Demokratik Avropa ailəsinin layiqli üzvü

 

Azərbaycanın müasir xarici siyasətinin bir sıra həlledici uğurlarını özündə əks etdirən II mərhələdə Avropa Şurasına “xüsusi dəvət olunmuş qonaq” statusu əldə etmiş ölkəmizin müstəqilliyi və suverenliyi bu beynəlxalq təşkilatın təminatını almaqla təsdiqlənmiş, Avropa ölkələri ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq yeni əsasda qurulmağa başlamış, ölkəmizdə hazırlanmış qanunlar bu təşkilatda ekspertizadan keçərək daha da təkmilləşdirilmişdir.

Bu dövrdə insan hüquqları sahəsində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli fərmanı və İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı qeyd edilməlidir. Bu mərhələnin tarixi ardıcıllığı ali məqsədə çatmaq üçün daha konkret addımların atılmasını sübut edir:

1996-cı ilin iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının bürosu olmuşdur. Büroda Azərbaycanın xüsusi dəvət olunmuş statusu ilə Avropa Şurasına qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Xüsusi dəvət olunmuş statusu almaqla Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında təmsil olunmasına və şura tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaranmışdır.

Avropa Şurası Parlament Assambleyasında təmsil olunmaqla Azərbaycan nüfuzlu parlamentlərarası orqanın mühüm ümumavropa problemlərinin müzakirəsində birbaşa iştirak etmək imkanı qazandı. Bu, bir tərəfdən Azərbaycan üçün yaxşı parlament demokratiyası məktəbi olmuş, digər tərəfdən Avropada Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Avropa Şurasında mövcud qaydalara görə, “xüsusi qonaq” statusu almış ölkədə vəziyyət, demokratik dəyişikliklərin gedişi, əməkdaşlıq yollarına dair fikir mübadiləsinin aparılması, əlaqələrə konkret məzmun verilməsi üçün həmin ölkəyə yüksək səviyyəli səfərlər təşkil edilirdi. Avropa Şurasının respublikamıza belə xarakterli səfəri 1996-cı il iyulun 12-14-nə təsadüf edirdi.

Missiyaya Avropa Şurası Nazirlər Komitəsinin sədri, Estoniya Respublikasının xarici işlər naziri S.Kallas və Avropa Şurası baş katibi D.Tarşis başçılıq edirdilər. Avropa Şurasının nümayəndələri səfər zamanı Azərbaycanın demək olar ki, bütün hökumət üzvləri, habelə, respublika Prezidenti Heydər Əliyevlə danışıqlar apardılar. Danışıqlar nəticəsində şura üzvləri Azərbaycandakı demokratik islahatlar proseslərinin dönərsizliyini müşahidə etdiklərini bildirdilər ki, bu da Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafına müsbət təsir göstərdi. Təsadüfi deyildi ki, Azərbaycan çox tezliklə insan hüquqlarına dair bir sıra Avropa konvensiyalarına qoşulmuşdu.

Bütövlükdə isə nümayəndə heyətinin səfəri Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldırmış, dövlətimizin təşkilatın bütün strukturlarına tezliklə inteqrasiya etməsi və onun sıralarında tam hüquqlu üzvlərdən olması üçün perspektivlər açmışdır.

Azərbaycan diplomatiyasının məqsədyönlü fəaliyyəti, ümummilli liderimiz Heydər Əliyevin Avropa ölkələrinə, xüsusilə Fransaya səfərləri zamanı aparılmış danışıqlar, Avropa Şurası və Azərbaycan nümayəndələrinin qarşılıqlı səfərləri, Azərbaycana Avropa Şurası xətti ilə humanitar yardımların gücləndirilməsi, ölkədə baş verən proseslərin, qarşılaşdığımız problemlərin mahiyyətinin açılması, Qarabağ münaqişəsi ilə əlaqədar həqiqətlərin bütün dünyaya məlum olması, respublikamızda sosial həyat şəraitinin, xalqın güzəranının aşağı səviyyəsi, bütövlükdə regionda vəziyyət Avropa Şurasının diqqətini daha çox məşğul etməkdə idi.

