Laçın şəhərinin 85 yaşı tamam olur

 

Prezident İlham Əliyevin müdrik və qətiyyətli xarici siyasət xətti torpaqlarımızın azad olunması ilə nəticələnəcəkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxından dəstəyi, bilavasitə diqqət və qayğısı ilə 2009-cu ilin fevralında Laçın şəhərinin 85 illiyi qeyd ediləcəkdir. Tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, şəhər 1924-cü ilin əvvəllərində Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi Simurqun təklifi əsasında Laçın adlandırılmışdır. Şübhəsiz ki, böyük yazıçı bu adı seçərkən yaxınlıqda yerləşən və el arasında Laçın adlandırılan dağın adını əsas götürmüşdür. Doğrudan da, dağ öz görünüşü etibarilə Laçına çox oxşayır.

Laçın rayonu Azərbaycan Respublikasının cənubi-qərbində yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd vardı. Ərazisi 166488 hektar olmuşdur ki, ondan 75781 hektarı kənd təsərrüfatına yararlı idi. 33205 hektarı, əsasən, palıd, ardıc, cökə, vələs, fısdıq və s. ağaclardan ibarət meşə zolağı, 72000 hektarı yaylaq sahələri, 1470 hektar isə meyvə bağları təşkil edirdi. Ərazi çay daşı, qum, gil, mərmər, civə, uran, kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Rayon ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli və arxeologiya baxımından qiymətli olan tikililər var.

Laçın təbii su mənbələri, Turşsu, İstisu və digər mineral bulaqları, kəklikotu, itburnu, qatırquyruğu, çobanyastığı, solmazçiçəyi, bağa yarpağı, yemişan, baldırğan və sair saysız-hesabsız dərman bitkiləri, dağkeçisi, cüyür, qaban, ayı, bəbir, canavar və digər çox sayda ov heyvanları, bülbül, qartal, turac, qırqovul kimi quşlarla, heyvandarlıq, arıçılıq və tərəvəz məhsulları ilə məşhurdur.

Nisbətən yaşlı insanlar yaxşı xatırlayırlar: 1924-cü ildə yaradılmasına baxmayaraq 1969-cu ilə qədər Laçın şəhərində cəmi bir küçə vardı. Şəhərin, eləcə də rayonun iqtisadi, sosial və mədəni inkişafı xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mən bu sözləri deyərkən, hər şeydən əvvəl, Azərbaycan KP MK bürosunun 16 noyabr 1971-ci il tarixli “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”, Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin 16 noyabr 1971-ci il tarixli “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında”, Azərbaycan KP MK bürosunun 6 avqust 1974-cü il tarixli “Laçın şəhərinin 50 illiyi haqqında” qərarlarını, o cümlədən ucqar və dağlıq rayonlardan olan orta məktəb məzunlarının ali məktəblərə qəbulu zamanı bir sıra güzəştlərin tətbiq edilməsi və başqa tarixi sənədləri bir daha xatırlayıram.

1974-cü ildə yuxarıda adı çəkilən qərara uyğun olaraq, Laçın şəhərinin 50 illiyinin respublika səviyyəsində qeyd olunması bu gün də laçınlılar tərəfindən dərin minnətdarlıq hissi ilə xatırlanır. Məhz həmin qərardan sonra Laçın şəhərində iri emal, kənd təsərrüfatı obyektləri istifadəyə verilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr üçün yeni binalar tikilmişdir. Laçın şəhərində böyük infrastruktur layihələri həyata keçirilmişdir. Dağ rayonu olmasına baxmayaraq əhali fasiləsiz işıq, qaz, rabitə və digər xidmətlərlə təmin edilmişdir. Ümumiyyətlə, Laçın şəhərində iki orta ümumtəhsil məktəbi, bir orta internat məktəbi, bir texniki peşə məktəbi, iki məktəbəqədər, beş məktəbdənkənar müəssisə, Bakı 2 nömrəli Tibb Texnikumunun filialı, on mədəni maarif müəssisəsi, beş səhiyyə obyekti fəaliyyət göstərmişdir.

