Demokratik Avropa ailəsinin layiqli üzvü

 

Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsindən 8 il ötür

 

Müasir dövrdə ümumavropa məkanında insan hüquqlarının qorunması və gənc müstəqil dövlətlərdə demokratik proseslərin inkişaf etdirilməsi istiqamətində, habelə beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, qitədə sülhün, təhlükəsizliyin qorunmasında, qlobal problemlərin həllində müstəsna rol oynayan Avropa Şurası öz strukturuna, işinin çoxşaxəliyinə görə mürəkkəb bir sistemdir. Bu gün Avropada ən aktual problemlərdən olan insan hüquqlarının məhəlli səviyyədə müdafiəsi ilə müxtəlif institutlar, o cümlədən də Avropa Birliyi və ATƏT məşğul olsa da, “insan hüquqlarının müdafiəsi üçün Avropa sistemi” dedikdə, bir qayda olaraq, Avropa Şurasını və onun çərçivəsində yaradılan nəzarət mexanizmlərini nəzərdə tuturlar.

Uzun müddət, təxminən 60 illik dövr ərzində aşkar edilən bəzi zəif cəhətlərinə və nöqsanlarına baxmayaraq, Avropa Şurası insan haqlarının müdafiəsi üçün ən yararlı sistem kimi özünü təqdim edərək Avropa insan haqlarının beynəlmiləlləşməsinə, onların universal mahiyyət kəsb etməsinə, beynəlxalq münasibətlərin predmetinə və qayğısına çevrilməsinə güclü təkan verib.

Bu gün Avropa Şurası ilə gənc müstəqil dövlətlərin əlaqələrinin yaranması formaları, mahiyyət və məqsədləri, inkişaf istiqamətləri geniş tədqiq edilməli məsələlərdəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Avropa Şurası təşkilatı arasında əlaqələr aktuallığına görə son dərəcə diqqəti cəlb edir.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin yaranmasının, inkişaf edib möhkəmlənməsinin, onların tarixi kökləri və hüquqi əsaslarının tədqiq edilməsi, Avropa Şurası ilə əməkdaşlığın ölkənin xarici siyasətindəki və daxili həyatındakı rolunun öyrənilməsi, Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində əldə olunmuş nailiyyətlərdə Avropa Şurasının rolu, bu təşkilatlarla perspektiv istiqamətlərin müəyyənləşdirilməsi, ümumiyyətlə, Avropa Şurası təşkilatının öyrənilməsi, onun mahiyyətinin, quruluşunun və fəaliyyətinin tədqiqi bu gün Azərbaycan üçün zəruridir.

Müstəqil Azərbaycan Respublikası bu gün demək olar ki, əksər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Fikrimcə, Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək üçün üzv dövlətlər arasında sıx əlaqələr yaratmasında müstəsna xidmətlərə malik olan Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın siyasi təhlili, öz aktuallığı baxımından digər sadaladığımız qurumlarla müqayisədə daha yüksəkdə durur.

Bu mötəbər təşkilatın Azərbaycanın siyasi həyatına əhəmiyyətli təsirini işıqlandırmaq üçün ölkəmizin Avropa Şurası ilə əməkdaşlığının yaranması tarixinin və bu əlaqələrin xronoloji ardıcıllığının şərh edilməsi zərurəti yaranır.

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməklə öz müstəqilliyini bərpa etdi. Bu, müstəqil dövlət kimi Azərbaycana dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq yaratmağa, beynəlxalq hüququn subyekti kimi universal və regional beynəlxalq təşkilatlara daxil olmağa perspektivlər açdı.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədi ilə qısa müddət ərzində beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaratdı.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daxil olması, dünya siyasət aləminə qoşulması çətin və ağrılı olmuşdur. Əslində suveren Azərbaycanın diplomatiyasının qurulmasına sıfırdan başlanmışdır. Yeni epoxaya qədəm qoyan Azərbaycan Respublikası çoxlu problemlərlə üzləşmiş, bunlardan ən kəskin və qorxulusu Azərbaycanın beynəlxalq aləmdən təcrid edilməsi təhlükəsi olmuşdur. Respublika düşdüyü çətin vəziyyətin dünya birliyi tərəfindən dərk olunmasına uzun müddət nail ola bilməmişdir.

