Respublika ərazisində faunanın
18 min növü qeydə
alınmışdır
Bioloji müxtəliflik – Yer üzərində bütün
canlıların - mikroorqanizm,
bitki və heyvanların müxtəlifliyi
deməkdir. Azərbaycan Respublikası Qafqaz
regionunda ən zəngin təbii sərvətlərə malik
ölkədir. Ölkəmizin
ərazisində 9 iqlim
zonası üzrə
4500 növə kimi ali bitkilər qeydə alınmışdır
ki, bu da
Qafqazın növ tərkibinin 64 faizini, keçmiş İttifaqın
bütün florasının
24 faizini təşkil
edir. Respublikada rast gəlinən
600 növ endemik bitkilərdən 168-i Azərbaycan,
432 növü isə
Qafqaz florasına aiddir.
Azərbaycan Respublikasının
“Qırmızı kitabı”na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir. Respublika ərazisində faunanın
18 min növü qeydə
alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin
97 növünü, quşların
357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların
15 minə yaxın növünü əhatə
edir. Azərbaycan Respublikasının “Qırmızı
kitabı”na məməlilərin 14 (ceyran,
bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlgi, bəzgək, ərsindimdik
və s.), balıqların
5 (ilanbalığı, qızılxallı,
poru və s.) amfibiya və reptiliyaların 13 (adi
triton, Suriya sarımsaqiyli
qurbağa, eskulap ilanı), həşəratların
40 növ və yarımnövləri (Talış
kökyeyəni, Apollon,
Xrizip, Talış brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin
əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.
Bütün dünyada vəhşi
təbiətin qorunması
və öyrənilməsində
xüsusi mühafizə
olunan təbiət ərazilərinin inkişaf
etdirilməsi ekosistemin
qorunub saxlanılmasında
mühüm rol oynayır. Məhz, xüsusi mühafizə
olunan təbiət ərazilərinin fəaliyyəti
nəticəsində nadir və
nəsli kəsilməkdə
olan fauna və flora növlərinin qorunub saxlanılmasına imkan yaranmışdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009 .-14 yanvar.- S.6.