İndoneziyada yüzlərlə adam sulara qərq oldu
Ötən gün
İndoneziyanın Sulavesi adası yaxınlığında bərə
batıb. Hadisə baş verən zaman bərədə 250
adamın olduğu bildirilib. Yüzlərlə sərnişin
itkin hesab olunur.
Bu arada xarici informasiya
agentliklərinin verdiyi ən son məlumatlara görə
artıq 19 nəfər xilas edilib. Xilas edilənlər
arasında bərənin kapitanının da olduğu
vurğulanır.
Yerli hakimiyyət
orqanları hadisənin hansı səbəbdən baş
verdiyi barədə heç bir məlumat verməyib. Lakin ilkin
ehtimallara görə gəmi-bərənin qəzaya
uğramasına onun həddindən artıq yüklənilməsi
səbəb olub. Belə ki, adıçəkilən bərə
maksimum iki yüz sərnişin daşımaq
üçün nəzərdə tutulsa da ona azı iki
yüz əllidən çox adam minib.
Qeyd edək ki, gəmi —
bərə Cənubi Sulavesi əyalətinin Perepare
limanından Şimali Kalimantandakı Samarinda şəhərinə
hərəkət edirmiş. Lakin gəmi-bərə bir
neçə saatdan sonra radarlardan itib. Deyilənlərə
görə buna həmin vaxt dənizdə güclü
fırtınanın baş verməsi səbəb olub. Xilas
edilən kapitan da qəzanın pis hava şəraiti
ucbatından baş verdiyini qeyd edib.
Məlumat
üçün deyək ki, İndoneziya sularında oxşar
qəzalar tez-tez müşahidə olunur. Məsələn, təkcə
2007-ci ilin oktyabrında həmin Sulavesi adası
yaxınlığında sərnişin bərəsinin qəzaya
uğraması 29 nəfərin həyatına son qoymuşdu.
Daha sonra həmin ilin fevralında gəmi-bərənin
yanması nəticəsində 17 nəfər həlak
olmuşdu.
Ümumiyyətlə, bərə
İndoneziyada fəaliyyət göstərən ən iri nəqliyyat
sistemidir. Bərə bu ölkədə ən ucuz nəqliyyat
vasitəsi hesab olunur. Belə ki, bərə ilə hərəkət
etmək daha sərfəlidir, nəinki təyyarə ilə.
Lakin təəssüf ki, bərələrin bir çoxu
istismar müddətini başa vursa da onlardan hələ də
istifadə olunmaqdadır. Həmçinin bərələrin
nəzərdə tutulduğundan xeyli artıq yüklənilməsi
qəzaların baş verməsini qaçılmaz edir.
Xatırladaq ki,
İndoneziyada ən çox insan tələfatı ilə nəticələnən
gəmi qəzası 2000-ci ilin iyununda baş vermişdi. Həmin
vaxt gəmi-bərənin sulara qərq olması nəticəsində
beş yüzə yaxın adam həyatını itirmişdi.
Yalnız cəmi on nəfər sağ qalmağı
bacarmışdı.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.-2009.-13 yanvar.-S.6.