2008-ci il təhsil sahəsində əsas inkişaf
dövrü oldu
Əsası ulu öndər
tərəfindən qoyulmuş təhsil islahatı ötən
il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirildi. Təhsilin
bütün sferaları inkişaf etdi, onun məzmununun yeniləşməsi,
yeni məktəblərin tikintisi, məktəblərimizə
informasiya texnologiyalarının gətirilməsi, müəllim
hazırlığına xüsusi önəm verilməsi, yeni
dövlət proqramlarının qəbul olunması və s.
ötən ilin uğurlu yekunudur.
Təhsil sahəsində
əldə olunmuş nailiyyətlər Azərbaycan müəllimlərinin
XIII qurultayında bir daha qeyd olundu. Təhsil naziri Misir Mərdanov
qurultaya hesabat məruzəsində demişdir: “... dövlət
proqramlarının yerinə yetirilməsi, təhsil
infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi
təhsilin məzmununun yeniləşdirilməsi və buna
müvafiq yeni dərslik siyasətinin
reallaşdırılması istiqamətində islahatların
həyata keçirilməsi, əmək bazarının tələbatına
uyğun kadr hazırlığının və pedaqoji
kadrlarla təminatın yaxşılaşdırılması,
təhsil müəssisələrinin informasiya-kommunikasiya
texnologiyaları ilə təmin edilməsi və beynəlxalq əlaqələrin
genişləndirilməsi və digər bu kimi aktual məsələlər
fəaliyyətimizin başlıca istiqamətlərini təşkil
etmişdir”. Söz yox ki, ötən il də bu kurs uğurla
davam etdirilmiş və milli təhsilimizin tarixinə əlamətdar
hadisələrlə dolu bir il kimi daxil olmuşdur.
Ötən il möhtərəm
Prezidentimizin imzaladığı dövlət
proqramlarının həyata keçirilməsi istiqamətində
görülən işlər xüsusi olaraq diqqətəlayiqdir.
Bu proqramlar təhsilin bir neçə sahəsinə aiddir. Ən
başlıcası orta ümumtəhsil məktəblərinin
inkişafı ilə bağlı olmuşdur. Ötən il
ölkədə 4545 ümumtəhsil müəssisəsi, o
cümlədən 31 ümumtəhsil internat məktəbi, 50
lisey, 8 gimnaziya fəaliyyət göstərmişdir. Bu məktəblərdə
1.483.311 şagirdin təlim-tərbiyəsi ilə 175222 pedaqoq
işçi məşğul olmuşdur. Eyni zamanda, 16 özəl
ümumtəhsil məktəbində 6841 şagird təhsil
almışdır. Şagirdlərin dərsliklərlə təminatı
məqsədilə qəbul olunmuş “Dərsliklərlə təminat
Proqramı (2006-2015),” eyni zamanda, “Məktəblərin
avadanlıqlarla təminatı Proqramı (2005-2009)",
“İKT ilə təminat Proqramı” və s. dövlət
proqramlarının həyata keçirilməsi istiqamətində
uğurlu nəticələr əldə olunmuşdur. Söz
yox ki, bu proqramlar arasında məktəb tikintisi, məktəblərə
əlavə korpusların inşası, eləcə də, əsaslı
təmir işləri üzrə proqramın reallaşması
üzrə görülən işlərin miqyası daha da
genişlənmişdir. Təkcə 2008-ci ildə 161 yeni məktəb
və əlavə korpus tikilmiş, 129 məktəb əsaslı
təmir olunmuşdur.
YUNESKO-nun və
İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata
keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi əsasında ötən il bir sıra bölgələrdə
yeni məktəblər inşa olunmuş və bu gün də
bu istiqamətdə işlər davam etdirilir. Ötən ilin ən
uğurlu yekunlarından biri məktəblərin “İKT ilə
təminatı Proqramı”nın reallaşması istiqamətində
həyata keçirilən tədbirlərdir. Cənab
Prezidentimiz bu məsələyə hakimiyyətə gəldiyi
vaxtdan xüsusi önəm vermişdir. Bu məsələ ilə
bağlı 2004-cü ildə cənab Prezidentin
imzaladığı Dövlət proqramı artıq
reallaşdırılmışdır. İndi isə
2008-2012-ci illləri əhatə edən ikinci Dövlət
Proqramı artıq həyata keçirilməyə
başlanmışdır. İndi Azərbaycanın hər 29
şagirdinə 1 kompyuter nisbəti həll olunmuşdur.
Ciddi hazırlıqdan
sonra yeni dərs ilində kurrikulum islahatına
başlanıldı. Artıq bu dərs ilində 1-ci siniflərdə
dərslər kurrikuluma uyğun olaraq keçirilir. Bu, təhsil
sistemində yeni mərhələnin başlanğıcı
oldu.
Təhsilin keyfiyyəti
xeyli yüksəldi. Möhtərəm Prezidentimizin sərəncamına
əsasən “ən yaxşı məktəb”, “ən
yaxşı müəllim” müsabiqəsinə yekun vuruldu.
50 məktəbin hər biri 10.000 manat, 100 müəllim isə
50.000 manat məbləğində
mükafatlandırıldı. Bu gün məktəblərimiz
və müəllimlərimiz bu yarışlarda iştirak etmək
üçün öz imkanlarını maksimum səfərbər
etməyə çalışırlar.
Müəllim
kadrlarına olan tələbatın ödənilməsi istiqamətində
görülmüş işlər də təqdirəlayiqdir.
“2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə
Dövlət Prqramı” bu sahədə mühüm rol
oynadı. Ötən il bu proqramın reallaşması
üçün ciddi tədbirlər həyata keçirildi.
