Gənclik şəhəri qışı necə
keçirir?
Sumqayıtda Yeni ilin şaxta
və qarla gəlişi sakinlərdə elə bir
narahatlıq yaratmadı, uşaqlara isə bol sevinc bəxş
elədi. Gündüzlər ağ örpəyi, gecələr
sayrışan işıqları ilə şəhərin
küçə və meydanları, parkları adama əsl qış
nağıllarının təsirini
bağışlayırdı. Qışa hazırlıq məqsədilə
vaxtında zəruri tədbirlər görülməsinin,
camaatın qış qayğılarının əsasən həllini
tapmasının nəticəsi idi ki, şaxtalı hava və
qarın yağması şəhərdə gərginlik
yaratmadı. Hər tərəfdə təmizlik-abadlıq
işləri görüləndən, işıq, qaz, su təchizatı
yaxşı olandan sonra qışın nə qorxusu? Həmin
günlər küçəyə çıxıb qarın
gözəlliyindən zövq alan hər bir sumqayıtlı
arxayın idi ki, onu evdə, işdə, məktəbdə
isti otaqlar, közərən ocaqlar gözləyir. Belədə
həyat daha da gözəlləşir, üstəlik əməlli-başlı
dincəlmək, əylənmək barədə də
düşünürsən...
Son illərdə
Sumqayıtda şəhər infrastrukturunun yenidən
qurulması, sosial-iqtisadi inkişafın sürətlənməsi,
abadlıq-quruculuq işlərinin ardıcıl həyata
keçirilməsi sayəsində mühüm irəliləyişə
nail olunub. Xatırlayıram ki, ötən il avqustun 28-də
Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta növbəti
səfəri zamanı dövlət
başçısını salamlayan sakinlər sosial
qayğılarının həllinə görə ona necə
də ürəkdən minnətdarlıqlarını
çatdırırdılar.
Dövlət
başçısı şəhid ailələri və əlillər
üçün tikilmiş yaşayış binasının
bir çox üstünlükləri olduğunu
vurğuladı: “Burada çox gözəl standartlar tətbiq
olunubdur. ...Siz buna layiqsiniz. Siz daha böyük hörmətə,
diqqətə layiqsiniz... Azərbaycan güclü sosial siyasət
aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini
göstərir, həm də ki, insanların həyat səviyyəsinin
yaxşılaşdırılması üçün
çox böyük işlər görür. Biz gələcəkdə
də bu siyasəti davam etdirəcəyik və ehtiyacı
olan, növbədə dayanan hər bir insanın məişət
problemlərinin həlli üçün
çalışacağıq”. 36 mənzilli həmin
binanın bütün mənzilləri mebel və digər məişət
avadanlığı ilə də təmin edilib. Binaya əlillərin
rahat daxil olmaları üçün xüsusi giriş
quraşdırılıb. Artıq neçə aydır ki, 5
şəhid ailəsi, 29 Qarabağ əlilinin və 2
Çernobıl qəzası əlilinin ailəsi burada rahat
yaşayır. Bütün mənzillər
telefonlaşdırılıb, yanğın əleyhinə xəbərdarlıq
siqnalı quraşdırılıb. Qaz, elektrik və su təchizatı
əladır.
Həmin səfərində
Prezident İlham Əliyev həmçinin Sumqayıtın
47-ci məhəlləsində inşa edilmiş Paralimpiya
İdman Kompleksinin açılışında iştirak
etmiş, Nəsimi adına mədəniyyət və istirahət
parkında, 3-cü mikrorayonun yaxınlığında
salınmış yeni parkda şəhər sakinləri ilə
görüşüb söhbət etmişdir. Prezident
demişdir ki, Sumqayıt hər zaman onun diqqətindədir.
Son illərin ən böyük – 517 meqavat gücündə
elektrik stansiyası məhz Sumqayıtda tikilib. Bu stansiya həm
Sumqayıtı dayanıqlı enerji ilə təmin edəcək,
həm də ümumiyyətlə, bizim energetika sistemimizi
sağlamlaşdıracaq. Bakı-Sumqayıt yolunun tikintisi də
artıq başa çatıb. Bu cür beton
örtüklü yollar ancaq dünyanın ən inkişaf
etmiş ölkələrinin ən birinci şəhərlərində
salınır. Bakı–Sumqayıt yolu
işıqlandırılacaq. İşıqlandırılan
şəhərlərarası yollar ancaq nadir hallarda Avropanın
ən böyük şəhərlərində var.
