Olimpiya ilinin Azərbaycanın idman salnaməsinə töhfələri: rekord miqdarda medal

 

Bir il əvvəl Azərbaycanın idman ictimaiyyəti olimpiya ili olan 2008-ci ilə böyük ümidlərlə qədəm qoymuşdu. İndi, yeni ilin start ayında ötən bir ildə qət olunmuş yolu xatırlayarkən haqlı olaraq böyük qürur hissi keçiririk. Ümidlərimiz doğrulmuş, dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilmiş müstəqil Azərbaycan Respublikasının sərvətlər xəzinəsi ən mötəbər yarışlarda — dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında, beynəlxalq turnirlərdə qazanılmış medallarla daha da zənginləşmişdir. Ölkəmizdə böyük əhəmiyyət verilən bədən tərbiyəsi və idmana daimi dövlət qayğısının bəhrələri göz qabağındadır.

Əlbəttə ki, idmançılarımızın məşq və yarışlarda iştirakı üçün zəruri şərait yaradılmasaydı, onların gərgin və məqsədyönlü hazırlığı diqqət mərkəzində olmayasdı Azərbaycan təkcə bir il ərzində dünya meydanlarında rekord miqdarda – 550 medal qazana bilməzdi. Müxtəlif ölkələrin əzəmətli idman saraylarında güclü rəqiblərlə kəskin mübarizədə əldə olunan bu medallar artıq planetin hər yerində əsl idman ölkəsi kimi tanınan respublikamızın beynəlxalq dairələrdə, ümumdünya olimpiyaçılar ailəsində mövqeyini daha da möhkəmləndirmiş, nüfuzunu artırmışdır.

Bir ildə 550 medal! Bu, çoxlarının həsəd apara biləcəyi göstəricidir. Əgər əvvəllər idmanımızın heç vaxt bir ildə bu qədər bol məhsul götürmədiyini nəzərə alsaq, həqiqətən, ötən il qibtəediləcək bir yol keçilmişdir. İdmanın bir çox növündə təmsilçilərimiz ölkənin şərəfini layiqincə qorumuş, rəqibləri ilə bərabər səviyyədə yarışmaq, hətta onları üstələmək iqtidarında olduqlarını inamla sübuta yetirmişlər.

Bütün bunlar sağlamlıq və gümrahlıq mənbəyi olan bədən təbriyəsi və idmanın inkişafına ölkəmizdə göstərilən gündəlik diqqətin və hərtərəfli köməyin parlaq təzahürüdür. Məhz insanlarımızın, xüsusən də yeniyetmə və gənclərin asudə vaxtının təşkilinə, onların nəcib keyfiyyətlərə yiyələnməsinə, vətənə böyük məhəbbət ruhunda tərbiyə olunmalarına yönəldilmiş təsirli tədbirlərin nəticəsdir ki, bu gün Azərbaycanda bədən tərbiyəsi və idman əsl kütləvi hal almışdır və sağlamlıq məşğələlərinə cəlb olunanların, idmanla daimi ünsiyyətdə olmaq, onunla dostluq etmək istəyənlərin sayı durmadan artır. Bu işdə dövlətimizin bədən tərbiyəsi və idmanın inkişafına ayırdığı vəsaitin ildən-ilə çoxalması da mühüm rol oynayır. Bununla əlaqədar respublika gənclər və idman naziri Azad Rəhimovun dekabrın sonunda keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, 2008-ci ildə idman sahəsinə 6 milyon 200 min manat vəsait ayrılmışdı. Bununla yanaşı, olimpiya mövsümü nəzərə alınaraq, həmin məbləğ daha 3 milyon manat artırılmışdı.