Laçın şəhəri həm füsünkar təbiətə, həm də strateji əhəmiyyətə malik bir şəhərdir. Ermənistanla Dağlıq Qarabağ arasında ən qısa və əlverişli yol buradan keçirdi. Ona görə də ermənilər həmişə Laçına yiyələnmək arzusunda olmuşlar. Heç təspadüfi deyil ki, 1992-ci ilin may ayının 18-də Laçının işğal olunması ilə ermənilər Corus-Laçın-Xankəndi dəhlizinin açılmasını bayram etmişlər.

Belə bir tarixi həqiqət də hamıya yaxşı məlumdur ki, hələ XX əsrin əvvəllərində Zəngəzur, İrəvan və Arazboyu ərazilərdə at oynadan erməni silahlı dəstələrinə də həlledici və öldürücü zərbəni xalq qəhrəmanı Sultan bəyin rəhbərliyi altında Laçının igid övladları vurmuşlar. Onlar Andranikin rəhbərliyi altında Qarabağda hərbi yürüşə başlayan erməni silahlı birləşmələrini Laçın ərazisindəki Zabux dərəsində mühasirəyə alaraq sarsıdıcı zərbələr endirmiş, az bir qismi qaçaraq canlarını qurtara bilmişlər. Beləliklə də Qarabağda yaşayan Azərbaycan əhalisini gözləyən böyük bir təhlükə aradan qaldırılmışdır.

Çox təəssüf ki, mənfur düşmənlərimiz tərəfindən “Qara qapı” adlandırılan mərd oğullar diyarı olan Laçın şəhəri 1992-ci ildə o vaxtkı Azərbaycan rəhbərliyinin, başı hakimiyyət davasına qarışan AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı oldu. Laçının işğalı ilə Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaranmışdır. Bu isə digər rayonların işğalına şərait yaratmışdır.

İşğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində və 125 kənddə olan 13.745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmişdir. Ümumilikdə, rayona 7,1 milyard ABŞ dolları həcmində ziyan dəymişdir.

Hazırda rayonda 50 inzibati-ərazi vahidi üzrə nümayəndəlik fəaliyyət göstərir. 1992-ci ildə Ermənistan ordusu Laçını işğal etdikdən sonra rayonun 58 min nəfər əhalisi respublikanın 59 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır. 1 yanvar 2008-ci il tarixə rayon əhalisinin sayı 68303 nəfər olmuşdur. Qarabağ müharibəsində 328 nəfər şəhid, 225 nəfər əlil olmuş, 33 nəfər hər iki valideynini itirmişdir. 5 nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı (Oqtay Güləliyev, İsrafil Şahverdiyev, Fazil Mehdiyev, Qorxmaz Eyvazov, Kamil Nəsibov) adına layiq görülmüşdür.

Məlum hadisələrdən sonra rayon əhalisi, əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, respublikanın digər kənd rayonlarında, 13 min nəfərindən çoxu isə Ağcabədi, Beyləqan və İmişli rayonları ərazisində əvvəllər Laçın rayonunun qış yataqları kimi istifadə olunan Taxtakörpü ərazisindəki 84 obada məskunlaşmışdır. Həmin ərazidə məcburi köçkünlərin istifadəsində 31,66 min hektar torpaq sahəsi var. Bu torpaqlardan əhali, əsasən, heyvandarlıq və əkinçilik məqsədləri üçün istifadə edir.

Müqəddəs ata-baba yurdu, torpaq itkisi bir yana, bədnam AXC—Müsavat cütlüyünün hakimiyyəti dövründə xaos və qarşıdurma, özbaşınalıq, aclıq və səfalət hökm sürürdü. Lakin 1993-cü ildən, ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün bu bəlalara son qoyuldu. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu, xaos, anarxiya, itaətsizlik təzahürləri aradan qaldırıldı. Qanunsuz silahlı qüvvələr ləğv edildi, ölkəmizdə ictimai siyasi sabitlik bərqərar oldu.

