Sənayenin inkişafı yeni istehsal sahələrinin
yaradılmasını sürətləndirir
Hər hansı bir
ölkənin, dövlətin hərtərəfli
inkişafında, milli maraqlarının maksimum dərəcədə
qorunmasında onun iqtisadi gücü, potensialı mühüm
əhəmiyyət daşıyır. Bu cəhətdən ulu
öndərimiz Heydər Əliyev kursunu uğurla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında 2003-cü ildən bəri iqtisadi sahədə
qazanılan müsbət göstəricilər diqqəti
çəkir. Xatırladaq ki, dövlətimizin iqtisadi kursunda
bir-birindən fərqli, eyni zamanda bir-birini tamamlayan iki istiqamət
daha çox diqqəti çəkir. Bunlardan biri neft amili ilə
bağlıdır.
Əgər nəzərə
alsaq ki, Azərbaycan tarixən neft ölkəsi sayılır
və respublikamızın zəngin karbohidrogen ehtiyatları
var, bu, tamamilə təbiidir. Lakin unutmayaq ki,
xalqımızın xoşbəxtliyi həm də ondadır
ki, Prezident İlham Əliyevin səyi, uzaqgörənliyi və
iradəsi sayəsində son beş ildə Azərbaycanın
neft amilindən asılılığını aradan
qaldırmağa imkan verən, şərait yaradan bir sıra
mühüm tədbirlər həyata keçirilmişdir. Bu
fikri fərqli şəkildə ifadə etsək, deyə bilərik
ki, 2003-cü ildən başlayaraq ölkəmizdə iqtisadi
siyasətin digər mühüm bir istiqaməti də diqqət
mərkəzində saxlanılmışdır. Bu da qeyri-neft
sektorunun inkişaf etdirilməsi, o cümlədən, bölgələrin,
rayonların inkişaf, tərəqqi proseslərinə
qoşulması, yeni istehsal sahələrinin və iş yerlərinin
yaradılması ilə bağlıdır.
Dövlətin qeyri-neft
sektorunun inkişafı strategiyasının əsasları
artıq icrası uğurla başa çatdırılan
regional Dövlət Proqramında da öz əksini
tapmışdır. Bundan başqa, ayrı-ayrı
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
xüsusi dövlət proqramları qəbul edilmişdir.
Bütün bunlara istinadən deyə bilərik ki, ölkə
iqtisadiyyatının çoxqütblüyünə nail
olunması, bölgələrin potensialından maksimum istifadə
edilməsi dövlətin iqtisadi konsepsiyasının
prioritetini təşkil edir. Ən əsas məqam isə ondan
ibarətdir ki, ölkənin iqtisadi potensialını
bütün miqyası ilə hərəkətə gətirmək
üçün lazımi dövlət dəstəyi göstərilir,
layihələrin icrasına maliyyə təminatı verilir.
Bütün bunların
nəticəsidir ki, son illər Azərbaycan iqtisadiyyatı
dinamik inkişaf tempi ilə xarakterizə olunur. Son dörd ildə
ölkə iqtisadiyyatınıda 3 dəfəyə yaxın
artıma nail olunub. Respublikamız iqtisadi inkişafı əks
etdirən göstəricini — ümumi daxili məhsul
istehsalı həcmini 25 faizə çatdıraraq
bütün dünya üzrə lider mövqeyə yüksəlmişdir.
Əsas məqamlardan biri də odur ki, ümumi daxili məhsul
istehsalında özəl bölmənin çəkisi getdikcə
artır və hazırda bu göstərici 80 faizi
keçmişdir. Son beş ildə paytaxtda və bölgələrdə
750 mindən artıq yeni iş yeri
açılmışdır ki, onların da böyük əksəriyyəti
daimidir.
Sonuncu göstəricinin
əldə edilməsində sahibkarlığın
inkişafına göstərilən diqqətin rolu
danılmazdır. Belə ki, bölgələrdə
sahibkarlığın inkişafına verilən dəstəyin
hesabına özəl bölmə ildən-ilə inkişaf
edir. Dövlət başçısının ölkədə
sahibkarlığının inkişafı istiqamətində
atdığı addımlar sistemli və ardıcıl fəaliyyət
konsepsiyasına əsaslanır. Ölkə Prezidenti hesab edir
ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab
edilən sahibkarlığın inkişafı keçid
iqtisadiyyatı ölkələrinin siyasi, sosial-iqtisadi
sisteminin yenidən qurulmasında, sosialyönümlü
problemlərin kompleks həllində mühüm rol oynayır.
Onu da deyək ki,
iqtisadiyyatın dinamik inkişafı, təbii ki, ölkənin
maliyyə imkanlarını da genişləndirmişdir.
Artıq respublikamızın strateji valyuta ehtiyatları 20
milyard dollara çatmışdır. Azərbaycanın beynəlxalq
maliyyə qurumlarından asılılığına son
qoyulmuşdur. Təkcə daxili investisiyalarda hökumətin
payı daha 12 faiz artaraq 64 faizə yüksəlmişdir. Yeri
gəlmişkən, başqa bir fakta da diqqət yetirək: əgər
ölkənin xarici borclanmasının ümumi daxili məhsula
nisbəti 2005-ci ildə 18 faiz, 2006-cı ildə 12 faiz, 2007-ci
ildə 8 faiz, ötən il isə analoji rəqəm cəmi
6,5 faiz olmuşdur. Müqayisə üçün deyək ki,
bu, bütün dünya üzrə ən az riski olan göstəricidir.