Hökumətlərarası və parlamentlərarası siyasi təşkilat olan Avropa Şurasına respublikamız hələ 1992-ci ildə qonaq statusu almaq üçün müraciət etsə də, bu məsələ öz müsbət həllini tapmamışdı. Belə ki, həmin dövrdə Avropa Şurasının özü Cənubi Qafqaz regionuna qədər genişlənməyə hazır deyildi. Üstəlik, bu təşkilatın ölkəmizə münasibəti də müsbət deyildi və hətta 1992-ci ildə Avropa Şurasının qeyri-üzv ölkələr üzrə komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar respublikamızın əleyhinə bəyannamə qəbul etmişdi. Belə bir şəraitdə ilk növbədə Avropa Şurasında Azərbaycanın obyektiv, düzgün imicini formalaşdırmaq lazım idi.

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün əlverişli perspektivlər və real imkanlar qazanmışdı. O dövrdə, yəni dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulması iki amillə bağlı idi:

Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulmaqda maraqlı olması, qısa müddətdə Azərbaycanda yaradılmış siyasi sabitlik, respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş siyasi-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulması üçün əlverişli zəmin hazırlamış oldu.

Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları Avropanı Azərbaycana cəlb edirdi. Bu baxımdan Avropa beynəlxalq təşkilatlarının Azərbaycanla əməkdaşlığa meyilli olmaları təbii qəbul edilməli idi.

Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin müstəqilliyin ilk illərini əhatə edən dövr üçün siyasi sahədə aşağıdakı məqsədləri əhatə etməsi fikrini irəli sürmək mümkündür:

Qazanılmış müstəqilliyin təsdiqi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi;

insan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində perspektivlərin inkişafına zəmin yaratmaq;

Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına imkan qazanmaq;

ölkənin xarici siyasətinin dinc yanaşı yaşamaq, sülhü və təhlükəsizliyi qorumaq, beynəlxalq hüquq prinsiplərinə əsaslandığını nümayiş etdirmək və digər dövlətlərə çatdırmaq;

öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali tribunasından istifadə etmək.

Müasir Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin qurulması, inkişafı, formaları və məqsədləri, beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər, bu təşkilatın 60 illik müddətdə toplanmış təcrübəsi əsasında qurulmuş, nəticədə əlaqələrin bütün formaları fayda vermişdir.

Avropa Şurası ilə Azərbaycanın əlaqələrinin qurulmasını və inkişafını şərti olaraq üç mərhələyə bölmək olar:

1992-ci ildən 28 iyun 1996-cı ilə qədərki dövr;

28.06.1996-cı il - 25 yanvar 2001-ci ilə qədər olan müddət;

25.01.2001-ci ildən sonrakı dövr.

I mərhələ Azərbaycanın Avropa Şurası ilə sistemsiz, zəif və pərakəndə əlaqələrini əhatə edir. Bu mərhələdə əlaqələrdəki belə qeyri-müəyyənlik, Ermənistanın təcavüzkarlığına qarşı mübarizəyə daha çox diqqət verilməsi və bir sıra daxili proseslərlə, bu məsələdə daxili və xarici siyasətdə qeyri-sabitliyin mövcudluğunun aydın şəkildə göstərməsi ilə səciyyələnir. Bu dövrün başa çatma həddinin ilkin olaraq 1993-cü ilin sonu kimi qəbul edilməsi, nəticədə birinci mərhələnin də öz növbəsində iki hissəyə ayrılmasına imkan yaradır.

