Xarici investorlar Azərbaycandakı ictimai-siyasi sabitliyin uzun müddət davam etməsini arzulayırlar

 

Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər ölkəmizdə demokratiyanın inkişafı prosesinə yeni töhfələr verəcək

 

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsi ictimaiyyət arasında böyük əks-səda doğurub. Siyasi partiya və qurumlar, ziyalılar, müxtəlif təşkilatlar, ictimai-siyasi xadimlər Referendum Aktı layihəsindəki müddəaların insan hüquq və azadlıqlarının müdafiəsinə daha geniş şərait yaradacağına və Əsas Qanunumuzu daha da möhkəmləndirəcəyinə əminliklərini bildirirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, professor Ələkbər Məmmədovla söhbətimiz zamanı ona Referendum Aktı layihəsində təklif edilən müddəaların rəhbərlik etdiyi kollektivdə necə qarşılanması ilə əlaqədar bir neçə sualla müraciət etdik:

— Ələkbər müəllim, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflərə sizin də münasibətinizi bilmək maraqlı olardı.

– Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar irəli sürülmüş 29 təkliflə yaxından tanış olmuşam. Bəri başdan deyim ki, çox mütərəqqi və demokratik təkliflərdir. Bunların hamısı milli dövlətçiliyimizin Konstitusiya əsasalrının daha da möhkəmləndirilməsinə, sosial ədalət prinsiplərinin təkmilləşdirilməsinə, ictimai-siyasi sabitliyin uzun müddət davam etməsinə xidmət edəcək. Bir faktı xüsusilə qeyd etmək istəyirəm. Xarici ölkələrdə səfərlərdə olarkən investorların Azərbaycanda ictimai sabitliyin indiki vəziyyətdə davamlı olmasından çox razılıq edirlər. Onlar indiki hakimiyyətin siyasətini bəyənir və bunun uzun müddət davam etməsini arzulayırlar. Belə olan halda Azərbaycana daha çox sərmayə qoymaq barədə fikirləşirlər. Xarici investorları ilk növdəbə əməkdaşlıq etdikləri ölkələrdəki ictimai-siyasi sabitlik maraqlandırır. Bu baxımdan Azərbaycandan çox razılıq edirlər.

Azərbaycanda iqtisadiyyatın sürətli inkişafında, yeni iş yerlərinin yaradılmasında sahibkarlıq fəaliyyətinin rolu çox böyükdür. Azad sahibkarlar Referendum Aktı layihəsini məmnunluqla qarşılayıblar. Ölkəmizdə 4 min sahibkarlıq subyekti fəaliyyət göstərir. Hər subyektdə 10 nəfərin olmasını nəzərə alsaq, demək, bizim əhatəmizin yarım milyon olması özünü büruzə verir. Kiçik və orta sahibkarlıq isə 80 faiz təşkil edir. Azərbaycanın 36 regionunda ofisimiz fəaliyyət göstərir. Ötən dövr ərzində sahibkarlıq təbəqəsi daha da formalaşıb. Sahibkarlıq subyektinin 80 minə yaxını hüquqi şəxslər, qalanları isə fiziki şəxslərdir. Beynəlxalq aləmdə 130-dan artıq dövlətlə ticarət əlaqəsi yaratmışıq. Ümumilikdə, 50 milyard dollarlıq dövriyyəmiz var. Sahibkarlıq fəaliyyəti kəmiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ümumi daxili məhsul istehsalının 86 faizi sahibkarlığın payına düşur. Əhalinin məşğulluğunun artırılmasının 72 faizi də bizim zəhmətimizin bəhrəsidir. Bütün bunların hamısına azad sahibkarlıq fəaliyyətinə yaradılmış şərait, ölkədə ictimai-siyasi sabitliyin davamlılığının qorunub saxlanılması, dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində nail olunub. Sahibkarlar dövlətimizin siyasətini dəstəkləyir və bu siyasətin uzunmüddətli olmasını arzulayır.

