20 Yanvar faciəsi tariximizin qanlı, həm də
şanlı səhifəsidir
1990-cı ilin Qanlı
yanvar hadisələrindən 19 il ötür. Geridə qalan bu
tarix xalqımızın başına gətirilmiş digər
müsibətlər kimi bu faciənin də həm
soydaşlarımız, həm də dünya ictimaiyyəti tərəfindən
layiqincə qiymətləndirilməsinə imkan vermişdir.
BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar
planetin digər ölkələrində törədilmiş
qanlı hadisələrlə yanaşı, 20 Yanvar faciəsini
də ümumiyyətlə, insanlığa qarşı
törədilmiş cinayət aksiyası kimi qiymətləndirirlər.
Bəzi Avropa ekspertləri bu aksiyanı SSRİ rəhbərliyinin
“qardaş respublikalar” arasında yeritdiyi milli
ayrı-seçkiliyin nümunəsi adlandırırlar.
Dünya erməni
lobbisinin aparıcı simaları isə 90-cı illərin
sonundakı iki tarixi hadisəni “Böyük Ermənistan”
xülyasının reallaşdırılması istiqamətində
çox mühüm addım kimi qiymətləndirirdilər.
Bu addımlar dahi siyasətçi Heydər Əliyevin SSRİ
rəhbərliyindən uzaqlaşdırılması və
özünün ərazi bütövlüyünün
müdafiəsinə qalxmış Azərbaycan xalqının
gözünün odunu almaq üçün Bakıya qoşun
yeridilərək çoxsaylı insanların qanının
tökülməsi idi. Ermənilər güman edirdilər ki,
bu iki addım “Böyük Ermənistan” üçün
yaşıl işıq yandıracaq. Amma tarix ədalətli,
Tanrı böyükdür. Tarix öz ədalətini nədə
göstərdi?
Heydər Əliyev
SSRİ rəhbərliyindən kənarlaşdırılandan
sonra da mənəvi cəhətdən sınmadı
(bütün dünyanı siyasi cəhətdən idarə edə
biləcək bir şəxsin, sanki, ev dustağı kimi
tamamilə səlahiyyətsiz bir duruma gətirilməsi istənilən
siyasətçini sındırardı) və öz qətiyyəti,
iradəsi ilə Azərbaycan xalqının xilaskarına
çevrildi. Tanrının böyüklüyü isə onda
görünürdü ki, ulu yaradan Azərbaycan
xalqının böyük oğluna möhtəşəm bir
siyasi uzaqgörənlik bəxş etmişdi. Heydər Əliyev
Kommunist Partiyasının çökməsini, SSRİ-nin
dağılmasını hansısa lentə baxırmış
kimi görürdü.
20 Yanvar faciəsinin
köklərinə nəzər salarkən bir çox tarixi
faktları yenidən götür-qoy etmək zərurəti
yaranır. 1918-ci ildə qədim türk-oğuz
torpaqlarında Ermənistan adlı dövlət
yaratmış bədnam qonşularımız, sadəcə,
dünyada gedən ictimai-siyasi proseslərdən maksimum şəkildə
bəhrələnə bilmişdilər. Türkiyə Birinci
dünya müharibəsinin nəticələrinin verdiyi
ağrı-acıları yaşamaqdadır, Çar
Rusiyası devrilir, yeni yaranmış Azərbaycan dövləti
isə hələ öz ərazilərini qorumaq iqtidarında
deyildir. Belə bir məqamda işə düşən erməni
məkri və xəyanəti tarixi Azərbaycan torpaqlarında
müstəqil Ermənistan dövləti yaratmağa nail oldu.
Sovet dönəmində Azərbaycanın daha bir sıra ərazilərinə
iddialı olan ermənilər Heydər Əliyev siyasi dühasının
işığı altında yarasa kimi qaranlıqlara çəkildilər.
Heydər Əliyev ermənilərin iddia etdiyi torpaqların Azərbaycanla
bağlılığını möhkəmləndirmək
üçün dahi uzaqgörənliklə çoxsaylı tədbirlər
həyata keçirdi. Məhz ona görə də ulu öndərin
Kreml rəhbərliyində təmsil olunması hamıya sərf
etsə də, ermənilərə qətiyyən sərf edə
bilməzdi.
