Elmə həsr olunmuş mənalı
ömür
Qaz sənayesinin inkişafında xidmətləri olan tanınmış alim, Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun (AzETLQİ) laboratoriya müdiri, geologiya-mineralogiya elmləri doktoru Vaqif Aslanovun 70 yaşı tamam olur. O, mənalı ömrünün təxminən 50 ilini qaz problemlərinin həllinə həsr etmişdir. Vaqif müəllim geniş erudisiyalı alim, qaz sahəsinin fədaisi kimi tanınmış, keşməkeşli həyatını və birliyini, neft-qaz geologiyasının və qaz problemlərinin həllinə həsr etmişdir. Onun elmi tədqiqatlarının ana xəttini yanacaq-energetika kompleksi problemlərinin həlli yolları, ölkənin enerji təhlükəsizliyinin qorunması təşkil edir.
Vaqif Dadaş oğlu Aslanov 1939-cu il yanvarın 18-də dünyaya göz açmışdır. 1955-ci ildə orta məktəbi medalla bitirərək, indiki Azərbaycan Dövlət Neft Akademiyasının (keçmiş Azərbaycan Sənaye İnstitutu) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə dağ mühəndisi – geoloq ixtisasına yiyələnmişdir. 1960-64-cü illərdə keçmiş “Buzovnaneft” NQÇİ-nin quyuları yeraltı təmir briqadasının operatoru və ustası vəzifələrində işləmiş, 1965-67-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) aspiranturasında əyani təhsil almışdır.
1968-ci ildə AzETLQİ-yə mühəndis vəzifəsinə qəbul olunmuş, indiyə qədər mühəndis, kiçik və böyük elmi işçi, bölmə müdiri, aparıcı elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1986-cı ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişdir. 1992-ci ildən həmin institutun “Qazın yeraltı qaz anbarlarında saxlanılması və anbarların problemləri üzrə elmi-tədqiqat laboratoriyasının müdiridir.
Vaqif müəllim 21 noyabr 1969-cu ildə dissertasiya işini müdafiə edərək, 6 mart 1970-ci ildə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 9 yanvar 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən ona böyük elmi işçi adı verilmişdir. Vaqif müəllim 6 oktyabr 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək 21 may 2004-cü ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Bu bir həqiqətdir ki, elmin zirvəsinə ucalmaq istəyənlər üçün istedad, bilik və dözümlülük əsas şərtdir. Göstərilən üç keyfiyyət Vaqif Aslanovun elmi yaradıcılıq fəaliyyətinin əsas meyarıdır. Onun elmi tədqiqatları neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı, işlənməsi, karbohidrogen yataqları bazasında, duz laylarında yeraltı qaz anbarlarının layihələndirilməsi, yaradılması və istismarı sahələrini əhatə edir.
Vaqif müəllimin səmərəli elmi-tədqiqat fəaliyyətinin miqyası genişdir. Qaz sənayesində zəngin təcrübəyə malik olan alim Cənubi və Şimali Qafqazın neftli-qazlı vilayətlərində anomal yüksək lay təzyiqlərinin əmələ gəlmə qanunauyğunluqları əsasında qaz-kondensat yataqlarının axtarışına həsr olunmuş elmi-tədqiqatlar aparmış və əməli təkliflər vermişdir. O, böyük dərinliklərdə yatan və anomal yüksək lay təzyiqlərinə malik olan qazkondensat yataqlarının səmərəli işlənməsinə dair kompleks elmi-texniki tədbirlər işləyib hazırlamış, Xəzərin Azərbaycan sektorunda perspektiv qaz resurslarını qiymətləndirərək onların səmərəli istifadə yollarını göstərmişdir. Onun təklifi ilə Urenqoy qazkondensat yatağının neft zolağının parafinli və asfaltlı neftinin çıxarılması məqsədilə kompressor stansiyası (KS) vasitəsilə məhsuldar laya yüksək təzyiqli təbii qazın vurulması üsulu işlənib hazırlanmış və əməli təklif yatağın sənaye üsulu ilə işlənməsi layihəsinə daxil edilmişdir.
