Prezident İlham ƏLİYEV:
Azərbaycan dünya miqyasında öz müsbət imicini daha da
gücləndirir
Yanvarın 16-da Prezident
Sarayında 2008-ci ilin yekunlarına həsr edilmiş iclası
keçirildi. İclasda ötən ilin sosial-iqtisadi
inkişafının yekunları müzakirə edildi və
2009-cu ildə görüləcək işlər haqqında
fikir mübadiləsi aparıldı. Ölkə Prezidenti
İlham Əliyev 2008-ci ildə Azərbaycan
iqtisadiyyatının yüksək sürətlə inkişaf
etdiyini bildirdi. Göstərdi ki, əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi
islahatların uğurla davam etdirilməsi Azərbaycanın
dünyanın inkişaf etməkdə olan ölkələri
sırasında mövqeyini getdikcə möhkəmləndirir.
Bu gün Azərbaycan həyata keçirilən məqsədyönlü
və çevik islahatlar nəticəsində yeni və daha
sürətli inkişaf mərhələsini yaşayır.
Dövlət
başçısı çıxışında
vurğulamışdır ki, 2008-ci il dünya tarixində
maliyyə və iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan
üçün isə 2008-ci il növbəti uğurlu il
olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş
bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan
iqtisadiyyatı yüksək sürətlə
inkişafını davam etdirmiş və ölkədə
infrastruktur və digər layihələr vaxtlı-vaxtında
icra olunmuşdur.
Prezident ötən ilin yekunlarına toxunarkən bir məqamı xüsusi diqqətə çatdırmışdır: “...2008-ci ilin yekunlarına görə Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşübdür. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2 faiz təşkil edir. Bu, çox böyük nailiyyətdir. Nəzərə alsaq ki, 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idi, bu, 13,2 faiz böyük nailiyyətdir. Bu, bir daha onu göstərir ki, ölkədə aparılan əsaslı, köklü iqtisadi islahatlar həm ölkənin iqtisadi potensialının möhkəmlənməsinə yönəldilib, eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşmasında özünü göstərir”.
Dövlət başçısı nitqində sosial siyasətin bu il də uğurla davam etdiriləcəyini əminliklə bildirmişdir. Göstərmişdir ki, ötən il minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq, əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı məsələsinə də münasibət bildirmişdir. Dövlət başçısı demişdir: “... Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla başa çatıbdır. 2004-cü ilin əvvəlində qəbul edilmiş proqram tam şəkildə yerinə yetirilib və proqrama o vaxt nəzərdə tutulmamış bir çox məsələ əlavə olunub və uğurla icra edilibdir. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün bölgələrdə infrastruktur layihələri həyata keçirilib, iş yerləri açılıbdır, yeni müəssisələr fəaliyyətə başlayıbdır. Son beş ildə 766 min yeni iş yeri açılıb ki, bunların 548 mini daimidir. 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır”.
Azərbaycan Prezidenti İlham Əliyev nitqində dünya maliyyə böhranına da toxunmuşdur. Göstərmişdir ki, dünyada mövcud olan maliyyə və iqtisadi böhrana, neftin qiymətinin 4-5 dəfə aşağı düşməsinə baxmayaraq, 2009-cu ilin dövlət büdcəsi 2008-ci ilə nisbətən həcm baxımından daha da böyükdür. Dövlət büdcəsinin xərcləri 15,4 milyard dollar, icmal büdcə isə 18,4 milyard dollar təşkil edir. Bu büdcə bizə imkan verəcək ki, 2009-cu ildə bütün sosial məsələlər öz həllini tapsın, infrastruktur layihələri uğurla davam etdirilsin və ölkə üçün lazım olan tədbirlər görülsün.
Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyindən danışarkən diqqəti maraqlı bir məqama yönəltmişdir: “... Biz enerji siyasətimizdən məharətlə istifadə edib daha da çox dostlar qazanırıq. Azərbaycanın enerji siyasəti əməkdaşlığa, dostluğa yönəldilibdir, bölgədə regional əməkdaşlığın güclənməsinə yönəldilibdir. Budur, bizim yanaşmamız, bizim siyasətimiz və geniş mənada enerji fəlsəfəmiz...”
İclasda ötən ilin sosial-iqtisadi yekunları ilə bağlı digər göstəricələrə də
diqqət yetirilmişdir.