Zaqafqaziya respublikalarına göndərilmiş komissiyaların məlumatları toplandıqdan sonra Avropa Şurasının 1997-ci il aprelin 22-də keçirilmiş 10-cu və 11-ci iclasları bütövlükdə regionda vəziyyətin öyrənilməsinə və çıxış yollarının axtarılmasına həsr olunmuşdu. Avropa Şurasının nümayəndəsi J.Setlenjenin hazırladığı hesabat əsasında Avropa Şurasının Parlament Assambleyası elə həmin gün “Zaqafqaziya münaqişələrinə dair” 1119 saylı qətnamə qəbul etdi. On bir bənddən ibarət qətnamədə regionun başlıca təhlükə ocaqları olan Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin həlli yollarından bəhs olunur və qeyd edilir ki, “xüsusi qonaq” statusu almış hər üç Qafqaz respublikası yalnız münaqişə nizamlandıqdan sonra Avropa Şurasının daimi üzvləri sırasına qəbul edilə bilərlər.

Qətnamə hər iki münaqişənin nizamlanması üçün çıxış nöqtəsi kimi 1975-ci il Helsinki Yekun Aktının və 1990-cı il Paris Xartiyasının prinsiplərindən irəli gələn aşağıdakı müddəaların əsas götürülməsini irəli sürürdü:

sərhədlərin toxunulmazlığı;

regionun bütün xalqları üçün əsasən çoxmillətli sülhyaratma qüvvələri tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik;

cəlb olunmuş bütün tərəflərin Abxaziyaya və Dağlıq Qarabağa geniş muxtariyyət statusu verilməsi barədə razılaşması;

qaçqınların və köçkünlərin geri qayıtmaq hüququ və insan hüquqlarına hörmət əsasında onların yenidən inteqrasiyası.

Qətnamənin 9 və 10-cu bəndləri bilavasitə Ermənistan - Azərbaycanın, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. 9-cu bənddə deyilirdi ki, Avropa Şurasının Parlament Assambleyası Ermənistan və Azərbaycanın parlament üzvləri arasında davam edən dialoqu, xüsusilə Avropa Şurasına üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin təşkil etdiyi 1996-cı il yanvarın 26-da Strasburqda keçirilmiş Cənubi Qafqazda münaqişələrə dair seminarı alqışlayır, habelə, ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamasını, danışıqların dəstəkləndiyini bildirirdi.

Qətnamənin 10-cu bəndində münaqişənin siyasi yollarla nizamlanmasının vacibliyi əks olunmuşdu. Burada işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması, qaçqın və köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi kimi məsələlərin dinc vasitələrlə həlli öz əksini tapmışdı.

Zaqafqaziyada gedən inteqrasiya prosesləri, “Qafqaz evi” ideyasının inkişaf yolları haqqında kifayət qədər məlumata malik olan Avropa Şurasının Parlament Assambleyası qətnamənin II bəndində gələcəkdə üç Zaqafqaziya dövlətləri birliyi və Parlament Assambleyasının yaradılmasını arzu etdiyini bildirmişdi.

Qətnamənin əhəmiyyətindən bəhs edən dövlət başçısı Heydər Əliyev 1997-ci il oktyabrın 11-də Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısındakı çıxışında xüsusi olaraq qeyd edirdi ki, 1119 (1997) saylı qətnamədə Azərbaycan dövlətinin ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Lissabon zirvə görüşünün prinsipləri təsdiq edilmişdir. Bu sənədlər hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı zəmindir.

