Nərimanov rayonu: sosial-iqtisadi tərəqqi sürətlənir

 

Azərbaycanın dinamik inkişafı davam edir, iqtisadi uğurlarımız ilbəil artır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü islahatların, iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ümumi daxili məhsul istehsalının həcmi getdikcə artır, Azərbaycan dünyanın ən dinamik və sürətli inkişaf edən bir dövlətinə çevrilir. Təsadüfi deyil ki, son dörd ilin nəticələrinə görə, Azərbaycan iqtisadi artım baxımından dünyada lider mövqeyinə çıxmışdır. Bütün bu nailiyyətlər ölkəmizdə çox mühüm infrastruktur layihələrinin reallaşdırılmasına, sosial məsələlərin uğurla həll edilməsinə və həyat səviyyəsinin əsaslı şəkildə yaxşılaşdırılmasına təminat yaradır.

Artıq yeni əsrin bir ili də tarixə qovuşdu. Yola saldığımız 2008-ci ili ölkəmiz üçün hərtərəfli inkişaf və tərəqqi dövrü kimi xarakterizə etmək olar. İl ərzində ölkənin ümumi inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş ümummilli proqramların, iqtisadi strategiyanın uğurla reallaşdırılması nəticəsində Azərbaycan Respublikası dünyanın bir nömrəli islahatçı dövləti kimi tanındı.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi əsaslı islahatlar strategiyasını xalqımızın yenidən etimad göstərib qarşıdakı beş il üçün Prezident seçidyi İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi qüdrətini daha da artırmış, həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatı üçün son dərəcə əlamətdar olan 2008-ci ildə abadlıq-quruculuq işləri bir qədər də sürətlənmiş, bu da paytaxt Bakının, eləcə də respublikamızın ayrı-ayrı şəhər və rayonlarının getdikcə yeniləşən simasına əlavə çalarlar gətirmişdir.

Bütün bu inkişaf, tərəqqi paytaxtın Nərimanov rayonunda da aydın nəzərə çarpır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sosial-iqtisadi inkişaf proqramlarından, mühüm fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər rayonda əsaslı yüksəlişə möhkəm zəmin yaratmışdır. Elə 2008-ci ildə rayon üzrə ümumi inkişafı xarakterizə edən uğurlu makroiqtisadi göstəricilər, genişmiqyaslı abadlıq-quruculuq işləri də bu qənaətə gəlməyə əsas verir. Onu da deyək ki, hazırda ölkənin hər yerində olduğu kimi, Nərimanov rayonunda yola saldığımız 2008-ci ilə yekun vurulur. İdarə, müəssisə və təşkilatlardan, eləcə də xidmət sahələrindən ötən ilin nəticələri ilə bağlı daxil olmuş ilkin məlumatlar nəzərdən keçirilir, saf-çürük edilir. Özü də bu məlumatların, demək olar ki, hamısı bir-birindən uğurlu, qənaətbəxşdir. Elə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov da bizimlə söhbət zamanı nikbinliyini gizlətmirdi. Rayonun 2008-ci ilin sosial-iqtisadi uğurları barədə material hazırlamaq niyyətimizi biləndə gülümsədi. Bu da təsadüfi deyildi. Çünki bütövlükdə ölkəmiz üçün son dərəcə uğurlu olan 2008-ci ilin nailiyyətlərindən Nərimanov rayonuna da xüsusi pay düşür. Açığını deyim ki, ötən il uğurlarımız o qədər çox olub ki, heç bilmirəm nədən başlayım, — deyə o, diqqətimizi rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlərin bəzi məqamlarına, ilkin uğurlara yönəltdi.Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, rayon üzrə ötən ilin sosial-iqtisadi inkişafının yekunları, ümumi inkişafı xarakterizə edən konkret rəqəmlər üzərində hazırda son dəqiqləşdirmələr aparılsa da, deyə bilərəm ki, nəticələr uğurludur, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmişik. Belə ki, 2008-ci ildə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və il ərzində xidmətlər də daxil olmaqla 286 milyon 260,6 min manatlıq məhsul istehsal olunmuşdur. Bu da əvvəlki ilin səviyyəsindən 47,9 faiz çoxdur. Rayon üzrə il ərzində istehsal olunmuş ümumi məhsulun 281 milyon 776,8 min manatı realizə edilməklə 143,4 faizlik artım sürəti qeydə alınmışdır. Ötən il ayrı-ayrı tikinti təşkilatları tərəfindən əsas kapitala investisiyaların qoyuluşu 314 milyon 671 manat təşkil edərək 3,3 dəfə artım əldə edilmişdir. İl ərzində rayonun tikinti təşkilatları öz gücləri ilə 683 milyon 567,4 min manatlıq podrat işləri yerinə yetirmişlər ki, bu da əvvəlki ilə nisbətən 4,6 dəfə artım deməkdir.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də il ərzində xeyli artmışdır. Belə ki, hesabat dövründə əhaliyə 121 milyon 736,3 min manatlıq pullu xidmətlər göstərilmiş və 11,4 faizlik artım əldə edilmişdir. 2008-ci ildə rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 656 milyon 920,4 min manat olmuş, əvvəlki, ilə nisbətən artım sürəti 123,4 faiz təşkil etmişdir.