Yeri gəlmişkən, beynəlxalq maliyyə
qurumlarının, Dünya Bankının təmsilçiləri
də Azərbaycanın iqtisadiyyatının əsasən
güclü daxili potensial üzərində qurulduğunu
vurğulayaraq respublikamızın qlobal maliyyə
böhranının təsirindən qorunmağa daha
yaxşı hazır olduğunu etiraf edirlər.
İqtisadiyyatın
inkişafından danışarkən, sənayenin
dinamikasına da diqqət yetirməyi zəruri sayırıq.
Ölkə iqtisadiyyatında aparıcı mövqeyi olan sənayedə
istehsal olunmuş məhsulun həcmi ötən il təxminən
8,5 faiz, o cümlədən neft sektorunda 8,6 faiz, qeyri-neft
sektorunda isə 8,1 faiz artmış, ümumilikdə sənaye
işlərinin həcmi 25,4 milyonu manat təşkil
etmişdir. Sənayenin artımı neftin hasilatında 7,6
faiz, qazın hasilatında 54,2 faiz, qida məhsullarının
istehsalında 0,2 faiz, kimya sənayesində 43,8 faiz və s.
sahələrdə müşahidə olunmuşdur.
Sənaye sektorunda fəaliyyət
göstərən səhmdar cəmiyyətləri tərəfindən
882,6 milyon manatlıq və ya ümumi
buraxılışın 3,5 faizi qədər sənaye məhsulu
istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənayedə daha
çox xüsusi çəkisi olan mədənçıxarma
sənayesində ötən il qaz kondensatı ilə birlikdə
37,8 milyon ton xam neft, səmt qazı da nəzərə
alınmaqla19,2 milyard kubmetr təbii qaz hasil edilmişdir.
Ötən ilin on
ayı ərzində mədənçıxarma sənayesində
istehsalın həcmi əvvəlki ilin müvafiq
dövrünün səviyyəsindən 8,4 faiz çox
olmuş və bu sahədə aparıcı qüvvəyə
malik Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən
30,6 milyon ton neft (qaz kondensatı da daxil olmaqla) və 7,1 milyard
kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir.
Sənaye işçilərinin
orta hesabla hər dörd nəfərindən biri mədənçıxarma
sənayesində çalışmış, bu sahədə
çalışanların orta aylıq əmək haqqı, 995,6
manat, yaxud 2007-ci illə müqayisədə 18,6 faiz çox
olmuşdur.
Emal bölməisndə
məhsul istehsalı 7,7 faiz çoxalmış və sənayenin
ümumi məhsul istehsalında bölmənin xüsusi
çəkisi 17,5 faizə bərabər olmuşdur. Qida məhsulları
istehsalı 0,2 faiz, neft məhsulları istehsalı 5,9 faiz, dəri,
dəridən məmulatlar və ayaqqabı istehsalı 32,2
faiz, sellüloz-kağız istehsalı, nəşriyyat
işi məhsulları istehsalı 0,7 faiz, rezin və plastik
kütlə məmulatları istehsalı 18,1 faiz, metallurgiya sənayesi
və hazır metal məmulatları istehsalı 34,1 faiz,
qeyri-metal mineral maddələr istehsalı 2 faiz, maşın və
avadanlıqlar istehsalı 8,2 faiz artmışdır.
Ötən il ərzində
sənaye müəssisələrində siyahı tərkibində
olan faktiki işçilərin sayı 179,1 min nəfər təşkil
etmiş və ötən ilin eyni dövrü ilə
müqayisədə 4,8 faiz çox olmuşdur. Onların 60,8
faizi sənayenin dövlət bölməsinə, 39,2 faizi isə
qeyri-dövlət bölməsinə məxsus müəssisələrində
çalışmış, işçilərin 22,6 faizi mədənçıxarma,
hər dörd nəfərindən biri elektrik enerjisi
istehsalı bölməsində cəmləşmişdir.
Göründüyü
kimi, iqtisadiyyatın bütün sahələrində, o
cümlədən sənaye sektorunda yeni keyfiyyət göstəricilərinin
əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə
regionların tarazlı və davamlı inkişafının
sürətləndirilməsi son illər qazanılan
uğurlardandır. Azərbaycanın xarici investisiyalar
üçün cəlbediciliyinin qorunması və milli
iqtisadiyyatın, eləcə də sənayenin müxtəlif
sahələrinə qoyulan sərmayələrin ildən-ilə
artması öz müsbət nəticələrini göstərmişdir.
Buna görə də Azərbaycan iqtisadi cəhətdən
günbəgün möhkəmlənir, qüdrətlənir,
bu isə ilk növbədə insanların gündəlik həyatında
özünü qabarıq büruzə verir.
Vaqif BAYRAMOV,
Xalq qəzeti.-2009.-13
yanvar.-S.5.