Reallaşan qlobal düşüncələr
XXI əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. Qlobal proseslər inkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmayaraq, dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən etməyə başlamışdır.
Akademik Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı fundamental əsərində qeyd etdiyi kimi: “Yeni yüzilliyin qısa başlanğıc dövründə dünyada elə heyrətamiz dəyişikliklər baş vermişdir ki, onların geniş miqyası təkcə iqtisadi və siyasi sahələri deyil, həm də insanın təkrar istehsalının, təhsil və təfəkkür sistemlərinin fundamental əsaslarını əhatə etmişdir. Artıq çoxları dərk etmişdir ki, yeni dövr, beynəlsivilizasiya inkişaf erası başlanmışdır”.
İqtisadi, siyasi və mədəni-mənəvi proseslərdə özünü göstərən dərin qloballaşma təmayülü iqtisadi qloballaşmada daha böyük sıçrayışla gedir və digər prosesləri də öz arxasınca aparır. Təsadüfi deyildir ki, artıq siyasət getdikcə daha çox iqtisadiləşmişdir. İqtisadi qloballaşma isə iqtisadiyyatın yalnız beynəlmiləlləşməsi demək deyildir, həmin prosesin yeni və yüksək mərhələsidir.
Keçid iqtisadiyyatı ölkələri müstəqillik uğrunda mübarizəni iki mühüm prosesin: iqtisadi transformasiya və qloballaşma proseslərinin təsiri altında aparırlar. İqtisadi transformasiya prosesləri artıq başa çatmaq üzrə olduğu halda, qloballaşma onların iqtisadiyyatına və iqtisadi siyasətinə getdikcə daha çox təsir göstərir.
Ona görə də ictimai inkişafın müasir təmayülləri ictimai-iqtisadi inkişaf problemlərinə getdikcə daha çox qlobal yanaşma tərzini tələb edir. Hər hansı bir ölkədə gedən daxili proseslər özünün məzmunu və forması baxımından çoxsaylı səciyyəvi cəhətlərinə baxmayaraq, təcrid olunmuş şəkildə cərəyan etmir. Qloballaşmanın planetar mahiyyət kəsb etdiyi və dönməz xarakter aldığı bir dövrdə həmin proseslər insan cəmiyyətinin müasir tarixi inkişafı gedişinin aparıcı istiqamətini təşkil edir. Ona görə də həyat bütün kəskinliyi ilə tələb edir ki, ölkənin spesifik xüsusiyyətləri qloballaşmanın doğurduğu yeni şəraitlə sıx surətdə əlaqələndirilsin. Müasir iqtisadi, sosial və siyasi problemlərə qlobal yanaşma tərzinin üstünlüyü onda deyil ki, belə yanaşma tərzi bütün qoyulan suallara dərhal düzgün cavab verməyə çalışır, həm də ondadır ki, bu sualları düzgün qoymağa imkan verir.
Beləliklə, hər hansı bir ölkədə konkret iqtisadi və sosial transformasiyaların konkret bir ərazidə daxili sosial-iqtisadi qüvvələrin və proseslərin təsiri altında baş verdiyinə baxmayaraq, həmin transformasiyaları doğuran səbəblərə, onların mahiyyəti və inkişaf perspektivlərinə, milli və dünya problemlərinin çulğaşdığı müasir dövrdə, yalnız həmin ölkənin daxili prizmasından baxılması kifayət deyil və yanlış nəticələrə gətirib çıxara bilər.
İstehsal və mübadilənin müasir xarakteri, miqyası və onların nəticələrinin ölkələrarası bölgüsü tələb edir ki, ayrıca götürülmüş hər bir ölkədə geniş təkrar istehsalın zəruri və ilkin şərtlərinin həmin ölkənin beynəlxalq maliyyə-iqtisadi mühitdə iştirakı, həmin mühitə uyğunlaşma mövqeyindən nəzərdən keçirilsin. Müasir ümumdünya təsərrüfatı vahid istehsal sferası kimi, yalnız bu və ya digər təsərrüfat sahəsinin iqtisadi səmərəliliyi hesablanarkən nəzərə alınmır, həmçinin ümumbəşəri xarakter almış ərzaq, xammal, enerji, demoqrafiya, ekologiya və s. kimi ciddi problemlərin həll edilməsi məqsədilə də daim diqqət mərkəzindədir.
