Yeni binada səviyyəli xidmət

 

Ötən il Dövlət Sosial Müdafiə Fondunun Salyan Şöbəsinin yeni binaya köçməsi bütün salyanlıları sevindirdi

2008-ci ili uğurlarla yola salan təşkilatların arasında Dövlət Sosial Müdafiə Fondunun Salyan Rayon Şöbəsi də var. Şöbənin əməkdaşları üçün isə yeni və yaraşıqlı binada işlərini davam etdirmək, müdir Afil Qəhrəmanovun da dediyi kimi, ikiqat sevindirici olmuşdur. Şöbə müdiri ötən ilin yekunlarına nəzər salaraq dedi:

— Azərbaycan Respublikasında 2008-ci il 15 oktyabr prezident seçkilərində xalqımız bir daha öz seçimini edərək ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi yekdilliklə prezident seçdi. Son illər möhtərəm Prezidentimizin səyi nəticəsində yüz minlərlə yeni iş yerinin açılması, pensiyaların, minimum əmək haqlarının dəfələrlə artırılması ilə yanaşı, regionlarda abadlıq-quruculuq işlərinin aparılmasının, yeni obyektlərin və inzibati binaların istifadəyə verilməsinin də şahidi olmuşuq. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, belə binalardan biri də 2 dekabr 2008-ci ildə istifadəyə verilmiş və müasir avadanlıqlarla təmin olunmuş Dövlət Sosial Müdafiə Fondunun Salyan Rayon Şöbəsinin inzibatı binasıdır.

Burada təqaüdçülərə normal xidmət göstərmək üçün hər cür şərait var. Binanın açılışında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirovun iştirak etməsi də bizim üçün xüsusilə əlamətdar oldu. Məlumat üçün bildirim ki, şöbəmiz 15844 pensiyaçıya xidmət edir. Bunlardan 10800 nəfəri yaşa görə, 3559 nəfəri əlilliyə görə, 1485 nəfəri ailə başçısını itirdiyinə görə pensiya alır. Pensiyaların ödənilməsinin 80 faizi bankomatlar vasitəsilə həyata keçirilir. Hazırda rayon ərazisində 4 bankomat fəaliyyət göstərir. Ərazilərdə qurulmuş yeni 3 bankomat yeni ildə istafadəyə veriləcəkdir. 2009-cu ilin əvvəlində bütün pensiyaların ödənilməsi 100 faiz bankomatla həyata keçiriləcəkdir.

Bizim şöbənin əsas iş prinsipi hüquqi və fiziki şəxsləri sosial sığortaya cəlb etmək və onlardan sosial sığorta haqlarının vaxtında toplanmasını təmin etməkdən ibarətdir. Bu istiqamətdə görülən işlərə misal olaraq il ərzində İqtisadi İnkşaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə 12 sahibkarlıq subyektində araşdırma aparılmasını qeyd edə bilərəm. Araşdırma nəticəsində 853 manat 40 qəpik cərimə tətbiq edilmiş, həmçinin təşkilatların 4-də vəzifəli şəxslər 132 manat dəyərində cərimələnmişdir. Bundan başqa debitor borclarını vaxtında ödəmədiyinə görə 2 hüquqi şəxs barəsində 1795.16 manat, 19 fiziki şəxs barəsində 3174.50 manat məhkəmə iddiası qaldırılmış və təmin edilmişdir. Məhkəmə qətnaməsindən sonra hüquqi şəxslər üzrə 1514.46 manat, fiziki şəxslər üzrə 1488 manat vəsait Dövlət Sosial Müdafiə Fondunun Salyan Rayon Şöbəsinin hesabına ödənilmişdir.

Əlbəttə, ötən illə bağlı xeyli danışmaq olar. Ancaq qısaca desək, 2008-ci il bizim şöbə üçün, doğrudan da, uğurlu və əlamətdar olmuşdur.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2009.-15 yanvar.-S.4 .