“Qoy, günü ağ olsun bu yağan qarın...”

 

...Bir gecədə bölgələr qar təmizliyinə büründü. Meşələrdə, bağlarda, dərələrdə, dağlarda ağaclar dizəcən qara batdı. Ovçu tüfənglərində atılan güllələr orda-burda qar üstündə qırmızı “güllər” bitirdi. Kirşədə odun daşıyan cavanlar, bulaq başında gözü qamaşan gözəllər, damların qarını təmizləyən ev sahibləri bu bəyaz yağmurdan əvvəlki illərdəkindən az qayğılandılar. Çünki işıqları da, suları da, yanacaqları da var.

 

Cəlilabad

 

Bir əli dağda, bir əli düzdə olan Cəlilabadda qışlamaya vaxtında ciddi hazırlıq görülüb. Son illərdə xeyli abadlaşıb-gözəlləşən rayon mərkəzinin sakinləri Yeni ili lap iri şəhərlərdəki kimi fərəhlə qarşıladı. Mərkəzi prospektdə həmişəyaşıl küknar, şam ağaclarının üstündəki qar lopaları bayram xonçalarına bənzəyirdi. Uşaqlar o ki var qartopu oynadılar. Buzlayan navalçalar, sallanan sırsıralar kimsəni qorxutmadı.

Rayonun elektrik şəbəkəsinə daxil olan Cəlilabad, Göytəpə, Cəlayır yarımstansiyalarında zədələnmiş izolyatorlar dəyişdirilmiş, yağ açarları əsaslı təmir olunmuşdur. Yarımstansiyalardakı müxtəlif güc transformatoruna tonlarla yağ əlavə edilmişdir. Cəlilabad və Göytəpə şəhərlərinin yeni yaşayış massivlərində 3 kilometr elektrik xətti çəkilmişdir.

Cəlilabad şəhərində 1 ədəd 100 kilovoltluq, Göytəpə şəhərində 160 kilovoltluq yeni transformatorlar quraşdırılmışdır. Rayonun müxtəlif yaşayış məntəqələrində 18 ədəd zədələnmiş transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur. 194 ədəd elektrik dirəyi dəyişdirilmiş, elektrik xətlərindəki nasazlıqlar aradan qaldırılaraq 39,6 kilometr yararsız hava xətti təmir edilmişdir.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon qaz istismarı idarəsində işçi qrup yaradılmış, qışlama dövründə əhalini normal qaz ilə təmin etmək üçün tədbirlərin icrası reallaşdırılmışdır. İdarə kollektivinin qüvvəsi ilə Cəlilabad şəhərinin mərkəzində 500 poqonometr istifadəyə yararsız qaz xətti dəyişdirilmiş, 12 ailəyə yeni qaz xətti çəkilmişdir. Cəlilabad şəhərinin mərkəzində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Heydər Əliyev prospektində 4 km yeraltı qaz kəməri çəkilmişdir.

Rayonun telekommunikasiya qovşağı qış mövsümündə rabitə avadanlığının normal işləməsi üçün əvvəlcədən xüsusi hazırlıq işləri görmüş, avtomat telefon stansiyalarının yerləşdiyi binalarda cari təmir işləri aparılmışdır. Kəndlərdə rabitə əlaqələrinin yaxşılaşdırılması üçün birləşdirici xətlərdəki nasazlıqlar aradan qaldırılmış, 30 kənd ATS-i dizel generatorları ilə təmin edilmişdir.

Rayon su-kanal idarəsi tərəfindən Cəlilabad şəhərində 500 metr su xətti çəkilmiş, Privolnoye kəndində 200 metr su xətti təmir edilmişdir. Subartezian quyularındakı su nasoslarının təmiri başa çatdırılmış, elektrik xətlərində olan nasazlıqlar aradan qaldırılmışdır.

Şəhər təsərrüfatının qış dövründə lazımi qaydada fəaliyyət göstərməsi üçün kommunal müəssisələr kombinatında və mənzil istismar sahəsində maşın və mexanizmlərin saz vəziyyətə gətirilməsi, fövqəladə hallarda xüsusi operativlik göstərilməsi üçün cavabdeh şəxslərin vəzifələri müəyyənləşdirilmişdir. Kommunal binaların ətrafında səliqə-sahman yaradılmış, səkkiz binanın dam örtüyü və pəncərələri dəyişdirilmişdir. M.Hüseynzadə küçəsində 85 metr, Azərbaycan küçəsində 70 metr kanalizasiya xətti yenisi ilə əvəz edilmişdir.

Rayonun büdcə təşkilatlarında yanacaq xərclərinə 97120 manat vəsait ayrılmış, həmin vəsaitin 49700 manatı təhsil, 25400 manatı səhiyyə, 15830 manatı mədəniyyət, idman, sosial müdafiə və sosial təminat, 6190 manatı isə ümumi dövlət xidmətləri üçün nəzərdə tutulmuşdur. Həmin vəsaitin hamısından istifadə edilmişdir.