— Demək, təklif olunan 101-ci maddənin V bəndi sizi qane edir.

— Qane edir, azdır. Biz hamılıqla bu maddənin yeni redaksiyada verilməsini dəstəkləyirik. Hər şeydən əvvəl bu, vətəndaşların seçmək və seçilmək hüququ ilə əlaqədar meydana çıxmış məhdudiyyəti aradan qaldıracaq. Ölkədə tez-tez hakimiyyət dəyişikliyi bütün sahələrdə olduğu kimi sahibkarlığın inkişafı istiqamətində də görülən işlərin yarımçıq qalmasına və ya inamsızlığa gətirib çıxara bilər. Məsələn, bu gün Azərbaycanda sahibkarlığın inkişafı ilə əlaqədar çox önəmli addımlar atılıb. Biz artıq Ümumdünya Ticarət Təşkilatına daxil olmaq ərəfəsindəyik. Başqa ölkələrlə bu sahədə danışıqlar aparırıq və yaxud Azərbaycana xarici investisiya qoyuluşu getdikcə artır. Bunların hamısına qarant kimi ölkə lideri, dövlət başçısı nəzərdə tutulur. Xarici investorlar dövlət başçısına inanır və ona güvənirlər. Hansı xarici investor bilsə ki, 4-5 ildən sonra dövlət başçısı dəyişəndə o, müəyyən problemlərlə üzləşəcək, o zaman xarici investisiya qoyuluşunu azalda bilər. Əsas fakt ondan ibarətdir ki, bu gün xarici sahibkarlar Azərbaycan hakimiyyətinə, onun dövlət başçısına inanır. Açığını deyim ki, dövlət başçımız xarici ölkələrdə çox böyük nüfuz sahibidir. Bir faktı oxucuların diqqətinə çatdırmaq istərdim. Ötən ilin noyabrında biz Rumıniyada işgüzar səfərdəydik. Bu səfərimiz Azərbaycanda keçirilən prezident seçkilərindən sonraya təsadüf edirdi. İnanın ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinə rumıniyalı iş adamları çox sevinirdilər və onlar bunu bayram edirdilər. Rumıniyada fəaliyyət göstərən Rumıniya — Türkiyə Ticarət Palatasında cənab İlham Əliyevin yenidən prezident seçilməsi ilə əlaqədar böyük bir tort hazırlanmışdı. Sanki bayram əhval-ruhiyyəli bir mərasimdə olduğu kimi tort kəsildi. Bütün bunlar indiki hakimiyyətin daxili və xarici siyasətinin yüksək səviyyədə qəbul edildiyini təsdiqləyən faktlardan biridir. Xarici investorların Azərbaycana gəlməsi və böyük inamla investisiya qoyması ölkədə yaradılmış sabitlik və həmin dövlətin birinci şəxsi ilə bağlıdır. Əgər tez-tez hakimiyyət dəyişikliyi baş verərsə, investorların tanımadıqları şəxslər hakimiyyətə gələrsə, inamsızlıq yaranar. Bu inamsızlığın ölkəmizə ziyanlı cəhətləri nə ola bilər? Birincisi, uzunmüddətli investisiya qoyuluşu azala bilər. İkincisi, Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ləngiyə bilər, üçüncüsü, yerli sahibkarların özlərinin daxili investisiyalarının həcminin artırılmasına meylliyi azalar. Xarici investorlar fikirləşirlər ki, mən bu gün kapitalımı daxili investisiyaya yönəldərəm, bir müddət sonra hakimiyyət dəyişikliyi baş verər və hər şey dəyişə bilər. Bu da indiki dövlət başçısına inamdan irəli gəlir. Bu inam Azərbaycanda biznes fəaliyyətini getdikcə yaxşılaşdırır və beynəlxalq təşkilatların bu sahədəki inamlı fəaliyyətinə təkan verir.

