İlk dəfə yazılan tarix
Bu yaxınlarda çapdan
çıxmış “Azərbaycan təhlükəsizlik
orqanlarının qısa tarixi” kitabının müəllifləri
professor Cəlal Qasımov və Xəqani Bağırov bu
çətin mövzu üzərində işləyərkən
ümummilli liderimizin həmin müdrik tövsiyəsini
bütövlüklə yerinə yetirməyə nail
olmuşlar. Əgər müstəqillik dövrünə qədər
ötən əsrin siyasi tarixi müxtəlif ideoloji və
konyuktur səbəblərdən doğru-dürüst
yazıla bilmirdisə, respublikamızın xüsusi xidmət
orqanlarının ziddiyyətli və keşməkəşli,
həm şərəfli, həm də
ağrı-acılı tarixi, demək olar ki, tamamilə
araşdırmalardan kənarda qalmışdı.
Ümumi siyasi tarix fonunda həm
də özünün spesifik mürəkkəblikləri və
çətinlikləri ilə fərqlənən bu mövzu,
nəhayət ki, ilk dəfə olaraq peşəkar
tarixşünaslıq tədqiqatına cəlb olunmuş,
yüksək səviyyəli, hər cür konyukturadan uzaq, ulu
öndərimizin tələb etdiyi kimi doğru-düzgün,
obyektiv elmi konsepsiya mövqeyindən
araşdırılmışdır. Milli
tarixşünaslığımızda bu mövzu ilk dəfədir
ki, belə müfəssəl, hərtərəfli elmi tədqiqata
cəlb olunur.
Dövlət və sivil cəmiyyət yaranan vaxtdan bu günəcən bütün tarixi mərhələlərdə təhlükəsizliyin təminatı mühüm bir məsələ sayılmış, bu funksiyanı həyata keçirən xüsusi xidmət orqanları dövlətin əsas atributlarından biri olmuşdur. Xüsusi xidmət orqanlarının quruluşu, funksiyaları və fəaliyyət formaları cəmiyyətin ictimai-siyasi, iqtisadi sferaları ilə bir sırada böyük tarixi inkişaf və təkamül yolu keçmişdir. Bu vacib sahənin dəqiq elmi əsaslarla öyrənilməsini təmin etmədən cəmiyyətimizin siyasi tarixinin tədqiqini tam və dolğun hesab etmək olmazdı. Bu amil Azərbaycan tarixşünaslığı üçün xüsusilə önəmlidir. Çünki sovet dövründə mərkəzin birbaşa nəzarəti altında işləyən Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyəti ictimaiyyətdən gizli saxlanılıb, ya da ideoloji ehkamlar mövqeyindən yanaşılaraq, ciddi təhriflərə məruz qalıb. Kitabda haqlı olaraq qeyd olunduğu kimi, “hər şey partiyanın, bolşevizmin maraqlarına və prinsiplərinə xidmətə yönəldilib”.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun digər sahələri ilə bir sırada milli təhlükəsizliyin təşkili, xüsusi xidmət orqanlarının yenidən qurulması, onların fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, peşəkar kadrların hazırlanması üçün xüsusi təhsil şəbəkəsinin yaradılması, beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi daim dövlətimizin və milli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.
Müasir dünyanın qarşısında duran qlobal problemlərdən biri də beynəlxalq terrorizmə qarşı mübarizə məsələsidir. Beynəlxalq terror şəbəkəsi tərkibində özünün amansızlığı və anti-humanizmi ilə xüsusi seçilən erməni terrorizmi ilə mübarizə Azərbaycan təhlükəsizlik orqanlarının müasir fəaliyyətində əsas aparıcı xətt kimi nəzərə çarpır.
“Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi” kitabı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.
Ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu ciddi vəzifələrin şərəflə yerinə yetirilməsi məqsədilə son illər MTN-nin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin kadr hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının maddi-texniki bazasının yaxşılaşdırılması, tədris prosesinin təkmilləşdirilməsi niyyətilə həyata keçirilən tədbirlər sırasında bu dərsliyin hazırlanaraq nəşr edilməsinə nə qədər mühüm əhəmiyyət verildiyini belə bir fakt da təsdiq edir ki , kitabın baş məsləhətçisi şəxsən respublikamızın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov özüdür.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev adına Akademiyanın müdavim və dinləyiciləri, professor-müəllim heyəti və elmi tədqiqatçılar üçün dərslik kimi nəzərdə tutulmuş bu kitab akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadənin elmi redaktorluğu ilə çap edilmişdir.
