Azərbaycanın dinamik inkişafına yönəlmiş
xarici siyasət xətti ötən il də uğurla davam
etdirilmişdir
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
2008-ci ildə Azərbaycanda ölkənin sabit inkişafı
və vətəndaş hüquqlarının müdafiəsinə
yönəlmiş xarici siyasət xətti davam
etdirilmişdir. İqtisadi potensialın artımı və
sosial-siyasi sabitlik ölkənin istər dünyada, istərsə
də regionda mövqelərinin möhkəmlənməsinə,
digər dövlətlərlə ikitərəfli və
çoxtərəfli münasibətlərinin
inkişafına və dərinləşməsinə, eləcə
də beynəlxalq təşkilatlarla qarşılıqlı
faydalı əlaqələrinə müsbət təsir
göstərmişdir.
2008-ci il iyulun 7-də Azərbaycan
Respublikasının xaricdəki diplomatik nümayəndəlik
və konsulluqları rəhbərlərinin
üçüncü müşavirəsində
çıxışı zamanı Prezident İlham Əliyev
diplomatik xidmət sahəsində aparılan işlərə
yüksək qiymət vermiş, xarici siyasət idarəsinin
ölkənin gələcək inkişafı
üçün münbit xarici siyasət mühitinin
formalaşdırılması maraqlarından irəli gələn
məqsəd və vəzifələrini müəyyən
etmişdir.
Keçən il Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan
və Azərbaycan arasında silahlı münaqişənin
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət prinsipləri əsasında
həll edilməsi istiqamətində ardıcıl fəaliyyətini
davam etdirmişdir. Cənubi Osetiyada (Gürcüstan) baş
vermiş silahlı münaqişə Cənubi Qafqazda vəziyyətin
həssaslığını və “nə müharibə, nə
də sülh” vəziyyətinin təhlükə mənbəyi
olmasını açıq şəkildə nümayiş
etdirdi. Avqust hadisələri beynəlxalq hüququn əsas
norma və prinsiplərinə etinasızlığın
acı nəticələrini göstərdi və regionda
münaqişələrin həlli istiqamətində göstərilən
beynəlxalq səylərə yeni təkan verdi. Məhz bu
hadisələrin fonunda ATƏT-in Minsk qrupu çərçivəsində
danışıqlar prosesi daha da intensivləşdi.
Rusiya
Federasiyasının təşəbbüsü ilə 2008-ci
il noyabr 2-də Azərbaycan, Ermənistan və Rusiya dövlət
başçılarının üçtərəfli
görüşü təşkil edildi. Görüşdə
prezidentlər Moskva Bəyannaməsi imzaladılar. Sənəddə
Cənubi Qafqazda vəziyyətin
sağlamlaşdırılması, regionda sabitliyin və təhlükəsizliyin
təmin edilməsi üçün münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri, həmçinin bu çərçivədə
qəbul edilmiş qərar və sənədlər əsasında
siyasi yolla həllinə şərait yaratmaq səyləri
öz əksini tapmışdır. Münaqişə tərəfləri
və rusiyalı vasitəçi münaqişənin
nizamlanmasının ölkələr arasında iqtisadi əməkdaşlıq
üçün zəmin yaradacağı ilə razı
olduqlarını ifadə etdilər.
Ermənistan-Azərbaycan
münaqişəsinin nizamlanması və onların nəticələrinin
aradan qaldırılması üzrə beynəlxalq birliyin
mövqeyinin möhkəmləndirilməsi istiqamətində
işlər davam etdirilmişdir. Martın 14-də BMT Baş Məclisinin
62-ci sessiyasında Azərbaycan tərəfindən irəli
sürülmüş, beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünə hörmət edilməsini bəyan
edən, erməni qüvvələrinin Azərbaycanın
işğal olunmuş bütün ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edən, bu ərazilərdən qovulmuş əhalinin öz
yurd-yuvalarına qayıtma hüququnu təsdiq edən və
işğal nəticəsində yaranmış vəziyyəti
heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini
vurğulayan qətnamə qəbul edilmişdir. Həmin sənədin
Azərbaycan Respublikası tərkibində olmaqla Dağlıq
Qarabağda səmərəli fəaliyyət göstərə
biləcək demokratik özünüidarəetmə sisteminin
yaradılması məqsədilə bölgənin azərbaycanlı
və erməni icmalarının təhlükəsiz və bərabər
həyat şəraitinin təmin edilməsinin zəruriliyini
qeyd edən bəndini xüsusilə vurğulamaq
lazımdır. Bu, regionun gələcək statusu və onun
bütün əhalisinin təhlükəsizliyi ilə
bağlı zəmanətə dair ATƏT-in Lissabon prinsiplərinin
şərtlərinə uyğundur.
