Azərbaycan aliminin beynəlxalq mükafatı

 

Bu günlərdə Ankaradan xoş bir xəbər alınmışdır: tanınmış türkoloq-alim, filologiya elmləri namizədi Ramiz Əskər beynəlxalq “Türk dünyası xidmət ödülü”nə layiq görülmüşdür.

Ramiz Əskər 1954-cü ildə Qərbi Azərbaycanda, Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1978-ci ildə Moskva Dövlət Üniversitetinin jurnalistika fakültəsini bitirmişdir. Uzun illər müxtəlif kütləvi informasiya vasitələrində çalışmış, o cümlədən milli mətbuat tariximizdə çox şərəfli yer tutan, latın, kiril və ərəb əlifbalarıyla çıxan “Odlar yurdu” qəzetinin baş redaktoru olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. Jurnalistika sahəsində “Qızıl Qələm”, “Həsən Bəy Zərdabi”, “Humay” milli mükafatlarını, Türkiyənin, Küveytin və Gürcüstanın mükafatlarını almışdır. Beynəlxalq Mətbuat İnstitutu (İnternational Press İnstitute, Vyana), Beynəlxalq Jurnalistlər Birlikləri Konfederasiyası (Moskva) və Avrasiya Jurnalistlər Konfederasiyası (Ankara) idarə heyətlərinin üzvüdür. Türkiyə, ABŞ, Rusiya, Almanya, Çin, Balkan, Qafqaz, Orta Asiya, Orta Şərq ölkələrində keçirilən toplantılarda Azərbaycanı təmsil etmişdir. Azərbaycanda və xaricdə çap olunmuş 1.500-ə qədər məqalə və yazının, 100-ə yaxın elmi əsərin müəllifidir.

2002-ci ildən Bakı Dövlət Üniversitetinin jurnalistika və filologiya fakültələrində dərs deyir.

Ramiz Əskər bugünədək türkologiya, ədəbiyyat, tarix və jurnalistika sahəsində bir sıra mühüm əsərləri ana dilimizə tərcümə etmişdir. Bunların arasında Faruq Sümərin “Oğuzlar”, Yusif Balasağunlunun “Qutadğu Bilig”, Erik Fichteliusun “Jurnalistikanın on qızıl qaydası”, Bahəddin Ögəlin “Türk mifologiyası”, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”, M.V.Ozerovun “İlham Əliyev: Mən Azərbaycanıma inanıram” və digər kitablar var. Onun qələmindən “Qutadğu Bilig”, “Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 bibliografik göstərici”, Mahmud Kaşğarinin ”Divanü lüğat-it-türk” əsəri üzrə biblioqrafik və qrammatik göstərici, Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk” əsəri kimi kitablar çıxmışdır.

- Ramiz müəllim, mükafat almağınız münasibətilə sizi təbrik edirik. Bu mükafat kim tərəfindən təsis edilmişdir və kimlərə verilir?

- Mükafat qısa adı TürkSAV olan Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (Fondu) tərəfindən təsis olunmuşdur. Ankarada yerləşən bu vəqfə tanınmış şair və ictimai xadim Yəhya Akengin başçılıq edir. Azərbaycana tez-tez gələn Yəhya bəylə mən 1997-ci ildən tanışam. Bizim qəzet və jurnallarda onun çoxlu şeirləri və müsahibələri dərc olunmuşdur. TürkSAV türk dünyasının mənəvi birliyi üçün çalışan bir qurum kimi ədəbiyyat və sənət adamları arasında geniş iş aparır. Bu qurum vaxtaşırı müxtəlif tədbirlər, ədəbiyyat və sənət günləri, simpozium və konfranslar, yubileylər keçirir. Hər ilin ilk həftəsində isə ötən ilə yekun vurur, türk dünyasında baş vermiş ən mühüm ədəbi, elmi və mədəni olayları nəzərdən keçirir, dəyərləndirir və mükafatlandırır.

- TürkSAV öz mükafatlarını dəqiq nominasiyalar üzrə verir?