Bildirilmişdir ki,
2008-ci ildə dövlət
büdcəsinin mədaxil
proqnozu 10 milyard 484 milyon manata qarşı
10 milyard 763 milyon manat və ya
102,7 faiz icra olunmuşdur. Bu da 2007-ci ilə
nisbətən 4 milyard
756 milyon manat və ya 79,2
faiz çoxdur.
Ötən il sosialyönümlü
tədbirlər üzrə
xərclərin maliyyələşdirilməsi
diqqətdə olmuşdur.
Bu məqsəd üçün
2 milyard 312 milyon manat vəsait sərf edilmişdir ki, bu da
2007-ci illə müqayisədə
642 milyon manat və ya 38,4
faiz çoxdur.
2009-cu ildə
Azərbaycanın enerji
təhlükəsizliyinin və
regionların elektrik enerjisinə, habelə qaza olan tələbatını
təmin etmək məqsədilə 312 milyon
manat, o cümlədən
Səngəçalda gücü
300 MVT olan modul tipli elektrik stansiyasının tikintisinə
262,8 milyon manat, paylayıcı elektrik şəbəkələrinin yenidən
qurulmasına 120 milyon
manat vəsait sərf edilmişdir. Eyni zamanda ölkənin
hər bir regionuna qaz çatdırılması
barədə ölkə
Prezidentinin tapşırığı
icra olunaraq, regionların qazlaşdırılmasına
82,1 milyon manat vəsait yönəldilmişdir.
İclasda bildirilmişdir ki, bu gün dünyada
dərinləşən maliyyə
böhranının təsiri
nəticəsində hətta
bir çox aparıcı ölkələrin
iqtisadiyyatında yaranan
durğunluğa baxmayaraq,
Azərbaycan iqtisadiyyatı
inkişaf etməkdədir. Dünya
iqtisadiyyatı 2003-cü illə
müqayisədə ümumilikdə
25,4 faiz, o cümlədən
ABŞ-da 13,3 faiz, Avropa İttifaqında 13,7
faiz, MDB ölkələrində
45,4 faiz, Çində
66,5 faiz artdığı
halda, Azərbaycan iqtisadiyyatı 2,6 dəfə
artmışdır. 2008-ci ildə
ÜDM-in real həcmi 2003-cü illə müqayisədə
2,6 dəfə artaraq,
38 milyard manat olmuş, o cümlədən
qeyri-neft sektoru 1,8 dəfə, neft sektoru isə 4,1 dəfə artmışdır.
ÜDM-də
özəl sektorun payı 2008-ci ildə 84,5 faiz təşkil
etmişdir. İl ərzində ÜDM-in real artımı
10,8 faiz, o cümlədən
neft sektoru üzrə 7 faiz, qeyri-neft sektoru üzrə isə 15,7 faiz olmuşdur. ÜDM-in adambaşına düşən nominal həcmi
2003-cü ilə nisbətən
5 dəfə artaraq,
4.440 manat təşkil
etmişdir.
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında Azərbaycanda
həyata keçirilən
sistemli iqtisadi islahatlar və 2009-cu il üçün ölkəmizin iqtisadi inkişaf perspektivləri,
hazırlanmış büdcə
sənədləri, dünya
maliyyə böhranının
ölkə iqtisadiyyatına
təsirinin qarşısının
alınması ilə
bağlı görülən
tədbirlər müsbət
qiymətləndirilmişdir.
İclasda 2009-cu ildə qarşıda duran vəzifələrə
də toxunulmuş, əsas diqqətin Azərbaycanın dünya
iqtisadi, maliyyə böhranı ilə üzləşməməsinə yönəldilməsinin zəruriliyi
göstərilmişdir. Bu barədə
Prezident İlham Əliyev demişdir: “... Əminəm
ki, Azərbaycan bu böhrandan daha da güclü
çıxacaqdır. Yəni, bu, bizi daha
da səfərbər edəcəkdir. Biz həm maliyyə intizamının, həm istehlak bazarına nəzarətin gücləndirilməsi,
həm də strateji istehsal sahələrinin sağlamlaşdırılması
ilə daha da güclü olmalıyıq. Bütün bu
görüləcək tədbirlər
böhran başa çatandan sonra da Azərbaycan iqtisadiyyatına ancaq müsbət təsir göstərəcəkdir”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-18 yanvar.-S.1.