Azərbaycanın xalçaçılıq sənəti Estoniya Prezidentinin xanımında zəngin təəssürat yaratmışdır

 

Estoniyanın birinci xanımı Evelin İlvesAzər-İlməMəhdud Məsuliyyətli CəmiyyətininAzərbaycan xalçası qalereyası”nda olmuşdur.

Hörmətli qonağı burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Estoniyanın birinci xanımına məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə məlumatlar vermişlər. Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçaları Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur idi. Azərbaycanın xalı-xalçaları indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığıAzər-İlmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüşdür. İpləri boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür.

Estoniyanın birinci xanımı qalereyanın zəngin eksponatlarına baxdı, boyama, toxuma prosesini maraqla izlədi, xalçaçı qızlarla səmimi söhbət etdi.

Estoniyanın birinci xanımı xatirə kitabına ürək sözlərini yazdı.

Xanım Evelin İlves Azərbaycan xalçalarının gözəlliyindən, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, qalereya ilə tanışlıqdan zəngin təəssürat aldığını bildirdi.

 

 

AzərTAc 

 

Xalq qəzeti.-2009.-14 yanvar.- S.4.