Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu

 

İş yerləri barədə elan

 

Azərbaycan Hökuməti Dünya Bankının Dəstəyi ilə İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsini həyata keçirir. Layihənin ümumi məqsədi fermerlərin, kiçik və orta-həcmli kənd müəssisələrinin kənd biznes və kənd təsərrüfatı dəstək xidmətlərinə, o cümlədən, maliyyə, məsləhət və baytarlıq xidmətlərinə çıxış imkanlarını artırmaq və kənd ərazilərinə bazar yönümlü investisiyaları stimullaşdırmaqdır.

Layihənin əsas komponentləri və fəaliyyətləri (I) kənd təsərrüfatı biznes xidmətləri o cümlədən, təkmilləşmiş maliyyə xidmətləri, biznes əlaqələri və texnoloji yeniliklər üçün kiçik qrantlar və kənd biznes məsləhət və bazar xidmətləri və (II) kənd təsərrüfatına dəstək xidmətləri, o cümlədən məsləhət sisteminin və baytarlıq xidmətlərinin genişləndirilməsi və uyğunlaşdırılmış texnilogiyalara çıxışın təkmilləşdirilməsi (Elmi-Tədqiqat Əkinçilik İnstitutunun modernləşdirilməsi) proqramıdır.

Proqramın məqsədi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun (ETƏİ) imkan və şəraitinin yaxşılaşdırılması, əsas diqqəti keyfiyyətə və bazar standartlarına eləcə də məhsuldarlığa yönəltməklə istehsalçılar və emalçılar üçün uyğunlaşmış texnologiyaların yaradılması, nümayiş etdirilməsi və bununla da yeni texnologiyalara təkmilləşdirilmiş çıxışı təmin etməkdir.

Proqramın Təşkilatlanma və İdarəetmə bölməsinə uyğun olaraq fermerlərin və bazarın rəqabət qabiliyətinə cavab verməsi və daha yaxşı xidmət göstərməsi üçün Elmi-Tədqiqat Əkinçilik İnstitutunun strukturu yenidən təşkil olunur. Yeni təşkilatı struktura uyğun olaraq İnstitutu yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədi ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu aşağıda göstərilən şöbə, laboratoriya, qrup və mərkəz müdirləri vəzifələrini tutmaq üçün

 

Müsabiqə elan edir

 

Seleksiya şöbəsi

Bitki fiziologiyası və biotexnologiya şöbəsi

Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi

Torpaq və bitki analizləri laboratoriyası

Dənin keyfiyyəti laboratoriyası

Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası

İlkin toxumçuluq və toxumun keyfiyyət laboratoriyası

Yayım və təlim əlaqə qrupu

Kitabxana və kompyuter mərkəzi

Vəzifələrin təsviri

Seleksiya şöbəsi

Seçiləcək namizəd bitkilərin seleksiyası şöbəsinə rəhbərlik edəcək. Şöbənin heyəti institutun mandatında olan bitkilər (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları) üzərində seleksiya işləri aparmaqla yerli və introduksiya olunmuş nümunələrin seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı və ekoloji cəhətdən bölgələrin təbii-iqlim şəraitinə uyğunlaşa bilən sortlar yaradacaqlar. Namizəd şöbənin bütün tədqiqat proqramını idarə etməklə bərabər öz tədqiqat proqramını da həyata keçirəcəkdir. O, çoxsahəli tədqiqat komandasında işləməyə hazır olmaqla İnstitutun Texniki Şurasının üzvü olur.

Bitki fiziologiyası və biotexnologiya şöbəsi

Seçiləcək namizəd bitki fiziologiyasi və biotexnologiya şöbəsinə rəhbərlik edəcək. Heyət institutun mandatında göstərilən bitkilərin morfo-fizioloyi və biokimyəvi aspektlərdə stress amillərə davamlılıq problemləri, bitki sortlarının təkmilləşdirilməsi, dənli bitki sortlarının zülal kompleksinin abiotik və biotik amillərdən asılı olaraq formalaşması, orqanizm və hüceyrə səviyyəsindəki stress təsirlərdə müxtəlif dənli bitki genotiplərinin adaptasiyasının və digər məsələlərin öyrənilməsi ilə məşğul olacaq və əldə olunan nəticələri seleksiya işlərinə yönəldəcək. Namizəd şöbənin bütün fəaliyyətini idarə etməklə bərabər öz tədqiqat proqramını da həyata keçirəcəkdir. Seçiləcək namizəd çoxsahəli tədqiqat komandasında işləməyə hazır olmaqla institutun Texniki Şurasının üzvü olur.

Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi

Seçiləcək namizəd davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinə rəhbərlik edəcək. Şöbə müasir texnologiyaları (təsərrüfat gəlirlərini artırmaq məqsədilə bitkilərin diversifikasiyası, təbii ehtiyatların davamlı istifadəsi və konservasiyası (qorunub saxlanması), torpaq becərmələrinin sayının azaldılması, sıfır becərmə, torpağın mühafizəsi - münbitliyin qorunması və eroziya məsələləri, tirə əkinləri, quraq və suvarılan ərazilərdə sudan istifadənin səmərəliliyi, zərərvericilərin inteqrə olunmuş idarə edilməsi, ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və istehsal vasitələrinin istifadəsinin optimallaşdırılması) tətbiq etməklə suvarılan və dəmyə əkinçilikdə bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində tədqiqat işlərinə məsul olacaqdır. Namizəd şöbənin bütün tədqiqat proqramını idarə etməklə bərabər öz tədqiqat proqramını da həyata keçirəcək, eyni zamanda İnstitutun Texniki Şurasının üzvü olacaqdır.

Torpaq və bitki analizləri laboratoriyası

Seçiləcək namizəd torpaq və bitki analizləri (tədqiqi) laboratoriyasına rəhbərlik edəcək. Laboratoriyanın heyəti torpaqda ümumi humusun və udulmuş əsasların, şoranlıq və şorakətlik dərəcələrinin təyini və adekvat tədbirlərin görülməsi, bitkilərdə makro və mikroelementlərin, dəndə azot və fosforun təyini, respublikanın müxtəlif torpaq-iqlim şəraitində iqtisadi cəhətdən səmərəli məhsul alınmasını, torpaq münbitliyinin bərpasını təmin edən qida rejimlərinin öyrənilməsi, bölgələr üzrə torpaqların aqrokimyəvi analizləri ilə bağlı məlumat bazasının hazırlanması, informasiyaların yayılması və müvafiq tövsiyələrin verilməsi istiqamətlərində yayım əlaqələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir. Laboratoriya müdiri seçilmiş namizəd çoxsahəli tədqiqat komandasında işləməyə hazır olmaqla institutun Texniki Şurasının üzvü olur.

Dənin keyfiyyəti laboratoriyası

Seçiləcək namizəd dənin keyfiyyəti laboratoriyasına rəhbərlik edəcək. Laboratoriyanın heyəti yumşaq buğdalarda un çıxımı və çörək bişirmənin kompleks keyfiyyət göstəricilərinin təyini, bərk buğda sortlarında makaron və yarma keyfiyyətlərinin təyini, yumşaq və bərk buğdalarda, arpada ehtiyat zülalların və pivəlik xüsusiyyətlərinin tədqiqi, qarğıdalının, ərzaq paxlalılarının (noxud və mərcimək) keyfiyyət göstəricilərinin təyini sahəsində fəaliyyət göstərəcək və əldə olunan nəticələri seleksiya işlərinə yönəldəcək. Laboratoriya, həmçinin nəzərdə tutulmuş taxılın xüsusi müqavilə əsasında keyfiyyət göstəricilərinin təyini və müvafiq şəhadətnamələrin hazırlanması, verilməsi və s. sahələrdə fəaliyyət göstərəcək. Seçiləcək namizəd çoxsahəli tədqiqat komandasında işləməyə hazır olmaqla institutun Texniki Şurasının üzvü olur.

Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası

Seçiləcək namizəd xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasına rəhbərlik edəcək. Laboratoriya İnstitutun yeni mandatında göstərilən bitkilərin (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları) yerli və introduksiya olunmuş rüşeym plazmalarının (nümünələrinin) kompleks olaraq xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyənləşdirilməsi, respublikanın dəmyə və suvarma əkinçiliyində məhsuldarlığın artırılmasında həlledici rol oynayan xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin öyrənilməsi, tətbiqi və tədrisi, fermer və digər uyğun torpaq mülkiyyətçilərininin əkin sahələrinin fitosanitar vəziyyətinin aydınlaşdırılması, müvafiq tövsiyələr verilməsi, xəstəlik, zərərverici və alaqların yayılması, zərərvurma hədlərinin müəyyənləşdirilməsi, onlara qarşı effektiv mübarizə tədbirlərinin işlənib hazırlanması sahəsində regional və beynəlxalq təşkilatlarla, elmi müəssisələrlə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Seçiləcək namizəd çoxsahəli tədqiqat komandasında işləməyə hazır olmaqla institutun Texniki Şurasının üzvü olur.

