Şəhidlər — şahidlər — loğmanlar

 

Qara Yanvarın ilk qanlı səhifələri Əzizbəyov rayonunun Qala kəndi yollarında yazılıb. İlk şəhidlər də burada olub, ilk şahidlər də. Bakının Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanası (BŞX) ilk azadlıq qurbanlarını öz qoynuna alıb, hönkür-hönkür ağlayıb.

Sovetlər imperiyası günahsız xalqımıza öz “qardaşlıq qayğısı”nı qanla qarışdırdı. O faciəli günlər tarixi yaddaşımıza əbədi həkk oldu. Bu dəhşətli gecədən bir həftə əvvəldən etibarən hər gün xəstəxanada (Bakı, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 26 saylı Birləşmiş Şəhər Xəstəxanası), demək olar ki, ən təcrübəli həkimlər və tibb işçiləri növbədə qalırdılar. Həmin dövrdə mən baş həkim idim. Yaralıların sayından asılı olmayaraq, onları qəbul edib, təcili yardım göstərmək üçün əvvəlcədən hazırlıq görülmüşdü. Mən səmimiyyətlə deməliyəm ki, əvvəlcədən bu barədə heç bir təşkilatdan və rəhbər orqanlardan göstəriş almamışdım. Bu, mənim şəxsi təşəbbüsüm idi. Respublika ağsaqqallarından biri sayılan Əzizbəyov Rayon Partiya Komitəsinin birinci katibi Niyazi Nəcəf oğlu Nəcəfov, elə bil ki, bu faciəni əvvəlcədən hiss edirdi. O, hər yığıncaqda, plenumda, sessiyada hamını təfsilatı ilə başa salıb, ağıllı hərəkət etməyə çağırırdı. Katib rayonda təşkil edilmiş mitinqlərdə xalqla açıq danışmaqdan çəkinmir, respublika rəhbərliyinin səhvləri haqqında kütləyə məlumatlar verirdi. Yanvarın 19-da axşam o, Mərdəkandan şəhərə qədər dayanan kütlə ilə söhbət etmiş, dağılışıb evə getməyi məsləhət görmüş, camaatımızın başına nələr gələ biləcəyini təmkinlə başa salmışdı. O axşam Niyazi müəllimə hörmət əlaməti olaraq diqqətlə dinləyənlər çox oldu, cavanlardan bəziləri isə etirazlarını bildirdilər, “bizim işimizə qarışmayın”, – dedilər. Bu isə onlara baha başa gəldi...

