Ölkənin “mavi yanacaq”la təminatı getdikcə
yaxşılaşır
Azərbaycanın neft sənayesi
əsaslı inkişaf dövrünü yaşayır.
Ölkənin yeni neft strategiyasının uğurla həyata
keçirilməsi nəticəsində son illər hasilatda
böyük irəliləyişlər nəzərə
çarpır, dünya bazarına çıxarılan Azərbaycan
“qara qızılı”nın həcmi ilbəil artır.
Hazırda isə digər mühüm yanacaq növlərindən
sayılan qaz istehsalının artırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Artıq Azərbaycanda
qaz hasilatı sahəsində əvvəlki illərdə
müşahidə olunan böhran tamamilə aradan
qaldırılmış, ölkəmiz “mavi yanacaq”
ixracatçısına çevrilmişdir. Xatırladaq ki,
iki il əvvəl “Şahdəniz” yatağının istismara
daxil edilməsi ilə Azərbaycanda böyük qaz
hasilatının əsası qoyulmuşdur. İndi “Şahdəniz”
qazı Gürcüstan, Türkiyə və Yunanıstana ixrac
olunur. Yaxın illərdə isə Azərbaycan qazının
digər Avropa ölkələrinə də ixracı nəzərdə
tutulur.
Aparılmış son tədqiqatlara
görə, Xəzərin Azərbaycan sektorundakı digər
perspektiv strukturlarda, eləcə də hazırda istismarda olan
yataqlarda çıxarılması mümkün olan qaz
ehtiyatları çoxdur. Məhz həmin ehtiyatların
hasilatına imkan yaratmaq, həmçinin itkilərin
qarşısını almaq məqsədilə qaz
yığım-nəql sisteminin əsaslı şəkildə
təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə Prezident İlham Əliyevin tövsiyəsi
ilə Dövlət Neft Şirkəti tərəfindən yeni
qaz proqramı qəbul olunmuşdur. Adı çəkilən
sənədin qəbul edilməsində başlıca məqsəd
ölkənin “mavi yanacağa” olan tələbatının
daxili imkanlar hesabına ödənilməsidir. Yeni proqramın
qəbul edilməsindən ötən iki il ərzində bu
sahədə mühüm tədbirlər həyata
keçirilmişdir. Təkcə onu demək kifayətdir ki,
yola saldığımız 2008-ci ildə “Azneft” İstehsalat
Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin
istismar etdikləri yataqlarda yeni stasionar özüllər
tikilmiş, genişləndirmə işləri
aparılmış, əlavə qaz quyuları qazılıb
istifadəyə verilmişdir. Hasil olunan qazın sahilə
çatdırılması üçün qaz
yığım- nəql sisteminin təkmilləşdirilməsi
ilə bağlı proqramda nəzərdə tutulmuş tədbirlər
də uğurla yerinə yetirilmişdir. Belə ki, il ərzində
“Günəşli” yatağındakı 14 saylı
özüldən Neft Daşlarında yerləşən qaz
separasiya mərkəzinədək 23 kilometr uzunluğunda olan
yüksək təzyiqli 500 millimetrlik, həmçinin
özüllərarası yüksək təzyiqli müxtəlif
diametrli qaz xətləri çəkilərək istismara
verilmişdir. Bundan əlavə, “Günəşli”
yatağındakı 4 saylı özüldən Neft
Daşlarında yerləşən 2 saylı sıxıcı
kompressor stansiyasınadək uzunluğu 18 kilometr olan
aşağı təzyiqli 500 millimetrlik qaz xətti çəkilərək
istismara daxil edilmişdir.
Hazırda “Azneft”
İstehsalat Birliyi üzrə hasil olunan ümumi qazın 80
faizi “Günəşli” yatağının payına
düşür. Bu qazı sahilə nəql etmək
üçün 68 kilometrlik Neft Daşları — Bahar sualtı
qaz kəməri çəkilmişdir. Bununla yanaşı,
qaz ehtiyatları ilə zəngin olan “Bahar”, “8 Mart” və
“Bulla-dəniz” yataqlarında infrastrukturun köməyi ilə
qaz hasilatını və təhvilini artırmaq məqsədilə
müasir texnika və texnologiyalardan, qabaqcıl dünya təcrübələrindən
istifadə etmək, həmçinin xarici şirkətlərlə
səmərəli əməkdaşlıq əlaqələrinin
qurulması nəzərdə tutulur.
Qaz yığım-nəql
sisteminin təkmilləşdirilməsi ilə bağlı nəzərdə
tutmuş mühüm işlərdən biri də
Bahar-Hövsan-Suraxanı qaz kəmərinin
inşasıdır. Xatırladaq ki, “Neftqazlayihə”
İnstitutu tərəfindən layihələndirilən həmin
kəmərin ümumi uzunluğu 42,2 kilometrdir. Bunun 32 kilometri
sualtı, 10,2 kilometri isə quru hissələrdən ibarətdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində sözügedən kəmərin
tikintisini də vaxtında başa çatdırmaq
mümkün olmuşdur. Kəmərin sualtı hissəsinin
inşası zamanı “Süleyman Vəzirov” borudüzən gəmisindən
istifadə edilmişdir. Kəmərlə nəql olunacaq qaz
Hövsanda tikilən qaz separasiya məntəqəsində təmizləndikdən
sonra istehlakçılara veriləcəkdir. Məlumat
üçün bildiririk ki, Bahar-Hövsan-Suraxanı qaz kəməri
“Şimal” elektrik stansiyasını, eləcə də
Bakının ətraf ərazilərində yaşayan əhalini
və müəssisələri “mavi yanacaq”la təmin edəcəkdir.
