Gənclər torpaqlarımızın müdafiəsinə
hazırdılar
Qış çağırışı davam edir
Qəhrəmanlıq elə bir məfhumdur ki, ona əvvəldən planlı şəkildə hazırlıq görülmür. O, məqamında qəflətən doğulur, şimşək kimi çaxır, hadisələrin istiqamətini dəyişir, fəlakətlərin qarşısını alır, yenri tarix yaradır. Vətənpərvərlik bu hissə nə qədər yaxın olsa da onun formalaşmasında müəyyən tərbiyə prosesi gərəkdir. Amma vətənpərvər olmadan qəhrəman da olmaq olmur.
Tarixi təcrübə göstərir ki, azərbaycanlılar vətənpərvər xalq olublar. Və bu gün bu dəyərli ənənələr yüksək formalaşma mərhələsindədir. Bu, ümummilli liderimiz Heydər Əliyevin hələ 1993-cü ildə “hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” çağırışının məntiqi nəticəsidir.
Azərbaycanın zəngin və öyünməli hərb tarixi var. Adlı-sanlı sərkərdələri olub. “Mənəm-mənəm” deyən ordular gəlib Azərbaycanda məğlub olublar. Odur ki, tarixin müəyyən mərhələlərində, ölkəmizin ayrı-ayrı dövlətlərin tərkibinə qatıldığı zamanlarda xalqımızın övladlarının hərbçi kimi yetişməsinə ciddi maneələr olub. Daha çox belə bir rəy formalaşdırmağa çalışıblar ki, guya azərbaycanlılardan yaxşı hərbçilər yetişə bilməz. Amma Vətən çağıranda xalqımızın belə oğulları bəlləniblər, tarixdə adlarını yazıblar.
Məsələ bundadır ki, vətənpərvərlik, qəhrəmanlıq azərbaycalıların qan yaddaşına hopduğundan zamanı gələndə onlar özlərini dərhal göstərir. Məhz bu səbəbdəndir ki, azərbaycanlılar hərbi işə tez alışırlar və onun tələblərinə dəqiq əməl edirlər, məsuliyyətli olurlar. Məsələn, sülhməramlılarımız Kosovoda xidmət keçərkən alman generalının “Azərbaycan əsgəri olan yerdən quş da səkə bilməz” fikri əsgərlərimizin öz vəzifə borclarına necə hünər və məsuliyyətlə yanaşmasını təsdiqləyən faktdır. Və yaxud Azərbaycan Milli Ordusunun ilk yarandığı dövründə təlimləri izləyən türk generalının “Azərbaycan əsgəri çox hünərvərdir” qənaəti bizim də dediklərimizə sübutdur.
Elə məsələlər var ki, ona real qiymət vermək üçün tarixin kiçik bir mərhələsini götürmək bəs etmir, bu, yanlış münasibət olar. Məsələn, hansısa bir hərbi məğlubiyyət nə həmin xalqın, nə də onun ordusunun döyüşkən olmamaması qənaətini yaratmamalıdır. O cümlədən, ötən əsrin sonunda Qarabağ döyüşlərində məğlubiyyətlərimiz, ordudan fərarilik halları azərbaycanlıların vətənpərvər olmaması, “döyüşməyi bacarmaması” məntiqinə gətirib çıxarmamalıdır. O zaman rəhbərimiz yox idi, sərkərdəsiz qalmışdıq. Döyüşən orduya rəhbərlik edən kiçik, orta və böyük komandirlər də ya təcrübəsiz idilər, ya da siyasi oyunların alətinə çevrilmişdilər. “Vətən harayı” ilə silaha sarılan oğullara komandirlik edənlər yox idi. Orduya çağrılan gənclər heç bir təlim görməmiş ön xəttə göndərilirdilər və itkilərin sayı-hesabı durmadan artmaqdaydı.
Siyasi oyunlar orduya da ayaq açmışdı. Odur ki, məğlubiyyətlər qaçılmaz olurdu. Xəyanət yolu ilə bir-birini gözdən salmaq, torpaq verib hakimiyyətə gedən yolu açmaq kimi çox pis oyunlar gedirdi. Bu səbəbdən də əsgərlərin komandirlərinə və dövlətə inamları itmişdi. Mənasız yerə ölümə getməmək üçün fərarilik edirdilər. Bu isə istər-istəməz hərbi xidmət yaşı çatmış gənclərin çağırışdan boyun qaçırmalarına səbəb olurdu.