Vaqif müəllimin elmi fəaliyyətinin 35 ili sistemli şəkildə yeraltı qaz anbarlarının (YQA) layihələndirilməsi, istismarı və yenidənqurulması problemlərinə həsr edilmişdir. Buna misal olaraq Qoyt-Kort neft yatağında (Çeçenistan) neftin çıxarılmasının artırılması məqsədilə orada mövcud olan KS-dən istifadə etməklə həyata keçirilən yüksək təzyiqli “qaz repressiyası” prosesində qaz anbarının yaradılmasını, Karabulak-Açaluki neft-qaz yatağının (İnquşetiya) tükənmiş “qaz papağına” yeni tikiləcək KS vasitəsilə yüksək təzyiq altında təbii qazın vurulması nəticəsində əlavə neftin çıxarılmasını Samqori-Patardzeuli massiv tipli neft yatağına (Gürcüstan) yeni tikiləcək KS vasitəsilə yüksək təzyiq altında sıxılmış təbii qazın vurulmasını, süni “qaz papağının” yaradılması nəticəsində neftin əlavə çıxarılması və texnogen qaz zonasında qaz anbarının yaradılmasını, Qaradağ YQA-da layda qalmış retroqrad kondensatının propan-butan fraksiyası vasitəsilə çıxarılması prosesini, Novotroitski qazkondensat yatağında (Ukrayna) həyata keçirilən sayklinq-prosesinin əvəzində yeni modifikasiya əsasında qaz anbarının yaradılmasını, Lökbatan neft-qaz yatağının tükənmiş “qaz papağı” bazasında lokal tipli qaz anbarının yaradılmasını və başqalarını göstərmək olar.
Onun fikrincə, respublikanın Vahid Qaz Təchizatı Sistemi yanacaq-energetika kompleksinin tərkib hissəsi olduğu üçün ona bu kontekstdə baxılmalı, zəngin sərvətlərə malik olan Azərbaycanın karbohidrogen resurslarından səmərəli istifadə olunmalı, makroiqtisadi çərçivədə qaz təchizatı problemlərinin həlli məsələləri qaz sənayesinin strategiyası hesab edilməlidir. Vaqif müəllim 2030-cu ilə qədərki dövrdə ilkin enerjinin, o cümlədən, karbohidrogen qazlarının faktiki, proqnoz istehsalı, istifadəsi, ixracı məsələlərini araşdırmış və bununla bağlı əməli təkliflər vermişdir.
Hazırda onun rəhbərliyi altında Qalmaz və Qaradağ YQA-nın yenidənqurulmasına dair elmi-tədqiqat işləri davam etdirilir və qaz resurslarından səmərəli istifadə edilməsi yolları axtarılır. Anbarlara qazın normal vurulması və götürülməsi məqsədilə, tədbirlər proqramı işlənib hazırlanmışdır. Lay kollektorlarının məsaməlik həcmlərinin azalmasının, kənar suların qaz zonasına daxil olmasının qarşısının alınması məqsədilə Qalmaz və Qaradağ YQA-da minimal lay təzyiqlərinin uyğun olaraq, 70 və 85 atmosferdən aşağı endirilməməsi tövsiyə edilmişdir. Anbarların bufer qaz həcmlərinin, minimal lay təzyiqlərinin layihəyə uyğun olaraq bərpa edilməsi məqsədi ilə vurulan qazın bir hissəsinin laylarda saxlanılması təklif olunmuşdur.
V.Aslanovun rəhbərliyi altında Naxçıvan MR-nın Nehrəm duz yatağı bazasında yeraltı qaz anbarı və duzçıxarma kompleksinin yaradılması məqsədilə 1981-84-cü illərdə Nehrəm duz yatağında 800-900 metr dərinlikdə 9 kəşfiyyat quyuları qazılmış, 1985-ci ildə prosesin texnoloji sxemi tərtib edilmişdir. 1992-ci ildə layihənin baş mühəndisi V.Aslanovun rəhbərliyi altında Kiyevin “Ukrqazproyekt”, Moskvanın “Sintezqos-proyekt” institutlarının iştirakı ilə qaz-duzçıxarma kompleksinin “Texniki-İqtisadi Əsaslandırılması” işlənib hazırlanmış və qəbul edilmişdir. Muxtar Respublika üçün təklif olunan texnoloji kompleksin inşa edilməsi prosesi böyük iqtisadi səmərə gətirə bilər və sosial yönümlüdür. Obyektdə tikintinin aparılması blokada şəraitində yaşayan Muxtar Respublikada 700 nəfərdən artıq yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.