Şübhəsiz, ötən ilin başlıca idman hadisəsi avqustda iki həftədən də çox vaxt ərzində planetin hər yerində olduğu kimi, Azərbaycanda da hamının böyük diqqətlə izlədiyi XXIX Yay Olimpiya Oyunları idi. Ölkəmiz Atlanta — 1996, Sidney —2000 və Afina — 2004-dən sonra Pekin—2008-də dördüncü dəfə müstəqil dövlət kimi dünyanın ən yaxşı idmançılarının ali məclisində təmsil olunurdu və çətin sınaqlardan şərəflə çıxdı. Əgər ABŞ, Avstraliya və Yunanıstanda keçirilən olimpiadalarda üst-üstə doqquz medal qazanmışdıqsa, Çin Xalq Respublikasının paytaxtında yeddi idmançımız fəxri kürsüyə dəvət olundu və onların qələbələri şərəfinə milli bayrağımızın yüksəklərə ucaldıldığını bütün dünya gördü.

Pekin startlarında 44 idmançı ilə təmsil olunan Azərbaycan olimpiyaçılar komandasının vətənə 7 medalla qayıtması, yığma komandamızın Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında birləşən 204 milli federasiya nümayəndələrinin rəqabətində medal qazanmış ölkələrin siyahısında 39-cu mövqeyə yüksəlməsi, beləliklə də, dünyanın bir çox qüdrətli dövlətini geridə qoyması tarixi nailiyyət idi.

Olimpiadada öz böyük qələbələri ilə Azərbaycan idmanının, bütünlükdə ölkəmizin və xalqımızın nüfuzunu daha da artıranlar isə vətənə qayıdarkən əsl qəhrəmanlar kimi qarşılandılar. Həmin günlərdə hər bir azərbaycanlı olimpiya tatamisi üzərində rəqiblərinin kürəyini bir andaca, sanki məşqdəki kimi gülə-gülə, oynaya-oynaya yerə vuran cüdoçu Elnur Məmmədlinin qızıl medalına öz qələbəsi kimi sevinir və böyük iftixar hissi keçirirdi. Yunan-Roma güləşi ustalarımız Rövşən Bayramovla Vitali Rəhimovun gümüş mükafatları, qadın güləşçi Mariya Stadnikin, cüdoçu Mövlud Mirəliyevin, boksçu Şahin İmranovun, sərbəst üsulla güləşən Xetaq Qazyumovun bürünc medalları da ölkəmizi şöhrətləndirən olduqca qiymətli mükafatlar idi.

Adlarını çəkdiyimiz olimpiya qəhrəmanlarımızdan Elnurun sonuncu dünya çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəldiyini, Rövşənlə Mariyanın ötən il Avropa çempionu adını qazandıqlarını da xatırlamaq yerinə düşər. Məmmədlinin Avropa Cüdo İttifaqı tərəfindən 2008-ci ildə qitənin ən güclü cüdoçusu elan olunması, Bayramovun Beynəlxalq Güləş Federasiyası mütəxəssislərinin rəyi ilə dünyanın ən yaxşı güləşçisi hesab edilməsi də beynəlxalq idman dairələrin hər iki həmvətənimizin böyük hünərinə biganə qalmadığını təsdiq edirdi.

Pekin olimpiyaçılarımızla yanaşı, paralimpiyaçılarımız üçün də çox düşərli bir şəhər oldu. Çinin baş şəhərində XIII Yay Paralimpiya Oyunları Azərbaycanda fiziki cəhətdən qüsurlu idmançıların hazırlığına göstərilən dövlət qayğısının əsl təntənəsinə çevrildi. Təmsilçilərimizin paralimpiya meydanlarında qazandıqları 10 medal çox böyük nailiyyət idi. Cüdoçu İlham Zəkiyevin Afinadan sonra Pekində də öz çəkisində hamıdan güclü olub, ardıcıl ikinci dəfə Paralimpiya oyunlarının çempionu adını qazanması, yadro itələyən Oluxan Musayevin də rəqiblərinə heç bir ümid yeri qoymayıb, sinəsini qızıl medalla bəzəməsi isə xalqımıza ikiqat sevinc gətirdi. Dünya bir daha əmin oldu ki, Azərbaycanda fiziki hazırlığında problem olan şəxslərin də sağlamlığı, idman hazırlığı dövlətin gündəlik qayğısı ilə əhatə olunmuşudur. Pekində startlar ərəfəsində Sumqayıtda Paralimpiya İdman Kompleksinin istifadəyə verilməsi bu qayğının parlaq təzahürü idi. İndi fiziki cəhətdən qüsurlu idmançılarımız ən məsul yarışlara, o cümlədən Paralimpiya oyunlarına yüksək səviyyədə hazırlaşmaq üçün ideal şəraitə malikdirlər.