20 Yanvar gecəsində baş vermiş bir hadisəni xatırlayım. Təxminən, gecə saat 2 radələrində məni əməliyyat otağından telefona çağırdılar. Əmr olundu ki, şəxsən mən heç kimə bir kəlmə söz demədən sarğı materialları götürüb, Əzizbəyov Rayon Partiya Komitəsinə getməliyəm. Fikirləşdim ki, yəqin raykomda növbətçi qalan uşaqların başına nəsə bir hadisə gəlib. Təcili lazımi sarğı materiallarını götürüb, heç kimə bir kəlmə söz demədən xəstəxananın maşını ilə raykoma yollandım. Küçələrdə bir nəfər də olsun yox idi. Raykomun binasına çatanda dəhşətə gəldim. Binanın hər tərəfində nə qədər tank, hərbi maşın vardı. Maşını görən kimi (yaxşı ki, “təcili yardım” maşınında, ağ xalatda getmişdim) 10-a qədər təpədən-dırnağadək silahlanmış “sülh və əmin-amanlıq əsgərləri” avtomatları bizə tuşladılar. Mən maşından düşüb özümü təqdim etdim və nəyə görə gəldiyim haqqında məlumat verdim. Heç bir cavab olmadı. Bir-neçə dəqiqədən sonra əmr olundu ki, binaya daxil olum. Bina ağzına qədər silahlı əsgərlə dolu idi. Hara getmək lazım olduğunu bilmirdim. Heç kimdən də soruşmaq fikrində deyildim, qeyri-ixtiyari başladım pilləkənlərlə yuxarı qalxmağa. Ayaqlarım zorla gedirdi. Nəhayət, 3-cü mərtəbədə bir zabit mənə dalınca gəlməyi əmr etdi. İkinci katib N.Zahidovun gözləmə otağına daxil olduq. Katibin stolu arxasında bir polkovnik oturub, telefonla danışırdı. Otaqda çoxlu zabit vardı. Məni görən kimi qapılar bağlandı, gözləmə otağında gördüm ki, 2 əsgər əlindən yaralanıb, onlara müvəqqəti sarğı qoyulub. Mənə yaralılara baxmaq əmr olundu. Onlardan birində əlin yumşaq toxumalarında, digərində isə yara ilə birlikdə əl-daraq sümüyündə də sınıq vardı. Yaraları təmizləyib sarğı qoydum, özümlə gips götürmədiyimdən karton parçası tapıb sınığı olan əsgərin əlini fiksasiya etdim. Məni müşaiyət edən zabit hər hərəkətimə diqqət yetirirdi. Mənə elə gəldi ki, bu zabiti haradasa görmüşəm. Yadıma düşdü. Bu faciədən təxminən 1 ay əvvəl o, mənim kabinetimdə olmuş və həyat yoldaşı üçün tibb bacısı işini xahiş etmişdi. Mən ona vəd etdim ki, nə vaxt istəsəniz sizin yoldaşınızı işə qəbul edərəm. Ona deyəndə ki, siz mənim qəbulumda olub, həyat yoldaşınız üçün iş xahiş etmisiz, lakin sonradan gəlmədiniz, tibb xidməti polkovniki bunu inkar etdi. Birdən o mənə sual verdi:

- Yaralar ağırdır?

- Əsla yox!

- Bəs rentgen lazım deyil?

- Lazımdır.

- Harada bunu etmək olar?

- Hərbi hospitalda.

- Bəs niyə hospitalda?!

- Mən belə məsləhət görürəm.

- Bəs sizin xəstəxanada rentgen yoxdur?!

- Var, ancaq gecələr işləmir.

Müəyyən pauzadan sonra yenidən sual etdi:

- Biz bilmirik hərbi hospital harada yerləşir.

- Bunu təyin etmək, məncə, sizin üçün böyük problem deyil. Bir də ki, siz Bakıdakı bütün obyektlərin yerini və ünvanını məndən yaxşı bilməlisiniz. İşimi qurtarıb, getməyə icazə istədikdə yenidən sual:

- Xəstəxanaya yaralı gətiriblər?

- Bəli.

- Sayı çoxdur?

- Dəqiq bilmirəm.

- Yaralıların vəziyyəti ağırdır?

- Bəli.

- Ola bilməz!

- Mən bura gələndə qəbul şöbəsinə 3 meyit gətirmişdilər.

- Kim bunları edib?!

(İlahi, həyasızlığın sərhədi olmazmış?!) Yenidən sual:

- Necə yaralı qəbul etmisiniz?

- Dəqiq bilmirəm.

Gördüm ki, daha sual yeri qalmayıb, icazəsiz otaqdan çıxdım. Maşına yaxınlaşanda yenidən hər tərəfdən avtomatlar bizə tuşlanmışdı...

Bir məqamı da diqqətə çatdırmaq istərdim. Həmin gecə rayon partiya komitəsi binası qarşısında və binanın içərisində bir nəfər də olsa cavan əsgər görmədim. Onların əksəriyyətinin yaşı 35-40-dan yuxarı olardı. Hamısı faşistə, cəllada oxşayırdı... Qanlı Yanvar hadisəsindən sonra onlar Bakıda görünmədilər.

