Şəki Elm Mərkəzinin uğurları

 

1972-ci ilin baharı idi. Qədim Şəki şəhərində xüsusi bir canlanma var idi. Respublika alimlərinin, ziyalılarının böyük bir qrupu, başda Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev olmaqla Akademiyanın Şəkidə yaradılan Zona Elmi bazasının açılışına gəlmişdilər. Gələnlərin içində akademiklər Həsən Əliyev, Əlisöhbət Sumbatzadə, Əşrəf Hüseynov, İlyas Abdullayev, Cəlil Hüseynov, Məmməd Arif, Mustafa Topçubaşov, Müzəffər Abutalıbov, İmam Mustafayev, Arif Mehdiyev, Musa Musayev, Ə.Mahmudov da var idi.

Şəhərin Dodu adlanan səfalı bir guşəsində Elmi bazanın təməli qoyuldu. Nəbatat bağını xatırladan bağda tikilmiş ikimərtəbəli binada 1972-ci ilin mayında elmi-tədqiqat müəssisəsi fəaliyyətə başladı. Zona Elmi bazasının yaradılmasında məqsəd zəngin təbii-coğrafi şəraitə, əlverişli iqlimə, yeraltı və yerüstü təbii sərvətlərə malik bu bölgənin təbii sərvətlərini öyrənib tədqiq etməklə xalqın istifadəsinə vermək idi.

Baza Elmlər Akademiyasının 7 aparıcı institutu: Fizika, genetika və seleksiya, Nəbatat, aqrokimya və torpaqşünaslıq, Geologiya, Coğrafiya institutları ilə əlaqəli tədqiqatlar aparmalı idi. Bir sözlə, baza Şəki-Zaqatala iqtisadi bölgəsində EA-nın bir növ kiçik filialı olmalı idi.

1977-ci ilə qədər Şəki Zona Elmi bazası Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun bir laboratoriyası kimi fəaliyyət göstərirdi. Həmin ildən etibarən Elmi baza Azərbaycan Elmlər Akademiyasının qərarı ilə EA-nın Radiasiya Tədqiqatları bölməsinin tabeliyinə keçirildi. Uğurlu tədqiqatlarına görə 1995-ci ildən Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin yeni qərarına əsasən Şəki Zona Elmi bazası Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir.

Hazırda Elmi Mərkəzdə 7 laboratoriya: ipəkçilik, biokimya, biofizika, mədəni və yabanı meyvə və giləmeyvə bitkilərini öyrənən laboratoriya, geokimya, sellərin öyrənilməsi, folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir.

İşçilərinin ümumi sayı 80 nəfərə çatan mərkəzdə 5 elmlər doktoru, 9 elmlər namizədi çalışır. Məhz bu alimlərin gərgin əməyi sayəsində Elmi Mərkəz 36 ildən bir qədər artıq vaxtda Şəki -Zaqatala bölgəsində uğurlu tədqiqatlar aparmış, bu ərazinin yeraltı və yerüstü sərvətlərini öyrənən əməkdaşlar 16 müəlliflik şəhadətnamə almışdır. Mərkəzdə dəqiq elmlərlə yanaşı, bölgənin folkloru və el sənəti də öyrənilir. Mərkəzdə yaradılmış folklorşünaslıq və el sənəti muzeyinə respublikamızın şəhərlərindəki diyarşünaslıq muzeyləri həsəd apara bilər. Bölgənin folklorunu öyrənən əməkdaşların zəhməti bahasına yaradılmış bu muzeydə nadir eksponatlar çoxdur.

Vaxtilə Şəkidə ipəkçiliyin qədim tarixə malik olması, respublikada ən iri ipək fabriklərinin burada fəaliyyət göstərməsi nəzərə alınaraq ilk növbədə Elmi Mərkəzdə ipəkçiliklə əlaqəli tədqiqatlara başlandı. Yeni, yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması qarşıya məqsəd qoyuldu.