Məlum olduğu kimi, hazırda ölkəmizdə məşğulluq strategiyası uğurla yerinə yetirilir. Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə qarşıdakı beş il ərzində ölkədə 600 min yeni iş yerinin yaradılacağı ilə bağlı verdiyi vədə tam əməl olunmuş, yeni açılmış iş yerlərinin sayı 750 minə çatmışdır. Ölkənin hər yerində olduğu kimi, Nərimanov rayonunda da məşğulluq strategiyasının icrası istiqamətində tədbirlər davam etdirilmiş, il ərzində təxminən 8737 daimi iş yeri yaradılmışdır. Ötən il rayon üzrə ümumi məşğul əhalinin sayı 52692 nəfər təşkil etmişdir ki, bu da 2007-ci ilə nisbətən 7117 nəfər çoxdur. Hazırda bir nəfərə düşən orta aylıq əmək haqqı 275,3 manatdır. Bu isə il ərzində təqribən 36,3 faizlik artım deməkdir. Heç şübhəsiz, icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun diqqətimizə çatdırdığı bu rəqəmlər rayonun 2008-ci ilin sosial-iqtisadi inkişafını xarakterizə edən tədbirlərin tam olmayan siyahısıdır. Özü də bu rəqəmlərin hər birinin arxasında əsaslı yüksəlişin və tərəqqinin dayandığı şəksizdir. Elə il ərzində rayon üzrə aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri, əhalinin güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər də bu sadə həqiqəti təsdiqləyir. Bütün bunları görüb qiymətləndirmək üçün əslində, statistik rəqəmlərin sadalanmasına ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçilik! Bu gün rayonun park və xiyabanları, küçə və meydanları sanki adamın üzünə gülür, hər yerdə abadlıq-quruculuq işlərinin doğurduğu şən əhval-ruhiyyə, xoş aura hiss olunur...

Ötən il ayrı-ayrı xidmət sahələri öhdələrinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Bunu əhalinin istilik, elektrik enerjisi, qaz və içməli su ilə təminatı sahəsində görülmüş işlər də sübut edir. Belə ki, il ərzində 5 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən müxtəlif diametrli borular dəyişdirilmiş və korroziyaya qarşı izolyasiya qatı çəkilmiş, köhnə istilik xətləri təmir olunmuşdur. Bundan əlavə, köhnə siyirtmələr dəyişdirilmiş və ya təmir edilmiş, nasos mühərrikləri və qazanlar işlək vəziyyətə gətirilmişdir. Eyni zamanda, yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərində təmir işləri aparılmışdır. Bütün bunların nəticəsində rayondakı 291 yaşayış binası, 14 uşaq bağçası, 28 məktəb və 14 səhiyyə obyekti istiliklə təmin olunmuşdur. Artıq bu sahədə, demək olar ki, heç bir problem qalmamışdır.

Rayon əhalisinin “mavi yanacaq”la tam təminatına nail olmaq məqsədilə il ərzində 664 paqonometr uzunluğunda yeni magistral qaz kəməri çəkilmiş, mövcud xətlər, qaz tənzimləyici şkaflar və siyirtmələr təmir olunmuş, yeniləri quraşdırılmışdır. İndi Nərimanov rayonunda qazlaşdırılmayan yaşayış sahəsi yoxdur. Ötən il rayon üzrə istehlak olunmuş qazın dəyərinin 77,4 faizi ödənilmişdir ki, bu da əvvəlki illə müqayisədə yüksək artım deməkdir.

2008-ci ildə Nərimanov Rayon Elektrik Təchizatı və Satış İdarəsi tərəfindən ayrı-ayrı yerlərdə 15-dən çox təzə transformator və komplekt transformator məntəqəsi quraşdırılmış, elektrik kabelləri və hava xətləri dəyişdirilmiş və ya əsaslı təmir olunmuşdur. Bu da əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatına imkan yaratmışdır. İşıq pullarının yığılmasına isə 86 faiz nail olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.