Məktəb pedaqoji kollektivlərinin, bələdiyyələrin və ictimaiyyətin yaxından köməyi nəticəsində Şiləvəngə, Komanlı, Hamarqışlaq və Cəngan kənd inzibati ərazi nümayəndəliklərindəki məktəblərin qış mövsümünə hazırlığına daha məsuliyyətlə yanaşılmış, çatışmazlıqlar aradan qaldırılmışdır.

Cəlilabad və Göytəpə şəhərlərindəki tibb müəssisələrinin su və kanalizasiya sistemləri təmir edilmiş, işıq generatorları sazlanmış, ayrı-ayrı şöbələr neft lampaları və qızdırıcılarla təmin olunmuşdur. Rayon mərkəzindən uzaqda yerləşən tibb müəssisələrində dərman, peyvənd materialları və digər ləvazimatların ehtiyatı yaradılmışdır.

Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 350 kubmetr odun tədarük edilmiş, 100 kubmetri hərbi hissəyə, 230 kubmetri məktəblərə, 20 kubmetri əhaliyə satılmışdır. Lakin müəssisənin ayırdığı odun mövcud tələbata uyğun deyildir. Bu da qışlamanın mütəşəkkil keçirilməsinə mane olmaqla, meşələrin özbaşına qırılmasına şərait yaradır.

Digər çatışmazlıqlar da var. Məsələn, paylayıcı elektrik şəbəkəsi tərəfindən uzaq yaşayış məntəqələrində qəza halları ləng aradan qaldırılır, qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülmür. Qaz xətlərindəki texniki nasazlıqlar tam aradan qaldırılmadığından şəhərin bəzi yaşayış məhəllələrində qaz zəif yanır, bu da əhalinin narazılığına səbəb olur.

Bəzi məktəblərin istilik sisteminin bərpası üçün heç bir tədbir görülməyib. Tibb müəssisələri binalarının dam örtüyünün təmirinə və eləcə də həmin binalarda pəncərə şüşələrinin dəyişdirilməsinə ehtiyac vardır. Kənd yerlərində tibb müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması məqsədilə hələ də əsaslı işlər görülməmişdir.

Rayonun mədəniyyət müəssisələrinin yalnız 3-ü birtipli layihə əsasında tikilmişdir ki, onların da istilik sistemi sıradan çıxmışdır. Rayon mədəniyyət evi üçün yeni qazanxananın qurulmasına ehtiyac vardır.

Bütün bunlara baxmayaraq, cəlilabadlılar nikbindirlər. Ötən ili uğurla yola salan rayonda 2009-cu il də uğurla başlayıb. Çox çəkməyəcək ki, qış sınaqları yaz sevincləri ilə əvəz olunacaq. Abadlıq-quruculuq işləri güclü vüsət alacaq. Onda bütün çətinliklər arxada qalacaq.

 

Biləsuvar

 

Muğan şəhərində qışın bir günü mülayim, bir günü sərt keçir. Burda qış qapını kəsməmiş müəyyən tədbirlər görülüb ki, mövsümi sınaqlar əhali üçün böyük problemlər yaratmasın. Buna görə də qar yağan kimi yollar təmizləndi, enerjidaşıyıcıları ilə təminatda elə bir gərginlik yaşanmadı. Necə deyərlər, qışın qılıncına qalxan tutuldu.

Ötən il Biləsuvar əhalisinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə elektrik verilişi xətlərində 12 kilometrlik naqil dəyişdirilmiş, yeni yaşayaş massivlərinə 3 kilometr xətt çəkilmişdir. Rayon ərazisində 31 ədəd 10/04 kilovoltluq transformator təmir edilərək istismara verilmiş, 14 cərəyan ayırıcısı dəyişdirilmiş, 7 kilometr məsafədə naqil tarımlanmış, 100-ə qədər elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur. Lakin rayon paylayıcı elektrik şəbəkəsində qışa hazırlıqla bağlı material ehtiyatı yaradılmamışdır. Qış aylarında yaşayış evlərinin və obyektlərin qızdırılmasından ötrü təbii qaza tələbat artmışdır. Hazırda rayon ərazisində təbii qazdan istifadə edən 4590 abonent vardır. Bu abonentlərdən 1851-i şəhər ərazisində, 2739-u isə kənd ərazisindədir ki, bu da əsasən rayona bitişik Bəydili, Zəhmətabad, Əliabad, Əsgərabad və Xırmandalı kəndlərini əhatə edir. Ötən illə müqayisədə abonentlərin sayı 1400 nəfər artmışdır. 2008-ci ildə məişət-qaz sayğaclarının quraşdırılması işi davam etdirilmiş və bu say 3667 ədədə çatdırılmışdır. Əhali abunəçilərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə ayrı-ayrı ərazilərdə təmir işləri görülmüşdür. Belə ki, rayonun əsas daşıyıcı qaz xəttinin 7000 metr hissəsi polietilen borularla əvəz edilmişdir. Şəhərin Puşkin küçəsində qaz təminatını yaxşılaşdırmaq məqsədilə uzunluğu 45 metr olan 500 mm-lik diametrdə həlqəvari sistem çəkilərək Nizami küçəsinə birləşdirilmişdir. Amma rayon mərkəzinin təbii qazla tam təmin edilməsində ləngliyə yol verilir, təşəbbüskarlıq göstərilmir. Bəzi abonentlər orta təzyiqli qaz xəttindən özbaşına olaraq evlərinə böyük diametrli borularla qaz çəkmişlər. Nəticədə aşağı təzyiqli xətdən qaz götürən abonentlərin təchizatı çətinləşmişdir.

Rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi diqqət mərkəzində duran məsələlərdəndir. Sukanal İdarəsinin şəhər ərazisində 2 əsas və 2 köməkçi nasosxanası, Aşağı Cürəli kəndində 1, Əsgərabad kəndində 1 nasosxanası vardır. Digər ərazilərdə yəni, Nəsimi kəndində 5, Ovcubərə kəndində 2 nasosla əhaliyə xidmət göstərilir. Şəhərin üzərindən keçən nasosxanalardan Bəydili və Zəhmətabad kəndlərinin bir hissəsinə su verilir.

Nasos stansiyalarında əsaslı təmir işləri aparılmış, elektrik mühərrikləri alınıb quraşdırılmışdır. Şəhərin küçə xətlərində 915 poqonometr müxtəlif diametrli metal boru dəyişdirilib yenisi ilə əvəz olunmuşdur.

Rayon ərazisində binaların istilik təchizatı ilə “Azəristiliktəchizat” ASC-nin Biləsuvar rayon Birləşmiş Qazanxanalar və İstilik Şəbəkəsi sahəsi məşğul olmalıdır. Lakin bu idarənin fəaliyyəti yalnız mərkəzi xəstəxananı soyuq su ilə təmin etməkdən ibarətdir. Bu ərazidə yerləşən mərkəzi xəstəxanaya xidmət edən qazanxanada mazut ehtiyatı görülməmişdir. Ümumiyyətlə, bu idarənin normal fəaliyyət göstərməsinə baş idarə tərəfindən heç bir köməklik göstərilmir.

Yeddi kənd və bir saylı uşaq xəstəxanasını özündə birləşdirən, köməkçi binası — vərəm şöbəsi olan rayon mərkəzi xəstəxanasında payız-qış mövsümünə hazırlıqla bağlı müəyyən işlər görülmüşdür. Xəstəxananın əsas binasında istilik batareyaları təmizlənmiş, istilik xətlərinin çürümüş hissələri dəyişdirilmiş, vərəm şöbəsinin palatalarına neft sobaları, cərrahiyyə şöbəsində əməliyyat otağına, doğum şöbəsində doğuş və yeni doğulanlar palatalarına və poliklinikanın funksional kabinetlərinə maye qazla işləyən sobalar qoyulmuş, sınmış pəncərə şüşələri və qapıları yeniləri ilə əvəz olunmuşdur. Bundan başqa, daxili imkanlar hesabına xəstəxanaların dam örtüyündə təmir işləri aparılmışdır. Elektrik xətləri normal vəziyyətdədir. Mərkəzi xəstəxanada elektrik enerjisi kəsilən zaman doğum və cərrahiyyə şöbələrində əməliyyat keçirildiyi vaxt generator işə salınır. Xəstəxananın mütəmadi elektrik enerjisi ilə təmin olunması üçün ikinci elektrik xətti çəkilmişdir.

Rayonda 85 kommunal binada yaşayan 676 ailəyə kommunal xidməti rayon mənzil təsərrüfatı təmir istismar istehsalat sahəsi həyata keçirir. Tikintisi keçən əsrin 60-70-ci illərinə təsadüf edən bu binalarda ötən il müəyyən təmir işləri görülmüş və binaların ətrafında, əsasən mərkəzi küçə hissələrində abadlıq işləri aparılmışdır. Heydər Əliyev küçəsində yerləşən binaların dam örtüklərinin küçəyə baxan hissələri dəyişdirilmiş, binaların həyətləri rayon icra hakimiyyəti başçısının köməkliyi ilə asfaltlaşdırılmışdır.

Biləsuvar rayonu ərazisində 36 orta ümumtəhsil məktəbi və 9 məktəbəqədər tədris müəssisəsi vardır, 34 ümumtəhsil müəssisəsində cari təmir işləri aparılmışdır. Rayon üzrə təhsil müəssisələrinin qış mövsümündə yanacaqla təmin olunması diqqət mərkəzindədir. Belə ki, odun sobalarında yandırmaq üçün 7.5 min manatlıq duru soba yanacağı tədarük olunmuşdur. Bununla bərabər, rayon məktəblərində 60 ədəd yanacaq, 150 ədəd odun sobasına zəruri ehtiyac duyulur. Bələdiyyələrin və valideyn komitələrinin bu işdə məktəblərə yaxından köməklik göstərmələri vacibdir.

Biləsuvarda həyata keçirilən hazırlıq tədbirləri rayonun qış mövsümünü sonadək ciddi problemsiz keçirməsinə zəmin yaradır. Bir şərtlə ki, yarımçıq qalmış işlər də sona çatdırılsın. İnanmaq istərdik ki, belə də olacaq.

 

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti.-2009.-13 yanvar.-S.4.