Bununla belə, Avropa Şurası da başqa beynəlxalq təşkilatlar kimi, münaqişəyə tarazlıq prizmasından yanaşır, təcavüzkarla təcavüzün qurbanlarını bir-birindən ayırmır, sülh danışıqlarına dair dünya dövlətlərinin və beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla öz fəaliyyətini bitmiş hesab edirdi. Halbuki, Parlament Assambleyasının 1994-cü il 10 noyabr tarixli 1047 saylı qətnaməsində Avropa Şurası Ermənistanı müdafiə etdiyini dolayısı ilə bildirərək Türkiyəni və Azərbaycanı Ermənistanın blokadasını ləğv etməyə çağırırdı. 1988-ci ildən başlayaraq bölgədə genişlənən döyüş əməliyyatlarından narahatçılığını bildirən Avropa Şurası öz qətnamə və qərarlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibət bildirmədən, münaqişənin mahiyyətinə aydınlıq gətirmədən mücərrəd sülhə çağırırdı ki, bunun da mənasızlığı göz önündə idi.

Avropa Şurasının Azərbaycana belə münasibəti bir tərəfdən respublikamızın Avropa inteqrasiya proseslərinə qoşulması yolunda əlavə maneələr yaradır, digər tərəfdən isə bütövlükdə regionda asayişin bərpa olunması prosesini sürətləndirməyə imkan vermirdi. Lakin Lissabon sammitinin məlum bəyanatından sonra Azərbaycana münasibətdə əsaslı dönüş yarandı ki, bu Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrə də yeni məzmun gətirdi. Avropa Şurasının üzvü olan dövlətlərin Azərbaycanın iqtisadiyyatı ilə bağlılığı, bu dövlətlər tərəfindən Azərbaycana qoyulan investisiyalar, beynəlxalq aləmdə Azərbaycana dəyişilmiş münasibət, respublikamızın yüksəlməkdə olan imici başqa qurumlarla olduğu kimi Avropa Şurası ilə də əməkdaşlığın genişlənməsində mühüm rol oynayırdı.

Avropa Şurası ilə bağlı Azərbaycan üçün mühüm hadisələrdən biri də 1997-ci ilin oktyabr ayının 10-11-də Strasburqda keçirilən Avropa Şurasına üzv olan ölkələrin dövlət və hökumət başçılarının 2-ci zirvə toplantısında ulu öndər Heydər Əliyevin iştirak etməsi idi. 2-ci zirvə toplantısında dövlətin ali nümayəndələri, o cümlədən, 26 prezident və 20 baş nazir iştirak etmişdi. Şuranın üzvü olan ölkələrin 1-ci zirvə görüşü 1993-cü ilin oktyabrında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmişdi. Azərbaycan Respublikası həmin zirvə görüşündə təmsil olunmamışdı. 1-ci zirvə toplantısından ötən müddətdə Avropa Şurasına 8 yeni üzv qəbul olunmuşdu.

2-ci zirvə toplantısı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının iqamətgahında şuranın baş katibi Daniel Tarşis ilə görüşü zamanı Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Şurası ilə əlaqələri barədə ətraflı fikir mübadiləsi aparılmışdı. D.Tarşis bildirmişdi ki, Avropa Şurasına daxil olmaq üçün ölkələrin heç də hamısının dərhal mükəmməl demokratiyaya malik olması zəruri deyildir. Onların demokratiya prinsiplərinə sadiqlik nümayiş etdirməsi kifayətdir.

Heydər Əliyev Strasburqda AŞPA-nın sədri Leni Fişerlə görüşü zamanı, habelə 1997-ci ilin oktyabr ayının 11-də Strasburqda üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında söylədiyi nitqində Avropa ölkələrinin inteqrasiyası və Azərbaycanın bu prosesdə rolunu belə qiymətləndirmişdi: “Azadlıq, demokratiya və humanizm idealları ətrafında sıx birləşmiş yeni Avropa, həmişə olduğu kimi bütün bəşəriyyətin tərəqqisində və çiçəklənməsində mühüm rol oynayacaqdır. Əminəm ki, çox böyük təbii sərvətlərə, zəngin mədəni və intellektual potensiala malik olan Azərbaycan Respublikası bu nəcib prosesə öz layiqli töhfəsini verəcəkdir”.