- Xeyr, burada dəqiq nominasiyalar yoxdur. Sadəcə olaraq, türk dünyasının birliyi naminə göstərilən fəaliyyətlər diqqətə alınır. Bir qayda olaraq şair və yazıçılar, jurnalistlər və televiziya işçiləri, alimlər və sənət adamları, bəzən də ictimai qurumlar və qeyri-hökumət təşkilatları TürkSAV-ın mükafatına layiq görülürlər. Məsələn, Başkənt Universitetinin rektoru prof. Məhmət Xəbəral “Dünya dili türkcə” simpoziumunu təşkil etdiyinə görə, Əhməd Yəsəvi Universitetinin rektoru prof. Lebsek Tasimov türk dünyasında riyaziyyat elminin populyarlaşdırılması istiqamətində yazdığı əsərlərinə və fəaliyyətlərinə görə builki laureatlar arasında yer almışlar. Rejissor Mətin Ədirnəli Balkanlarda baş verən olaylardan bəhs edən sənədli filmlərinə görə, rejissor Fevzi Tanpınar Kiprdə türk qırğını mövzusunda çəkdiyi ”İtmiş avtobus” filminə görə, Star TV-nin əməkdaşı Ruhat Məngi Türkiyədə ermənilərdən üzr istəyənləri ifşa edən proqramına görə, yazıçı-jurnalist Mücahid Mömin türk mədəniyyəti haqqında əsərlərinə görə mükafata layiq görülmüşlər. Özbəkistanın Ankaradakı səfiri Ülfət Kərimov Türkiyə-Özbəkistan münasibətlərinin yaxşılaşdırılmasında şəxsi töhfəsinə görə laureat seçilmişdir. Bunlardan başqa, Türk Dünyasının Bələdiyyələr Birliyi və Bursanın İldırım bələdiyyəsinin sədri Özgən Kəskin öz sahələrində göstərdikləri nümunəvi fəaliyyətə görə laureat adını qazanmışlar.

- İndiyədək Azərbaycandan bu mükafatı kimlər almışdır?

- Bu günə qədər TürkSAV 12 dəfə mükafat vermişdir. Səhv etmirəmsə, yazıçı Elçin və şair Sabir Rüstəmxanlı TürkSAV-ın laureatları arasında olmuşlar. Bəlkə də Azərbaycandan bu mükafatı alan başqa adamlar da var, dəqiq bilmirəm...

- Şəxsən siz TürkSAV-ın mükafatına nəyə görə layiq görülmüsünüz?

- Mənim adımın qarşısında “Divanü lüğat-it-türk”ün Azərbaycanda nəşrinə görə” cümləsi yazılıb. Bilirsiniz ki, mən dahi dilçi və ilk türk ensiklopedisti Mahmud Kaşğarinin məşhur ”Divanü lüğat-it-türk” əsərini tərcümə etmiş və nəşrə hazırlamışam, 2006-cı ildə 4 cild halında çapdan buraxmışam. Daha sonra bu əsər üzrə doktorluq dissertasiyası yazmış, 2008-ci ildə isə bir monoqrafiya və iki göstərici qələmə almışam. Bunlar “Mahmud Kaşğari və onun ”Divanü lüğat-it-türk” əsəri” (432 səh.), “Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici” (96 səh.) və ”Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri üzrə biblioqrafik və qrammatik göstərici” (192 səh.) kitablarıdır. Mahmud Kaşğari və ”Divan" haqqında həcm və mövzu baxımından türkologiyada indiyədək bu cür əsərlər yoxdur. Son bir neçə ildə mən “Divanü lüğat-it-türk” mövzusunda 50-dən artıq məqalə yazmışam. Üstəlik, YUNESKO tərəfindən 2008-ci il “Mahmud Kaşğari ili” elan olunmuşdu. Mən bu yubiley çərçivəsində Türkiyədə və Azərbaycanda keçirilən bir sıra simpozium və konfranslarda iştirak etmiş, məruzələr oxumuşdum. TürkSAV yalnız ”Divan”ın tərcüməsini deyil, mənim bu istiqamətdəki elmi-tədqiqat işlərimi də nəzərə alıb. Yeri gəlmişkən onu da deyim ki, mən “Divanü lüğat-it-türk”ü rus dilinə də çevirmişəm, sponsor tapsam, həmin tərcüməni də nəşr etdirəcəyəm.

- Şübhəsiz ki, bu benəlxalq mükafat sizin gərgin əməyinizə verilən layiqli qiymətdir.

- Bu mükafat yalnız mənə deyil, mənim şəxsimdə Azərbaycan türkologiyasına verilən yüksək qiymətdir. Bu, eyni zamanda “Qutadğu bilik” əsəri üzrə yazdığım namizədlik işində elmi rəhbərim, ”Divan” mövzusunda yazdığım doktorluq işində elmi məsləhətçim, “Divanü lüğat-it-türk”ün Azərbaycan dilinə tərcüməsinin redaktoru, ölkəmizdə türkologiya elminin bayraqdarı, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, böyük dostum və müəllimim prof. Tofiq Hacıyevin əməyinə verilən yüksək qiymətdir.

- Sizi bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

İlham ABBASOV

 

Xalq qəzeti.-2009.-11 yanvar.-S.7.