“Xatirə-gündəliklər”dəki “X.Q.” kimdir?!
Tanışlarımdan
biri mənə zəng vurub soruşdu:
—Firuz Mustafanın “525-ci
qəzet”də dərc etdirdiyi “Gündə bir kərpic
düşər...” adlı xatirə-gündəliklərdən
fraqmentləri oxumusunuz? Dedim:
—Qəzeti
almışam, oxuyacağam. Nə olub ki?
— Orada “tənqidçi-publisist
X.Q.” var, o, siz deyilsiniz ki?
— Oxuyaram, bilərəm
- deyə cavab verdim.
Bəli, “525-ci qəzet”in
10 yanvar 2009-cu il tarixli sayında Firuz Mustafanın xatirə
gündəliklərindən fraqmentləri diqqətlə
oxudum. Onun yazısının “X.Q.”-ya aid hissəsini olduğu
kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm:
- “... Üzlərini yana
çevirib H.Əliyevi ”görməyənlərin" bir
çoxu indi yavaş-yavaş onu dövrəyə almağa
başladılar. Bu əsnada tənqidçi-publisist X.Q.
yaxınlaşıb müdaxilə etməsəydi, yəqin
ki, dialoq uzanacaqdı; Bu adam təngnəfəs halda irəli
yeriyib H.Əliyevlə görüşdü, hal-əhval tutdu.
Hiss etdim ki, onların lap köhnədən şəxsi
tanışlığı var.
- Sənin işlərin
necə gedir?
— Yoldaş Əliyev,
şəxsi işlərim heç yadıma düşür
ki?..
— Niyə?.. Bəs, nədən
şikayətlisən?
— Nədən? Sizə
deyim də... Yoldaş Əliyev, bizdə adamlar hələ
qalsın bir yana, elə torpağın da başına oyun
açırlar...
H.Əliyev gülümsədi:
— Kimdir o oyunu
açanlar?
— Kim olacaq ki?.. Ölkənin
rəhbərliyi.
— Hansı rəhbərliyi?
— İndikiləri deyirəm...
— Amma mətbuatda bunun əksini
yazırsan...
— Necə yəni?..
Əliyev ciddiləşdi:
Paltosunun yaxasını düymələdi, qəddini düzəldərək
bir qədər gərilmiş səslə dedi:
— Yazırsan ki, köhnə
rəhbərliyin vaxtında torpaqlarımız zərərli
gübrələrlə zəhərlənib... Bizi haqsız tənqid
edirsən. Mən oxuyuram o yazıları. Burdasa ayrı
şeylər deyirsən... Evdə sənin mənə
bağışladığın kitablar var. Orada mənə
yazdığın avtoqraflar da durur. Lazım olsa, o tərifli
sözlərini mətbuatda da çap etdirərəm... Yəqin
özün bilirsən ki, bir dəfə “Aydınlıq” qəzeti
bu cür bir avtoqrafı çap etmişdi..."
Firuz Mustafanın
yazısında “X.Q.”-nın kim olduğunu
açıqlamağa məcburam.
Əvvəla, xatirə-gündəliklərin
həmin hissəsi 17.02.91 — 20.02.91 tarixlərinə aiddir. Həmin
tarixlərdən bir il əvvəl mən Heydər Əliyevlə
şəxsən tanış olmuşdum, onunla
Naxçıvanda tez-tez görüşürdüm. O sözləri
mənə desəydi, bir il əvvəl deyərdi...
İkincisi, mən Heydər
Əliyevi mətbuatda müdafiəyə qalxan (o hakimiyyətdən
gedəndən sonra çoxlu hücumlara məruz
qalırdı...) ilk qələm sahiblərindənəm.
Heç zaman gübrə məsələlərindən
yazıb özümü xırdalamaram...
Üçüncüsü,
mənim Heydər Əliyevlə “lap köhnədən şəxsi
tanışlığım” olmayıb...
Dördüncüsü,
1991-ci ilə kimi, yəni xatirə-gündəliklərin əhatə
etdiyi dövrdə mən Heydər Əliyevə avtoqrafla
kitablar bağışlaya bilməzdim, çünki, mənim
“Filankəslər” adlı ilk kitabım 1995-ci ildə “Gənclik”
nəşriyyatında çap olunub!!! Həm də ümumiyyətlə,
rəhbərlərə kitab bağışlamaq kimi
lazımsız hərəkət mənim kimi xarakterə malik
adamlara aid ola bilməz...
Beşincisi,
“Aydınlıq” qəzetində avtoqrafı çap olunan
yazıçı Bayram Bayramov idi...
Altıncısı, mən
tənqidçi yox, yazıçıyam...
Nəhayət, “X.Q.”
deyilən adam tənqidçi-publisist Qulu Xəlilov idi.
Çünki, Firuz Mustafanın yazdığı, Aktyor evinin
qarşısında olan söhbətdə mən Heydər Əliyevlə
birlikdə idim və onu müşayiət edirdim...
Yeri gəlmişkən,
deyim ki, Heydər Əliyev həmin gün xalq
yazıçısı Balaş Azəroğlu və onun mərhum
həyat yoldaşı şairə Mədinə Gülgün
haqqında ürəkləri kövrəldən çox
gözəl sözlər söylədi.
Bir məsələni də
qeyd etmək yerinə düşər. Mən həyatım
boyu heç kimin əleyhinə heç bir iş görməmişəm
və heç kimin arxasınca danışmamışam. Lakin
bir dəfə dözə bilmədim, Heydər Əliyevə
dedim ki, “icazə verin, köhnə qəzetləri gözdən
keçirim, siz hakimiyyətdən gedəndən sonra ətrafınızdakı
adamların haqqınızda nələr yazdıqlarını
ortaya çıxarım”. Heydər Əliyev dedi ki, “olmaz”.
“Niyə”sini soruşanda bildirdi ki, “əvvəla, o adamları
mən yaxşı tanıyıram. Bir də cəmiyyətdə
narazılıq yarana bilər...”
Heydər Əliyevlə
bu söhbətimi ona görə xatırlatdım ki, hər kəs
tarixdə öz əməllərinə görə cavab
verir...
Görünür, dostum
Firuz Mustafa etika xatirinə Qulu Xəlilov həyatda
olmadığı üçün onun ad-familiyasını
hallandırmaq istəməyib... Hətta adının baş hərfini
soyadının baş hərfindən sonra yazıb ki, bilməsinlər
ki, odur. Mən isə yuxarıda qeyd etdiyim kimi, telefon zənglərinə
cavab verməyə məcbur oldum...
Xeyrəddin Qoca
Xalq qəzeti.-2009.-13 yanvar.-S.7.