Səhər Bakı şəhərinin ilk komendantı mərkəzə xəbər vermişdi ki, yerli həkimlər yaralı əsgərlərə yardım göstərməkdən imtina edirlər... Gecə xəstəxanadakı işlərlə aramsız maraqlanan Niyazi Nəcəfofa bu barədə məlumat verdikdə: “Mənim bunların hamısından xəbərim var. Cavablarını da vermişəm. Sən yalnız yaralılarla məşğul ol. Nə çətinliyə düşsən, tez xəbər ver”, - dedi. Təsvir etdiyim vəziyyətdə nə qədər özümü sakit aparmışdımsa, bu telefon danışığından sonra gözlərimdən yaş axmağa başladı...

Yenə faciəli gecə haqqında. Həmin gecə xalqımızda olan mərdliyin, qocaqlığın, qorxmazlığın şahidi oldum. Mərdəkanda və ətraf qəsəbələrdə yaşayan tibb işçilərimizin əksəriyyəti ölümdən qorxmayıb köməyə gəlmişdilər. Faciə gecəsində təcili təşkil etdiyimiz qanköçürmə məntəqəsi qarşısında xeyli adam yığılmışdı. Doğum şöbəsindəki zahı qadınlar belə qan vermək üçün təkid edirdilər. Bax budur, milli qəhrəmanlıq.

Həmin gecə xəstəxanada anestezioloq çatışmırdı. Anestezioloq dalınca gedən xəstəxana maşınını “sülh, əmin-amanlıq ordusu” gülləbaran elədi.

Yeni Suraxanı qəsəbəsində yaşamış qocaman cərrah H.Sultanovun dediklərindən: “1990-cı il, yanvarın 19-da, gecə saat 24 radələrində evimdə telefon zəngi çalındı. İşdən xəbər verdilər ki, xəstəxanaya çoxlu yaralı gətirilir və mənim köməyimə ehtiyac vardır. Mən paltarımı geyinib, ailəmi sakit edib, evdən çıxdım. Özümü Suraxanıdakı təcili yardım stansiyasına çatdırdım. Orada mənə ”təcili yardım” maşını verdilər və xalat geyinib yola düşdüm. Mərdəkan şossesinin Suraxanı döngəsinə çatmamış maşınımızı avtomt atəşinə tutdular və biz qayıtmalı olduq. Yarım saat gözlədikdən sonra yenidən yola düşdük. Qala yolu ayrıcında 6 nəfər əli avtomatlı əsgər yolumuzu kəsdi. Sürücü maşını saxladı. Bizi maşından düşürüb: “Ruki vverx!” – əmri verdilər və avtomatları sinəmizə söykədilər. Sürücü əllərini yuxarı qaldırdı. Mən əllərimi yuxarı qaldırmadım. Əsgərlərdən 2-si avtomatları mənim sinəmə və kürəyimə söykədi və bir də “əllər yuxarı” əmri verdilər. Onda mən dedim: “Mən 5 il Böyük Vətən müharibəsində döyüşmüşəm, əsgər olmuşam, xalqımı müdafiə etmişəm, alman faşistləri qarşısında əllərimi yuxarı qaldırmamışam. Bu saat həkim kimi xalqımın harayına gedirəm və ölsəm də əlimi qaldırmayacağam”.

Bax budur, əsl kişilik, qəhrəmanlıq. “Sülh əsgərləri” maşını və onları yoxladıqdan sonra yolu açıb buraxdılar. Həmin gecə qocaman həkim-loğman N.Sultanov neçə-neçə insanı ölümün pəncəsindən xilas etdi.