NATO-nun aprelin 2-4-də
Buxarest Zirvə toplantısı və Şimali Atlantika
Şurası xarici işlər nazirlərinin dekabrın 2-3-də
Brüssel toplantısı da açıq olaraq Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə dəstək
ifadə etmiş, münaqişənin sözügedən
prinsiplər əsasında həllinin zəruriliyini qeyd
etmişdir.
Dekabrın 4-5-də
Helsinkidə ATƏT-in üzv dövlətlərinin Xarici
İşlər Nazirləri Şurasının növbəti
iclası çərçivəsində üç
prezidentin Moskvada keçirilmiş noyabr
görüşünün konstruktiv nəticələrini qeyd
edən və Moskva Bəyannaməsinin şərtlərinə
uyğun olaraq, münaqişə tərəflərini
danışıqları intensivləşdirməyə
çağıran bəyannamə qəbul edilmişdir. ATƏT-in
üzvü olan dövlətlərin böyük əksəriyyətinin
nümayəndələri iclasda çıxışları
zamanı ərazi bütövlüyü prinsipinə riayət
edilməsinin zəruriliyini vurğulamışdır.
Aprelin 15-16-da Bakıda
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı
ilə dəvət olunmuş ölkələrin yüksək
səviyyəli rəsmi nümayəndələri və beynəlxalq
hüquq sahəsində nüfuzlu ekspertlərin
iştirakı ilə “GUAM dövlətləri ərazisində
münaqişələrin həllinin prinsipial əsasları”
mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda
aparılmış müzakirələr dövlətlərin ərazi
bütövlüyü və xalqların öz müqəddəratını
təyinetmə prinsiplərinin qarşılıqlı əlaqələri,
qanunsuz güc tətbiq etmə və ərazi
işğalının nəticələri, eləcə də
beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyət
və beynəlxalq məhkəmə institutlarının
imkanlarından istifadənin perspektivləri daxil olmaqla, beynəlxalq
hüquqla bağlı bir sıra məsələlərə
dair iştirakçıların fikir eyniliyinin
mövcudluğunu göstərmişdir.
Avropa və Avratlantik
strukturlara inteqrasiya yolu ilə gedərək, Azərbaycan
Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə əməkdaşlığı
inkişaf və davam etdirmişdir.
Avropa İttifaqı ilə
inteqrasiya əlaqələri Avropa Qonşuluq Siyasəti
kontekstində Fəaliyyət Planının həyata
keçirilməsi, “Twinning” və “TAIEX” kimi proqramlarda
iştirak çərçivəsində inkişaf
etdirilmişdir. Avropa İttifaqı ilə tərəfdaşlıq
və yaxınlaşmanın möhkəmlənməsi prosesi
Şərqi Tərəfdaşlıq təşəbbüsünün
irəli sürülməsi ilə əlavə təkan
almış oldu. Həmin təşəbbüs azad ticarət,
eləcə də qarşılıqlı şəkildə
viza rejiminin sadələşdirilməsi haqqında müqavilə
daxil olmaqla, yeni assosiativ müqavilələr imzalamaq yolu ilə
ticarət-iqtisadi, siyasi və humanitar əlaqələrin dərinləşdirilməsi
üçün zəmin yaradır.
NATO ilə regional və
enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə,
kütləvi qırğın silahlarının
yayılmaması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və
insan alveri, sərhədlərin mühafizəsi, fövqəladə
halların fəsadlarının aradan qaldırılması, təhlükəsizlik
və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq
inkişaf etmişdir. Martda Fərdi Tərəfdaşlığın
Əməliyyat Planının (FTƏP) həyata keçirilməsinin
növbəti fazasını açan və NATO ilə siyasi
dialoqun dərinləşdirilməsini, müdafiə və təhlükəsizlik
sahələrində islahatların həyata keçirilməsini,
elm və ictimai diplomatiya sahəsində əməkdaşlığı
nəzərdə tutan FTƏP üzrə ikinci sənəd qəbul
edilmişdir.