Ona görə də SSRİ-nin bütün ipəkçilik rayonlarından, eləcə də xarici ölkələrdən ipəkqurdu toxumları gətirilib, hər biri ayrı-ayrılıqda bəslənərək damazlıq üçün baramalar seçilib götürüldü. Həmin cinslərin bioloji və texnoloji göstəriciləri müəyyən edilərək, çox yüksək keyfiyyətli xətlər gələcək cinsdaxili seleksiya işlərində tətbiq edildi.

Nəticədə tut ipəkqurdunun yüksək yaşama qabiliyyətli, baramaları asan açılan, ipək çıxımı çox olan UN, UF, Şəki-1, Şəki-2 kimi dörd yeni xətti yaradıldı. Uzun illər əlaqəli aparılan tədqiqatlar nəticəsində dörd yeni cinsi yaradıldı. Qeyd edim ki, yerli şəraitə uyğunlaşdırılmış bu toxumların baramalarının yüksək texnoloji göstəriciləri vardır.

Son illərdə Şəkinin ipəkçilikdə qazandığı keçmiş şöhrətini özünə qaytarmaq məqsədilə xeyli işlər görülür, müəyyən tədbirlər həyata keçirilir. Şəhər icra hakimiyyəti tərəfindən 2006-cı ilin avqust ayında keçirilən İpək Bayramında nəinki keçmiş ittifaqın, hətta bir sıra xarici dövlətlərin nümayəndələrinin iştirak etməsi bu tədbirin möhtəşəmliyindən xəbər verir. Bu tədbirin yaddaqalan xoş təəssüratı bu istiqamətdə daha əhəmiyyətli bir addımın atılması ilə nəticələnmiş, icra hakimiyyəti ilə birlikdə əməkdaşlarımız tərəfindən 2008-ci ildə nəşr edilmiş “Şəki ipəyi uzaq karvan yollarında” kitabı (Z.Əlizadə, N.İbrahimov) çapdan çıxmış və çox böyük oxucu marağına səbəb olmuşdur.

Şəki-Zaqatala bölgəsi öz florasının zənginliyi ilə fərqlənən zonalardandır. Burada Azərbaycan florasında qeydə alınmış yüzlərlə yabanı və mədəni meyvə və giləmeyvə sortları, dərman bitkiləri yayılmışdır. Mərkəzdə bunların öyrədilməsi baxımından da xeyli işlər görülüb.

Elmi Mərkəzin həyətyanı sahəsində və genefond bağında digər ölkələrdən gətirilmiş dekorativ və meyvə ağacları artıq iqlimə, yerli şəraitə uyğunlaşıb. Şəki Şəhər İcra Hakimiyyəti bizə yeni genofond bağı salmaq üçün əlavə 20 hektar torpaq sahəsi ayırmışdır ki, orada da dörd minə yaxın qiymətli alma, armud, heyva, alça, əzgil, gilas ağacları əkmişik.

Bu gün respublikamıza dünyanın müxtəlif yerlərindən müxtəlif subtropik meyvələr, cem, konfitür, konsevləşdirilmiş tərəvəz və meyvələr gətirilir. Halbuki, zəngin floraya malik Azərbaycan dünya bazarına istənilən ölkənin məhsulları ilə rəqabətə girə biləcək yüksək keyfiyyətli konserv sənayesi məhsulları çıxara bilər. Elə Şəkinin özündə iri miqyasda olmasa da, müasir, mini konserv zavodu ilin 8-9 ayını öz yerli xammalı ilə işləyə bilər.

Dərman bitkilərinin öyrənilməsi, qorunub saxlanılmasına xüsusi qayğı ilə yanaşırıq. Çaytikanından yeni texnologiya əsasında yağ alınması üsulu işlənib hazırlanmışdır. Digər dərman bitkilərindən də yüksək keyfiyyətli destillatlar, şirə və turşuların hazırlanma üsulları mənimsənilmişdir. Bu mövzunun daha geniş və əhatəli icrası məqsədilə Akademiyanın Rəyasət Heyəti üzvlərinin məsləhəti ilə yabanı və qərzəkli bitkilərlə zəngin Baş Şabalıd kəndinin dağətəyi zonasında 20 hektar dağ meşə-torpaq sahəsi yasaqlıq kimi Elmi Mərkəzin istifadəsinə verilmişdir.

Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Elmi Mərkəz üçün on beş hektar torpaq sahəsi ayrılmışdır ki, orada dərman bitkiləri və efir yağlı bitkilərin əkilib becərilməsi, artılılıb qorunması nəzərdə tutulur.

Şəki Regional Elmi Mərkəzində boyaq bitkiləri üzərində də tədqiqatlar aparılır. Müəyyən edilmişdir ki, armudun payız yarpağından alınmış boyaqdan şirniyyat sənayesində, xurma və gilas yarpağının boyaq maddəsindən konserv və kolbasa istehsalında, sarağan yarpağından alınan boyaqdan zülal mənşəli məmulatların-yun ipliklərin və gön-dəri məmulatların boyanması üçün istifadə olunması daha məqsədəuyğundur. Sarağan, xurma, armud və gilasın payız yarpaqlarından 12-15%-ə yaxın boyaq məddəsi almaq mümkündür. Müxtəlif bitkilərin payız yarpağından alınan boyaq maddəsi rənginə və dadına görə fərqlənir.

Şəki Elm Mərkəzinin geokimya və biokimya laboratoriyalarında çalışan mütəxəssislər də bölgənin təbii sərvətlərinin və onlardan istifadə imkanlarının öyrənilməsi üçün xeyli iş görmüşlər.

Ötən ilin sentyabr ayından başlayaraq Elmi Mərkəzin laboratoriyaları sırasına daha biri – Geologiya İnstitutunun Geodinamika laboratoriyası da qoşulmuşdur. Akademik Akif Əlizadə, müxbir üzv Fəxrəddin Qədirov və ABŞ-nın Masaçusets Texnologiyalar İnstitutunun “Yer və atmosfer fizikası” departamentinin professoru R.Belingerin və Elmi Mərkəzin yaxından iştirakı ilə fəaliyyətə başlayan GPS Şəki stansiyası Dünya GPS şəbəkəsinə daxil edilmişdir. Müasir elmin ən yeni nailiyyətləri əsasında fəaliyyət göstərən bu stansiyanın quraşdırılmasında məqsəd respublikanın qərb bölgəsində yerin dərin qatlarında baş verən geodinamiki prosesləri qeydə almaqla, zəlzələ, sel, sürüşmə və s. təhlükəli geoloji hadisələrin proqnozlaşdırılması imkanlarının araşdırılmasından ibarətdir.

Şəki ərazisi üçün sel vaxtaşırı, hər 8-10 ildən bir gözləniləndir. Axırıncı dəfə sel 1998-ci ildə milyon manatlarla ziyan vurmuş və insan tələfatı ilə nəticələnmişdir. Ona görə Mərkəzdə selləri öyrənən laboratoriyanın yaradılması çox məqsədəuyğun idi.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşları ilə birgə hazırladığımız “Kiş və Şin çayları hövzələrinin selləri” kitabı nəşr edilmişdir ki, burada sellərə qarşı müxtəlif mübarizə üsulları ilə yanaşı, müasir hidrotexniki qurğuların quraşdırılmasının vacibliyi xüsusilə qeyd olunur. Laboratoriyada hazırda Akademiyanın Kibernetika İnstitutunun əməkdaşları ilə birlikdə Böyük Qafqazın cənub yamacının selli çaylarında “sel əmələgəlmə prosesinin riyazi modelinin hazırlanması” mövzusu icra olunmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, 2005-ci ilin iyun ayında Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Regional Elmi Mərkəzi və (AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutu) ilə birlikdə “Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda, demək olar ki, respublikanın bütün əlaqədar təşkilatlarının nümayəndələri də iştirak etmiş, 30-a yaxın məruzə dinlənilmiş və konfransın yekunu olaraq müvafiq tədbirlər planı və təkliflər hazırlanıb Nazirlər Kabinetinə və əlaqədar nazirliklərə və baş idarələrə göndərilmişdir.