Həmin gecə Mərdəkan yolunda “təcili yardım” həkimi, 1958-ci il təvəllüdlü Aleksandr Vitalyeviç Marxevkanı güllə ilə öldürdülər. Səhərə qədər ən humanist peşə sahibi olan Aleksandr Vitalyeviçin meyitini asfaltın üstündən götürməyə qoymadılar. Başqasına həyat verməyə gedən həkim özü öldü. Kim bilir, bəlkə də yaralanan kimi xəstəxanaya gətirilsəydi, ölümdən xilas olardı. Xalqımız qədir biləndi. Bakı Şəhər Sovet İcraiyyə Komitəsinin 11 may 1990-cı il qərarına əsasən Binə qəsəbəsindəki küçələrindən 1990-cı il Yanvar hadisələri zamanı öz həkimlik borcunu vicdanla yerinə yetirərkən şəhid olmuş Əzizbəyov rayonunun 15 ¹-li təcili yardım stansiyasının həkimi A.Marxevkanın adı verildi.

Bakı Baş Səhiyyə İdarəsinin həkimi 1961-ci il təvəllüdlü Mirzəyev Elçin Hüseynqulu oğlu “azadlıq ordusu” əsgərləri tərəfindən güllə ilə vurulub öldürüldü.

Həmin gecə xəstəxanamıza köməyə tələsən, cərrahiyyə materialları gətirən 29 ¹-li Birləşmiş Şəhər Xəstəxanasının (Binə qəsəbəsi) sürücüsü, 1955-ci ildə anadan olmuş Əşrəfov Rəhman İsmixan oğlu ağır yaralandı və neyrocərrahiyyə mərkəzində vəfat etdi.

O gecə xəstəxanamızın qəbul şöbəsinə 3 meyit gətirdilər. Onlardan biri 25 yaşlı Binə qəsəbə sakini Abasquliyev Sabir Rzaqulu oğlu, yenə Binədən Mirzəyev Vaqif Səməd oğlu və taksi sürücüsü Tokaryev Vladimir (ünvanı bəlli deyil) idi.

Ata-ananın yeganə övladı, 22 yaşlı Mövludov Fuad Fərhad oğlu 25 yanvar 1990-cı ildə vəfat etdi. Aldığı güllələr bağırsaqlarını dağıtmış, onurğa beynini zədələmiş, aşağı ətraflarında iflic baş vermişdi. O, yenicə nişanlanmışdı. Nişanlısı gecə-gündüz çarpayısının yanından getmirdi. Fuad öləndə, elə bil ki, 20 Yanvar faciəsi yenidən başlandı, bütün xəstəxana ağlayırdı.

Yaralı Yaqubov Nüsrət İsmayıl oğlu 1958-ci ildə anadan olmuşdu. Neft Daşlarında operator işləyirdi. 22 yanvar 1990-cı ildə qara ciyərin ağır güllə yarasından vəfat etdi...

Xəstəxananın poliklinika şöbəsinin sabiq müdiri Zakir Ziya oğlu İsmayılzadənin dediklərindən: “Yanvarın 19-da inzibati binada növbətçi idim. Axşam saat 11-ə 5 dəqiqə işləmiş qəbul şöbəsindən zəng olundu ki, yaralı bir şəxs gətiriblər. Sonradan məlum oldu ki, bu, ”Şimal” DRES qəsəbəsinin sakini Mövludov Fuaddır. O, sonra aldığı güllə və süngü yaralarından vəfat etdi...

Mən uşaqlıqdan müharibə haqqında çoxlu filmlərə baxmışam. Həmin gecə xalqımızda gördüyüm qəhrəmanlıq, igidlik məni nə qədər fərəhləndirmişdisə, Moskvanın göstərişi ilə “öz ordumuz”un bu vəhşiliyi mənim qəlbimdə bir o qədər silinməz faciəli izlər buraxdı”.

Cərrah Mirislam Abbasov: “Azərbaycan xalqının ən ağır və acınacaqlı günü mənə elə gəlir ki, 19-20 yanvar 1990-cı ildə olub. O qırğın gecəsi xəstəxanaya gətirilən yaralıların əksəriyyəti arxadan zərbə almışdı. Güllə yaralarının girəcək dəliyi arxa tərəfdəndir. Bu da onu göstərir ki, sovet əsgərləri arxadan avtomat silahdan atəş açıblar.