Tarixçilər
güclü arqumentlərlə əsaslandırırlar ki,
Kreml tərəfindən Bakıya qoşun yeridilməsinin əsas
səbəblərindən biri buradakı azadlıq hərəkatının
qarşısını almaqdan daha çox, ermənilərin
niyyətinə xidmət edirdi. Mixail Qorbaçovun ölkədə
yaratdığı xaos və anarxiyadan bəhrələnən
ermənilər hələ Kommunist Partiyasının
dövründə, SSRİ rəhbərliyinin
qılıncının hər iki tərəfinin kəsdiyi
illərdə Azərbaycanın tarixi torpaqları olan Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi barədə
rəsmi dövlət sənədi qəbul etmişdilər.
Ermənistanda
çıxan “Vozni” (“Kirpi”) jurnalının baş redaktoru,
qatı türk düşməni olan Aramais Saakyan 1987-ci ilin
martında oxucularla görüşdə Dağlıq
Qarabağla bağlı suala çox həyasız bir cavab
vermişdi: “Qarabağ məsələsinə başlamazdan əvvəl
yuxarıdakı türk paşasının məsələsini
həll etmək lazımdır. Hələ ki, türklərin
nümayəndəsi Kremldə, iş başındadır, biz
susmalıyıq”. Yəni, əlavə şərhə ehtiyac
qalmır.
Heydər Əliyevin Kremldən
getməsindən dərhal sonra Dağlıq Qarabağda mitinqlər,
Qarabağın Ermənistana birləşdirilməsi
üçün aksiyalar başlandı və sairə. Tarixən
öz torpaqlarını mərhələ-mərhələ
itirən Azərbaycan xalqı ermənilərin növbəti
həyasızlığı ilə barışa bilməzdi.
Ona görə də ölkənin ərazi
bütövlüyününün qorunması məqsədilə
qarşılıqlı siyasi aksiyalar Bakıda da
başlandı. Qorbaçov iqtidarını satın
almış dünya erməni lobbisi isə Azərbaycanda
başlanmış etiraz aksiyalarının
qarşısını məhz 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə reallaşdırılmış
variantla almağa çalışdı. Qan
töküldü, həbs və repressiyalar iti sürətlə
davam etdirildi. Xalqın ağır günləri
başlandı. Bu zaman...
1990-cı il yanvarın
21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələn ulu öndər Heydər Əliyev Qorbaçov
rejiminin amansızlığını, yeridilən milli
ayrıseçkilik siyasətini qətiyyətlə pisləyən
bəyanat verdi: “Mən bu aksiyanı pisləyir, onu antihumanist,
antidemokratik və hüquqa ziddi sayıram. Bu ağır
günlərdə sizləri ağıla, kamala, həmrəyliyə
və birliyə çağırıram. Mənim
teleqramımı respublika mətbuatında dərc etməyi,
radio-televiziya ilə yaymağı və matəm mitinqində
elan etməyinizi xahiş edirəm”. Ağır zərbə
almış Azərbaycan xalqının qaməti düzəldi.
İnsanlarda milli azadlıq hərəkatına inam, ümid
artdı. İtkilər vermiş xalqda son qələbəyə
inam yarandı.
Çox təəssüf
ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində
ölkəyə rəhbərlik etmiş Moskvapərəst
Ayaz Mütəllibov da, onu topla-tüfənglə devirib
hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarı da 20
yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsini qətiyyən
gündəliyə gətirmədi. Çünki 20 Yanvar faciəsinin
törədilməsində Mixail Qorbaçov və dünya
erməni lobbisi ilə yanaşı, yerli siyasətçilər
də günahkar idilər. Bu məsələnin parlamentdə
və ya hər hansı auditoriyada ciddi şəkildə
müzakirə edilməsi zamanı müqəssirlərin
adı açıqlana bilərdi. Ona görə də Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışına qədər
bu məsələ həm Moskvada, həm də Bakıda
çox ciddi şəkildə ört-basdır edilirdi.
Ulu öndərin siyasi
hakimiyyətə qayıdışından sonra isə
1994-cü il mart ayının 29-da Milli Məclisdə gedən
uzun müzakirlərdən, şahidlərin, həmin dövrdə
vəzifə sahibi olmuş şəxslərin, tarixçi
alimlərin, digər ziyalıların
çıxışlarından sonra “1990-cı il yanvarın
20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul edildi. Beləliklə, Azərbaycan
tarixinin son 40 ilində olduğu kimi, bu məsələdə
də haqq-ədalət məhz ulu öndər Heydər Əliyevin
səyləri və siyasi iradəsi nəticəsində bərpa
edildi. Heydər Əliyevin adı sonrakı bütün proseslərdə
xalqın mənfeyini qoruyan, dövlətin maraqlarını
güdən dahi siyasətçi kimi Azərbaycan tarixinə əbədilik
düşmüşdür.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-15 yanvar.-S.4.