Zirvə toplantısında Avropa inteqrasiyası, sülh, təhlükəsizlik və demokratiya problemləri, üzvlüyə namizəd ölkələrin Avropa Şurasına qəbuluna hazırlıq məsələləri müzakirə edilmişdi. 2-ci zirvə toplantısının Azərbaycan üçün əhəmiyyət kəsb edən cəhətlərindən biri də ondan ibarət idi ki, ilk dəfə olaraq Avropa Şurasının zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti çıxış edərək Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsindəki vəziyyəti, bu münaqişənin həllində Azərbaycanın mövqeyini açıqlamışdı. Zirvə görüşünün yekun bəyannaməsində deyilirdi: “Toplantı iştirakçıları əmindirlər ki, qitədə baş vermiş dərin dəyişikliklər onun qarşılaşdığı geniş miqyaslı problemlər Avropanın bütün demokratik institutları arasında əməkdaşlığın güclənməsini tələb edir. Avropa Şurasının genişlənməsi qitədə demokratik təhlükəsizliyin daha çox yayılmasına zəmin yaratmışdır”.

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi yolunda praktiki olaraq ən mühüm addım ulu öndər Heydər Əliyevin 1998-ci il 20 yanvar tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” sərəncamı olmuşdur. Sərəncamda insan hüquqlarının qorunmasına dair bir sıra beynəlxalq sənədlər imzalamış Azərbaycanın Avropa Şurasına qoşulmasına dair hazırlıq tədbirlərinin görülməsi öz əksini tapmışdı. Azərbaycanda ölüm hökmünün ləğv olunması, bütün kütləvi informasiya vasitələrinə sərbəstlik verilməsi və senzuranın götürülməsi, Konstitusiya Məhkəməsinin yaradılması demokratik cəmiyyət quruculuğunun başlıca atributlarını əks etdirməklə yanaşı ölkəmizin Avropa Şurasının üzvlüyünə qəbulu yolunda geniş imkanlar açırdı.

Azərbaycanın şuranın başlıca tələblərindən olan demokratik proseslərin genişləndirilməsi siyasətini dəstəkləməsi ölkə başçısının məlum sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsini tələb edirdi ki, bunların içərisində ölüm hökmünün ləğvi mühüm yer tuturdu. Azərbaycanda ölüm hökmünün icrasına, istisnalara yol verilmədən hələ 1993-cü ilin ortalarında moratorium qoyulmuşdu. Respublika Prezidenti və Milli Məclisin Avropa Şurası nümayəndələri ilə apardıqları çoxsaylı danışıqlardan sonra 1998-ci il fevralın 3-də insan hüquq və azadlıqlarına başlıca qəsdlərdən biri olan ölüm hökmü birmənalı şəkildə ləğv edilmişdi.

Azərbaycanda demokratikləşmənin növbəti addımı kütləvi informasiya vasitələri üzərində senzuranın aradan götürülməsi oldu. Respublika Prezidentinin 1998-ci il 16 avqust fərmanına əsasən keçmiş sosializm dövrünün başlıca məhdudiyyətlərindən olan mətbuat üzərində senzuranın aradan qaldırılması, Avropa Şurasının 50 illik yubileyi ilə əlaqədar dekabrın əvvəllərində verilmiş amnistiya, habelə qanunvericilik aktlarında edilmiş ciddi dəyişikliklər Azərbaycanın Avropa Şurasına qəbul olunması yolunda apardığı diplomatik mübarizənin uğurlu sonluğundan xəbər verirdi.

İstər 1998-ci il yanvarın 20-də “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, istərsə də 1999-cu ilin may ayının 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” ümimmilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin hazırlanmasının sürətləndirilməsi, Azərbaycan Respublikasının Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmiş, həmin tövsiyələrə uyğun olaraq çox qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunvericilik aktlarının hamısı Milli Məclis tərəfindən qəbul edilmişdir.

III mərhələ – respublikamızın Avropa Şurasına qəbulunu hazırlamaq məqsədilə yaradılmış monitorinq qrupu lazımi sənədləri təqdim etdikdən sonra 2001-ci il yanvarın 17-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi və rəsmi mərasim yanvarın 25-nə müəyyənləşdirildi. Bununla da Azərbaycan diplomatiyası Avropa inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə edərək Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut etdi.