Kitabda Xalq Cümhuriyyəti dövründə ölkəmizdə peşəkar təhlükəsizlik orqanlarının ilk nümunəsi kimi yaradılmış və fəaliyyət göstərmiş Hərbi Nazirliyin kəşfiyyat və əks-kəşfiyyat bölməsinin, Dövlət Müdafiə Komitəsi tabeliyindəki əksinqilab ilə mübarizə təşkilatının, sovet dövründə dövlət təhlükəsizlik orqanlarının formalaşdırılması, quruluşu, fəaliyyət istiqamətləri barədə məlumat verilir. Kitabın, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları, onların kadr siyasəti və vəzifələri, ümummilli liderimiz Heydər Əliyevin dövlət müstəqilliyimizin, milli maraqlarımızın qorunmasında, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin formalaşdırılmasında və onun akademiyanın yaradılmasında müstəsna rolu öz əksini tapmışdır.
Kitabın giriş bölməsində ümumən dünya, eləcə də Azərbaycan tarixində xüsusi xidmət orqanlarının yaranması, müxtəlif tarixi mərhələlərdə onların fəaliyyətinin əsas xüsusiyyətləri, dövlət siyasətinin tərkib hissəsi kimi təhlükəsizlik siyasətinin əhəmiyyəti və xarakteri konkret tarixi faktlar və sənədlər əsasında təhlil olunur.
Bütövlükdə on dörd fəsildən ibarət olan kitabda ölkəmizdə təhlükəsizlik orqanlarının tarixini əks etdirmək üçün konseptual mövqe olaraq ümummilli liderimiz Heydər Əliyevin aşağıdakı fikri əsas götürülmüşdür: “Xalq Cümhuriyyəti zamanı Azərbaycan təhlükəsizlik orqanları gənc müstəqil dövlətimizə xidmət etmişdir. Sonrakı 70 il ərzində Azərbaycan təhlükəsizlik orqanları sovet hakimiyyətinə, kommunist ideologiyasına xidmət etmiş, Sovet İttifaqının təhlükəsizlik orqanlarının tərkib hissəsi olaraq onların siyasətini və əməli tədbirlərini həyata keçirməklə məşğul olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikamızın dövlət orqanlarının müstəqil fəaliyyət göstərməsi prosesində Azərbaycan təhlükəsizlik orqanları da öz yerini tapmışdır”.
Kitabın ilk üç fəsli təhlükəsizlik orqanlarının Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini əhatə edir. “AXC xüsusi xidmət orqanlarının yaradılması və fəaliyyəti” adlı birinci fəsildə əvvəlcə həmin dövrün ümumi ictimai-siyasi mənzərəsi təhlil olunur, müstəqil dövlətin təhlükəsizliyinin təminatı üçün xüsusi xidmət orqanlarının yaradılması zərurəti əsaslandırılır, sonra isə Hərbi Nazirliyin nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından bəhs edilir.
Kitabın ikinci və üçüncü fəsillərində ölkəmizdə ilk müstəqil təhlükəsizlik orqanı olan Əksinqilab ilə Mübarizə Təşkilatının yaradılması, kadr siyasəti, fəaliyyət istiqamətləri, AXC-nin süqutundan sonra xüsusi xidmət orqanları əməkdaşlarının taleyi kimi məsələlər öz əksini tapır.
Növbəti üç fəsildə sovet hakimiyətinin ilk onilliklərində Azərbaycanda təhlükəsizlik orqanlarının formalaşması və fəaliyyəti tarixi planda araşdırılır. Burada bolşevik işğalı zamanı ictimai-siasi vəziyyətin ümumi mənzərəsi, Azərbaycan Fövqəladə Komissiyasının və onun struktur bölmələrinin yaradılması, Dövlət Siyasi İdarəsinin, daha sonra isə Xalq Daxili İşlər Komissarlığının formalaşdırılması kimi məsələlərdən bəhs edilmişdir.
Dərsliyin VII və VIII fəsilləri Azərbaycan SSR təhlükəsizliuk orqanlarının faşist Almaniyasına qarşı müharibə illərində və müharibədən sonrakı dövrdəki fəaliyyətinə həsr olunmuşdur.