Olimpiya ilinin Azərbaycan xəzinəsinə töhfələrindən danışarkən ötən il olimpiya idman komplekslərimizin sayının artdığını da qeyd etməmək olmaz. İl ərzində ölkənin daha bir neçə bölgəsində gənclərin istifadəsinə yeni, beynəlxalq standartlara tam cavab verən müasir bazalar verilmiş, bunula da bədən tərbiyəsi və idmanla daha fəal məşğul olmaq, ustalığı və nəticələri artırmaq üçün imkanlar çoxalmışdır.

Lakin bu da son hədd deyil. Olimpiya idman komplekslərinin tikintisi hələ davam etdirilir və Azərbaycanın, demək olar, hər bir guşəsində belə komplekslər yaradılacaq. Tezliklə biz yerlərdə yeni idman mərkəzlərinin istifadəyə verilməsi haqqında növbəti xoş xəbərlərin sevincini yaşayacağıq.

Yaraşıqlı idman kompleksləri artdıqca ölkədə daha çox yarış keçirmək imkanı da artır. Azərbaycanın mötəbər beynəlxalq yarışlar mərkəzinə çevrildiyi indi heç kim üçün sirr deyil. Özü də təşkili müxtəlif ölkələrin idman rəhbərləri tərəfindən yüksək qiymətləndirilən dünya və Avropa çempionatları, beynəlxalq turnirlər, dostluq görüşləri təkcə paytaxt Bakıda deyil, digər şəhər və rayonlarımızda da keçirilir və yerlərdə idman həvəskarlarımız üçün unudulmaz bayrama çevrilir. Burada diqqətinizə çatdıraq ki, ötən il Azərbaycanda idmanın müxtəlif növləri üzrə 25 beynəlxalq yarış, 188 ölkə çempionatı və kubok turnirləri, 76 respublika birinciliyi keçirilmişdir. İdmançılarımızın il ərzində iştirak etdikləri dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin də sayı çoxalmışdır. Arxada qalan ildə həmvətənlərimiz 51 dünya, 73 Avropa çempionatının və 120 beynəlxalq turnirin mükafatları uğrunda mübarizə aparmışlar.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının 2008-ci ildə Azərbaycanın ən yaxşı komandası hesab edilməsi də yaddaqalan hadisədir. Bu komanda hələ çox gənc kollektiv olmasına baxmayaraq artıq özünü dünyaya tanıtmağı bacarıb. Olimpiya oyunlarında ilk dəfə starta çıxan komandanın təcrübəli rəqiblərlə çətin mübarizədə yeddinci yeri tutması ona böyük şərəf gətirməyə bilməz. Bu qızların böyük rəfiqələri Aliyə Qarayeva və Dinarə Gimatova da Olimpiadada respublikamızı layiqincə təmsil etdilər. Bədii gimnastika ölkəmizdə gənc idman növü olmasa da, ikinci həyatını cəmi beş-altı ildir ki, yaşayır. Ancaq belə qısa müddət ərzində Azərbaycanda idmanın bu növünün inkişafında necə irəliləyiş baş verdiyini kiməsə xatırlatmağa ehtiyac yoxdur. Bu irəliləyişin, əldə olunmuş uğurların arxasında isə Mehriban xanım Əliyevanın başçılıq etdiyi Azərbaycan Gimnastika Federasiyası mütəxəssislərinin gərgin və yorulmaz fəaliyyəti durur. Təsadüfi deyil ki, ötən il Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, respublika Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə BOK-un ali diplomu ilə təltif edilmişdir. Bu mükafata isə beynəlxalq olimpiya hərəkatında müstəsna xidmətləri olan şəxslər layiq görülürlər.