Bu gün beynəlxalq aləmdə respublikamıza qarşı olan münasibətdə hiss olunan müsbət dəyişikliklərin yaranmasından və mövcud əlverişli situasiyadan kifayət qədər səmərəli istifadə edilir.

Həmçinin Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü kimi öz fəaliyyətində çalışır ki, Avropa Şurasının Parlament Assambleyası Qafqaz regionunda baş verən prosesləri daim diqqət mərkəzində saxlasın.

Avropa Şurasının Parlament Assambleyasında təmsil olunan Azərbaycan parlament nümayəndə heyətinin tərkibində müxtəlif partiyaların üzvlərinin, eyni zamanda bitərəf deputatların mütəşəkkil şəkildə fəaliyyət göstərməsi, bu qrupun kifayət qədər operativlik, həmrəylik nümayiş etdirməsi və Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın prinsipial mövqeyini əks edən fundamental məsələlərin əsaslandırılmasında kifayət qədər qətiyyətli görünməsi onu söyləməyə əsas verir ki, Avropanın aparıcı dövlətlərinin, Azərbaycan üçün taleyüklü məsələlərin həllində respublikamız bu mötəbər qurumun tribunasından maksimum yararlanmaqdadır.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında münasibətlərə tam aydınlıq gətirmək üçün, bu münasibətlərə Azərbaycanın ən ağrılı yeri olan Dağlıq Qarabağ münaqişəsi kontekstindən yanaşmaq maraqlı olardı:

Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə: bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altında qalmaqdadır, bir milyon azərbaycanlı əvvəlki kimi qaçqın və köçkün vəziyyətində əzab çəkməkdədir. Azərbaycan - Ermənistan arasında Dağlıq Qarabağ regionu üzrə həllini tapmamış 20 illik münaqişə öz neqativ təsirini təkcə Azərbaycana deyil, bütün cənubi Qafqaz regionunun təhlükəsizliyinə və stabilliyinə göstərir, demokratik inkişafı ləngidir.

Məlumdur ki, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın ərazisindən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. 1992-ci ildən başlayaraq ATƏT bilavasitə bu münaqişənin həlli naminə fəaliyyət göstərir. Təəssüf ki, qəbul edilmiş qətnamə və qərarlar hələ ki, yerinə yetirilməyib. Fikrimcə, yaranmış mürəkkəb vəziyyətə və ATƏT-in bu problemin həlli ilə bağlı “de-fakto” fəaliyyətsizliyinə baxmayaraq Azərbaycan dövləti atəşkəs rejimini saxlamalı və münaqişənin nizamlanması prosesini sürətləndirməlidir.

Söylənilən fikirləri əsaslandırmaq üçün qeyd etməliyik ki, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar Avropa Şurası Təşkilatının 1997-ci ildə qəbul etdiyi 1119 nömrəli qətnamədə, münaqişənin Lissabon sammitinin prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi öz əksini tapmışdır. Bu sənədlər hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı zəmindir. Avropa Şurasına “xüsusi dəvət olunmuş qonaq” statusu əldə etdiyi vaxtdan bu mötəbər təşkilata tam hüquqlu üzv olduğu dövrə qədər olan müddətdə, yəni 5 ildə Azərbaycanın xarici siyasət konsepsiyası bir neçə prinsipial məqamı ilə diqqəti cəlb edir. İlk öncə bu siyasət Azərbaycanın dünyanın nəbzi vurduğu geosiyasi məkana doğru hərəkətini təmin edən siyasət olmuşdur. Bunu təkcə Qərbə doğru siyasət adlandırmaq yəqin ki, düz olmazdı. Bu Azərbaycanın xarici siyasətinin aparıcı - siyasi və iqtisadi cəhətləri özündə birləşdirən istiqamətlərindən biridir.