İl ərzində əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilmişdir. Nərimanov Rayon Su Kəməri İstehsalat Zonası tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli su boruları, siyirtmə və nasoslar dəyişdirilmiş, lazımi təmir işləri aparılmışdır. Bundan əlavə, rayon ərazisindəki magistral kanalizasiya boruları yenisi ilə əvəz olunmuş, şəbəkələrin işi əsaslı şəkildə yaxşılaşdırılmışdır.

Ötən il ölkənin hər yerində olduğu kimi, Nərimanov rayonunda da böyük abadlıq-quruculuq işləri davam etdirilmiş, küçə və meydanlarda,park və xiyabanlarda səliqə-səhman işləri aparılmışdır. Özü də Nərimanov rayonu Bakı şəhərinin mərkəzi rayonlarından olduğu üçün burada aparılan hər bir abadlıq-quruculuq və yenidənqurma tədbiri son nəticədə paytaxtımızın simasının daha da gözəlləşməsinə, yeniləşməsinə səbəb olur. Məhz buna görə də rayonda həyata keçirilən bu qəbildən olan tədbirlərə xüsusi diqqət və həssaslıqla yanaşılır, bütün işlər yüksək keyfiyyətlə görülür. Paytaxtın mərkəzi aidiyyatı qurumları tərəfindən rayon ərazisində həyata keçirilmiş müxtəlif infrastruktur layihələri ilə yanaşı, daxili imkanlar hesabına da burada lazımi abadlıq-quruculuq işləri aparılmışdır. Xüsusən də yola saldığımız 2008-ci ildə bu sahədə böyük canlanma müşahidə olunmuşdur. İl ərzində həyata keçirilmiş bu cür tədbirlər nəticəsində rayonun siması daha da gözəlləşmiş, baxımlı olmuşdur. Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov dedi: — Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün icra strukturlarının qarşısına qoyduğu mühüm vəzifələrdən biri də abadlıq-quruculuq işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlıdır. Məhz bu amil rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yanında keçirilən şura iclaslarında geniş müzakirə olunur, abadlıq-quruculuq işlərinin keyfiyyətlə aparılmasına diqqət artırılır. Ötən il rayon ərazisində abadlaşdırılması nəzərdə tutulmuş məhəllədaxili ünvanlarda lazımi işlər aparılmış, ayrı-ayrı həyətlərə və məhəllədaxili yollara 20 min kvadratmetrdən çox asfalt örtüyü salınmışdır. Ötən il ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt tamamilə yenidən qurulub. Prospektin rayonumuzun ərazisindən keçən hissəsi boyunca yerləşən bütün binaların fasadı ağardılıb, divarlar üzlük daşları ilə yeniləşdirilib. Aparılmış işlər nəticəsində bu binaların görkəmi tamamilə dəyişib, gözəlləşib. Bundan əlavə, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə yeraltı piyada keçidi istifadəyə verilib. Ötən il həmçinin Əhməd Ağaoğlu küçəsinin Xətai prospekti ilə Qələbə meydanını birləşdirən 1350 metrlik hissəsi çəkilərək ulu öndər Heydər Əliyevin doğum günü —mayın 10-da istismara buraxılmışdır.

Aparılmış bu işlər nəticəsində rayonun ayrı-ayrı yerlərində 13 nümunəvi məhəllə yaradılmış, burada sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Ötən il həmçinin üç həyətdə hər biri 200 yerlik əhalinin mədəni-kütləvi tədbirlər otağı (xeyir-şər evləri) tikilmiş, mövcud dörd belə obyekt isə əsaslı şəkildə təmir olunaraq sakinlərin ixtiyarına verilmişdir.

Son zamanlar rayonumuzun ərazisindəki parkların siması da əsaslı şəkildə yeniləşdirilmişdir. Milli Qəhrəman Samir Xasıyevin adını daşıyan park əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Rayonumuzun sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan bu parkda gözəl şərait yaradılmışdır. Bir hektar ərazini əhatə edən parkda yeni, müasir fəvvarələr quraşdırılmış, köhnə asfalt örtüyü zövq oxşayan daş örtüklə əvəzlənmiş, müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış çoxsaylı oturacaqlar quraşdırılmışdır. Ərazidə həmçinin Hollandiyadan gətirilmiş müxtəlif gül və ağac kolları əkilmiş, çəmənlik salınmışdır. Bundan əlavə, İtaliyadan gətirilmiş yüksək keyfiyyətli avadanlıqdan istifadə olunmaqla bu füsunkar guşənin axşam və gecə saatlarında işıqlandırılması təmin edilmiş, buradakı köhnə attraksion və əyləncə qurğuları yeniləri ilə əvəz olunmuşdur. Onu da deyim ki, sadaladığım bu obyektlərin hər birinin açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəxsən iştirak etmiş, görülmüş işləri yüksək qiymətləndirmiş və rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə lazımi tövsiyə və tapşırıqlarını vermişdir. Bu da öz növbəsində bu qəbildən olan işlərin görülməsində məsuliyyətimizi daha da artırır...