İlkin toxumçuluq və toxumun keyfiyyət laboratoriyası

Seçiləcək namizəd ilkin toxumçuluq və toxumun keyfiyyət laboratoriyasına rəhbərlik edəcək. Laboratoriya institutun mandatında olan bitkilərin ilkin toxumçuluq işinin aparılması, onların yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliklərə, zərərvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü sortlarının toxumlarının səmərəli üsullarla artırılması və çoxaldılması, həmçinin bioloji cəhətdən təmiz super-elit və elit toxum istehsal edilməsinə məsul olacaq. Namizəd çoxsahəli tədqiqat komandasında işləməyə hazır olmaqla institutun Texniki Şurasının üzvü olur.

Yayım və təlim əlaqə qrupu

Seçiləcək namizəd yayım və təlim əlaqə qrupuna rəhbərlik edəcək. Qrupda çalışacaq heyət elmi nailiyyətlərin və mütərəqqi texnologiyaların mümkün qədər geniş əraziyə yayılması və istehsalçıların peşəkar köməyə olan ehtiyaclarını ödəmək istiqamətində fəaliyyət göstərəcəklər. Namizəd Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsinin tərkib hissəsi olan İnformasiya və Məsləhət Xidməti Komponentinin bir hissəsi kimi yaradılmış 10 Regional Məsləhət Mərkəzləri (RMM) ilə sıx əlaqə yaratmalıdır. Bununla yanaşı seçiləcək namizəd Şəki, Zaqatala, Cəlilabad, Qobustan və Tərtər Bölgə Təcrübə Stansiyalarında aparılan işlərlə müvafiq RMM, Regional Aqrar Elm Mərkəzləri (RAEM) arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərməlidir. İnformasiya ötürülməsini yaxşılaşdırmaq üçün təcrübə stansiyalarında seminar və tarla günləri keçirilməsi və informasiya mübadiləsi edilməsinə də məsul olacaqdır. Namizəd Elmi-Tədqiqat Əkinçilik İnstitutunda aparılan işlərin nəticələri barədə RMM-i və RAEM-i tam məlumatlandırmalı və hər iki istiqamətdə əks-əlaqə yaradılmasını təşkil etməlidir. Yayım və təlim əlaqə qrupunun rəhbəri seçilən şəxs həm də ETƏİ-na ünvanlanmış müraciəti xüsusi tədqiqat heyətinə istiqamətləndirəcək. Tədqiqatçılar və yayım işçiləri ilə birgə aparılan sınaqların və nümayişlərin nəticələrini bölüşmək üçün əsas kənd təsərrüfatı bölgələrində seminarlar təşkil edəcəkdir. Qrup həmçinin, institutun xarıci əlaqələrinin inkişafı, Beynəlxalq elm mərkəzlərində, dünyanın qabaqcıl elmi müəssisələrində olan elmi yeniliklərin, texnologiyaların, Azərbaycana gətirilməsi, uyğunlaşdırılması istiqamətində də səylər göstərəcəkdir. Qrupun rəhbəri eyni zamanda institutun Texniki Şurasının üzvü olacaqdır.

Kitabxana və kompyuter mərkəzi

Seçiləcək namizəd kitabxana və kompyuter mərkəzinə rəhbərlik edəcək. Mərkəzdə fəaliyyət göstərəcək heyət AETƏİ-nun kitabxanasının yenidən qurulması və digər elmi informasiya üçün elektron məlumat bazasının yaradılmasını reallaşdırmaq üçün kompyuter şəbəkəsinin yaradılmasını təmin edəcəkdir. Bu informasiya həm yerli səviyyədə həm də beynəlxalq səviyyədə bütün maraqlı tərəflər üçün açıq olacaq, eləcə də dünyanın müxtəlif elm mərkəzlərindən məlumatların əldə edilərək müvafiq tədqiqat proqramlarında istifadə edilməsini təmin edəcək. AETƏİ-nun veb saytının yaradılması, saxlanılması və təzələnməsi də mərkəzin məsuliyyətində olacaqdır.