Birinci hissə: Azərbaycan Respublikası rəsmi şəkildə ilk dəfə 1992-ci ilin yanvarında Avropa Şurasına müraciət edərək “xüsusi qonaq” statusu ilə təşkilatın fəaliyyətində təmsil olunmaq istədiyini bildirmişdi. Lakin bu dövrdə Zaqafqaziya ölkələrinin Şuranın fəaliyyətində iştirakı məsələsi hələlik açıq saxlanmışdı, bir tərəfdən, Avropa Şurasının Qafqaz regionuna kimi genişlənməyə hazır olması üçün lazım olan fəaliyyət mexanizmi hələlik mövcud deyildi, digər tərəfdən, Qafqaz respublikalarında genişlənən demokratik hərəkatın etibarlılığı hələlik şübhə altında idi.

Avropa Şurası ilə işgüzar əlaqələrin qurulmasına nail olmaq məqsədilə Azərbaycan hökuməti və parlament nümayəndələri 1992-ci ilin iyun və oktyabrında Şuranın mənzil-qərargahının yerləşdiyi Strasburq şəhərinə səfərlər etdilər ki, məhz bu zaman təşkilatla əməkdaşlığın formaları, habelə Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsini nizama salmaq üçün vasitəçilik missiyasının məzmun və mahiyyəti razılaşdırıldı.

Avropa Şurasının respublikamıza münasibəti erməni millətçiləri tərəfindən Azərbaycana qarşı aparılmış təbliğat əsasında formalaşaraq, bu dövrdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılmaması və hətta Parlament Assambleyasının üzvü olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin 1992-ci il fevral ayının 5-də Dağlıq Qarabağa dair Azərbaycanın mövqeyinə zidd olan bəyanat qəbul etməsi ilə nəticələnmişdi. Belə bir şəraitdə ilk növbədə Avropa Şurasında Azərbaycanın obyektiv, doğru-düzgün imicini yaratmaq, Azərbaycanın Avropa Şurasının prinsiplərinə uyğun xarici siyasət yeritdiyini, insan hüquqlarının müdafiəsi və demokratiya yolu ilə inkişaf etdiyini bəyan etmək lazım idi. Bu sahədə aparılan iş özünün real nəticələrini verməyə başladı.

Digər tərəfdən, Avropa Şurası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv yanaşılmaqla münaqişənin təşkilat tərəfindən daha ətraflı öyrənilməsi Avropa Şurasında münaqişəyə və Azərbaycana münasibətdə dəyişikliklər yaratdı. Belə ki, artıq 1992-ci il mart ayının 12-də Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi bəyanatda Komitə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar dərin təşviş hissi keçirdiyini bildirirdi. Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin dinc əhalisi barəsində zorakılıq pislənilir və göstərilirdi ki, beynəlxalq birlik Dağlıq Qarabağda münaqişənin zor gücünə aradan qaldırılmasına razı ola bilməz. Bəyanatda sərhədlərin toxunulmazlığı prinsipinin gözlənilməsi zəruriliyinin qeyd olunması münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında nizama salınmasının vacibliyindən xəbər verirdi. Bəyanatda qeyd olunurdu ki, sərhədlər yalnız dinc yolla və qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər. Erməni təcavüzkarları tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi ilə əlaqədar olaraq Avropa Şurası Nazirlər Komitəsi erməni qoşunlarının Kəlbəcər rayonundan çıxarılması haqqında 16 aprel 1993-cü ildə bəyanat verdi. Sənəddə deyilirdi ki, Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası sədrinin bütün döyüş əməliyyatlarını dərhal dayandırmaq çağırışına tamamilə tərəfdar çıxır və bölgədə sülh və təhlükəsizlik üçün qorxu yaradan qüvvələrin oradan çıxarılmasını tələb edir.

Ümumiyyətlə isə, Ermənistan qoşunları 1992-1993-cü illər ərzində Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Qubadlını, Cəbrayılı və Zəngilanı ələ keçirərək Azərbaycan torpaqlarının 16 min kvadratkilometrlik bir hissəsini (halbuki Dağlıq Qarabağın ərazisi 4 min kvadratkilometrdir) öz işğalı altına aldı. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874 və 884 saylı), Təhlükəsizik Şurasının sədri isə 6 bəyanat qəbul etmişdi.

