Reallaşan qlobal düşüncələr
İqtisadi və ictimai
həyatın beynəlmiləlləşməsi Azərbaycanın
ağır şərtlər altında gedən müasir
dünya ilə inteqrasiyasının bütün istiqamətlərinə
yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən
də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli
istifadə edilməsi, mövcud problem və təhlükələrin
vaxtında aşkara çıxarılması bu gün Azərbaycan
üçün həyati əhəmiyyət kəsb edən
məsələlərdəndir. Bu zaman
qarşılıqlı vəhdət şəklində
müstəqil modern dövlət aparatının
yaradılması və onun bazası əsasında demokratik
proseslərin və radikal bazar islahatlarının
reallaşdırılması kimi iki çətin problem həll
edilir.
Lakin dünya dövlətlərinin minilliklərdə əks olunmuş tarixi təcrübəsi göstərir ki, hər bir xalqın gələcəyi əhəmiyyətli dərəcədə həmin xalqın malik olduğu imkanları, zamanın tələblərini düzgün qiymətləndirməyi bacaran, uzaqgörən, müstəqil dövlətçilik konsepsiyasını formalaşdıran və reallaşdıran xarizmatik liderlərin adı ilə bağlıdır. Xüsusən indiki mürəkkəb bir dövrdə bəşər cəmiyyətində yaranmış olan yeni inkişaf meyillərini dərindən bilən, onları vaxtında nəzərə alan, qarşısına qoyduğu ideallara doğru xalqı arxasınca apara bilən liderləri olan ölkələr tarixin sınağından uğurla çıxmağı bacarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırırlar.
Bəşəri inkişafın dönüş nöqtəsini təşkil edən müasir dövrdə tale Azərbaycan xalqına çağdaş və müstəqil dövlətçilik fəlsəfəsini milli irs və təfəkkür bazası əsasında formalaşdırmış və reallaşdırmış Heydər Əliyev dühasını və onun layiqli davamçısı olan qlobal düşüncəli, vətənsevər İlham Əliyev zəkasını bəxş etmişdir.
Məlum olduğu kimi, mürəkkəb və çoxtərəfli sistemə malik olan beynəlxalq iqtisadi və maliyyə mühiti daim hərəkətdə, təkamüldə olan bir sistemdir. Bu dinamikliyin hərəkətverici qüvvəsini dünyada yeni istehlak sahələrinin açılması, istehsal sferasında yeni texnoloji əlaqələrin və onun beynəlxalq tənzimlənməsinin daim yenilənməsi, maliyyə innovasiyaları təşkil edir. Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi proseslərə intensiv inteqrasiya etdiyi, xarici maliyyə və ticarət əlaqələrinin liberallaşdırıldığı və yenidən qurulduğu bir şəraitdə həyat elm və praktika qarşısında yeni-yeni vəzifələr qoyur.
Ümummilli liderimiz Heydər Əliyev 2000-ci ilin 29 dekabrında yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdir: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.
Xalqın çağırışına səs verəcək dövlət müstəqilliyinin mövcudluğunun qorunub saxlanılması və ölkənin sosial-iqtisadi inkisafının sürətləndirilməsi məsuliyyətini öz üzərinə götürmuş ümummilli lider Heydər Əliyev qarşıda duran tarixi vəzifələri aydın şəkildə dərk edirdi. O, 1993-cü il oktyabr ayında ölkə Prezidenti kimi ilk dəfə and içərkən tam əminliklə qeyd edirdi: “Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün istifadə etməkdən ibarətdir ”.
Ulu öndər Heydər Əliyevin müdrikliyi, dünyada gedən mürəkkəb prosesləri dərindən bilmək, Azərbaycan xalqının mənafeyi üçün onlardan məharətlə istifadə etmək qabiliyyəti doğma vətənimizi tarixin ağır sınaqlarından uğurla çıxararaq XXI əsrdə dinamik inkisaf etməsi üçün möhkəm zəmin yaratdı.
“Odlar yurdu” adlanan doğma yurdumuzun 2003-cü ildən sonrakı inkisaf tarixi layiqli varis İlham Əliyevin rəhbərliyi ilə tarixi salnamələrə yazılmağa başlanmışdır. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində qeyd edirdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”.