1994-cü ildə ölkədə çörək qıtlığının olduğu bir vaxtda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlər üçün 800 ton əvəzsiz buğda toxumu verilməsi bu gün də rayon sakinləri tərəfindən böyük minnətdarlıqla xatırlanır. Məhz bunun nəticəsində ərazidə məskunlaşmış əhalinin torpağa bağlılığı daha da artmışdır. 2008-ci ildə 13 min nəfərdən çox rayon sakininin məskunlaşdığı Taxtakörpü ərazisində əkilmiş 3 min hektar taxıl sahəsindən 9127 ton məhsul əldə olunmuşdur ki, bu da ərazidə məskunlaşmış məcburi köçkünlərin ərzaqla təmin edilməsi ilə bərabər, maddi vəziyyətlərinin də yaxşılaşmasına kömək etmişdir. Kənd təsərrüfatı sahəsində bu nailiyyətlərin əldə olunmasında 21 avqust 2005-ci il tarixdə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları ilə keçirilmiş iclasda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq, Qarqar çayından öz axını ilə Taxtakörpü ərazisinə çəkilmiş 8,1 kilometr uzunluğunda beton üzlüklü kanalın böyük köməyi olmuşdur. Bu kanal ərazidə məskunlaşmış məcburi köçkünlərin təsərrüfat suyuna olan ehtiyaclarının ödənilməsi, əkin sahələrinin suvarılması üçün əlverişli şərait yaratmışdır. Hazırda həmin kanal ətrafında torpaqların şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması, əhalinin təsərrüfat suyuna olan təlabatının ödənilməsi məqsədilə 1000 hektar ərazidə meliorasiya işləri davam etdirilir. Bu gün rayonun əhali və fermer təsərrüfatlarında 25710 baş qaramal, 188954 baş qoyun-keçi var.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranının yaxşılaşdırılması bir nömrəli problem kimi diqqət mərkəzində olmuşdur. Həmin kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən biz laçınlılara göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq, Taxtakörpü və məcburi köçkünlərimizin sıx məskunlaşdığı digər ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramına uyğun olaraq, Ağcabədi, Bərdə, Saatlı və Sabirabad rayonlarında çadır şəhərciklərində məskunlaşmış 58 laçınlı məcburi köçkün ailəsi üçün Taxtakörpü ərazisində bütün sosial infrastruktura malik iki qəsəbə salınmışdır. Bundan başqa, Bakı, Sumqayıt şəhərlərində və respublikanın müxtəlif rayonlarında laçınlı məcburi köçkünlərin məskunlaşdığı 50-dək yataqxana, sanatoriya, pansionat və digər ictimai binalarda əsaslı və cari təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş əlavələrdə laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra əsaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2009—2011-ci illərdə Taxtakörpüdə və respublikanın digər ərazilərində fin tipli quraşdırma evlərdə məskunlaşmış 880, məktəb binalarında məskunlaşmış 87, həmçinin Taxtakörpü ərazisindəki qamış-daxal evlərdə və yeraltı qazmalarda məskunlaşmış 3400 laçınlı məcburi köçkün ailəsi üçün bütün infrastruktura malik yeni qəsəbələrin salınması nəzərdə tutulmuşdur. Dövlət proqramının müvafiq bəndinə uyğun olaraq “Kapital Bank” ASC-nin Laçı flialının fəaliyyətinin bərpa olunması məqsədilə Taxtakörpü qəsəbəsində yeni inzibati bina tikilmişdir.

Rayonun bütün icra strukturlarının fəaliyyət göstərdiyi Taxtakörpü qəsəbəsində son bir neçə il ərzində rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı, Suvarma Sistemləri İdarəsi, 55 saylı Yol İstismar İdarəsi, 121 saylı Laçın Dairə Seçki Komissiyası, Rabitə Qovşağı üçün yeni inzibati binalar, 350 yerlik mədəniyyət sarayı tikilmişdir. 256 nömrə tutumlu EATS quraşdırılaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Taxtakörpü ərazisindəki Hacılar Ərdəşəvi, Alxaslı, Qarıqışlaq və Malıbəy obalarında 4 nömrə tutumlu peyk telefon rabitəsi stansiyası quraşdırılmışdır. Bu obalarda icra nümayəndəliyi, xəstəxana və məktəb binalarına telefon xətti çəkilmişdir.