Müstəqillik əldə etmiş ölkələrin siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf problemləri xarici iqtisadi əlaqələri, onların dünya bazarına inteqrasiyası ilə iqtisadi inkişaf mexanizmi arasındakı qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq qloballaşma dövründə xüsusi aktuallıq kəsb etmişdir.
Qloballaşmanın və meqacəmiyyətin yaranması cəmiyyətin uzun tarixi dövr ərzində modernləşmə prosesinin məhsulu və məntiqi nəticəsidir. Qloballaşma eyni zamanda bəşəriyyətdə mövcud olan ən perspektivli modernləşmə təmayüllərini seçib təşviq edir. Akademik Ramiz Mehdiyevin səlis ifadəsilə desək: “Hazırda sosiomədəni transformasiyanı milli tranzitin iki aspekti - iqtisadi və siyasi modernləşmə təşkil edir”.
Başlıca məzmununu qloballaşma təşkil edən postsənaye cəmiyyətinin əsas əlamətləri aşağıdakılar hesab edilir: — istehsal və istehlakın strukturunun dəyişməsi (xidmət sahəsinin rolunun artması); — təhsilin səviyyəsınin yüksəlməsi; — əməyə yaradıcı münasibətin aparıcı amilə çevrilməsi; — ətraf mühitə yüksək diqqət verilməsi; — iqtisadiyyatın humanistləşməsi (sosial yönümlülüyünün artması); — cəmiyyətin informasiya cəmiyyətinə çevrilməsi; — kiçik biznesin renessansı. Bu o deməkdir ki, əvvəlki biliklərin qısa bir zamanda köhnəlməsi və yenilərinin sürətlə yayılması və təbəqələşmə nəticəsində əhalinin bir qrupunun gəlirlərinin sürətlə artması buraxılan məhsulların da sürətlə yenilənməsini, bir-birini əvəz etməsini tələb edir. İri şirkətlərə nisbətən kiçik biznes bu baxımdan çox çevikdir və istehsalın profilini qısa müddət ərzində dəyişə bilir. Məhz buna görədir ki, inkişaf etmiş sənaye ölkələrində ümumi daxili məhsulun yarısından çoxu kiçik biznesin payına düşür.
Bu ölkələrdə iqtisadiyyatın modernləşdirilməsi vəzifələrindən biri - sovet dövründə uzun müddət qapalı şəraitdə mövcud olmuş təsərrüfatın texnoloji və struktur cəhətdən yenidən qurulmasıdır. Bu proses isə iqtisadiyyatın o sahələrinin üstün inkişafını nəzərdə tutur ki, həmin sahələr öz məhsullarını daxili və xarici bazarlarda müvəffəqiyyətlə sata bilirlər. Beynəlxalq əmtəə, maliyyə və işçi qüvvəsi axınlarının şərtlərini müəyyən edən qlobal maliyyə-iqtisadi mühitə inteqrasiya imkan verir ki, qüvvələr istehsalın uduşlu sahələrinə yönəldilsin, zəif iqtisadi səmərə verən məhsul istehsalından imtina edilsin və investisiyanın strukturunu dəyişdirməklə səmərəli inkişaf modeli seçilsin. Ölkənin seçdiyi yol beynəlxalq əmək bölgüsünün üstünlükləri ilə uzlaşdırılmadıqda isə həmin ölkədə istehsal özünün aşağı səmərəliliyi və zəif inkişaf sürəti ilə xarakterizə edilir.
