməsi istiqamətində görülən işlər barədə nazir ətraflı məlumat verdi. Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində indi artıq hər 29 şagirdə 1 kompyuter nisbətinin təmin olunduğunu bildirən nazir bu sahədə yeni Dövlət Proqramının qəbul olunduğunu xüsusi olaraq vurğuladı. Yeni elektron dərsliklərin yaradılması, təhsilin idarə olunmasının təkmilləşməsi s. məsələlər barədə nazir ətraflı məlumat verdi.

Peşə orta ixtisas təhsili sahəsindəki yeniliklər məruzədə geniş şəkildə işıqlandırıldı. Belə ki, son illər peşə təhsili ilə bağlı Dövlət Proqramının reallaşması istiqamətində görülən işlərlə bağlı xüsusi məlumat verildi.

Nazir ali təhsil sahəsində həyata keçirilmiş islahatlardan da danışdı. Bildirdi ki, hazırda ali məktəblərdə Bolonya sisteminin tətbiqi ilə bağlı işlər davam etdirilir. Ali təhsilin inkişafı üçün xüsusi Dövlət Proqramı layihəsi hazırlanıb hökumətə təqdim olunmuşdur.

Misir müəllim həmçinin beynəlxalq əlaqələrin genişləndiyini qeyd etdi. Bildirdi ki, gənclərin xarici ölkələrdə təhsil almaları üçün xüsusi Dövlət Proqramı qəbul olunmuşdur. Yaxın gələcəkdə dünyanın qabaqcıl ölkələrində azərbaycanlı tələbələrin sayı xeyli artırılacaqdır.

Ötən il müzakirələrinə başlanılmışTəhsil haqqındaQanunun Milli Məclisdə müzakirəyə çıxarıldığı artıq 2-ci oxunuşda qəbul olunduğunu vurğulayan nazir yeni qanunun təhsilin hüquqi bazasını daha da möhkəmləndirəcəyini bildirdi.

Sonda Misir müəllim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğının milli təhsilimizin daha da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Kollegiya iclasında Milli Məclis sədrinin I-ci müavini Ziyafət Abbasov, millət vəkilləri Qənirə Paşayeva, Gültəkin Hacıyeva da iştirak edirdilər.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.5.