Cüdo ustalarımızın, güləşçilərin, bədii gimnastların, karateçilərin, samboçuların, boksçuların, şahmatçıların və idmanın digər növləri nümayəndələrinin uğurlarına, yeni-yeni olimpiya komplekslərinə sevindiyimiz, beynəlxalq yarışları yüksək səviyyədə təşkil etdiyimiz 2008-ci il həm də Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində idmanımızın və idmançılarımızın ən yaxın dostu olmuş ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin qeyd olunduğu il idi. Ölkəmizin həyatında bu əlamətdar hadisəyə bütün şəhər və rayonlarımızda bir sıra kütləvi yarışlar, beynəlxalq turnirlər həsr olundu və ən yaxşı idmançılarımız ulu öndərin xatirəsini böyük hörmət və dərin ehtiramla yad etdilər.

Elə XXIX Yay Olimpiya Oyunlarında uğurlarımızın Azərbaycan xalqının ümummilli liderinin 85 illik yubileyi ilinə təsadüf etməsi də dərin rəmzi məna daşıyırdı. Axı, çıxışlarından birində bütün ölkəyə qətiyyətlə bəyan etdiyi kimi, Heydər Əliyev ölkəmizdə gənclərə, idmana xüsusi qayğını öz üzərinə götürmüşdü.

Yenicə qədəm qoyduğumuz 2009-cu il də təbii ki, Azərbaycan idmanı üçün mühüm hadisələr və tarixi məqamlarla zəngin olacaqdır. İdman ictimaiyyətimizin yaşlı nümayəndələri 1974-cü ilin yayında keçirilmiş və respublikada bədən tərbiyəsi və idmanın vəziyyətini müzakirə edərək, onu daha da yaxşılaşdırmaq yollarını müəyyənləşdirmiş Azərbaycan partiya təşkilatı fəalları yığıncağını yəqin ki, unutmayıblar. Məhz Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən və hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, tez bir zamanda vəziyyətin ciddi şəkildə dəyişməsinə güclü təkan verən həmin yığıncaq idman təşkilatlarımızın gələcək fəaliyyətində mühüm rol oynadı. Qarşıdakı yayda bizi bu çox mühüm tədbirin təşkil edildiyi gündən düz 35 illik bir məsafə ayıracaq. Amma onun bəhrəsini bu gün də aydın hiss edirik.

Ölkəmizə, o cümlədən idmanımıza yüksək səviyyəli rəhbərlik bu gün də inamla, Vətənə böyük sevgi və məhəbbətlə həyata keçirilir. Ulu öndərin layiqli davamçısı, möhtərəm dövlət başçımız İlham Əliyevin hər hansı bir ölkənin daha da qüdrətlənməsində, beynəlxalq dairələrdə yaxından tanınmasında və nüfuzunun artmasında çox təsirli bir vasitə olan bədən tərbiyəsi və idmanın inkişafını gündəlik nəzarətdə saxlaması gözəl nəticə verir. Azərbaycan Respublikası həyatın bütün sahələrində olduğu kimi, idmanda da qabaqcıllar sırasında addımlayır. Artıq 12-ci ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab Prezidentin idmana böyük qayğısı sayəsində Azərbaycan MOK-u, ölkəmizin idman həyatı, olimpiya uğurları beynəlxalq dairələrdə çoxlarına nümunə göstərilir. Təsadüfi deyil ki, ötən ilin finişində keçirilmiş Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə daha səkkiz il müddətinə MOK prezidenti seçilmişdir. Deməli, Azərbaycan idmanını qarşıda, o cümlədən artıq hazırlığına başladığımız London Olimpiadası — 2012-də daha böyük zəfərlər gözləyir.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.8.