Mən özüm hərbi həkim işləmişəm. Ömrüm boyu inanmazdım ki, sovet əsgəri vətəndaşlarına güllə atsın”.

Əzizbəyov Rayon Səhiyyə Şöbəsinin sabiq müdiri Hafiz Niyaz oğlu Tağıyev: “...Gecənin bu şaxtalı qaranlığında Buzovnadan, Şüvəlandan, Binədən təhlükəli yollarla dərman, sarğı materialları ilə gələn tibb işçilərini əsl qəhrəman adlandırmaq olardı. Xəstəxanada yatan xəstələr, qan vermək üçün növbəyə durmuşdular. Milis məktəbindən gəlib qan vermək istəyənlər arasında Şimali Qafqazdan olan bir rus oğlan dəhlizdə özünü çox pis hiss edirdi: rəngi ağarmış, dizi üstə çökmüşdü. Mənim: ”Nə olub?” sualıma belə cavab verdi: “Mne stıdno”. Bu iki kəlmə söz mənə nələr demirdi?!

Rəhim Məcid oğlu Rəhimov: “Xəstəxananın baş həkimi Ə.Həmidov mənə qəbul şöbəsini tapşırdı. Bu zaman bağırsaqları bayırda olan bir ağır yaralını cərrahi əməliyyat otağına saldıq. O, güllə və süngü - bıçaq yarası alıb, çoxlu qan itirib və şok vəziyyətinə düşmüşdü. Daha sonra o biri yaralılara yardım göstərməyə başladım. Bu zaman xərəkdə ölüm əlamətləri olan bir gənc gətirdilər. Sonra məlum oldu ki, o, Binə qəsəbəsinin sakini 25 yaşlı Sabir Abasquliyevdir. Mən onu döşəmə üzərinə uzadıb reanimasiya etməyə başladım. Ürəyini massaj etdim və ağızdan-ağıza nəfəs verdim. Lakin artıq gec idi. Sabir Binə yaxınlığındakı kanalın qırağında durubmuş. Uzaqdan xəbərdarlıqsız atılan avtomat gülləsindən ayağından yaralanıb kanala düşüb boğulmuşdu”.

Şahidlərin dediklərindən çox misallar çəkmək mümkündür. Həmin gecə həkimlərdən Kərim Mirzəliyev, Şükür Şükürov, Yusif Sücayev, Rauf Məmmədov və qeyriləri yaralılara yardım etməkdə əsl hünər göstərdilər.

Deyilənlərdən yalnız bir nəticəyə gəlmək mümkündür: Bu, Moskvanın və şəxsən M.Qorbaçovun Azərbaycana və azərbaycanlılara qarşı nifrət və xəyanəti, dağılmaqda olan imperiyanın əsgər və zabitlərinin faşistlərə xas sifətlərinin təzahürü idi.

Şəhidlərin əksəriyyəti Bakıda Dağüstü parkda dəfn olundu. Bu xiyabana yeni ad verildi: Şəhidlər Xiyabanı. Bu müqəddəs Xiyabanda 66 yaşlı İxtiyar kişinin və 13 yaşlı məktəblinin, gözləri görməyən əlilin və təcili yardım həkiminin, 9 uşaq atası və subay cavanların məzarı əbədi sıralanmışdır. Burada azərbaycanlılarla yanaşı, yəhudilər də, ruslar da, tatarlar, ləzgilər də dəfn olunmuşdur.

Bu kədərli və ibrətamiz fakt sübut edir ki, millətimizə qarşı düşünülmüş, habelə amansızcasına həyata keçirilmiş qəfil cəza əməliyyatı, uzun illər boyu Odlar yurdunda yaşayan , işləyən, respublikamızın əhalisi ilə qaynayıb-qarışan çoxmillətli bir xalqa qarşı çevrilmiş təcavüzkarlıq idi.

Burada ”Şit" təşkilatı ekspertlərinin hesabatından bir hissəni xatırlamaq yerinə düşərdi:

“– Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, C.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur.