Əsas diqqət Azərbaycanın
xarici siyasətinin iqtisadi komponentləri, rəqabət qabiliyyətinin
artırılması istiqamətində tədbirlərin həyata
keçirilməsi, qlobal və regional iqtisadi inteqrasiya proseslərində
Azərbaycanın təsiri və rolu, dövlətin və
onun vətəndaşlarının iqtisadi maraqlarının
ölkə xaricində qorunması, Azərbaycanın enerji təhlükəsizliyinin
təmin edilməsi, onun iştirak etdiyi transmilli enerji və nəqliyyat
layihələrinin inkişaf etdirilməsi və regional
infrastruktur münasibətlərində Azərbaycanın
aparıcı mövqeyinin möhkəmləndirilməsinə
ayrılmışdır.
GUAM – Demokratiya və
İqtisadi İnkişaf Naminə Təşkilat çərçivəsində
əməkdaşlığın genişləndirilməsi və
dərinləşdirilməsi istiqamətində xüsusi səylər
göstərilmişdir. Həmin təşkilata sədrlik
dövründə Azərbaycan bir sıra mühüm tədbirlər,
o cümlədən “GUAM – Tranzit” və “GUAM-ın inkişaf
strategiyası” mövzusularında beynəlxalq konfranslar
keçirmiş, transregional və Avrasiya miqyasında
GUAM-ın nəqliyyat dəhlizinin tərəqqisi
strategiyasını fəal və məqsədyönlü
şəkildə inkişaf etdirmişdir.
Noyabrın 14-də
enerji sahəsində genişlənmiş dialoq çərçivəsində
Bakıda enerji məsələlərinə həsr olunmuş
zirvə toplantısı keçirilmişdir. Zirvə toplantısının
nəticəsi olaraq, yüksək səviyyədə, Xəzər
hövzəsindən dünya və Avropa bazarlarına gedən
neft və qaz kəmərlərinin çoxşaxəliliyinə
yönəlmiş siyasətin davam etdirilməsinin əhəmiyyətinin
vurğulandığı Bəyannamə qəbul
edilmişdir. Bəyannamədə Zirvə toplantısı
iştirakçıları Azərbaycan təbii
qazının iştirakçı dövlətlərin tələblərinin
tam ödənilməsi üçün region və Avropa
bazarlarına daşınması və tranzitinin
çoxşaxəli infrastrukturunun yaradılması üzrə
layihələrin həyata keçirilməsinə dəstəklərini
ifadə etmişlər.
Sentyabrın 8-9-da
Bakıda təşkil olunmuş “Azərbaycan və Türkmənistanın
neft və qaz potensialı: enerji, iqtisadi və ekoloji əməkdaşlıq
strategiyası” mövzusunda konfransda və noyabrın 29-da
Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan
prezidentlərinin üçtərəfli
görüşündə enerji sahəsində əməkdaşlığın
inkişafı məsələləri müzakirə
edilmişdir.
Gürcüstan və
Türkiyədə enerji sahəsinə sərmayə layihələri,
xüsusilə Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti tərəfindən mayın 16-da
Gürcüstanın Kulevi yaşayış məntəqəsində
Qara dəniz neft terminalının açılışı
və Ceyhanda neft emalı zavodunun tikintisi layihəsinin dərindən
işlənilməsi regional enerji bazarında Azərbaycanın
mövqeyini möhkəmləndirdi.
Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin
inkişafında maraqlı olan ölkələrlə də
işlər davam etdirilmişdir. İyulun 24-də
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi layihəsinin
həyata keçirilməsi çərçivəsində
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə dəmir yolu xəttinin Türkiyə
hissəsinin təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizi layihəsinin həyata keçirilməsi üzrə
İşçi Qrupunun işində iştirak etmişdir.