Orta ümumtəhsil məktəblərində
mərkəzləşdirilmiş buraxılış test
imtahanları da öz müsbət nəticəsini
vermişdir. Belə ki, ali məktəblərə qəbul
imtahanları zamanı 600-dən yuxarı bal toplayan şagirdlərin
sayı ilbəil artmışdır. 2008-ci ildə onların
sayı rekord həddə — 1582 nəfərə
çatmışdır.
Dünya fənn
olimpiadalarında və beynəlxalq bilik yarışlarında
ötən il şagirdlərimizin göstərdiyi nailiyyətlər
də sevindiricidir.
Uğurlardan
danışarkən texniki peşə təhsili sahəsində
qazanılmış nailiyyətləri də xüsusi olaraq
qeyd etmək lazımdır. Bu sahədə də xüsusi
dövlət proqramı əsasında işlər davam
etdirilmişidr. 2007-2012-ci illəri əhatə edən bu
proqramın reallaşması, söz yox ki, təhsilin bu sahəsində
əsaslı dəyişikliklər yaradacaqdır.
İndi ölkəmizin
şəhər və rayonlarında yeni peşə məktəbləri
yaradılır, mövcud məktəblərin maddi-texniki
bazası möhkəmləndirilir. Məsələn, ötən
il 8 peşə məktəbinin təmiri başa
çatdırılmışdır. Bu il də peşə məktəblərinin
inkişafı diqqət mərkəzindədir və söz
yox ki, dövlət proqramının həyata keçirilməsi
bu sahənin inkişafında böyük rol oynayacaq.
Orta ixtisas təhsili məktəblərinə
də xüsusi diqqət yetirilmişdir. Onların ixtisas təliminin
məzmununda dəyişikliklər üzrə dövlət
standartları çoxballı sistemlə qiymətləndirilməsi
tətbiq olunmuş, eyni zamanda, kredit sisteminə keçidlə
bağlı təşkilati tədbirlər
görülmüşdür.
Azərbaycanda ali təhsilin
inkişafı sahəsində əldə olunan nailiyyətləri
də nəzərə çarpdırmaq istərdik. Ötən
il Azərbaycanda 35 dövlət ali təhsil müəssisəsi
fəaliyyət göstərib. Onlarda tələbələrin
sayı 108238 nəfər təşkil edib. Bununla
yanaşı ölkədə 14 özəl ali təhsil
müəssisəsi vardır ki, onlarda da təhsil alan tələbələrin
sayı 22192 nəfər təşkil etmişdir.
Ötən il bu məktəblərin
maddi-texniki bazası xeyli
yaxşılaşdırılmış, onlarda İKT-nin tətbiqi
sürətlənmişdir. Ali məktəblərdə yeni
ixtisaslar açılmış, onların yeni tədris
korpusları istifadəyə verilmişdir.
Azərbaycan 2005-ci ildə
vahid Avropa ali təhsil məkanını nəzərdə
tutan Boloniya Bəyannaməsinə qoşulmaqla ali təhsil
sisteminin yeniləşdirilməsi, təhsilin keyfiyyətinin
ümumavropa tələblərinə
uyğunlaşdırılması sahəsində öz üzərinə
mühüm vəzifələr götürmüşdür.
Ölkəmiz bu vəzifələrin reallaşmasına, ilk
növbədə hərtərəfli təhlillərin nəticələrinə
əsaslanan məzmun dəyişikliklərindən
başlamışdır. Artıq bu istiqamətdə xeyli
iş görülmüş, ali təhsil müəssisələrindən
çoxu kredit sisteminə keçmişdir. Ötən il də
Boloniya sisteminə keçilməsi ilə bağlı işlər
davam etdirilmişdir.
Ölkə Prezidenti cənab
İlham Əliyevin 31 yanvar 2008-ci il sərəncamına əsasən
“2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı” layihəsi hökumətə təqdim
olunmuşdur.
Ötən ilin
mühüm təhsil yeniliklərindən biri də Azərbaycan
gənclərinin xarici ölkələrdə ali təhsil
almağa göndərilməsi olmuşdur. Məlumdur ki,
2007-ci ilin aprel ayında cənab Prezidentimiz İlham Əliyev
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almalarına dair Dövlət
Proqramı” imzalamışdır. Bu sərəncamda
2007-2015-ci illərdə xaricdə təhsil alanların
sayının 5000 nəfərə çatdırılması
nəzərdə tutulurdu.
Ötən il təhsil
sahəsində beynəlxalq əlaqələrin
inkişafına da xüsusi diqqət yetirilmişdir. Beynəlxalq
təcrübənin mənimsənilməsi, birgə layihələrin
həyata keçirilməsi, qarşılıqlı şagird
və tələbə mübadiləsi və s. sahələrdə
böyük uğurlar əldə olunmuşdur.
Əlbəttə,
ötən ilin nailiyyətlərindən danışarkən
bir məsələni də qeyd etmək yerinə düşərdi.
Belə ki, 2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin
XIII qurultayı milli təhsilimizin inkişafı yolunda yeni
strateji məqamları müəyyənləşdirdi, təhsil
sahəsində problemləri ortaya çıxardı.
Artıq Azərbaycanda təhsil
islahatı çox məsuliyyətli dövrünə qədəm
qoymuşdur. Ötən il məhz gələcək inkişaf
üçün yaradılan stimul imkan verəcək ki, milli təhsilimiz
daha da tərəqqi etsin.
Söz yox ki, möhtərəm
Prezidentimizin təhsilə göstərdiyi qayğı bu
inkişafın davamlı olacağına böyük inam
yaradır.
M. MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-2009.-13 yanvar.-S.4.