Avropa Şurası ilə Azərbaycan arasında işgüzar əlaqələrin qurulması 1993-cü ilin ortalarına aiddir. 1993-cü ilin sonundan ikinci mərhələyə qədər olan müddət tamamilə fərqli cəhətlərə malik olan dövrdür:

1993-cü ildən başlayaraq Azərbaycan xalqı müstəqil dövlətçiliyini inkişaf etdirərək öz tarixi seçimini etmiş, Avropa dəyərləri, normaları və standartları əsasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması yolunu tutmuşdur.

Avropa Şurasının üzvü olan dövlətlərin yüksək səviyyədə ilk konfransı 1993-cü ildə Vyanada keçirilmişdi. Vyana Konfransı Avropanın gələcək inkişaf perspektivlərinə dair tarixi bəyannamənin qəbulu ilə başa çatmışdı. Burada yeni tarixi şəraitlə bağlı Avropa Şurasının qarşısında duran məqsəd və vəzifələr də açıqlanmışdı.

Məhz bu ildən etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər, müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyllərini daha bariz şəkildə büruzə verirdi.

Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin beynəlxalq aləmdə cərəyan edən proseslərə incə və praqmatik yanaşma tərzi və Azərbaycanın vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olması üçün zəmin yaradıldı.

1993-cü ilin ikinci yarısından sonra ölkəmizin beynəlxalq fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması, Ermənistanla münaqişədə respublikamızın hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi Avropa Şurası ilə əməkdaşlıq üçün yeni üfüqlər açdı.

Bu mərhələnin tarixi hadisələrinin xronoloji ardıcıllığına diqqət yetirdikdə Avropa Şurası ilə Azərbaycan arasında daha sıx və intensiv əməkdaşlığın qurulması açıq-aşkar hiss olunur. 1993-cü ilin oktyabr ayında əldə edilmiş atəşkəsin ermənilər tərəfindən pozulması ilə əlaqədar Avropa Şurasının 9 noyabr 1993-cü ildə Dağlıq Qarabağa dair verdiyi bəyanatda deyilirdi:

“Avropa Şurası 1993-cü il oktyabrın 24-də Dağlıq Qarabağ bölgəsində atəşkəs haqqında sazişin pozulmasını pisləyir və bu yaxınlarda işğal olunmuş ərazilərdən bütün qüvvələri çıxarmağa çağırır. Avropa Şurası ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə əhəmiyyət verdiyini təsdiqləyir.

Avropa Şurası silahlı toqquşmalardan qaçmaqla canını qurtaran on minlərlə mülki şəxsin taleyindən xüsusilə narahatdır. Həmin qaçqınların qəbulu və müdafiə edilməsi beynəlxalq birliyin üstün vəzifələrindən olmalıdır. Bundan əlavə, bu qaçqınların olması münaqişənin beynəlxalq miqyas alması təhlükəsini artırır və bütün regionun sabitliyi üçün qorxu törədir.

Avropa Şurası zərər çəkmiş əhaliyə bundan sonra da humanitar yardım göstərəcəkdir. Bununla əlaqədar o, regionun bütün dövlətlərini yardımın çatdırılmasına kömək etməyə çağırır. Avropa Şurası Ermənistan - Azərbaycan , Dağlıq Qarabağ münaqişəsini möhkəm siyasi vasitələrlə aradan qaldırmaq yolları axtarmaq məqsədi ilə ATƏM-in Minsk qrupunun göstərdiyi səyləri bütünlüklə dəstəklədiyini bir daha təsdiq edir. O, münaqişədə iştirak edən tərəfləri 1993-cü il oktyabrın 24-də pozulmuş atəşkəs vəziyyətini bərpa etməyə çağırır”.