Siyasi tərəfi ondan ibarətdir ki, Azərbaycanın elan etdiyi prinsiplər dünyəvi, demokratik, açıq və dünyada baş verməkdə olan mütərəqqi inkişaf prosesləri üçün qapılarını açan, o proseslərə cəlb olunmaq istəyən bir dövlətdir. Müxtəlif mövqelərdən müstəqilliyimizə xələl gətirmək istəyən qüvvələrə qarşı Azərbaycan dünyanın güc mərkəzlərinə, o cümlədən Avropaya açıq siyasətlə inteqrasiyaya gedir və bu bizim müstəqilliyimizə bir təminatdır.

İqtisadi tərəfi; sirr deyil ki, Azərbaycan çox maraqlı və əhəmiyyətli geosiyasi məkanda yerləşir, ölkənin kifayət qədər mənbələri, neft və qaz ehtiyatları var. Hesab edirik ki, xarici iqtisadi əlaqələr Azərbaycanın indiki vəziyyətində onun dünya iqtisadi inteqrasiyası, öz müstəqilliyinə təminat almaq mənasında Azərbaycan üçün çox uğurlu bir vasitədir. Burada qeyd etdiyimiz istiqamətin siyasi və iqtisadi hissəsi bir-biri ilə tamamilə uyğunlaşır.

Bütövlükdə xarici siyasət strategiyasının düzgün müəyyənləşdirilməsi nəticəsində Azərbaycanın Avropa Şurasına üzv qəbulu ümummilli maraqlarımıza cavab verən böyük siyasi hadisə kimi cəmiyyət daxili siyasi çəkişmələrdən, siyasi əqidə mənsubiyyətindən irəli gələn subyektiv mülahizələrdən qat-qat yuxarıda durduğundan layiqincə qiymətləndirilməlidir. Əks halda, biz beynəlxalq aləmdə ümummilli mənafeyimizin xeyrinə baş vermiş hadisələrə obyektiv qiymət vermək, bu hadisələrdən qürurlanmaq və faydalanmaq vərdişindən məhrum olarıq.

İnsan hüquqları sahəsində Avropa Şurası təşkilatı ilə əməkdaşlıq əldə olunmuş nəticələr baxımından müsbət qiymətləndirilməlidir.

İnsan hüquqlarının qorunması sahəsində Avropa Şurası Azərbaycanla əlaqələrinin qruplaşmasına imkan verir: insan hüquqları üzrə beynəlxalq müqavilələr sisteminə qoşulmaq, insan hüquqlarının pozulması faktlarının üzə çıxarılması və onların aradan qaldırılması sahəsində əməkdaşlıq Azərbaycanda Avropa standartlarına uyğun qanun yaradıcılığının həyata keçirilməsi, insan hüquqları üzrə Avropa Şurası konvensiyalarının hazırlanmasında bu sahəyə dair konfrans və toplantılarda iştirak, Avropa Şurasının insan hüquqları üzrə həyata keçirdiyi texniki əməkdaşlıq proqramlarında fəal iştirak.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin politoloji təhlili nəticəsində aşkarlanır ki, müasir dövrdə beynəlxalq aləmdə, xüsusən Avropa məkanında baş verən proseslərə qoşulmaq, digər Avropa ölkələri ilə münasibətlər yaratmaq və bu münasibətləri müsbət istiqamətdə inkişaf etdirmək, beynəlxalq əməkdaşlıqdan və qlobal problemlərdən kənarda qalmamaq üçün Avropa Şurasının üzvü olmaq əsas amillərdən biridir.

Avropa Şurasının tamhüquqlu üzvü kimi insan hüquqlarının qorunmasına aid konvensiya və paktlara qoşulmaq, onlardan irəli gələn öhdəliklərə əməl etmək dünya birliyi tərəfindən Azərbaycanın demokratik dövlət kimi tanınmasında əhəmiyyətli rol oynamaqla yanaşı Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması üçün hüquqi baza yaradılmasına, əhalinin sosial təminatının Avropa standartlarına uyğunlaşmasına, Avropa ölkələri ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni, daha yüksək mərhələyə keçməsinə təminat verir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu mükəmməl bir konsepsiya əsasında beynəlxalq təşkilatlarla həyata keçirilən münasibətlərin nizamlanması prosesinə xüsusi diqqət yetirilir. Azərbaycan üçün onlardan ən önəmlisi Avropa Şurası ilə əlaqələrdir. Sözügedən qurum hələ ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını tanıyan yeganə beynəlxalq təşkilat olaraq qalmaqdadır. Bu məsələnin əhəmiyyətini artıran amil təkcə ondan ibarət deyil ki, Avropa Şurası avropayönümlü bir təşkilatdır və burada erməni lobbisinin təsiri olduqca böyükdür, həm də onunla bağlıdır ki, bu beynəlxalq qurumun dünya ictimai rəyinə təsir imkanları həddən artıq yüksək qiymətləndirilir və onunla indi bütün dünya hesablaşır.