Diqqətinizə çatdırım ki, 2008-ci ildə Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanındı. Bu sahədə 96-cı yerdən 33-cü yerə yüksəldik. Beynəlxalq Bankın və Ümumdünya Maliyyə Təşkilatının birgə apardıqları “Bizness—2009"-un hesabatında bu qənaətə gəlindi. 181 ölkə arasında 33-cü olduq. Azərbaycan dünyada birinci islahatçı ölkə kimi tanındı. Bu, ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yaradılmış şəraitin nəticəsi idi. Azərbaycanın beynəlxalq layihələrdə iştirakını da xüsusi qeyd etmək vacib şərtlərdən biridir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirmiş, Azərbaycanın iqtisadi-sosial infrastrukturunun yaxşılaşdırılmasına dəstək vermiş və həmin layihələrin reallaşmasında birbaşa iştirak etmişlər. Məsələn, müstəqil dövlətimizdə layiqli əmək üzrə ölkə proqramı həyata keçirilir. Bu proqram birbaşa beynəlxalq təşkilatların texniki dəstəyi ilə həyata keçirilir. Belə proqramlar Azərbaycanda onlarladır. Təsəvvür edin ki, əgər növbəti illər üçün hakimiyyətə qarşı inamsızlıq yaranarsa, beynəlxalq təşkilatlar, iri layihələrin reallaşmasında Azərbaycan hökuməti ilə iştiraka meylli olmayacaqlar.

Dediklərimdən belə qənaətə gəlirəm ki, beynəlxalq təşkilatların Azərbaycan dövləti ilə gələcək birgə fəaliyyəti məsələsində xarici ölkələrin ölkəmizə cəlb olunması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması, biznes mühitinin möhkəmləndirilməsi və daxili investisiyaların artırılması bu gün çox vacibdir. Bu vacib məsələlərin daha davamlı olması da 101-ci maddənin 5-ci hissəsinin yeni redaksiyada verilməsindən çox asılıdır. Xalq intellektual səviyyəsinə, siyasi dünyagörüşünə, idarəetmədəki qabiliyyətinə daha yaxından tanış olduğu bir şəxsi təkrar prezident seçməklə ölkəmizin inkişafı naminə yuxarıda sadaladıqlarıma nail olursa, niyə buna bilə-bilə mane olmalıyıq?! Əgər biz demokratik, hüquqi, sivil dövlət qururuqsa, Avropaya və dünya birliyinə inteqrasiya olunuruqsa, niyə xalqın öz iradəsini sərbəst ifadə etməsinə, istədiyi şəxsi prezident seçməsinə məhdudiyyət qoymalıyıq? Bu məhdudiyyətlərin aradan qaldırılması çox vacibdir. Bunu həm də tarixi inkişaf yetişdirib.

Digər əlavə və dəyişikliklərdə dövlət rəmzlərinə hörmətdən, insanların hüquq və azadlıqlarının müdafiəsində daha səmərəli tədbirlərdən istifadə olunmasından bəhs edilir. Məsələn, Milli Bankın Mərkəzi Bank adlandırılması dövrün tələblərindən irəli gəlir. Bu gün Milli Bank Mərkəzi Bank funksiyasını yerinə yetirir. Azərbaycanda çoxlu sayda banklar fəaliyyət göstərir. Bunların mərkəzləşdirilməsi zərurəti artıq yaranıb. Təklif olunan bütün əlavə və dəyişikliklər obyektiv zərurətlərdən yaranıb. İnanıram ki, xalq martın 18-də təklif olunan əlavə və dəyişikliklərə “hə” deməklə həm ölkəmizin gələcək inkişafına, beynəlxalq aləmdəki nüfuzunun artmasına, həm də ölkədə yaradılmış, davamlı ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına nail olacaq.

 

 

Söhbəti qələmə aldı:

 Əliqismət BƏDƏLOV,

 

 Xalq qəzeti.-2009.-13 iyun.-S.3.