Rusiya ilə
Ukrayna yenə də razılığa gələ bilmədi
Ötən gün “Qazprom” səhər saatlarından
Ukrayna ərazisindən
Qərbə doğru sınaq qazını ötürməyə başlayıb. Lakin siyasi
müşahidəçilərin fikrincə, iki ölkə arasında əldə olunmuş razılıq uzun sürməyə bilər.
Məsələ ondadır ki,
“Qazprom” Ukraynanın qaz borularına müdaxilə edəcəyi
təqdirdə yenidən
xətti kəsəcəyini
bəyan edib.
Maraqlıdır ki, rəsmi Kiyev də məhz
bu cür edəcəyini gizlətmir. Yaxın günlər
ərzində hadisələrin
hansı istiqamətdə
inkişaf edəcəyi
məlum olacaq. Bu arada “Naftoqaz”ın
rəsmi nümayəndəsi
Valentin Zemlyanski deyib ki, Ukraynanın
qaz ambarlarında kifayət qədər mavi yanacaq mövcuddur,
ancaq bu, yalnız daxili bazarı təmin etmək üçün yetərlidir.
Ona görə də onun ölkəsinə gələcəkdə Avropa
Birliyi ölkələrinə
mavi yanacaq ötürmək üçün
əlavə olaraq 21 milyon kubmetr qaz lazımdır. Bu isə Rusiya qazının bir hissəsinin hesabına olmalıdır. “Qazprom” rəhbərliyi isə bunu öz
növbəsində oğurluq
kimi qiymətləndirəcəyini
vurğulayır.
Avropanı isə üçüncü
“qaz müharibəsi” heç cür qane edə bilməz. Çünki avropalılar son bir neçə gün ərzində, demək olar ki, soyuqdan
əməlli-başlı donublar.
Avropa Birliyinin sədri Joze Manuel Barrozu da qaz nəqlinin
gedişində yaranmış
problemin həll olunmasından məmnunluğunu
ifadə edib. Ümumiyyətlə, Avropa ölkələri
gələcəkdə oxşar
vəziyyətlə qarşılaşmamaq
üçün çıxış
yolları axtarır.
Dünən mətbuat konfransı
zamanı qurumun sədri bildirib ki, Avropa ölkələri
istifadə etdikləri
enerji mənbələrini
çoxşaxəli etməlidirlər.
Enerji daşıyıcılarından qənaətlə istifadə
olunmalıdır.
O, həmçinin
onu da qeyd
edib ki, Avropa Birliyi ölkələri daxili boru-kəməri sisteminin yaradılmasına ehtiyac duyur.
Qeyd edək ki, yanvarın
6-dan etibarən Ukrayna
ərazisindən Avropanın
əksər ölkələrinə
Rusiya qazının nəqli dayandırılıb. Avropanı qazsız
qoyan bu enerji qalmaqalında tərəflər bir-birini
ittiham edir.
Xatırladaq ki, Kiyevlə Moskva arasında mavi yanacaqla bağlı münaqişə ötən
ilin dekabrında “Naftoqaz”ın “Qazprom”a olan borcunu
geri qaytarmaq istəməməsindən sonra
yaranmışdı. Rəsmi Kiyev
Rusiyaya 2 milyard dollar həcmində olan borcunu ödəsə də, “Qazprom” rəhbərliyi daha 600 milyon dollar ödənilməli
olduğunu israrla bəyan edir. Həmçinin rusların qazın
hər min kubmetrinə
görə 450 dollar istəməsi
də Kiyevi qane etmir.
Bu arada verilən ən son məlumatlara görə Ukrayna Rusiya qazını nəql edən boruları blokadaya alaraq onun Avropaya
çatmasına imkan
verməyib.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.-2009.-14 yanvar.-S.6.