ABŞ-da yaşayan azərbaycanlılar sosial şəbəkə yaradıblar

 

Azərbaycanın ABŞ-dakı diasporunun iştirakı ilə ABŞ-ın “Facebook” və Rusiyanın “Odnoklassniki.ru” resurslarına oxşar, türkdilli millətlər üçün sosial şəbəkə yaradılıb. www.turkica.com ümumtürk saytının başlıca məqsədi dünyanın türkdilli millətləri arasında ünsiyyət, münasibətlərin qurulması, eləcə də ictimai, sosial və humanitar layihələrin birgə həyata keçirilməsi üçün virtual məkanın yaradılmasından ibarətdir.

Hazırda sınaq mərhələsində olan şəbəkə ingilis, türk və rus dillərində fəaliyyət göstərir. Burada artıq xeyli istifadəçi qeydiyyatdan keçib və onların sayı durmadan artır. Bu məlumatı Rabitə və İnformasiya Texnologiyası Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.

Azərbaycan-Amerika Şurasının (ABŞ) sədri Cavid Hüseynov bu barədə deyib ki, həmin şəbəkə dünya üzrə Azərbaycan diasporu nümayəndələrinin fəaliyyətlərinin əlaqələndirilməsi, eləcə türkdilli təşkilatların diaspor strukturlarının fəalları ilə birgə fəaliyyət üçün əla imkanlar yaradacaq.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.6.