Sərhəd-keçid məntəqəsi abadlaşdırılmışdır
Azərbaycan Dövlət
Dəmir Yolunun mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovdan
aldığımız məlumata görə, bu günlərdə
“Yalama stansiyasının sərnişin və yük
qatarları üzərində sərhəd-keçid məntəqəsi”
obyekti istismara verilmişdir. Obyektin tikintisinə ötən
ilin iyun ayında başlanmış və dekabrında
başa çatdırılmışdır. Sərhəd-keçid
məntəqəsində stansiyanın vağzal binası əsaslı
təmir olunmuş, 1463 metr uzunluğunda stansiya sahəsi
hasarlanmış və abadlıq işləri görülmüşdür.
Sərhəd
işçiləri üçün tikilib istifadəyə
verilmiş blok-postda rahat iş şəraiti
yaradılmışdır. Sərhəd məntəqəsində
quraşdırılan video-kameralar, sərhəd-keçid məntəqəsində
və stansiyanın ərazisində işıqlandırma
sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin
aparılmasına hər cür imkan yaratmışdır.
Sərhəd xidmətinin əməkdaşları quraşdırılmış monitorlar vasitəsilə 1500 metrədək məsafədə Yalama stansiyasının parkını tam müşahidə edə biləcək, istənilən xoşagəlməz hadisənin qarşısını vaxtında alacaqlar. Bütövlükdə, sərhəd-keçid məntəqəsinin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Xaçmaz stansiyasında 6, Yalama stansiyasında 10 otaq əsaslı təmir edilmiş, 5 otaqdan ibarət sərhədçi blok-postu tikilib istifadəyə verilmişdir.
Tikinti və yenidənqurma işlərini Azərbaycan Dövlət Dəmir Yolunun sifarişi ilə “Aqrartikinti” MMC-nin “6-cı mərtəbə” şirkəti yerinə yetirmişdir. Şimal istiqamətində bilet satışı həyata keçirilən stansiyalarda kompyuterləşmə işləri bu günlərdə start götürəcəkdir. Bilet satışının tam kompyuterləşdirilməsi nəticəsində sərhədçilərə qatarda gedən hər bir sərnişin haqqında qabaqcadan ətraflı məlumat veriləcəkdir. Bu da gələcəkdə sərhəd-keçid məntəqəsində sərhədçilər tərəfindən aparılan yoxlamaların müddətini minimuma endirəcəkdir.
“Yalama stansiyasının
sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi”
obyekti istifadəyə
verilməsi münasibətilə
keçirilən tədbirdə
“Daşıma proseslərini
idarəetmə” Birliyinin
rəisi İsfəndiyar
Kərimov, SDİB-nin
rəisi Elyar Muradov, Tikilməkdə olan Müəssisələr
Müdiriyyətinin rəisi
Sabir Məhərrəmov,
müvafiq birliklərin
və xidmətlərin
nümayəndələri, Yalama qovşağında dislokasiya olunan idarə və müəssisələrin kollektivləri
iştirak etmişlər.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-11 yanvar.- S.7.