Dekabrın 3-də
Bakıda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi
(TRASEKA) layihəsinin iştirakçısı olan dövlətlərin
nəqliyyat nazirlərinin tarixi İpək Yolunun bərpası
üzrə beynəlxalq konfransın onuncu ildönümünə
həsr edilmiş yubiley konfransı keçirilmişdir. Tədbirdə
nəqliyyat dəhlizinin uzadılması, həmin layihəyə
digər qonşu dövlətlərin qoşulması və
layihənin iştirakçısı olan dövlətlər
arasında əməkdaşlığın perspektivləri ilə
bağlı məsələlər müzakirə
edilmişdir.
İl ərzində Azərbaycan
BMT və onun ixtisaslaşdırılmış
qurumlarının işində fəal iştirak etmiş,
minilliyin inkişaf məqsədlərinin həyata
keçirilməsi prosesinə öz töhfələrini
vermiş, BMT-yə üzv dövlətlərin beynəlxalq
sülh və təhlükəsizliyin təmin edilməsində
bu universal təşkilatın mərkəzi rolunun
artırılmasına yönəlmiş səylərini dəstəkləmişdir.
Azərbaycan beynəlxalq
humanitar hüququn norma və prinsiplərinin pozulması ilə
bağlı məsələlərə xüsusi diqqət
ayıraraq, BMT-nin yardımçı orqanlarının fəaliyyətinə
mühüm töhfələr vermişdir. Azərbaycanın
təşəbbüsü ilə İnsan Hüquqları
üzrə Şuranın və Qadınların vəziyyəti
ilə bağlı komissiyanın sessiyalarında, müvafiq
olaraq, “İtkin düşmüş şəxslər” və
“Silahlı münaqişələr zamanı girov
götürülmüş, o cümlədən sonralar həbsə
alınmış qadın və uşaqların azad edilməsi”
ilə bağlı qətnamələr qəbul edilmişdir.
Beynəlxalq təşkilatların
seçkili strukturlarında Azərbaycanın yüksək səviyyədə
təmsil olunmasının təmin edilməsi üzrə
işlər diqqət mərkəzində olmuşdur. Belə
ki, keçən il Azərbaycan İnsan Hüquqları
Şurasının Məsləhətçi Komitəsinə,
Dünya Poçt İttifaqının idarə heyətinə
və Poçtdan İstifadə Şurasına üzv
seçilmişdir.
Azərbaycan Qara dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatında
(QİƏT) da öz fəaliyyətini gücləndirmişdir.
2009-cu ildə Azərbaycanın QİƏT-ə sədrlik etməsinə
hazırlıq işlərinə başlanmışdır.
Azərbaycanın
mühüm rolu, uzun illər ərzində ölkənin qazandığı
təcrübə və sənayenin istehsal sahələrində
şəffaflıq məsələlərinə prinsipial
münasibət Azərbaycanın BMT Baş Məclisinin 62-ci
sessiyasında yekdilliklə qəbul edilmiş “Sənayedə
şəffaflığın artırılması” adlı qətnamə
layihəsini irəli sürməsinə əsas olmuşdur. Qətnamə
istehsal sənayesində şəffaflığın təmin
edilməsi təşəbbüsünə beynəlxalq
hüquqi əsas verilməsi və həmin sahədə
düzgünlüyün, şəffaflığın və
hesabatın təmin edilməsi üçün hüquqi
mexanizmin yaradılması istiqamətində mühüm
addım olmuşdur.
Azərbaycan xarici
işlər nazirlərinin Asiyada qarşılıqlı əlaqələr
və etimad tədbirləri üzrə müşavirəsinin
üçüncü görüşündə fəal
iştirak etmiş, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi
və səmərəliliyi üzrə inamın təmin edilməsində
əlaqələndirici mövqeyini möhkəmləndirmişdir.
Azərbaycan İslam aləminin
tərkib hissəsi olaraq, İslam Konfransı Təşkilatı
(İKT) ilə sıx əməkdaşlığı
inkişaf etdirməkdə davam etmiş, bu təşkilatın
regional və qlobal məsələlərin həllində
siyasi çəkisinin və nüfuzunun
artırılmasına yardım etmişdir. Müxtəlif mədəniyyət
və sivilizasiyaların qovuşuğunda nadir coğrafi
mövqeyi, dözümlülük və icmalararası
sülh ənənələri, mədəni və etnik rəngarənglik
Azərbaycanın sivilizasiyalar arasında körpü rolu
oynamasının etiraf edilməsinə imkan
yaratmışdır. İKT-yə üzv dövlətlərin
mədəniyyət nazirlərinin Tripolidə
keçirilmiş beşinci konfransının nəticələrinə
görə, Bakı 2009-cu ildə İslam mədəniyyətinin
paytaxtı elan edilmişdir.