Yeni tarixi şəraitdə Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsində, ölkənin sürətli sosial-iqtisadi inkisafının təmin olunmasında, dünya standartlarına yaxınlaşdırılmasında İlham Əliyevin fenomenal səxsiyyəti mühüm rol oynayır. 1 oktyabr 2003-cü il tarixində onun şəxsi keyfiyyətləri haqqında Azərbaycan xalqına müraciətində ulu öndər Heydər Əliyev belə yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.
Ümummilli liderimiz bütün digər məsələlərdə olduğu kimi Azərbaycan xalqının gələcək taleyi ilə bağlı olan varislik məsələsində də böyük uzaqgörənlik göstərdi. Bu müdrikliyi Azərbaycanın bugünü və sabahı aydın şəkildə nümayiş etdirir, dünyanın siyasi, elmi və ictimai xadimləri öz çıxışlarında xüsusi vurğulayırlar. “Microsoft” şirkətinin baş vitse-prezidenti Kreyd Mandin İlham Əliyev ilə görüşdən sonra belə demişdir: “Cənab İlham Əliyev qlobal baxışlara malik liderdir. O, enerjinin inkişafina söykənən cəmiyyətdən biliyə arxalanan cəmiyyətə keçməyi fikirləşir”.
İlham Əliyev sovet təhsil sisteminin yüksək zirvələrində yetişmişdir. Sovet cəmiyyəti müasir ictimai-siyasi fikirlərin ölkəyə daxil olmasının qarşısını alan “dəmir pərdələrlə” əhatə olunduğu bir vaxtda onun ali təhsili və praktik fəaliyyətinin ilkin mərhələsi xariclə bilavasitə təmasda olan, müasir bilikləri sovet təbliğat maşınının “emalından” keçməmiş əldə edən elmi elitanın əhatəsində keçmişdir.
Onun üçün ən böyuk məktəb isə Heydər Əliyev məktəbi olmuşdur. İlham Əliyev dərin dövlətçilik konsepsiyasını, təkmil idarəçilik bacarığını, müasir cəmiyyətin inkisaf meyillərini dərindən bilən liderlik keyfiyyətini məhz həmin məktəbdə mənimsəmişdir. Onun bu keyfiyyətləri - ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, YAP sədrinin birinci müavini, Milli Məclisin deputatı, ölkəmizi Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri və həmin yüksək qurumun rəhbərliyində təmsil olunan qlobal ictimai-siyasi, iqtisadi mühitdə daha da təkmilləşmiş, onu müasir peşəkar siyasətçiyə çevirmişdir.
Tükənməz enerji və dərin biliklər xəzinəsinə malik olan İlham Əliyev öz imkanlarını Azərbaycanın müasir tarixində yeni dövrün əsasını qoymuş olan 15 oktyabr 2003-cü il prezident seçkilərindən sonra Azərbaycan xalqının işıqlı gələcəyi naminə uğurla reallaşdırmağa başlamışdır. 17 noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında o, proqram xarakterli bəyanatla çıxış etdi: “Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq. ”
“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” prinsipini əsas götürən cənab İlham Əliyev başçılıq etdiyi dövlətin qarşısında duran əsas problemləri, prioritet vəzifələri aydın təsəvvür edir: “Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl, rifah içində yaşasınlar. Mənim məqsədim budur və bu məqsədə doğru biz uğurla gedirik”.
O, bütün dövlət aparatını qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına doğru yönəldir, konkret və məqsədyönlü dövlət proqramları hazırlayır və reallaşdırılması üçün genişmiqyaslı təşkilatçılıq tədbirləri həyata keçirir. İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşması, iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayır ki, “Biz bölgədə aparıcı dövlətə çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bizim imkanlarımız daha da artsın, siyasi çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə nail ola bilək, öz doğma torpaqlarımızı işğalçılardan azad edə bilək və Azərbaycan xalqının normal, yaxşı yaşamasını təmin edə bilək. Bunu etmək üçün Azərbaycan güclənməlidir. Bu proses artıq baş verir”.
Ölkə başçısının önə çəkdiyi “İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir” ideyası əslində Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır və bütün dövlət-təşkilatçılıq tədbirləri həmin strategiyanın həyata keçirilməsinə yönəldilmişdir.