Ölkənin beynəlxalq əmək bölgüsündə iştirakı vəziyyətinin adətən ən gözəçarpan göstəricisi xarici ticarətdir. Azərbaycan kimi müstəqillik əldə etmiş ölkələrin xarici ticarətinin səmərəliliyinin (onların ixrac etdikləri məhsulların istehsalı və satışı xərclərinin əldə edilən valyuta gəlirlərinə nisbəti) təhlili göstərir ki, həmin əməliyyatlar belə ölkələr üçün əhəmiyyətli dərəcədə sərfəlidir. Bu onunla əlaqədardır ki, onlar öz məhsullarını dünya bazarlarında beynəlmiləl dəyərlər əsasında formalaşan qiymətlərlə reallaşdırırlar. Bu dəyərlər isə adətən həmin ölkələrin milli dəyərlərindən aşağı olur. Lakin bu ölkələr xaricdən aldığı məhsulları da milli dəyərlərdən aşağı olan beynəlmiləl dəyərlər əsasında formalaşan qiymətlərlə əldə edirlər. Dünya qiymətlərinin səviyyəsi bu ölkələrin ixracatında, xüsusən bu ixracatda xammal üstünlük təşkil etdiyi hallarda səmərəliliyi təmin etməyə bilir. Bununla yanaşı, həmin ölkələr əgər texnologiyanı özləri istehsal etsəydilər, bu onlar üçün çox baha başa gələrdi. Ona görə də həmin ölkələr istehsalın yeni texnika, texnologiya və informasiya vasitələri ilə yeniləşdirilməsi üçün xaricdən onları sərfəli qiymətlərlə idxal edirlər. Bu isə inkişaf üçün böyük perspektivlər açır. Əsrin son onilliyində SSRİ-nin dağılması ilə dünyanın yeni siyasi xəritəsində özünə layiqli yer tutmuş müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmuşdur. Kəskin mübarizə şəraitində əldə edilmiş siyasi müstəqillik ölkənin sovet dövründə 70 il ərzində yığılıb qalmış ciddi siyasi, iqtisadi və sosial problemlərinin həlli yolunda geniş perspektivlər açmışdır. Sovet “dəmir pərdələri” ilə uzun illər boyu dünya birliyindən siyasi və iqtisadi cəhətdən təcrid olunmuş Azərbaycanda açıq cəmiyyət yaradılması, dünya dövlətləri ilə bərabərhüquqlu hərtərəfli əlaqələrin inkişaf etdirilməsi ölkəmizdə mövcud olan sosial-iqtisadi problemlərin həlli yolunda, sözün əsl mənasında, açar rolunu oynayır. Özünün üçrəngli bayrağında əksini tapmış müasirləşmə ideyası və istəyi bir ideya və istək kimi qalmayıb, həm də gələcəyə doğru böyük bir hərəkatın rəmzidir, Azərbaycan cəmiyyətinin mühüm fərqləndirici xüsusiyyətlərindən biridir. Bu hərəkat Azərbaycanın ictimai inkişafının bütün istiqamətlərində (siyasi, iqtisadi, mənəvi) bariz şəkildə görünməkdədir. Ümumdünya İqtisadi Forumunun 1995-ci ildə Londonda (29-30 noyabr) təşkil etdiyi “Azərbaycan: investisiya imkanları” adlı Beynəlxalq sərgi və konfransda ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim strateji kursumuz dünya iqtisadi birliyi ilə sıx inteqrasiya edən, bazar iqtisadiyyatına əsaslanan, müstəqil, demokratik hüquqi dövlət qurmaqdır. Buna uyğun olaraq biz artıq konkret nəticələr vermiş olan genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk”.
Azərbaycan bir çox həyati əhəmiyyət kəsb edən siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən təbii bir məkandır. İki qitənin qovşağında və mühüm strateji əhəmiyyətli ərazidə yerləşən respublikamızda dünyanın nəhəng dövlətlərinin mənafeləri toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi gedir. Belə bir şəraitdə siyasi istiqlaliyyət əldə edilməsi, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə keçilməsi uzun müddət xarici aləmlə mövcud olmuş köhnə əlaqələr sisteminə yenidən baxılması və bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərin yaradılması üçün mühüm zəmin təşkil etdi. Kommunist imperiyasının süqutu böyük bir ərazidə geosiyasi vəziyyəti kökündən dəyişdirərək Azərbaycanın beynəlxalq aləmdə müstəqil subyekt kimi yer tutması, qloballaşma şəraitində xarici əlaqələrinin səmərəliliyinin artırılması və intensivləşdirilməsi, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən respublikanın mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün geniş perspektivlər açdı.
(ardı var)
Dünyamalı VƏLİYEV,
Azərbaycan Universiteti ümumi
iqtisadiyyat
kafedrasının müdiri,
iqtisad elmləri namizədi,
dosent
Xalq qəzeti.-2009.-16 yanvar.-S.3.