Rayonun işğalından sonra Bakı şəhərində fəaliyyət göstərən Məşğulluq Mərkəzi, Vergilər idarəsi, Hərbi Komissarlıq Taxtakörpü qəsəbəsinə köçürülmüş və burada lazımi bina ilə təmin olunmuşdur. Hazırda Taxtakörpü qəsəbəsində Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun Laçın Rayon Şöbəsi üçün yeni inzibati binaların, eyni zamanda, kiçik idman meydançasının tikintisinə başlanılmışdır.

Taxtakörpü ərazisində Mil massivindəki yarımstansiya müasir avadanlıqla təchiz olunaraq yenidən qurulmuş, 1992-ci ildən ötən dövr ərzində ərazidə 58 yeni transformator qoyulmuşdur. 137 kilometr yeni elektrik hava xətti çəkilmişdir. 145 kilometr çınqıl örtüklü avtomobil yolu salınmış. 5800 kvadratmetr yola asfalt döşənmişdir.

1992-ci ildən ötən dövr ərzində əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədilə 22 artezian quyusu qazılmış, 150 kilometr içməli su xətti çəkilərək köçkünlərin istifadəsinə verilmişdir. Təsərrüfat suyuna olan ehtiyacın ödənilməsi məqsədilə 70 kilometr kanal və su xətləri çəkilmiş, Kür çayı üzərində 17 elektrik nasos stansiyası qurulmuşdur.

Taxtakörpü qəsəbəsində 2 hektar srazidə park salınmış, burada 1600-dən çox ağac və gül kolları əkilmişdir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin parka “Heydər parkı” adı verilmişdir. Bundan əlavə rayon icra hakimiyyətinin inzibati binası qarşısında ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Azərbaycan Respublikasının dövlət bayrağı üçün 21 metr hündürlüyündə qüllə quraşdırılmışdır.

İşğaldan sonra rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə öz fəaliyyətlərini davam etdirirlər. 1992-ci ildən bəri məcburi köçkünlərimizin məskunlaşdıqları ərazidə 30-dək yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 2008-ci ildə Əzizbəyov rayonunun Binə qəsəbəsində fəaliyyət göstərən 46 saylı orta məktəb üçün yeni bina tikilmiş, 1 saylı Vağazin orta məktəbi üçün tikilən yeni binada isə işlər başa çatmışdır.

Bu gün rayonun 132 ümumtəhsil məktəbində 11428 şagirdin təlim-tərbiyəsi ilə 3000-dək müəllim məşğul olur. 2008-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 193 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 6 nəfəri 600-dən yuxarı bal toplamışdır. 27 sentyabr 2008-ci ildə rayon icra hakimiyyətinin təşəbbüsü ilə ali məktəblərdə təhsil alan və yeni qəbul olunmuş tələbələrlə Bakı şəhərində görüş keçirilmişdir. Mərasimdə millət vəkilləri Mübariz Qurbanlı, Aydın Mirzəzadə, Sevindik Hətəmov, ali məktəb rektorları və digər mötəbər qonaqlar iştirak etmişlər. Görüşdə rayon icra hakimiyyəti tərəfindən 600-dən yuxarı bal toplamış 6 nəfər tələbəyə kompyuter dəsti hədiyyə olunmuşdur.

Ölkə Prezidenti tərəfindən müəllimlərdən bir çoxuna “Əməkdar müəllim”, “Tərəqqi medalı” və digər fəxri adları verilmişdir. 2008-ci ildə isə Ağanus kənd orta məktəbinin direktoru Ağayar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Hazırda Bakı, Sumqayıt şəhərlərində, Taxtakörpü və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə 8 xəstəxana, 86 həkim ambulatoriyası və feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Rayonun işğalından sonra Taxtakörpü və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə 18 səhiyyə obyekti tikilib istifadəyə verilmişdir.

Bu gün 83 klub, mədəniyyət evi, 119 kitabxana, 2 muzey və 5 musiqi məktəbi öz fəaliyyətlərini uğurla davam etdirir. Musiqi məktəblərində təhsil alan şagirdlər bir çox respublika əhəmiyyətli tədbirlərdə və müsabiqələrdə iştirak edərək rayonumuzu layiqincə təmsil edirlər. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublikada keçirilmiş muğam müsabiqəsində rayonumuzun fəxri Ehtiram Hüseynov ikinci yerə çıxmış, Şəmsəddin Məmmədov isə ilk onluqda yer tutmuşdur.