Keçən il
sivilizasiyalararası dialoq sahəsində Azərbaycanın
müəllifi olduğu təşəbbüslər
sırasında iyunun 10-11-də Bakıda “Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda keçirilmiş forumu göstərmək
lazımdır. Bu sahədə digər mühüm tədbir
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin dekabrın 2-3-də “Mədəniyyətlərarası
dialoq Avropa və ona qonşu regionlarda sabit inkişaf və
sülhün əsasıdır” mövzusunda Bakıda
keçirilmiş konfransı olmuşdur. Konfransın
gedişində Bakı Bəyannaməsi qəbul edilmiş,
iştirakçı dövlətlər, eləcə də tərəfdaş
dövlətlərin mədəniyyətlərarası dialoq
sahəsində mədəni əməkdaşlığını
və fəaliyyətlərinin əlaqələndirilməsinin
inkişaf etdirilməsini nəzərdə tutan “Bakı
prosesi”nin əsası qoyulmuşdur.
Ölkədə
demokratikləşmə prosesləri, xüsusilə vətəndaş
cəmiyyəti institutlarının gələcək
inkişafı, vətəndaşların hüquq və əsas
azadlıqlarının müdafiəsinin təmin edilməsi,
dövlət idarəçiliyi sahəsində səmərəliliyin
artırılması və digər məsələlər Azərbaycanın
Avropa Şurası, onun Parlament Assambleyası, ATƏT/DTİHB,
eləcə də aparıcı qeyri-hökumət hüquq
müdafiə təşkilatları ilə əməkdaşlığı
da diqqət mərkəzində olmuşdur. Oktyabrın 15-də
keçirilmiş prezident seçkiləri bir çox yerli və
beynəlxalq müşahidəçilər tərəfindən
yüksək qiymətləndirilmiş və hökumətin
demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət,
hüquqi demokratik dövlətin əsaslarının möhkəmləndirilməsi
kursunun dəyişməzliyinə sədaqətini əyani
şəkildə nümayiş etdirmişdir.
İkitərəfli
diplomatiyanın da inkişaf etdirilməsi davam etmişdir.
Prezident İlham Əliyevin Finlandiya, Rusiya, Macarıstan,
Polşa, İtaliya, İsveçrə, Türkiyə,
Rumıniya, Gürcüstan, Ukrayna və Türkmənistana səfərləri
Azərbaycanın ikitərəfli tərəfdaşlıq əlaqələrinin
genişlənməsinə və beynəlxalq arenada mövqelərinin
möhkəmlənməsinə imkan yaratmışdır.
Azərbaycanın xarici
ölkələrdə diplomatik təmsilçiliyi genişlənmiş,
Suriyada səfirlik, eləcə də Əfqanıstanda ofis
açılmışdır. Həmçinin ötən il
Tacikistan, Türkmənistan, Macarıstan və Avropa
Komissiyası Azərbaycanda öz nümayəndəliklərini
təsis etmişlər.
Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin digər nazirlik
və təsisatlarla, icra hakimiyyəti orqanları, elmi mərkəzlər,
kütləvi informasiya vasitələri, milli qeyri-hökumət
təşkilatları və xaricdə yaşayan həmvətənlərimizin
birlikləri ilə qarşılıqlı əlaqələrinin
təkmilləşdirilməsi xarici siyasət idarəsinin
qarşısında duran vəzifələrin daha uğurlu, səmərəli
və sistemli həllinə şərait yaratmışdır.
Azərbaycanın bir sıra dövlət hakimiyyəti
strukturlarının və vətəndaş cəmiyyətinin
ölkənin xarici siyasət maraqlarının
inkişafına verdiyi töhfələri və 2008-ci ildə
dövlətimizin beynəlxalq nüfuzunun artmasını
xüsusilə vurğulamaq lazımdır.
Xalq qəzeti.-2009.-14 yanvar.- S.5.