“1920-1950-ci illərin ortalarınadək Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin əsas istiqamətləri” adlanan IX fəsildə tədqiq olunan məsələlər ölkəmizin xüsusi xidmət orqanlarının həmin mərhələdəki fəaliyyətinin xarakterini anlamaq, vətənimizin və millətimizin tarixində oynadığı mühüm və ziddiyyətli rolun mahiyyətini dərk etmək üçün xüsusilə önəmlidir. Əsl tədqiqatçı səriştəsi və cəsarəti nümayiş etdirilərək kitabda xüsusi xidmət orqanlarının fəaliyyətində dövrün siyasi reallıqlarından gələn ziddiyyətli məqamların xarakteri və qaynaqları ustalıqla əks etdirilmiş, eyni zamanda, həm milli-mənəvi dəyərlərin daşıyıcılarına, həm də milli varlığımızın düşməni olan daşnaklara qarşı mübarizə aparmış Azərbaycan təhlükəsizlik orqanlarının işi ilə bağlı tarixi həqiqətlər bütün çılpaqlığı ilə açılıb göstərilmişdir. Təhlükəsizlik orqanlarının siyasi repressiyalarda iştirakı ilə bağlı həqiqətləri də nə cür olubdursa elə yazılıbdır. Maraqlıdır ki, amansız repressiya dalğası təhlükəsizlik xidməti əməkdaşlarının özlərindən də yan keçməmişdir. Bu məsələlər X fəsildə “Repressiyaya məruz qoyanların özlərinin repressiyası” başlığı altında verilmişdir.
Sovet dövründə bir müddət daxili işlər orqanları ilə vahid struktur tərkibində mövcud olmuş təhlükəsizlik xidməti 1954-cü ilin mart ayından etibarən müstəqil qurum — Dövlət Təhlükəsizlik Komitəsi kimi fəaliyyət göstərməyə başladı. Kitabın XI və XII fəsilləri DTK-nın yaradılması, strukturu, vəzifələri və fəaliyyətinin əsas istiqamətlərinin araşdırılmasına həsr olunmuşdur. Bu fəsillərdə xüsusi xidmət orqanlarının nüfuzunun artırılması istiqamətində görülən tədbirlər, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda olan maraqlarına, ideoloji aksiyalara və erməni separatizminin təzahürlərinə qarşı mübarizə məsələləri öz əksini tapmışdır.
Kitabın XIII fəsli Azərbaycan Respublikasının dövlət sistemində xüsusi yeri olan Milli Təhlükəsizlik Nazirliyinin yaradılması, strukturu, kadr hazırlığı, hüquq və vəzifələri kimi mühüm amillərin tədqiqinə həsr olunmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin milli təhlükəsizlik sisteminin yenidən yaradılması, milliləşdirilməsi, milli maraqların müdafiəçisi olmaq kimi prioritet vəzifələrin həyata keçirilməsi zərurəti yarandı. 1991-ci il noyabr ayının 1-də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi yaradıldı. Ancaq kitabda tamamilə haqlı olaraq qeyl edildiyi kimi, “MTN-nin fəaliyyətinin dirçəliş və yüksəliş, sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, nazirliyin işinin yenidən qurulması və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda, gündəlik qayğı və diqqətlə bilavasitə bağlı idi”.
Beləliklə də, tədqiqatçılar məntiqi olaraq bütövlükdə vətənimizin XX əsr tarixinin bütün sahələrində olduğu kimi ölkəmizin dövlət və milli təhlükəsizliyinin təmin olunmasında, xüsusi xidmət orqanlarının fəaliyyətinin milli maraqlar müstəvisinə yönəldilməsində də müstəsna xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin bu sahədəki fəaliyyətinin dəyərləndirilməsinə gəlib çıxırlar.
Kitabın “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı XIV – yekun fəsli məhz bu məsələnin tədqiqinə həsr olunmuşdur.
Heydər Əliyev təhlükəsizlik orqanlarında 1941-ci ildən çalışmağa başlamış, əvvəl arxiv şöbəsinin məxfi hissəsinin müdiri, 1944-cü ildən isə əməliyyat işçisi olmuşdur. 1945-ci ildə Bakıda əməliyyat işçilərinin peşə hazırlığının artırılması üzrə kursu, 1950-ci ildə isə Leninqradda SSRİ DTK-nın xüsusi məktəbini əla qiymətlərlə bitirmişdir. Təhsildən sonra Heydər Əliyev Naxçıvanda DTK-nın 5-ci bölməsinin rəisi kimi fəaliyyətini davam etdirmişdir.
1950-ci ilin avqust ayında Heydər Əliyev Bakıya çağırılmış, respublika DTK-nın 2-ci (əkskəşfiyyat) şöbəsinin 6-cı bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Bakı mühiti və mərkəzi aparatdakı məsul vəzifə onun dünyagörüşünün, eləcə də xüsusi xidmət orqanlarının əməkdaşı kimi şəxsi keyfiyyətlərinin formalaşmasında, əməliyyat işini daha dərindən mənimsəməsində mühüm rol oynadı.