Ötürmə qabiliyyəti sutkada 5 milyon kubmetr olan kəmərlə
“Günəşli” yatağında hasil edilən qaz nəql
olunacaq.
Hazırda “Günəşli”
yatağında qaz hasilatının artırılması
üçün əlavə quyuların qazılması,
yığım-nəql sisteminin təkmilləşdirilməsi
istiqamətində işlər davam etdirilir. Bundan əlavə,
digər neft və qazçıxarma idarələrində də
əsasən erlift və qazın nəqli sistemində istismar
olunan kompressor aqreqatlarının yenisi ilə əvəz edilməsi
istiqamətində mühüm işlər görülür.
Yeri gəlmişkən,
qaz proqramı üzrə 2009-cu ildə qarşıda duran əsas
vəzifələrdən biri Neft Daşlarındakı 2
saylı sıxıcı kompressor stansiyasının genişləndirilməsidir.
1994-cü ildə istismara buraxılmış stansiya əsasən
“Günəşli” və “Çıraq” yataqlarından daxil
olan aşağı təzyiqli səmt qazının
sıxılması üçün nəzərdə
tutulmuşdur. Stansiyaya 5 atmosferlə daxil olan qaz buradan 55
atmosfer təzyiqlə çıxır. 11 qat artıq enerji
alan “mavi yanacaq” borular vasitəsilə yüksək sürətlə
sahilə nəql edilir. Stansiya inşa edilməmişdən əvvəl
bütün aşağı təzyiqli qaz boruya
yığılması mümkün olmadığından
atmosferə buraxılırdı. Xatırladaq ki, 2 saylı
sıxıcı kompressor stansiyası öz fəaliyyətinin
ilk dövründə 9 iri qaz-turbin kompressor aqreqatından ibarət
olmuş, onun ümumi gücü sutkada 4,2 milyon kubmetrə bərabər
olmuşdur. Lakin qaz hasilatı artırıldığından
yeni güclər tələb olunurdu.
1998-ci ildə
stansiyanın işi dayandırılmadan kompressor aqreqatları
konstruksiyalarının dəyişdirilməsi ilə burada
modernləşdirmə işləri aparılmışdır
ki, bu da sutkalıq gücü 4,2 milyon kubmetrdən 5,8 milyon
kubmetrədək artırmağa imkan vermişdir. 2001-ci ilin
martında isə daha 3 aqreqat işə salınaraq
stansiyanın gücü 7,4 milyon kubmetrə
çatdırılmışdır. Hazırda stansiyada 12
aqreqat fəaliyyət göstərir. Lakin hələ ki,
stansiyada profilaktika və baxış işləri zamanı
işə salmaq üçün rezerv maşınlar
mövcud deyil. Qeyd etmək lazımdır ki, ötən
müddət ərzində “Günəşli”
yatağından qaz hasilatı iki dəfə
artırılmışdır. Buraya həmçinin
“Çıraq” yatağından da sutkada 1 milyon kubmetr səmt
qazı daxil olur. Bu səbəbdən Dövlət Neft
Şirkətinin rəhbərliyi 2 saylı sıxıcı
kompressor stansiyasının sutkalıq gücünü daha 3,6
milyon kubmetr artırmaq məqsədi ilə stansiyada 4 yeni
aqreqat işə salaraq onu genişləndirmək qərarı
vermişdir.
İnşaat işlərinin
baş podratçısı “Neftqaztikinti” trestidir. Artıq fəaliyyətdə
olan stansiyada əlavə meydançanın tikintisi başa
çatdırılmışdır. Hazırda qaz-turbin
aqreqatları üçün bünövrələrin
inşası aparılır. Xatırladaq ki, obyektin
sifarişçisi “28 May” NQÇİ-dir. İstifadə edilən
avadanlıq ABŞ-ın “Solar” şirkətinə aiddir. Təkmilləşdirilmiş
konstruksiyaya malik bu aqreqatlar yüksək etibarlılığa
malikdir və bütün mərhələlərdə
avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Yaxın
aylarda quraşdırma işlərinə başlanacaq.
Stansiyanın bu ilin aprel ayında ümumilikdə 11 milyon
kubmetr sutkalıq güclə istifadəyə veriləcəyi
gözlənilir.
Göründüyü
kimi, yeni qaz proqramı çərçivəsində nəzərdə
tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi
ölkədə “mavi yanacağ”ın hasilatının
artırılmasına imkan yaradır. Bu da son nəticədə
təbii qazla təminatın getdikcə
yaxşılaşdırılmasına səbəb olur.
Mirbağır Yaqubzadə
Xalq qəzeti.-2009.-13 yanvar.-S.3.