İsrail müharibənin üçüncü mərhələsinə
başlayır
İsrail tərəfi Qəzza
sektorunda aparılan hərbi əməliyyatlara ehtiyatdakı hərbçilərin
cəlb edildiyini bəyan edib. Bu barədə ölkə
hökumətindən məlumat verilib.
BMT Təhlükəsizlik
Şurasının qətnaməsinə və bir çox
ölkələrin ciddi səylərinə baxmayaraq Qəzzada
zorakılıq davam etməkdədir. Fələstin həkimlərinin
bildirdiyinə görə, hərbi əməliyyatların
davam etdiyi 17 gün ərzində 900-dan çox insan həlak
olub. İsrail tərəfi isə 13 əsgərin
öldüyünü bildirir.
Təkcə bazar
günü sektorda qanlı toqquşmalar nəticəsində
40 nəfər həlak olub. Onların 17 nəfəri Qəzza
şəhərinin sakinləridir.
İsrail ordusunun rəsmi
nümayəndəsi Avi Benenyahunun sözlərinə görə,
hərbi kontingentin gücləndirilməsi üçün
ehtiyatdakı hərbçilər də müharibəyə cəlb
edilib, Qəzzada əməliyyatın yeni mərhələsində
bir neçə minlik ehtiyat qüvvədən istifadə
olunacaq.
İsrail hökumətinin
nümayəndəsi Mark Reçev isə Qəzzada
aparılan hərbi əməliyyatlarda ehtiyatdakı hərbçilərin
artıq bir neçə gündür ki, iştirak etdiyini
söyləyib. “Biz HƏMAS-a hərbi təzyiq göstərməkdə
davam edirik və hesab edirik ki, bu, öz nəticələrini
göstərir” – deyə Reçev bildirib. İsrail hərbçiləri
Qəzza sektoruna havadan xəbərdarlıq vərəqələri
yayaraq bəyan ediblər ki, tezliklə hərbi əməliyyatların
üçüncü mərhələsinə
başlanılır, fələstinlilər HƏMAS-ın
istifadəsində olan obyektlərdən uzaq olsunlar. Müharibənin
üçüncü mərhələsinin nə demək
olduğu hələ tam aydın deyil. Bəzi müşahidəçilərin
fikrincə, üçüncü mərhələdə
İsrail ordusu Qəzza şəhərlərinin içərilərinə
və qaçqın düşərgələrinə daxil
olacaq. Bu isə istər Qəzza sakinləri, istərsə də
yəhudi əsgərləri üçün yeni itkilər
deməkdir.
Baş nazir Ehud Olmert
hökumətin iclasında deyib ki, ölkəsi
qarşısına qoyduğu məqsədlərə
çatmaqdadır, ancaq bütün vəzifələri tam
yerinə yetirmək üçün əhali təmkinli
olmalıdır.
Qəzzada isə
humanitar vəziyyət kritik həddə çatıb. Ərazidə
çalışan Norveç həkimləri Maqe Qiblert və
Erik Fosse deyiblər ki, Qəzza şəhərinin əsas xəstəxanası
yaralılarla doludur, pasiyentlər mütəxəssislərin
və elementar tibbi avadanlıqların
çatışmaması səbəbindən ölürlər.
Onların sözlərinə görə, pasiyentlərin tam
yarısı dinc sakinlərdir. Yaralıların arasında qəlpə
yarası ilə gətirilmiş uşaqlara da tez-tez rast gəlmək
mümkündür.
Fələstinli həkimlər
isə bildiriblər ki, yaralıların çoxunda yanıq və
qazla zəhərlənmə halları müşahidə
edilir. Bu simptonlar ağ fosfordan zəhərlənmə əlamətlərinə
oxşayır. Fosforlu güllələrdən dinc əhaliyə
qarşı istifadə isə beynəlxalq hüquq
normalarına ziddir.
Humanitar təşkilatlar
yarım milyon Qəzza sakininin ərzaq və tibbi köməyə
ehtiyac duyduğunu bildiriblər.
Beynəlxalq ictimaiyyət
isə Qəzza sektorunda zorakılığa son qoymaq
üçün diplomatik səylərini davam etdirir.
Böyük Britaniyanın sabiq baş naziri, Yaxın Şərq
məsələsi üzrə səfir Toni Bleyerin Qahirədə
Misir Prezidenti Hüsnü Mübarəklə görüşəcəyi
gözlənilir. Bazar günü isə Misirin kəşfiyyat
xidmətinin başçısı Ömər Süleyman HƏMAS
nümayəndələri ilə görüşüb. HƏMAS
təmsilçiləri tezliklə regionda qan tökülməsinə
son qoyulmasının vacibliyini bildirib, təcili sürətdə
müharibənin dayandırılmasını, İsrail
qoşunlarının Qəzzadan
çıxarılmasını, anklavin blokadasına son
qoyulmasını və sərhəd-keçid məntəqələrinin
açılmasını tələb ediblər.
Paşa ƏMİRCANOV,
Xalq qəzeti.-2009.-13
yanvar.-S.6.