Həmsöhbətimiz onu da bildirdi ki, ötən il payız-qış mövsümünə hazırlıqla bağlı işlərin uğurla yerinə yetirilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına imkan yaratmışdır. Rayonun xidmət sahələrinin, eləcə də burada yerləşən ayrı-ayrı şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən mənzil kommunal istismar sahələri tərəfindən müxtəlif ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan novalçalar, ümumi girişlərdəki qapı və pəncərələr dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi və qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmiş, məişət tullantılarının vaxtlı-vaxtında daşınması təmin edilmişdir. Rayon ərazisindəki qeyri-qanuni tikililər sökülmüş, bu cür neqativ halların qarşısı vaxtında alınmışdır.

Ötən il rayonun sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq tədris müəssisələrində yenidənqurma və təmir-tikinti işləri davam etdirilmişdir. Hazırda Nərimanov rayonunun 22 ümumtəhsil orta məktəbində 26387 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 3011 nəfər müəllim məşğul olur. İl ərzində birnövbəli tədris sisteminə keçməsi ilə əlaqədar 178 və 45 saylı orta məktəblər, eləcə də 291 saylı ekologiya liseyi və 77 saylı Ankara məktəbi üçün əlavə korpuslar inşa edilmişdir. Bundan əlavə, 304 saylı liseydə və Məktəbəqədər Pedaqoji Texnikumunda əsaslı təmir işləri aparılmış, yenidən bərpa edilmiş tədris binaları müasir avadanlıqlarla təchiz olunmuşdur.

2008-2009-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarında rayonun 69 nəfər orta məktəb məzunu 600-dən yuxarı bal toplamış, ən yaxşı nəticə göstərən iki nəfər məzun isə dövlət başçısının müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Uzun müddətda baxımsız vəziyyətdə qalan 183 saylı uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Avropa standartlarına uyğun əsaslı təmir olunmuş müasir avadanlıqlarla təchiz edilərək uşaqların istifadəsinə verilmişdir. 2008-ci il sentyabrın 15-də keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak etmiş, fidan balalarımıza ən xoş arzularını bildirmişdir.

Hazırda rayonda səhiyyə xidmətinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülür. Məlumat üçün bildiririk ki, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində 1172 həkim və 1549 orta ixtisaslı tibb işçisi çalışır. Ötən yay mövsümündə səhiyyə müəssisələri cari təmir olunmuş, 7 saylı uşaq poliklinikasında əsaslı təmir və yenidənqurma işlərinə başlanmışdır. Heydər Əliyev Fondu tərəfindən rayon ərazisində inşa edilmiş Talassemiya Mərkəzi isə cari ilin birinci rübündə istifadəyə veriləcəkdir. Bundan əlavə, hazırda fondun vəsaiti hesabına uşaq nevroloji dispanserinin yeni inşa olunmuş korpusunda son tamamlama işləri aparılır.

Yeri gəlmişkən, hazırda ölkəmiz çox mühüm ictimai-siyasi kampaniya ərəfəsindədir. Məlum olduğu kimi, 2009-cu ilin mart ayının 18-də Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcəkdir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da bu böyük ictimai-siyasi tədbirin keçirilməsi üçün qanunda nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilir. Belə ki, referendumun rayon ərazisində yerləşən 3 seçki dairəsi üzrə 76 seçki məntəqəsində keçirilməsi ilə əlaqədar hazırlıq işlərinə, eləcə də dairə və məntəqələrin texniki təchizatı işlərinə başlanılmışdır. Həmçinin, yerlərdən daxil olan ilkin təşəbbüs qruplarının yığıncaqlarının keçirilməsi üçün müvafiq şərait yaradılmışdır.

Göründüyü kimi, 2008-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm tədbirlər həyata keçirilmiş və heç şübhəsiz, bütün görülmüş işləri bir yazıda tam əhatə etmək imkan xaricindədir. Bununla belə, həyat dəyişir, cəmiyyət yeniləşir, tələbat artır. Bu da qarşıya yeni-yeni vəzifələr qoyur. Rayon icra hakimiyyəti başçısının birinci müavini Ş.İbadovun belə bir fikri ilə yazıya nöqtə qoymaq qərarına gəldik. O dedi: — Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin sosial-iqtisadi strategiyasının uğurla yerinə yetirilməsi üçün imkanlar gələcəkdə də səfərbər ediləcək, rayon sakinlərinin getdikcə artan maddi və mənəvi tələbatının ödənilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir...

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.-2009.-16 yanvar.-S.5.