Məlum məsələdir ki, hərbi səfərbərlik ən mürəkkəb sahədir. Bu işi aparmaq elm, bilik, təcrübə tələb edir. Müharibə şəraitində ən vacib məsələlərdən biri hesab edilir, ordunun düzgün komplektləşdirilməsi bu işin hansı səviyyədə aparılmasından asılıdır. Təəssüf ki, Qarabağ müharibəsinin qızğın çağında bu işi də yerinə yetirəcək kadrlarımız yox idi, olanlardan isə istifadə edilmirdi, yaxına buraxılmırdılar. Bu səbəblərdən Azərbaycan öz tarixinin ən ağır, əzablı bir mərhələsini yaşadı.
Uzaq tarix deyil. 1993-cü ilin yayında dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun bir çağırışı ilə minlərlə insan könüllü olaraq döyüşən orduya getdi. Fərarilik etmiş əsgərlər hərbi hissələrinə döndülər. Və bu könüllülərdən təşkil edilən ordu hissələrimiz qısa təlimlərdən sonra 1994-cü ilin yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçdilər və bir gün ərzində iyirmidən çox yaşayış məntəqəmizi düşmənlərdən təmizlədilər. Bu fakt sübut etdi ki, azərbaycanlılar döyüşkəndirlər, vətənpərvərdirlər, şücaətli və qorxmazdırlar. Əvvəlki məğlubiyyətlər isə onun sərkərdəsinin olmaması səbəbindən baş verib.
Ordu quruculuğu çox mürəkkəb, zəngin bilik, təcrübə tələb edən sahədir. Ümummilli liderimiz Heydər Əliyev bu işin də kamil bilicisiydi. Odur ki, ordu quruculuğu prosesi də elmi şəkildə aparıldı. Orduya diqqət artdı, intizam möhkəmləndi. O cümlədən, əsgər və zabitlərə zəruri qayğı göstərildi, onların sosial təminatı yaxşılaşdırıldı. Bu isə ilk növbədə gənclərin həpbi xidmətə marağını artırdı. Eyni zamanda, ölkədə yaranan sabitlik, ordu quruculuğunun dünya təcrübəsinə uyğun aparılması fərarilərin könüllü geri qayıtmalarına səbəb oldu. Ümummilli liderimizin fərariləri əfv etməsi bu işi daha da sürətləndirdi.
Bu gün Azərbaycan ordusunun qüdrətini göstərən məsələlərdən biri onun fərarisinin olmamasıdır. Çünki ən inkişaf etmiş dövlətlərin nizami ordusunda bu fakt mövcuddur. Bu baxımdan gənc Milli Ordumuzun qısa müddətdə nail olduğu uğurlar yüksək qiymətləndirilməlidir. Artıq bu faktlar dünyanın təcrübəli hərbi ekspertləri tərəfindən də təsdiqlənir.
Artıq Azərabycan
Ordusu 1993-cü ilin ordusu deyil. Qərb
standartlarına uyğun formalaşıb, NATO standartlarına
keçid başa çatdırılıb. Ən mühüm diqqətçəkən məsələlərdən
biri də budur ki, artıq hər bir gənc hərbi xidmətə
çağırış vaxtı çatanda özü hərbi
komissarlığa müraciət edir. Məsələn,
Qəbələ rayonundan Elvin Seyidzadə bu günlərdə
hərbi xidmətə çağırılıb.
Bizimlə söhbətində bunları dedi:
– Ata-babalarımızın
söhbətlərindən çox eşitmişəm. Qəbələli gənclər həmişə vətənpərvər,
yurdsevər olublar. Qarabağ müharibəsində
də qəbələli gənclər igidliklərii ilə
ad-san qazanıblar. Amma fakt budur ki,
müharibə hələ bitməyib, torpaqlarımızın
20 faizi işğal altındadır. İndi
bu problem hər kəsi düşündürür. Odur ki, biz gənclər hərbi sirlərə dərindən
bələd olmalıyıq. Əgər
torpaqlarımızın yağılardan təmizlənməsi
yalnız hərbi yolla mümkün olsa, biz buna o səviyyədə
hazır olmalıyıq ki, əməliyyatları çox
qısa vaxtda uğurla başa çatdıraq. Məhz bu səbəbdən biz gənclər “hərb
dərsini” keçməliyik.
Elvin
çağırışa qədər hərbi
komissarlığın əməkdaşlarının onlarla
bir neçə dəfə görüşdüyünü,
söhbətlər apardıqlarını da dedi. Həkim komissiyasının çox tələbkar
olduğunu bildirdi. Dedi ki, gənclərin hərbi xidmətə
yolasalma məraimləri də bayram ovqatı ilə
keçirilir. Həm də əvvəlcədən
hər birimiz, o cümlədən, valideynlərimiz də
bilirlər ki, hansı hərbi hissəyə gedirik.