İlham Əliyevin başçılığı ilə həyata keçirilən tarazlaşdırıcı siyasət nəticəsində daim artan iqtisadi potensial Azərbaycana həm regional, həm də beynəlxalq aləmdə özünün milli maraqlarını, ümumxalq mənafeyini qorumağa imkan verir. Reallaşdırılan strateji kursa uyğun olaraq yeni təcrübələrin, demokratik, texnoloji, elmi dəyərlərin Azərbaycana transformasiyası üçün görülən tədbirlər novatorluğa, modernləşməyə geniş meydan açır.
İnformasiya cəmiyyəti adlanan müasir cəmiyyətdə ETT-nin nailiyyətləri əsasında istehsal prosesinin bütün həlqələrində texnoloji istehsal üsulunun transformasiyası baş verir, ölkələrdə iqtisadiyyatın strukturu, iqtisadi inkişafın xarakteri, həyat tərzi, dəyərlər sistemi keyfiyyətcə yeniləşir, “ictimai tərəqqi” anlayışı və onun meyarları haqqında təsəvvürlər dəyişir. Həyat bütün kəskinliyi ilə göstərir ki, yeni modernləşmə müasir iqtisadi sistemlərin dayanıqlı inkişafının həlledici amilidir. Tanınmış ingilis iqtisadçısı Braynan Tvissin qeyd etdiyi kimi, müasir dövrdə “mütəxəssislər öz səylərini gələcəkdə meydana çıxacaq ehtiyacların ödənilməsinə yönəltməlidirlər. Diqqət yeni vəzifələrin həlli üçün yeni texnologiyanın tətbiqi yollarının tapılmasına yönəldilməlidir.”
“Sənaye potensialının artımı bizim prioritet məsələmiz olmalıdır”deyən cənab İlham Əliyev ən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi məsələsini bütün kəskinliyi ilə qarşıya qoymuşdur. Bu resurs amillərinə əsaslanan iqtisadiyyatdan qlobal proseslərin tələb etdiyi innovasiya yolu ilə inkişaf edən iqtisadiyyata keçilməsi üçün olduqca vacibdir. Prezidentin təkidlə tələb etdiyi bir mühüm məsələnin - iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi probleminin həlli də modernləşmə və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.
Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi “ İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından ibarətdir. Bu konsepsiya kütləvi şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və demokratik ənənələr məcrasına transformasiyasına imkan yaratmalıdır.”
İlham Əliyevin ardıcıl olaraq yeritdiyi qlobal və milli dəyərlərə əsaslanan strateji kurs, məqsədyönlü və çevik islahatlar ölkənin qısa müddət ərzində keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. İnkişaf sürətinə görə ölkə regionda və bütün dünyada lider dövlətə çevrilmişdir. İqtisadi artım sürətinin, yəni ümumi daxili məhsul istehsalının artım sürətinin yüksək olması buna bariz nümunədir.
İqtisadiyyat inkişafın təməl daşıdır. Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilərə malik olan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl şəkildə bir-birini tamamlayır, coğrafiyasını genişləndirir. Ötən 5 ildə Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitin regionların davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdir. Ölkə regionlarının inkişafına xüsusi önəm verən İlham Əliyevin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi ölkə regionlarının kompleks inkişafına, o cümlədən, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Dövlət proqramı çərçivəsində atılmış addımlar ötən 5 il ərzində regionların sosial-iqtisadi inkişafına mane olan bir sıra problemlərin aradan qaldırılmasına, bölgələrin sosial-iqtisadi simasının köklü surətdə dəyişməsinə gətirib çıxarmışdır.
Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etməsi, sahibkarlıq və biznes mühitinin yaxşılaşması beynəlxalq hesabatlarda da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “Qlobal Rəqabət Qabiliyyəti Hesabatı”na görə, ölkəmiz 2006-cı ildə 125 ölkə arasında 64-cü sırada yer almışdır. UNCTAD tərəfindən hazırlanan və 140 ölkənin daxil edildiyi “Birbaşa xarici investisiyaların cəlbi indeksi reytinqi ” hesabatına əsasən, ölkəmiz bu sahədə dünya sıralamasında 1-ci yerdədir. Bundan başqa, 2005-ci ildə “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “BB” səviyyəsində qiymətləndirmişdir. Ötən il isə beynəlxalq reytinq agentliyi “Moody’s” ölkəmizin reytinqini yüksək qiymətləndirərək “Ba 1" səviyyəsində müəyyənləşdirmişdir. Bu isə ölkə iqtisadiyyatına investisiya qoyuluşunu artırmaq üçün potensial investorlara müsbət siqnal olmaqla bərabər, beynəlxalq maliyyə bazarlarına əlverişli şərtlərlə çıxmağa şərait yaradır.