Son vaxtlar respublikamızın müxtəlif şəhər və rayonlarında məskunlaşmış laçınlılarla keçirilən görüşlər müntəzəm və sistemli xarakter almışdır. Belə görüş və söhbətlərdə adamları düşündürən və narahat edən probleimlərin böyük əksəriyyəti müsbət həllini tapır, əlaqədar naziklik, komitə və şirkət rəhbərliyi qarşısında müvafiq məsələ qaldırılır. Məsələnin bu cür həlli isə bir tərəfdən əlavə vaxt itkisinin qarşısını alır, digər tərəfdən problemin konkret həllini təmin edir.

23 aprel 2008-ci il tarixdə rayon icra hakimiyyətində respublikanın müxtəlif elm, təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında çalışan laçınlı ziyalılar və iş adamları, rayon fəalları və ictimaiyyət nümayəndələrinin geniş yığıncağı keçirilmişdir. 12 sentyabr 2008-ci il tarixdə rayonun qoca, yaşlı, tənha sakinləri ilə Taxtakörpü qəsəbəsində görüş olmuşdur. Həmin tədbirdə Hacıxanlı kənd sakini Qaraş Məhərrəmovun 100 yaşı təntənəli surətdə qeyd olunmuşdur. I qrup Böyük Vətən müharibəsi əlili Qaraş Məhərrəmova Azərbaycan Respublikası Prezidenti adından “Oka” markalı avtomobil, soyuducu, xalça hədiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbir iştirakçılarından 8 nəfərinə əl arabası, 5 nəfərə isə eşitmə aparatı, rayon icra hakimiyyətinin daxili imkanları hesabına 200 nəfərədək qoca, yaşlı insana ərzaq bağlamaları təqdim edilmişdir. Biz bundan sonra da insan amilini, vacib sosial ehtiyacların daha dolğun ödənilməsini, adamlara göstərilən qayğını diqqət mərkəzində saxlayacağıq.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə 2009-cu ilin fevral ayında Laçın şəhərinin 85 illiyi qeyd ediləcəkdir. Artıq bir neçə aydır ki, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş plana uyğun olaraq, müxtəlif tədbirlər həyata keçirilir, bir sıra görüş və söhbətlər təşkil edilir. Hazırda Laçın haqqında sənədli film çəkilir, kitab və foto-albom hazırlanır.

Laçın tarixən hər bir azərbaycanlının qəlbində, yaddaşında qurur və məğrurluq, vüqar və əyilməzlik rəmzi kimi yaşayır. Bu torpağın mərd və cəsur oğlanları zaman-zaman xeyirxah və qəhrəman əməlləri ilə bu adı doğrultmuş, xalqımızın igidlik salnaməsinə şərəfli səhifələr yazmışlar. Biz laçınlılar möhkəm inanır və ümid edirik ki, Laçın, eləcə də hələ də işğal altında olan başqa torpaqlarımız, nəhayət, düşmən tapdağından azad ediləcək, ərlər, ərənlər oylağı, qüdrətdən səngərli, qalalı dağlar yenə də öz əziz övladlarını qoynuna alacaq, düşmənə layiqli cavab veriləcəkdir.

Ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı müdrik və qətiyyətli xarici siyasət, diplomatik səylər, sülh danışıqları bizim bu inam və ümidimizi daha da artırır. Sonda onu da əlavə etmək istəyirəm ki, əgər qarşı tərəf haqq-ədalət yoluna gəlməsə, həqiqəti başa düşməsə o zaman yaşından, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər bir laçınlı əlinə silah alıb müqəddəs torpaqlarımızı azad etməyə, düşmənə layiqli cavab verməyə hər an hazırdır.

 

 

Ramiz CƏBRAYILOV,

Laçın Rayon İcra

Hakimiyyətinin başçısı 

 

Xalq qəzeti.-2009.-15 yanvar.-S.5.