Elmi Mərkəzin fəaliyyətində ən böyük uğurlarından biri də 1999-cu ildən başlayaraq respublikada ilk dəfə olaraq, bölgənin bütün rayonları üçün ayrı-ayrılaqda Coğrafiya İnstitutu ilə birlikdə hazırladığımız regional coğrafi problemlər kitabları olmuşdur.

Son illərdə yaranmış laboratoriyalardan biri folklorşünaslıq və el sənətləri laboratoriyasıdır. Həmin laboratoriyanın yaradılmasında əsas məqsəd zəngin bölgə folklorunun toplanması, tədqiqi nəşrə hazırlanması olmuşdur. Keçən müddət ərzində laboratoriyada toplanan nümunələrin araşdırılması istiqamətində bir sıra vacib və dəyərli işlər görülmüş və nəticədə qiymətli elmi məqalələr və kitablar nəşr edilib geniş oxucu kütləsinin istifadəsinə verilmişdir. Bunlara nümunə olaraq “Şəki folkloru antologiyası”nı, “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”ı, “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə”, “ Şəkidə məhəllə adları, soylar və ləqəblər”, “Qədim türk-Oğuz yurdu Oxud”, “Şəki dialektində işlənən bəzi sözlərin açımı”, “Rəşid bəy Əfəndizadə və folklor” və digərlərini göstərmək olar.

Elmi Mərkəzdə alimlərimizin əsərlərinin və ümumən gördüyümüz işlərin bir toplu halında nəşr olunması həmişə diqqət mərkəzimizdə olur. Mərkəzin alim işçi qrupunun tədqiqatları ardıcıl olaraq nəşr edilib Şəkinin və respublikanın elmi-ədəbi ictimaiyyətinə çatdırılmışdır.

Mərkəzin elmi fəaliyyəti yubiley nəşrlərində ümumiləşdirilmişdir. Belə ki, 2005-ci il fəaliyyətimizin 30 ili ilə bağlı “Şəki Elmi Mərkəzi 30 ildə” və 2007-ci ildə elmi müəssisənin 35 illik fəaliyyəti ilə bağlı “Şəki Regional Elmi Mərkəzinin dünəni, bu günü və sabahı” adlı nəşrlər işıq üzü görmüşdür.

Şəkili ipəkçi fabrikant və sahibkarların ruhuna olan ehtiram hissi və onların gələcək nəsillərə tanıdılması ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovla birgə hazırladığımız “Şəki ipəyi uzaq karvan yollarında kitabı” 2008-ci ildə ən maraqlı nəşrlərimizdəndir.

Şəki Regional Elmi Mərkəzinin əsas yaradıcılarından biri olan dünya şöhrətli alim akademik Həsən Abdullayevin anadan olmasının 90 illik yubileyi qeyd olunmuş və Nobel mükafatı laureatı, həmyerlimiz akademik Lev Landaunun anadan olmasının 100 illiyinə həsr olunmuş məqalələr silsiləsi Şəki Bələdiyyəsi qəzetinin 2008-ci il 43-46, 49,50,51 saylarında dərc olunaraq oxucuların rəğbətini qazanmışdır.

Bir sözlə, əməkdaşlarımız AMEA Rəyasət Heyəti və Şəki Şəhər İcra Hakimiyyətinin yaxından köməkliyi ilə nəzərdə tutulan bütün elmi-tədqiqatların və digər təşkilatı işlərin vaxtlı-vaxtında keyfiyyətli icra olunması üçün əllərindən gələni edir və ölkəmizin elmi potensialına öz töhfələrini verməyə çalışırlar.

 

 

Zəkəriyyə ƏLİZADƏ,

Şəki Regional Elmi

Mərkəzinin direktoru,

geologiya - mineralogiya

elmləri doktoru, professor

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.5.