Tural Həmidov
Elvinlə eyni vaxtda hərbi xidmətə yola
düşüb. Deyir, onun üçün ən
maraqlı o olub ki, yolasalmadan bir neçə gün əvvəl
hərbi komissarlığın əməkdaşları onun
hansı qoşun növünə həvəsi olması ilə
də maraqlanıblar.
– Hərbi komissar hər
birimizlə ayrıca söhbət edirdi. Mənə çoxlu
suallar verdi. İlk vaxtlar
üzləşəcəyim çətinliklərdən
danışdı. Orta məktəbdə hərbi
dərslərin necə keçirildiyi, nələri öyrəndiyimi
soruşdu. Qarabağ müharibəsindən,
işğal olunmuş ərazilərimiz barədə suallar verdi. Hiss etdim ki, cavablarımdan razı
qaldı. Bir də səhhətimlə
maraqlandı. Tibbi müayinədən
keçməyimlə bağlı sorğu-sual etdi. Sonra
da göndəriləcəyim qoşun növü, hərbi
hissə haqqında qısa məlumat verdi.
Bu cür münasibət məni çox
ruhlandırdı. Hərbi komissarın
çağırışçılarla belə səmimi
münasibəti hər kəsdə ruh yüksəkliyi
yaradır. O cümlədən, valideynlərimiz də
çox razılıq edirlər.
Bu cür
söhbətlərdən sonra biz Qəbələ rayonunun hərbi
komissarı polkovnik-leytenant Arif Həsənovla əlaqə
saxladıq. Qış çağırışının
gedişi ilə maraqlandıq. Arif müəllim bizə
bunları çatdırdı:
– Çağırış
kampaniyası çox uğurla gedir. Elə bir
problem yoxdur. Doğrudur, indi hər yan
qalın qar örtüyü altındadır. Odur ki, ucqar kəndlərdən rayon mərkəzinə
gediş-gəliş çətin olur. Amma
buna baxmayaraq, çağırışçılar
vaxtında hərbi komissarlığa gəlirlər. Bizim əhali ilə əlaqələrimiz çox
sıxdır. Çağırışçı
gənclərlə görüşlərimiz çox olur.
Xüsusən, hərbi hazırlıq dərslərinin
səmərəli keçirilməsində, hərbi-idman
oyunlarında öz köməyimizi əsirgəmirik. Valideynləri,
çağırışçıları istədikləri
vaxt qəbul edirik, müraciətlərini dinləyirik, köməyimizi
əsirgəmirik. Məsələn, vətədaşlar
yaxşı bilirlər ki, səhhətində xırda problem
olan heç kəs hərbi xidmətə göndərilmir.
Bizə hər kəsin sağlam olması
vacibdir və ordumuza da sağlam gənclər gərəkdir.
Bəzən gənclər tam sağlam
olmalarını inad edib, hərbi xidmətə göndərilmələrini
təkid edirlər. Ancaq bu yolverilməz
haldır. Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Səfər Əbiyevin və
hərbi komissarı general-leytenant Əliağa Hüseynovun da
bizim qarşımıza qoyduğu tələb budur ki, hərbi
xidmətə ən sağlam gənclər göndərilməlidir.
Hər kəsin müraciəti dərhal
araşdırılmalı, qanun çərçivəsində
həll edilməlidir. Məhz bu səbəblərdəndir
ki, bu gün yerlərdə hərbi komissarlıqların
nüfuzu artır.
Polkovnik-leytenant A.Həsənov
Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə
ordumuzun gündən-günə qüdrətlənməsindən,
daha intizamlı, torpaqlarımızı azad etmək, qalib gəlməyə
qadir bir orduya çevrilməsindən, hərbi hissələrin
kompleksləşdirilməsində hərbi xidmətə
çağırış işinin getdikcə daha da səmərəli
olmasından da danışdı. Bildirdi ki, bu gün ordu
quruculuğu işi NATO standartlarına uyğundur və bu
iş bütün istiqamətlərdə davam etdirilir.
...Qış
çağırışı davam edir. Sözsüz
ki, hər dəfə olduğu kimi bu kampaniya da uğurla
başa çatacaq. Çünki gənclərimiz
vətənpərvərdirlər və torpaqlarımızın
20 faizinin hələ də işğal altında qalması ilə
barışmırlar.
Vahid İMANOV
Xalq qəzeti.-2009.-11 yanvar.- S.4.