Vəzifəyə görə tələblər:

a) seçilmiş bütün namizədlər şöbə, laboratoriya, qrup və mərkəz üçün dərhal 5-illik iş planı, yeni kadr təyinatı üçün iş və vəzifələrin təsvirini hazırlamalı və yeni kadr təminatında seçim prosesinə köməklik göstərməlidir;

b) vəzifələr 5-illik müqaviləyə əsaslanacaq və aparılan işin nəticəsi və keyfiyyəti nəzərə alınmaqla hər il təzələnəcək;

c) göstərilən vəzifələri tutmaq üçün namizədlər aşağıdakı keyfiyyətlərin hamısına, yaxud əksəriyyətinə cavab verməlidir:

* Böyük elmi işçi olaraq minimum 5-illik iş təcrübəsi

* Kənd təsərrüfatı elmi üzrə ali dərəcəli olması daha məqsədəuyğun olardı (yayım və təlim əlaqə qrupu üçün kənd təsərrüfatı, iqtisadiyyat və ya buna yaxın sahələrdə universitet dərəcəsi, kənd təsərrüfatı, iqtisadiyyat üzrə elmi dərəcəli olması daha məqsədəuyğun olardı; kitabxana və kompyuter mərkəzi üçün müvafiq ixtisasa, bilik və təcrübəyə malik olmalıdır)

* Sanballı elmi əsərləri

* Layihə idarəedilməsi və elmi rəhbərlik sahəsində yüksək qabiliyyətə malik olması

* Birgə tədqiqat proqramlarında digər alimlərlə əməkdaşlıq şəraitində iş təcrübəsi

* İngilis dili üzrə bilik qabiliyyətinin olması faydalı olardı (yayım və təlim əlaqə qrupu, kitabxana və kompyuter mərkəzi üçün ingilis dili bilməsi vacibdir)

Ərizə təqdimetmə prosesi

Vəzifələrə namizədliklərini irəli sürmək üçün iddiaçılar aşağıdakı komponentlərdən ibarət ərizə formasını təqdim etməlidir:

1.İddiaçının vəzifəni tutmaqda marağını (səbəbi) izah edən ərizə forması

2.Elmi əsərlərinin siyahısı da daxil olmaqla təhsil və kadrların şəxsi uçot vərəqəsi, elmi fəaliyyətinə dair tərcümeyi-hal (yayım və təlim əlaqə qrupu vəzifəsi üçün əlavə olaraq birgə tətbiqi tədqiqat və ya yayım proqramlarında digər alimlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi və bu sahədə təcrübəsi, kitabxana və kompyuter mərkəzi üçün müvafiq ixtisas, bilik və təcrübə)

3.İddiaçının namizədliyini dəstəkləyən rəy məktubu

4.Yeni şöbə (laboratoriya, qrup, kitabxana və kompyuter mərkəzi barədə namizədin prioritet hesab etdiyi sahələr və baxışlara dair təklifləri (10 səhifədən artıq olmamaqla). Təklifdə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

a) şöbənin/laboratoriyanın, qrupun, mərkəzin forması və ümumi məqsədlərinə dair baxışları göstərməklə 2-səhifəlik şərh;

b) yeni heyətin işinə dair prioritet mövzuların siyahısı və vəzifələrin məntiqi əsaslandırılması;

c) yeni şöbənin/laboratoriyanın, qrupun, mərkəzin prioritet təlim ehtiyacları;

d) şöbə/laboratoriya, qrup və mərkəz üzrə əsas prioritet avadanlıqlara olan tələbatın siyahısı, o cümlədən avadanlığa olan ehtiyacın əsaslandırılması;

e) tədqiqatın məqsəd və vəzifələri, o cümlədən şöbədən/laboratoriyadan, qrupdan, mərkəzdən gözlənilən illik elmi və digər nəticələr;

f) şöbənin/laboratoriyanın, qrupun, mərkəzin bir illik iş planı və büdcəsi;

g) şöbə/laboratoriya, qrupvə mərkəz üzrə təklif olunan əməkdaşlıq əlaqələri;

h) şöbədə/laboratoriyada, qrupda və mərkəzdə elan olunacaq iş yerlərinin birinin təsvirinə dair nümunə.

Müddət

Ərizələrin qəbulu üçün son müddət 16 fevral 2009-cu il saat 17.00-dır. Son müddətdən sonra təqdim edilən sənədlər nəzərə alınmayacaq.

Ünvan: Bakı şəhəri, Pirşağı qəsəbəsi, 2 №-li sovxoz.

Telefon 497-49-31; 551-61-30.

E-mail: talai_akinchi@box.az

 

 

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik

 İnstitutunun Rəhbərliyi 

 

Xalq qəzeti.-2009.-15 yanvar.-S.7.