Qısa bir müddətdən sonra Heydər Əliyev Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinin rəisi vəzifəsinə yüksəldi. Həmin illərdə orqanlarda gedən təmizləmə və sağlamlaşdırma prosesinin ağırlığını Heydər Əliyev öz taleyində və tərcümeyi-halında da yaşadı. 30-40-cı illərin repressiyaları zamanı Azərbaycanın milli mənəvi dəyərlərinin daşıyıcısı olmuş insanlara qarşı mübarizə edən, onların bir çoxunun məhvinə bais olan ünsürlər Heydər Əliyevin “belə adamların DTK-da işləmələrinə yol vermək olmaz və onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər” kimi cəsarətli mövqeyinə qarşı çıxaraq 1955-ci ildə onun müvəqqəti də olsa şöbə rəisi vəzifəsindən uzaqlaşdırılmasını bacardılar.
Ümummilli liderimiz həmin günləri belə xatırlayırdı: “Nə qədər çətinliklər çəkdim ki, Azərbaycana xəyanət etmiş insanlardan bu orqanları xilas edək və yeni, cənc nəsli cəlb edək, orqanlarda sağlamlaşma işləri aparaq. Bu, çətin oldu. O qədər çətin oldu ki, mənə qarşı fitnələr etdilər, vəzifədən çıxardılar”. Prinsipiallığı və qətiyyəti ilə hər zaman seçilən Heydər Əliyev haqq işi uğrunda mübarizəsindən dönmür və 1958-ci ildə yenidən həmin şöbənin rəisi vəzifəsinə qaytarılmağa nail olur.
Kommunist ideologiyasının hegemonluğu dövründə, DTK-nın “dövlət içində dövlət” kimi tam hökmran olduğu bir zamanda qazanılmış bu qələbədə Heydər Əliyev şəxsiyyətinin qüdrətinin etiraf olunması demək idi. Beləliklə, kitab oxuculara, gənclərə, gələcək xüsusi xidmət əməkdaşlarına təkcə Azərbaycan xüsusi xidmət orqanlarının tarixini öyrətmir, həm də Heydər Əliyevin şəxsiyyəti timsalında Vətənə, millətə fədakarlıqla xilmət etməyin ideal nümunəsini təqdim edir.
Bundan sonra təhlükəsizlik orqanlarında Heydər Əliyevin xidməti karyerası yüksələn xətlə davam edir. O, 1964-cü ildə respublika DTK-nın sədr müavini, 1967-ci ildə isə sədri vəzifələrinə irəli çəkilir. Kitabda yazıldığı kimi, Heydər Əliyevi zirvədən-zirvəyə yüksəldən onun qətiyyət, prinsipiallıq, dəmir iradə, yüksək intellekt, fenomenal yaddaş, mübarizlik, məqsədyönlülük, idarəçilik qabiliyyəti, təşəbbüskarlıq kimi yüksək mənəvi-əxlaqi keyfiyətləri olmuşdur.
Heydər Əliyev son bir neçə onillik ərzində bu yüksək vəzifəyə təyin olunmuş ilk azərbaycanlı idi. Onun gəlişi ilə təhlükəsizlik orqanları tədricən Azərbaycan xalqının milli maraqlarının təminatçısına çevrilməyə başladı. Həmin dövrdən başlayaraq Heydər Əliyevin təhlükəsizlik orqanlarının rəhbəri vəzifəsində milli mənəvi dəyərlərin, milli düşüncəli şəxslərin qorunması sahəsində tədricən, ehtiyatla, lakin inamla və vətənpərvərliklə gördüyü işlər Azərbaycanın gələcək istiqlalı üçün təməl daşları rolunu oynayırdı.
Respublika təhlükəsizlik orqanlarının rəhbəri vəzifəsində çalışanda da, bundan sonra ümumən respublikamıza başçılıq etdiyi dövrlərdə də Heydər Əliyev Azərbaycanın dövlət və milli mənafelərinin qorunması, təmin olunması naminə xüsusi xidmət orqanlarının fəaliyytinin və kadr potensialının möhkəmləndirilməsi işinə istiqamət vermiş, rəhbərlik etmişdir. Qətiyyətlə demək olar ki, Heydər Əliyev bir dövlət və siyasət adamı olaraq həm də təhlükəsizlik xidməti orqanlarının yetirməsi olduğu kimi, Azərbaycanın müasir xüsusi xidmət orqanları da fəaliyyət strategiyasına və peşəkar hazırlıq səviyyəsinə görə məhz Heydər Əliyevin yetirməsidir.
Azərbaycan tarixşünaslıq elminin son dövrlərdə qazandığı digər uğurlarla yanaşı haqqında bəhs etdiyimiz “Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi” kitabı da Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövlətçiliyinin məhsuludur.
Oqtay SULTANOV,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2009.-18 yanvar.-S.4.