İlham Əliyevin siyasətinin ən mühüm istiqamətlərindən biri də Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi sahəsində görülən genişmiqyaslı tədbirlərdir. Hazırda Azərbaycan dünyanın 140-a yaxın ölkəsi ilə qarşılıqlı ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır. 2006-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 18 milyard, 2007-ci ildə isə 25,4 milyard ABŞ dolları olmuşdur.
Azərbaycan mövcud təbii sərvətlərindən istifadə etməklə iqtisadi infrastrukturunu dünya standartları səviyyəsində quraraq qloballaşan dünyanın enerji təchizatının ödənməsi prosesində xüsusi əhəmiyyət kəsb edir. Qlobal əhəmiyyətli iqtisadi layihələr olan TRASEKA, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin reallaşması və Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikilməyə başlanması, “Şahdəniz” qaz yatağının işə düşməsi ölkəmizin nüfuzunu bütün dünyada artırır. Cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Biz dünyada gedən prosesləri izləyirik. Tarixi də yaxşı bilirik. İnkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və görürük ki, təbii sərvətlərlə zəngin olmaq heç də o demək deyil ki, ölkə böyük nailiyyətlərə nail olacaqdır. Yenə də deyirəm, əgər cəmiyyətdə demokratikləşmə prosesləri sürətlə aparılmasa, sözün əsl mənasında, vətəndaş cəmiyyəti yaradılmasa, qanunun aliliyi tam şəkildə bərqərar olunmasa bizim gözəl iqtisadi perspektivlərimiz həyatda tam şəkildə reallaşmayacaqdır. Ona görə, hesab edirəm, Azərbaycanın təcrübəsi onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik, siyasi islahatlar çox sürətlə aparılır”.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda türk dünyası birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkir. Dövlət başçısı ötən beş ildə həmin birliyin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmiş, təkcə strateji müttəfiqimiz olan Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük vermişdir.
2006-cı ilin noyabrında cənab İlham Əliyev Türkiyənin Antaliya şəhərində türkdilli dövlət başçılarının VIII zirvə görüşündə demişdir: “... Bu zirvə görüşünün uzun fasilədən sonra keçirilməsinin çox böyük əhəmiyyəti var. Dünya dəyişir, bölgəmizdə baş verən hadisələr yeni yanaşmalar tələb edir, yeni çağırışlar ortaya çıxarır və biz birlikdə bunlara çarə tapmalıyıq. Birgə fəaliyyətimiz nəticəsində bölgəni inkişaf etdirmək üçün sülhün, təhlükəsizliyin, sabitliyin tam şəkildə bərqərar olunması üçün bizim birgə səylərimiz böyük əhəmiyyət kəsb edir. Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik mənsubiyyət, əlbəttə ki, qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün çox böyük əsasdır, böyük amildir”.
Bu sahədə yeritdiyi konstruktiv və tarixi əhəmiyyətli tədbirlər nəticəsində İlham Əliyev türk dünyasının nüfuzlu liderlerindən birinə çevrilmişdir.
Prezidentin 6 mart 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında ” fərman iqtisadçılar və mütəxəssislər tərəfindən ölkə iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə qədəm qoyması, Azərbaycan iqtisadiyyatının tərəqqisinə xidmət edən kompleks tədbirlərin tərkib hissəsi və davamı kimi yüksək qiymətləndirilir. Xüsusi iqtisadi zonaların yaradılması iqtisadiyyatımızın strukturca yeniləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək, qeyri-neft sektorunun inkişafına, habelə xarici ticarət əlaqələrinin genişlənməsinə, respublikanın rəqabətqabiliyyətli səviyyəsinin yüksəldilməsinə, Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün hazırlığa və digər məsələlərin həllinə təkan verəcəkdir.
Tam əminliklə qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.