Dövlətimizin
başçısı həmin görüşdə
Sumqayıtın gündən-günə
abadlaşdığını, inkişaf etdiyini
vurğuladı və onun daha gözəl, müasir bir sənaye
şəhərinə çevriləcəyinə əminliyini
bildirmişdir: “...Bütün bunlar şəhər
üçün, insanların yaxşı, rahat
yaşaması üçündür. Binalar rənglənir,
bərpa olunur, xiyabanlar, parklar salınır. Kanalizasiya, su təchizatı
məsələləri həll edilir. Məktəblər
tikilir, təmir olunur... Şadam ki, Sumqayıtda işlər
yaxşı gedir. İş yerləri açılır,
zavod, fabrik tikilir və tikiləcəkdir. Sumqayıt ən
müasir şəhərə çevrilir”.
Qış
mövsümünə hazırlıq tədbirlərinin
mütəşəkkil keçməsi şəhərdə
ruh yüksəkliyi yaradıb. Ötən il şəhər təsərrüfatı
infrastrukturunun qorunub saxlanması və inkişafına nəzarət
xeyli gücləndirilib. Bütün sahələrdə irəliləyişə
nail olunub.
Son beş ildə
Sumqayıtda 800-ə yaxın binanın yumşaq dam
örtüyü bütünlüklə təmir edilib. Bu, 750
min kvadratmetr sahə deməkdir. Həmçinin 41 binanın
şiferli dam örtüyü əsaslı və cari təmir
olunub. O cümlədən ötən il 5 yaşayış
binasının şiferli dam örtüyü
bütünlüklə yeniləşdirilib.
Tədbirlər planına əsasən,
2008-ci ildə daha 9 yaşayış binasının 21200
kvadratmetr dam örtüyü təmir edilib. Yaşayış
binalarından yağış sularını kənarlaşdıran
yüzlərcə poqonometr nov və su boruları bərpa
edilib. Evlərin pilləkən qəfəslərində xeyli
sayda giriş və zirzəmi qapısı, pəncərə
təmir olunaraq şüşələnib. Xüsusi layihələrə
əsasən 5 il ərzində 160-a yaxın binanın səth
divarları rənglənib, 323 binanın zirzəmisi qurudularaq
təmizlənib, 200 binada əsaslı və cari təmir
işləri aparılıb. Ötən il isə 96
yaşayış binasının fasad divarları səliqəyə
salınıb, zövq oxşayan boya ilə rənglənib.
Şəhərin 3-cü mikrorayonundakı üç ədəd
12 mərtəbəli “göydələn” alkoponla üzlənib.
Yüzədək yaşayış binasının
aşağı şəbəkə üzrə içməli
su və kanalizasiya xətləri təmir edilib, daha 16
binanın zirzəmisinin suyu qurudularaq, içərisi
tullantılardan təmizlənib. Məhəllə və
mikrorayon ərazilərində istirahət guşələri
yaradılıb, yüzlərlə oturacaqlar qoyulub.
Yaşayış ərazilərində 18 ədəd
yanğına qarşı su hovuzu təmir edilib, 20 binanın
daxili istilik sistemi dəyişdirilib. Küçə və
yolların asfalt örtüyünün əsaslı təmiri
beş ildə 2600 min kvadratmetr sahəni, ötən il isə
96500 kvadratmetr sahəni əhatə edib. Bununla bərabər,
mənzil-kommunal təsərrüfatı yaşayış
binalarının yan divarlarına suvaq çəkilməsi, məhəllə
və mikrorayondaxili yolların, səkilərin asfaltlanması,
bina girişlərində təmir aparılması
üçün də tədbirlər görməlidir.
“Sumqayıtistiliktəchizat”
idarəsi tərəfindən 11 qazanxanada təmir
aparılıb, üç məktəb üçün modul
tipli daşınan qazanxana quraşdırılıb. 12-ci
mikrorayondakı əlillər binası istiliklə təmin
edilib, 18-ci mikrorayonda 5 yaşayış binasının daxili
istilik sistemi yenidən çəkilib. 17-ci mikrorayonda istifadəyə
verilmiş 5 hekakalori gücündə müasir qazanxana vasitəsilə
ilkin olaraq 21 yaşayış binasına da istilik verilməsindən
ötrü sistemlər yenidən qurulur. Artıq 13 belə
bina istilik alır. Eyni zamanda yaşayış massivlərində
təmir edilən və istismarda olan qazanxanalar vasitəsilə
ətrafdakı yaşayış binalarının da istiliklə
təminatı nəzərdə tutulur.
Sumqayıtda orta ümumtəhsil
məktəbləri və uşaq bağçalarının
dam örtüklərinin təmiri, istilik sistemləri ilə təminatı
sahəsində böyük işlərin
görüldüyü də qeyd olunmalıdır. Ötən
il 24 məktəbdə və məktəbəqədər tərbiyə
müəssisəsində istilik sistemlərinin
quraşdırılması, əsaslı təmir işlərinin
aparılması, yeni məktəb binaları və əlavə
korpusların tikilməsi kimi iri həcmli təmir-tikinti və
quraşdırma üzrə tədbirlər həyata
keçirilib. Şəhərin daha 17 məktəbində
ötən il istilik sistemlərinin quraşdırılması
işlərinə başlanıb. Bu işlər tezliklə
sona çatdırıldıqdan sonra Sumqayıt şəhərində
istiliklə təchiz olunmayan bir təhsil ocağı belə
qalmayacaq.