Azərbaycan nümayəndələrinin Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri zamanı insan hüquqları, milli azlıqların hüquqları, demokratik hüquqi dövlətin infrastrukturlarının qurulması, Azərbaycan Respublikası Konstitusiyası və qanunların hazırlanmasında Avropa Şurası tərəfindən ekspert köməyi göstərilməsi sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın inkişafında maraqlı olduqları qeyd olunmuşdur. Azərbaycan Respublikası ilə Avropa Şurası arasında yaranmış əlaqələr təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin tez-tez Azərbaycana səfəri ilə nəticələnirdi. Bu səfərlər zamanı Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbulu, Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması, Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunurdu.

1994-cü il iyunun 10-da bütövlükdə Qafqaz regionunda, o cümlədən Azərbaycanda vəziyyətlə tanış olmaq və “xüsusi dəvət olunmuş qonaq” statusunun mahiyyətini dəqiqləşdirmək üçün regiona komissiya göndərmək qərara alındı. 1994-cü il noyabrın 14-dən 17-dək Bakıda olmuş komissiya respublikamız, onun daxili vəziyyəti, xarici siyasət istiqamətləri, çətinlikləri, qaçqınlar problemi, humanitar yardımların vəziyyəti haqqında ətraflı məlumat topladı. Təsadüfi deyildi ki, məhz həmin komissiyanın topladığı məlumatlar Avropada yayıldıqdan sonra respublikamıza Avropa İttifaqı və Avropa Şurası xətti ilə edilən yardımların miqdarı xeyli çoxaldı, Azərbaycana beynəlxalq aləmdə münasibət tədricən müsbət mənada dəyişməyə başladı, bununla belə Azərbaycana “xüsusi qonaq” statusunun verilməsi məsələsi bir müddət açıq saxlanıldı.

Ötən illər ərzində Azərbaycanda demokratik dəyərlərin bərqərar və inkişaf etdirilməsi, insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması sahəsində nəzərə çarpan nailiyyətlər qazanılmışdır.

Azərbaycan cəmiyyətinin irəliyə doğru inkişafının bünövrəsini 1995-ci ildə referendum yolu ilə qəbul edilən, insan hüquq və azadlıqlarını özündə əks etdirmək baxımından ən yüksək norma və standartlara cavab verən müstəqil Azərbaycanın ilk Konstitusiyası qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədinə çevrilmişdir. Dövlətimiz və xalqımız Konstitusiyada təsbit edilmiş prinsipləri və dəyərləri həyata keçirərək ölkədə geniş miqyaslı islahatlara başlamışdır.

Milli Məclisin dəvəti ilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikası ali qanunvericilik orqanına keçirilən seçkilərdə və dövlətimizin yeni Konstitusiyasının referendumunun gedişində müşahidəçi kimi iştirak etmişdir. Avropa Şurası müşahidəçilərinin məruzəsində göstərilmişdi ki, parlamentə seçkilər seçicilərin azad seçki təcrübəsi olmadığı bir şəraitdə keçirilməsinə baxmayaraq, bu tədbir Azərbaycanın demokratikləşdirilməsi istiqamətində mühüm və yeni addım olmuşdur. Avropa Şurası ilə əlaqələrin genişlənməsi Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən baxmaq üçün ekspert köməyi əldə etmək imkanı verdi.

1996-cı il martın 1-2-də Azərbaycan nümayəndə heyətinin xahişi ilə Venesiya ekspertlər komissiyası 1996-cı il mayın 17-18-də olmuş iclasında Azərbaycanın komissiyaya qəbul olunması haqqında qərar qəbul etdi. Bu, Azərbaycanın Avropa Şurası üzvü olan ölkələr içərisində siyasi nüfuzunun yüksəlməsinə əyani nümunə idi.

1996-cı il iyunun 5-6-da Azərbaycan xarici işlər nazirinin Strasburqa səfəri, iyunun 2-6-da isə Avropa Şurası Parlament Assambleyasının qeyri-üzv dövlətlərlə iş komissiyasının sədri J.Setlenjin Bakıya səfəri Azərbaycanın Avropa Şurasının “xüsusi qonaq” statusunu almasını xeyli sürətləndirdi. 1996-cı il iyunun 24-28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası Azərbaycanın demokratik cəmiyyət quruculuğundakı nailiyyətlərini nəzərə alaraq respublikamıza “xüsusi qonaq” statusunun verilməsi haqqında qərar qəbul etdi, bununla da Azərbaycan diplomatiyasının dörd illik mübarizəsi uğurla nəticələndi.

