Ötən il məktəb tikintisi yüksək templə davam etdirildi

 

Azərbaycanda təhsil islahatları sürətlə həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin başladığı bu islahatlar Prezident İlham Əliyev tərəfindən davamlı olaraq reallaşdırılır. Təhsilin məzmunu yeniləşir, məktəblərimiz informasiya texnologiyaları, eləcə də digər avadanlıqlarla təmin edilir, dərsliklər yeniləşir, ən əsası isə yeni, müasir tipli məktəblər tikilir. Məktəb tikintisi son beş ildə xüsusi olaraq diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, ötən beş il ərzində ölkədə 1600 yeni məktəb və əlavə korpuslar inşa edilmişdir. Ötən il məktəb tikintisi sahəsində hansı nailiyyətlər əldə olunmuşdur? Bu sualı Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin baş mühəndisi Səhrəd İsayev cavablandırdı.

— 2003-cü ildə ulu öndər Heydər Əliyev məktəb tikintisi ilə bağlı Dövlət Proqramı imzalamışdır. Həmin Proqram 2003–2007-cü illəri əhatə edirdi. Artıq bu Proqram tam şəkildə reallaşmış, ölkəmizin əksər bölgələrində müasir tipli yeni məktəblər, məktəblərə əlavə korpuslar inşa edilmiş, onlarla məktəbdə isə əsaslı təmir işləri aparılmışdır.

Prezident İlham Əliyev məktəb tikintisini həmişə diqqət mərkəzində saxlamışdır. Təhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti İdarəsinin yaradılması bu sahənin nazirlik tərəfindən daim nəzarətdə saxlanılmasına şərait yaratmışdır. Təhsil naziri Misir Mərdanov məktəb tikintisini daim nəzarətdə saxlayır və hər vaxt yeni tikilən məktəblərin vəziyyəti ilə maraqlanır. Hətta çox vaxt Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirovla tikilməkdə olan məktəblərə baş çəkir, tövsiyə və iradlarını bildirir.

Belə ciddi nəzarətin nəticəsidir ki, ötən il ölkəmizdə 161 yeni məktəb və məktəblərə əlavə korpuslar inşa edilmişdir. Bununla yanaşı, 129 məktəb əsaslı təmir edilmişdir.

Onlardan bir neçəsinin adını qeyd etmək istərdim. Məsələn, Şəkinin Baş Göynük kəndində inşa edilmiş 624 yerlik yeni məktəb ötən il istifadəyə verildi. Məktəb, demək olar ki, bütün lazımi avadanlıqla təmin edildi. Kompyuter otağı, kitabaxana, müasir tipli laboratoriyalar, həmçinin, idman zalı şagirdlərin istifadəsinə verildi. Eləcə də, Balakən rayonunun Qaravəli kəndində inşa edilmiş 420 yerlik yeni məktəbi götürək. Müasir tipli layihə əsasında tikilmiş bu məktəbdə tədris üçün zəruri olan hər şey vardır. Gözəl sinif otaqları, laboratoriyalar, kitabxana, kompyuter otağı, idman zalı, bütün standartlara uyğun stol və stullar, yazı taxtası, şkaflar və s. məktəbdə təhsil prosesini keyfiyyətli aparmağa imkan yaradır.

Ötən il, həmçinin, Cəlilabadın Günəşli kəndində, Ağsunun Pirhəsənli kəndində, Ağstafa rayon mərkəzində, Qəbələnin Qəmərvan kəndində, Zərdabın Məlikumudlu kəndində, Bərdənin Kətəloba kəndində çox yaraşıqlı, müasir təhsil standartlarına uyğun yeni məktəb binaları istifadəyə verilmişdir.

Səhrəd İsayev sonra bildirdi ki, məktəblərə əlavə korpusların tikintisi sahəsində ötən il xeyli uğurlar qazanılmışdır. Məktəblərin elələri var ki, onlarda şagird sıxlığı mövcuddur. Belə məktəblərə tikilmiş əlavə korpuslar şagird sıxlığını aradan qaldırmağa, növbəliliyi minimum həddə çatdırmağa imkan yaradır.

Təhsil naziri Misir Mərdanov dəfələrlə öz çıxışlarında hələ təmir olunmamış məktəblərin qaldığını bildirmişdir. Bu istiqamətdə çox ciddi aparılır. Son illərdə Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı təmir olunmuşdur. Təkcə ötən il 129 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Uzun illər təmirsiz qalmış belə məktəblərin tam yeniləşməsi söz yox ki, əsasən yay aylarında aparılır. Onların təmiri zamanı həm köhnəlmiş avadanlıqlar yeniləşdirilir.

Yeni tikilən əsaslı təmir edilən məktəblərdən əlavə, son illərdə Dövlət Proqramına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 506 məktəb müasir avadanlıqlarla təmin olunmuşdur. 2008-ci ildə 180 məktəb şagird masası, yazı lövhəsi, müəllim stolu stulu almışlar. 2009-cu ildə isə 200 məktəbə müasir avadanlıqların verilməsi nəzərdə tutulur.

Əlbəttə, Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin kollektivi çalışır ki, tikdirdiyimiz məktəblər daha müasir, yüksək standartlara cavab verən məktəblər olsun. Bunun üçün podratçı təşkilatlar üzərində nəzarət daim gücləndirilir.

Bir faktı nəzərə çarpdırmaq istəyirəm. Ümumilikdə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir.

Müsahibimiz onu da bildirdi ki, Təhsil Nazirliyi ilə yanaşı Heydər Əliyev Fondunun da yeni məktəblərin tikintisində böyük xidmətləri vardır. Fondun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ötən illər ərzində onlarla yeni məktəb tikilib istifadəyə verilmişdir. Bütün bunlar Azərbaycanımızın, millətimizin gələcəyini təmin edəcək təhsilimizin inkişafında əhəmiyyətli rol oynayacaq.

Bir məsələni həmsöhbətimiz xüsusi olaraq vurğuladı. Qeyd etdi ki, ölkə Prezidentinin imzaladığı yeni Proqrama əsasən 2008– 2012-ci illərdə zəruri ehtiyac nəzərə alınmaqla 450 məktəb üçün yeni binanın inşası, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri həyata keçiriləcək.

Əlbəttə, bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə uşaqlarımız müasir tipli, hər cür standartlara cavab verən yeni məktəblərdə təhsil alacaqlar. Ölkə rəhbərimizin həyata keçirdiyi davamlı tədbirlər bunu bir daha təsdiq edir.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-15 yanvar.-S.6.