Azərbaycan bu beynəlxalq təşkilata 2001-ci ilin əvvəlində üzv oldu. Qeyd etmək lazımdır ki, bu proses xeyli vaxt aparsa da, bəzi qüvvələrin müqavimətinə rast gəlinsə də, böyük öndər Heydər Əliyevin prinsipial və ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin təsir imkanları yüksək olduğundan qarşıda ciddi problemlərin həlli vəzifəsi dayanırdı.

Azərbaycan nümayəndə heyəti artıq beynəlxalq müstəvidə qətiyyətli və güclü bir siyasətçi kimi özünü təsdiq edə bilmiş İlham Əliyevin ardıcıl səyləri nəticəsində elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqa zidd nəticələrini konkret faktlarla ifşa edən addımlar atmağa müvəffəq oldu. Proseslərin sonrakı inkişafının real təzahürləri göstərdi ki, Ermənistan tərəfi bu cür başlanğıca əsla hazır deyildi.

Azərbaycanın digər beynəlxalq qurumlara nisbətən daha çox Avropa Şurasında uğur qazanması da məhz İlham Əliyevin yüksək nüfuzu və Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlıdır. Belə ki, Azərbaycanın Avropa Şurasında qeyd olunan dövrdəki nailiyyəti bu mənada indiyə qədər eyni qəbildən olan fəaliyyət görsəntilərindən məhz qaldırılan problemlərin Avropa müstəvisinə maksimum yaxınlaşdırılması xüsusiyyətləri ilə fərqlənirdi.

AŞPA-nın 2004-cü il yaz sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı Azərbaycan tarixinin çox əlamətdar bir dövrünə qiymət vermək baxımından xüsusi əhəmiyyətə malik idi. Dövlət başçımız təxminən 3 il ərzində AŞPA-da ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərib və qeyd edildiyi kimi, bu vaxt intervalı ciddi nailiyyətlərlə zəngin olub. İlham Əliyev özü də AŞPA-da fəaliyyət göstərdiyi illərin onun üçün çox qiymətli olduğunu vurğulayıb: “Həyatımın bu dövrü mənim üçün bəlkə də ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı”.

Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomu və medalı təqdim olunması bu təşkilatın İlham Əliyevin səmərəli fəaliyyətinə və işgüzarlığına verdiyi yüksək qiymət kimi səciyyələndirilə bilər. “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə AŞPA-nın ən fəal rəhbərlərindən biri, nəhayət ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur”. Bu sözləri AŞPA-nın sədri Piter Şider Azərbaycan Prezidentinə fəxri üzv diplomunu və medalını təqdim edərkən söyləyib.

Bütövlükdə cənab İlham Əliyevin AŞPA-da gördüyü işlər nəticəsində indi Azərbaycan nümayəndə heyətinin qurumda rolu əhəmiyyətli dərəcədə artmış və onunla hesablaşırlar. Azərbaycan torpaqlarının ermənilər tərəfindən yox, məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi faktını Avropa Şurası rəsmən tanımışdır, işğal edilmiş bölgələrin hamısının adları AŞPA-nın rəsmi sənədində yazılmışdır. İlham Əliyevin fəaliyyəti nəticəsində Avropa Şurası Azərbaycan reallıqlarını qəbul edir, ermənilərin saxta məlumatlarına inanmır və Ermənistanı işğalçı kimi tanımaqda davam edir.