Azərbaycanda qanun yaradıcılığı fəaliyyətinin inkişaf etdirilməsində “Qanundan Demokratiyaya Doğru” Avropa komissiyasının xüsusi rolu olmuşdur. Komissiyanın topladığı təcrübədən istifadə edilməsi Azərbaycanda demokratik dəyişikliklər prosesinin həyata keçirilməsinə, hüquqi bazanın möhkəmləndirilməsinə kömək etməklə yanaşı Azərbaycan Respublikası qanunlarının Avropa konvensiyalarına müvafiqliyini təmin edir. Bu təcrübə həmçinin Avropa Şurası ilə eyni hüquqi dildə mükalimə aparmaq üçün leksik əsas hazırlayır. Milli qanunların Avropa konvensiyaları və sazişlərilə təmin olunması istiqamətində Avropa Şurası ilə əməkdaşlıq imkanlarından maksimum istifadə etmək üçün Azərbaycan Avropa Komissiyasının fəaliyyətinə qoşulmuşdur.

Respublikanın həyatında demokratik ictimai və siyasi dəyişikliklərin baş verməsi, yeni qəbul olunmuş Konstitusiyada və qanunlarda insan hüquq və əsas azadlıqlarının təsbit olunması Azərbaycanın İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmağa hazır olmasını bəyan etməyə imkan verdi. Vahid Avropa hüquq məkanına tamamilə daxil olmağa cəhd etməklə yanaşı, Azərbaycan sosial, texniki, elmi və mədəni sahələrə aid Avropa normativ sənədlərinə qoşulmaq arzusunu da bildirmişdir. Avropa Şurası ilə əməkdaşlığın mühüm hissəsini Azərbaycanda qüvvədə olan qanunvericilik aktları və qanun layihələrini təşkilat tərəfindən qiymətləndirmə ekspertizasının keçirilməsi təşkil etmişdir. Bir sıra qanun layihələri Avropa Şurasına ekspertizaya göndərilmiş və təşkilat tərəfindən müsbət qiymətləndirilmişdir.

Müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi, Azərbaycanın Avropa Şurasında “xüsusi dəvət olunmuş qonaq” statusu alması və digər amillər milli qanunvericiliyin beynəlxalq standartlara uyğun formalaşmasını şərtləndirmişdir. Artıq bir qayda olaraq insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün qanunvericilik aktlarının layihələri hüquqi ekspertizadan keçirilmək üçün Avropa Şurasına göndərilir və oradan alınan səmərəli təkliflər diqqətlə öyrənilərək istifadə edilir.

Milli Məclis qanun yaradıcılığı prosesində Avropa beynəlxalq təşkilatlarının, daha konkret desək, Avropa Şurası təşkilatının qəbul etdiyi bəyannamə, tövsiyə və konvensiyaları bazis sənədi kimi qəbul edərək bu materiallardan səmərəli istifadə etmişdir. Avropa Şurası ekspertlərinin Milli Məclisin qanun yaradıcılığında iştirakı qəbul olunan qanunların keyfiyyətinə müsbət təsir göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” sərəncamı Avropa Şurası ilə dövlətimizin 1996-1997-ci illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir.

13 iyul 1996-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının Baş katibinin adına yazdığı məktubda Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olmaq və başqa üzv dövlətlər kimi İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğu bildirilirdi. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın bu arzusunu alqışlayaraq Avropa Şurasının gündəliyinə daxil etmişdi.

Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin titanik səyləri beynəlxalq siyasət arenasında öz bəhrəsini verdi.

 

 

Adil VƏLİYEV,

Milli Məclis Aparatının

baş məsləhətçisi, dövlət

qulluğunun baş müşaviri,

siyasi elmlər namizədi

 

Xalq qəzeti.-2009.-16 yanvar.-S.4.