“Lift-Servis” Birliyi 13 yeni lift
quraşdırıb, 14 liftdə əsaslı, 136 liftdə isə
cari təmir işləri aparıb. Hazırda
Sumqayıtdakı 586 liftdən 562-si sakinlərin istifadəsindədir.
Gənclik şəhərində
su təchizatı və kanalizasiya sisteminin
yaxşılaşdırılması üzrə tədbirlər
də davam etdirilir. Ötən il istismara yararsız 1,7 kilometrə
yaxın su, 284 poqonometr kanalizasiya xətti yenisi ilə əvəz
edilib. Hacı Zeynalabdin qəsəbəsindən Sumqayıta gələn
10 kilometrlik istismara yararsız Şollar su xəttinin yenidən
çəkilməsi ilə bağlı işlər
yekunlaşıb. Həmçinin Ceyranbatan su anbarından
şəhərə gələn magistral su kəmərinin
müəyyən hissələri dəyişdirilib. Hazırda
bu iş davam etdirilir. Ümumiyyətlə, sahələr
üzrə içməli su nasosxanalarında 34 nasos, 33 siyirmə
və 21 kanalizasiya – baxış quyusu əsaslı və cari
təmir olunub.
Ötən il Sumqayıtda
4350 abonentin mənzilində 5700 sayğac
quraşdırılıb. Ümumilikdə, 57 min abonentin tam
yarısı sayğacla təmin edilib.
Sumqayıtın qaz təsərrüfatında
da şəhər icra hakimiyyəti və “Azəriqaz” QSC-nin
yaxından köməkliyi ilə xeyli iş
görülüb. Xarici qaz kəmərlərinin
etibarlılığını artırmaq məqsədilə
il ərzində 2500 poqonometr müxtəlif diametrli qaz xətti
yenisi ilə əvəz olunub və beş tənzimləyici
şkaf quraşdırılıb. Evlərdə ötən il
3380 qaz sayğacı qoyulub və bununla da şəhərdə
sayğaclaşdırılmış mənzillərin sayı
67060-a çatıb. Bu, faktiki olaraq qaz alan bütün evlərin
tam sayğaclaşması deməkdir.
Hazırda həmin
sayğacların öncədən ödəniş sistemini həyata
keçirən elektron tipli “Smart-Kart” markalı sayğaclarla əvəz
edilməsi üzrə işlər aparılır. Artıq 1110
ədəd belə sayğac quraşdırılıb. Qaz təsərrüfatında
təmir işləri davam etdirilir, cədvələ uyğun
olaraq təzyiqlər ölçülüb yoxlanır və
tənzimləmə aparılır. Lakin bəzi qəsəbə
və məhəllələrdə qaz təminatının
nisbətən zəifləməsi halları da müşahidə
olunur ki, bu da tezliklə aradan qaldırılmalıdır.
Sumqayıtın elektrik
enerjisi ilə təchizatında problem yoxdur. Şəhər
gündəlik 24 saat işıq alır. Ötən il 20 ədəd
güc transformatoru dəyişdirilib, xeyli kabel xətti yenisi
ilə əvəz edilib. 71709 abonentdən 70050-nin mənzilinə
sayğac quraşdırılıb. “Sumqayıt-2"
yarımstansiyasında 40 meqovat gücündə transformator 80
meqovatlıqla əvəz olunub. Yaşma
yarımstansiyasında bütün iri yağ tutumlu
açarlar müasir eleqaz açarları ilə dəyişdirilib.
Sənaye Qovşağı yarımstansiyası yeni tikilmiş
”Sumqayıt Elektrik Stansiyası” ilə 220 kilovoltluq hava elektrik
verilişi xətti vasitəsilə birləşdirilib. SES-dən
qidalanan Kimyaçılar yarımstansiyası da tikilib
güclü transformatorla istismara verilib. Bu, şəhərin
elektrik enerjisi ilə təchizatının
etibarlılığını daha da artırıb.
Sumqayıtlıların havaların ən sərt keçdiyi
günlərdə belə işıq sarıdan heç bir
korluq çəkmədikləri fərəhli
reallıqdır.
Gənclik şəhərində
qış mövsümünün, necə deyərlər,
ağrısız keçməsi üçün müvafiq
idarə və təşkilatlar ardıcıl zəruri tədbirlər
görür, şəhər rəhbərliyi vəziyyəti
gündəlik ciddi nəzarətdə saxlayır ki, sakinlərin
hərtərəfli rahatlığı qorunsun.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.-14 yanvar.-S.6.