Onun fəaliyyətinin başlıca xətti qlobal dünyada ölkənin iqtisadi təhlükəsizliyinin, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası bütün dünyada və xüsusən regionda heç bir qüvvədən asılı olmayan müstəqil siyasət yeridir, heç bir xarici təsirlərə boyun əymir. Bu illərdə Azərbaycan xüsusən karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması məsələsində, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilməyə başlamasında, Naxçıvan-Qars dəmiryolunun inşasına qərar verilməsində tam müstəqil siyasi kurs yeritmişdir.
Prezident İlham Əliyev Rusiyanın “Exo Moskva” radiosuna verdiyi müsahibədə demişdir: “Mən suveren bir dövlətin Prezidentiyəm. Mən heç vaxt heç kimdən xahiş etmirəm. Əgər hansısa bir vəziyyət yaranıbsa, deməli ondan çıxmaq lazımdır. Biz özünü təmin edən ölkəyik. Biz heç kimdən asılı deyilik. Azərbaycanı məcbur etmək qeyri-mümkündür. Azərbaycan elə dövlət deyil ki, onu məcbur edə biləsən”. Dövlətimizin başçısı dünyada və regionda gedən proseslərə dərindən bələddir. Məhz buna görə də Azərbaycanın daxili və xarici siyasət kursu balanslaşdırılmışdır və bütün məqamlar nəzərə alınaraq həyata keçirilir. Azərbaycan dünyada baş verən dəyişikliklərə, siyasi və iqtisadi kataklizmlərə hazırdır. Azərbaycan Prezidenti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına həsr olunmuş konfransda inamla demişdir: “Biz ölkəmizi müasirləşdiririk, güclü dövlət yaradırıq. Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”.
İlham Əliyevin prezidentlik fəaliyyətinin ali qayəsi informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq “qara qızılın insan qızılına” çevrilməsini təmin etmək, ölkədə mövcud olan zəngin insan potensialını inkişaf etdirməkdir: “Biz çalışırıq səhiyyə, xüsusilə təhsillə bağlı məsələlərə böyük diqqət yetirək ki, bizim gənclərimiz bilikli olsunlar, həyatda öz yerini tuta bilsinlər, sağlam böyüsünlər və ölkənin inkişafında fəal iştirak etsinlər”. Bu məqsədin həyata keçirilməsi üçün elm və bütövlükdə sosial sahənin inkişafına, ölkəmizdə təhsil və səhiyyə ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Son beş ildə yüzlərlə yeni məktəb tikilib istifadəyə verilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə qeyd etmək lazımdır. Fond tərəfindən “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində bütün ölkədə yeni məktəblərin tikintisi uğurla davam etdirilir. İndiyədək fondun dəstəyi ilə 230- dan çox məktəb, 29 uşaq müəssisəsi, internat və uşaq evi tikilmişdir.
Ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzləri tikilərək əhalinin istifadəsinə verilmiş, bir çox səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir.
Ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara tələbatın ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 aprel 2007-ci ildə xüsusi sərəncam imzalamışdır. 2015-ci ilədək 5 minə yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edəcəkdir.
İlham Əliyevin rəhbərliyi altında dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, ordunun müdafiə qabiliyyətinin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində də radikal addımlar atılır, bu sahəyə ayrılacaq dövlət investisiya xərcləri ildən-ilə artır.
Dövlət başçısı respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini Azərbaycanın gələcək yüksəlişinin əsası hesab edir və onun təkmilləşdirilməsinə mühüm əhəmiyyət verir.
Cənab İlham Əliyevin qlobal düşüncələri və milli dəyərləri əsas tutaraq nümayiş etdirdiyi yüksək vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasətinin qloballaşma prosesinin incəliklərinə dərindən bələd olması ölkə daxilində və xaricində ona böyük inam və etimadın güclənməsini təmin etdi. Onun rəhbərliyi altında Azərbaycan qlobal üfüqlərə doğru inamla irəliləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi:"Azərbaycanın daxili və xarici siyasəti yalnız regional deyil, qlobal miqyasda situasiyaya əhəmiyyətli təsir göstərir və gələcəkdə də göstərəcəkdir".
Dünyamalı VƏLİYEV,
Azərbaycan Universiteti
ümumi iqtisadiyyat
kafedrasının müdiri, iqtisad
elmləri namizədi, dosent
Xalq qəzeti.-2009.-18 yanvar.- S.3.