– Xəstəxanalar, ”təcili yardım" maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür.

– Çox adam süngü - bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimov da var.

– “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5, 45 çaplı güllələrindən istifadə edilmişdir".

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Yanvarın 20-dən artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı Sovet ordusunun ideoloji ruporu “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

“Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu qərəzli yalandır! Ondan məqsəd əhalini Sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Bir-neçə kəlmə də Şüvəlan izolyatorundan xəstəxanamıza gətirilən 65 yaralı haqqında. Bakıda Qanlı Yanvar hadisələrindən 4-5 gün sonra, Azərbaycanın səhiyyə naziri Tələt Qasımov mənə zəng elədi. Dedi ki, “SSRİ Ali Sovetinin deputatı Adilə xanım Namazova mənə zəng edib, Şüvəlan izolyatorunda çiyin oynağından güllə yarası almış bir xəstə var, vəziyyəti ağırdır. Adilə xanım Əzizbəyov rayon komendantından icazə alıb, get ona bax, yerində yardım elə”. Mən lazımi ləvazimat götürüb izolyatora getdim. Yaralıya baxdım, vəziyyəti olduqca ağır idi. Yara irinləmiş, qol şişmiş, xəstə qızdırma içərisində yanırdı. Xəstəyə yardım elədim və məni müşayiət edən şəxsə dedim ki, xəstə xəstəxana şəraitində müalicə edilməsə, öləcək. İzolyator işçisi dedi ki, bu, bizdən asılı deyil. İzolyatorun Moskvadan təyin olunmuş müvəqqəti rəisi bu məsələni həll edir, buna bizim səlahiyyətimiz çatmır. Xahiş elədim ki, məni onun yanına aparsın. İzolyatorun sabiq rəisini mən tanıyırdım. Nə görsəm yaxşıdır? O, öz kabinetinin qarşısında ”farağat!" komandasında dayanıb, müvəqqəti rəisə “nökərçilik” eləyir, girib-çıxanlara qapı açır və onların üzünə hırıldayır, lazımi adamlara da baş əyirdi... Xülasə, məni içəri buraxdılar. Rəis stolu arxasında polkovnik rütbəsində bir rus zabiti oturmuşdu. Sifətindən xəstə adama oxşayırdı. Mən xəstə haqqında məlumat verdim və təklif elədim ki, xəstənin vəziyyəti ağırdır, xəstəxanada müalicə olunmalıdır. O, mənə diqqətlə qulaq asdı və birdən qayıtdı ki, sənin danışığında Moskva aksenti - ləhcəsi var. Dedim ki, bəs, mən 3 il Moskva Mərkəzi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda aspirant olmuşam. Elmi rəhbərimi soruşdu, dedim ki, professor Sergey Timofeyeviç Zazepin olub. Qayıdıb nə desə yaxşıdır: “Sergey Timofeyeviç mənim dostumdur, birlikdə oxumuşuq”. Mən onda gördüm ki, o, tibb xidməti polkovnikidir. Polkovnik qayıdıb dedi ki, bəs məndə mədə yarası var, özümlə dərman götürməmişəm, bunlara da mənim etibarım yoxdur (başda sabiq rəis olmaqla, izolyator işçilərinə - Ə.M.). Xahiş edirəm, mənə lazımdi dərmanları çatdır. Sonra əlavə etdi ki, izolyatorda “obxod” elə, nə qədər xəstə varsa, hamısını öz xəstəxananıza qəbul elə, icazə verirəm”. Mən təcili lazım olan dərmanları və başqa ərzaqları ona çatdırdım. Beləliklə, əksəriyyəti Cəlilabad rayonundan olan xalq hərəkatı iştirakçılarını xəstəxanaya qəbul etdim. Xəstəxanada müalicə elədiyim insanların içərisində Cəlilabad xalq hərəkatı liderlərindən biri — Sakit həkim də vardı. Təxminən 10 gündən sonra bir cavan oğlan — dediyinə görə Azərbaycan Ali Məhkəməsinin işçisidir — avtomat silahla silahlanmış 2 rus əsgəri, yanlarında da ovçarka iti ilə mənim kabinetim olan binanın qarşısında peyda oldular. Fikirləşdim ki, məni həbs etməyə gəliblər. Çünki ondan 2 gün əvvəl xəstəxanada komendantdan icazəsiz, kollektivin şəxsi hesabına cümə axşamında Quran oxudub, ehsan vermişdik. Azərbaycanlı oğlan yanında başqa rus əsgərlə kabinetə daxil olub dedi ki, gəlmişik Sakit həkimi həbs etməyə. Mən dedim ki, axı o xəstədir, qoyun müalicə olunsun, sonra öz işinizdir. Dedi ki, yox! Əmr belədir. Onda mən dedim ki, icazə verin, Sakit həkimi çağırım kabinetə, başqa xəstələrə bu hadisə təsir etməsin. Qəti şəkildə: Yox! — dedi. Mənim “azərbaycanlım” silahlı əsgərlə və itlə gedib palatada həkimin qoluna qandal vurub apardı... Əlbəttə ki, Bayıl türməsinə. Bir-neçə il keçdi... Kabinetdə oturmuşdum. Bir adam daxil oldu, salamlaşdı, soruşdu:

– Doktor Həmidov, məni tanıyırsınızmı?

– Sən Sakit həkim deyilsən?

– Bəli, mənəm. Görüşüb oturduq, xeyli söhbət etdik.

O dedi:

– Sizin xəstəxanada yatanlardan çoxunu sonra həbs elədilər. Hər gün bizi məcbur edirdilər ki, sizin əleyhinizə ifadə verək. Ancaq biz and içmişdik ki, belə bir ifadəyə qol çəkən şəxsi sonra məhv edəcəyik. Axı, siz bizə kömək etdiniz, ölümün pəncəsindən xilas etdiniz. İndi mən gəlmişəm, sizə öz adımdan və ailəmin adından təşəkkür eləyim. Türmədən çıxandan sonra ilk olaraq nazirimiz Tələt Qasımovun yanına gedib, təşəkkürümü bildirmişəm. Axı, o, sizə zəng edib, tapşırıq verməsəydi, biz azad olmazdıq.

Salamatlaşıb ayrıldıq. İndi Sakit Cəlilabadın ən adlı-sanlı həkimlərindəndir.

Kollektivimizin fəal işçilərinin iştirakı ilə belə qərara gəldim ki, xəstəxananın qarşısında şəhidlərimizin xatirəsinə bir abidə inşa edək. Həmin dövrdə Əzizbəyov Rayon Partiya Komitəsinin birinci katibi N.Nəcəfovdan icazə aldım və abidənin necə olmasını izah etdim: dairəvi sahə qara zəncirlə əhatə olunub, ortada səkkizbucaqlı çarhovuz, onun ortasında böyük vaza, içərisində yaşıl rəngdə şüşə kütlələri və onların arasından sakit, göz yaşı kimi su axır. Çarhovuzun ətrafında gül-çiçək əkilib, bir tərəfində ağ mərmərdən postament ucaldılıb, ortada qara mərmərdə dahi şairimiz S.Vurğunun aşağıdakı sözləri həkk olunub:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır,

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin,

Azərbaycan, Azərbaycan.

Allah sizə bir daha rəhmət eləsin, qəbriniz nurla dolsun, şəhidlik zirvəsinə ucalan Vətən oğulları.

 

 

Ənvər HƏMİDOV,

26 saylı Bakı Şəhər Birləşmiş

 Xəstəxanası baş həkiminin

 müalicə işləri üzrə müavini,

travmotoloq-ortoped,

tibb elmləri namizədi

 

Xalq qəzeti.-2009.-18 yanvar.-S.5.