Azərbaycan parlament nümayəndə heyətinin ötən səkkiz il ərzində AŞPA-dakı uğurlu fəaliyyəti ölkəmizin Avropa ailəsində yerinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, demokratiyanın daha da inkişaf etdirilməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş yayılmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istər AŞPA-da nümayəndə heyətimizə rəhbərlik etdiyi dövr ərzində, istərsə də bugünkü Prezidentlik fəaliyyətində mükəmməl diplomatik gedişləri və möhkəm qətiyyəti sayəsində ölkəmiz Avropa Şurasını fəth etmiş Avropanın aparıcı dövlətləri ilə bir sıradadır.

2008-ci il oktyabr ayının 15-də ölkəmizdə keçirilmiş növbəti prezident seçkilərində cənab İlham Əliyevin böyük üstünlüklə qalib gələrək yenidən dövlət başçısı seçilməsi Avropada və bütövlükdə beynəlxalq arenada xalqın etimadının və dəstəyinin məntiqi nəticəsi olaraq qəbul edildi. Azərbaycanda prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər bu siyasi kampaniyanın ədalətli, şəffaf və demokratik keçirildiyini, texniki və təşkilati hazırlıq baxımından seçkilərin tam Avropa standartlarına uyğun olduğunu, seçici aktivliyinin isə hətta Avropa standartlarından da yüksək olduğunu bildirmişlər.

AŞPA-nın müşahidə missiyasının üzvü, Böyük britaniyalı deputat Mayk Hənqokun seçkiləri yüksək səviyyədə qiymətləndirməsi isə ümumilikdə Avropa Şurasının ölkəmizdəki çağdaş demokratik proseslərə və bütövlükdə Azərbaycana olan münasibətinin göstəricisi sayıla bilər: “Seçki prosesinin gedişini müsbət dəyərləndirmək olar. Seçki komissiyalarının üzvlərinin fəaliyyətini müsbət qiymətləndirirəm. Hiss olunur ki, onlar seçkilərin təşkilinə dair təlimləri gözəl mənimsəyiblər. Eyni zamanda, seçicilər də yaxşı maarifləndirilib. Müxalifət bu seçkilərdə özünü qeyri-demokratik aparıb. 2008-ci il prezident seçkiləri həm təşkilati, həm də komissiya üzvlərinin və seçicilərin maarifləndirilməsi baxımından üstündür. Qafqaz ölkələrində keçirilən son prezident seçkiləri ilə müqayisə etsək, Azərbaycanda seçkilərin daha yaxşı təşkil olunduğunu görərik. Ermənistanda prezident seçkiləri keçirilən gün ilk qurbanlar qeydə alınmışdı. Gürcüstanda keçirilən prezident seçkiləri isə texniki və təşkilati baxımdan zəif idi. Ümumilikdə, seçki prosesini və seçkilər günü səsvermənin təşkilini müqayisə etsək, Azərbaycanda vəziyyət 10 dəfə yaxşıdır”

Bu gün Azərbaycan dövlətinin xarici siyasət kursu ölkənin müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi üçün mövcud əlverişli şəraitin qorunub saxlanılması, digər dövlətlərlə formalaşmış bərabərhüquqlu və faydalı münasibətlərin sərhədlərinin genişlənməsi və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir.

Bu baxımdan, son beş il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirmiş, dünya iqtisadi sisteminə sıx inteqrasiya uğurlarımızı şərtləndirmişdir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla bərqərar olması, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələri, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsi düzgün müəyyən edilən siyasi kursun məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının yeni mərhələdə daha da zənginləşdirilməsi böyük perspektivlərdən xəbər verir və Azərbaycan bu istiqamətdə ardıcıl uğurlara imza atmaqdadır.

 

 

Adil VƏLİYEV,

Milli Məclis Aparatının baş məsləhətçisi,

 dövlət qulluğunun baş müşaviri,

siyasi elmlər namizədi 

 

Xalq qəzeti.-2009.-17 yanvar.-S.5.