Elektrik enerjisinə olan ehtiyac lazımi səviyyədə ödənilir

 

“Azərenerji” ASC-nin bütün strukturlarında olduğu kimi “Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” də hazırki iqlim şəraitində daha da davamlı və dayanıqlı şəkildə fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, iqlim şəraitinə hazırlıq işləri hələ 2-3 ay bundan əvvəl həyata keçirilib və vaxtında yerinə yetirilmiş məqsədyönlü tədbirlər hazırda öz bəhrəsini verir.

Son aylar ərzində plan-qrafik üzrə müəssisənin balans mənsubiyyətinə daxil olan yarımstansiya və enerji daşıyıcılarında bir sıra təmir işləri yerinə yetirilib. 110 kilovoltluq 16 meqovatlıq transformator əsaslı, 3 transformator və 5 müxtəlif tipli yağ açarı isə cari təmir edilib. 330 kilovoltluq “Gəncə” yarımstansiyasında hava açarları əsaslı təmir edilərək normal iş rejiminə gətirilib. 110 kilovoltluq “İstilik” yarımstansiyasında 25 meqovat gücündə olan transformatorların, açıq paylayıcı quruluşda 10 kilovoltluq açarları yeni vakuum tipli açarlarla əvəz edilib.

Eyni zamanda, birinci “Göygöl” yarımstansiyasında da müxtəlif təyinatlı hazırlıq işləri aparılıb. Birinci “Şəmkir” hava elektrik verilişi xəttində isə ağac dayaqlar metal dayaqlarla əvəz edilib, 1000-ə yaxın izolyator yenisi ilə əvəzlənib. Yağ tutumlu avadanlıqlara hava şəraitindən asılı olaraq yeni transformator yağı əlavə edilib və müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.

 

 

Qəzənfər QASIMOV,

 

Xalq qəzeti.2009.-13 yanvar.-S.7.