V.Aslanovun qaz sənayesinin aktual problemlərinə həsr olunmuş elmi-tədqiqat işləri, əldə etdiyi nəticələr respublikada və xaricdə çap olunmuş 110-dan artıq elmi əsərlərdə, bir monoqrafiyada, üç kitabçada, iki müəlliflik şəhadətnaməsində və səmərələşdirici təkliflərdə öz əksini tapmışdır. O, 70-ə qədər elmi-tədqiqat hesabatların rəhbəri və məsul icraçısıdır. Onun elmi əsaslarla verdiyi əməli təkliflərin istehsalatda tətbiqi nəticəsində küllü miqdarda qənaət əldə edilmişdir. Həmmüəllifi olduğu təklifin, yəni, Türkmənistandan yüksək təzyiqli idxal qazının nəqlinin dayandırılması ilə əlaqədar olaraq Qalmaz YQA-nın kompressor stansiyasının bir pillədən iki pilləliyə keçirilməsi ilə yayda anbara vurulan orta təzyiqli yerli təbii qazın sıxılma dərəcəsi iki dəfə yüksəldilmiş, vurulan qazın yüksək təzyiqliliyi təmin olunmuş və 1995-2007-ci illərdə hər il 1,5 milyon manat (yeni Azərbaycan manatı ilə) iqtisadi səmərə əldə edilmişdir.
Belə bir kəlam vardır ki, insan haqqında sözü hər zaman demək olar, zaman haqqında isə zamanında deyilməyən söz vaxtında dərilməmiş meyvə kimidir. Vaqif müəllim qaz sənayesinin problemlərinin həlli yollarını respublikamız yenidən müstəqillik qazandıqdan sonra vaxtında göstərmişdir. Onun dövri mətbuatda qaz sənayesinin aktual problemlərinə həsr edilmiş 90-dan artıq məqaləsinin bir neçəsini yada salaq:
— “Delat stavki na poputnıy qaz” (“Vışka”, 13.09.1990-cı il) məqaləsində Günəşli-Çıraq-Azəri yataqlarında neftlə bərabər çıxarılan kiçik təzyiqli səmt qazının tutulması məqsədilə, qazın mədən hazırlığı qurğularının-avadanlıqlarının quraşdırılmasının, KS-nın tikilməsinin və yeni sualtı qaz kəmərinin çəkilməsinin vacibliyindən, səmt qazının zavodda emalı nəticəsində küllü miqdarda maye qazın tutulacağından bəhs edilmişdir. Artıq bu yataqlarda neftlə bərabər çıxarılan kiçik təzyiqli səmt qazının tutulması və qaz zavodunda emal prosesi müvəffəqiyyətlə həyata keçirilir;
– 1992-95-ci illərdə qaz “klirinq-kvotasının” suveren respublikamız üçün zərərli barter olduğu “Azərbaycana klirinq lazımdırmı?” (“Aydınlıq”, 18.06.1993-cü il), “Xaricdən təbii qazın alınmasına ehtiyac yoxdur” (“Səhər”, 22.02.1994-cü il) və s. məqalələrində tənqid edilmişdir. Türkmən qazının lüzumsuz olaraq baha qiymətə alınmasını nəzərə alan ulu öndər Heydər Əliyev 12 aprel 1995-ci ildə həmin idxal qazının dayandırılmasına sərəncam vermişdir;
– Xəzərin Azərbaycan sektorunda yeni kəşf edilmiş neft-qaz yataqlarının məhsuldar qatının alt şöbəsinin yüksək potensiallı bazis qaz-kondensat horizontlarının işlənməyə daxil olunması problemləri “Azərbaycan neft təsərrüfatı” jurnalında (1994, ¹ 9-10), monoqrafiyasında və dövrü mətbuatda dərc olumuş çoxsaylı məqalələrində geniş şərh olunmuşdur. Nəticə göz qabağındadır: “Günəşli” neft-qaz yatağında 13 saylı platformadan qazılmış yeni quyu kirməkiüstü qumlu dəstədən 3157 metr dərinlikdə güclü qaz fontanı vurmuşdur. Həmin uğurlu texnoloji proses “Azəri” və “Çıraq” dəniz neft-qaz yataqlarında da müşahidə edilir. Sözügedən proses 90-cı illərin əvvəllərində proqnozlaşdırılmış və hazırda bəhrəsini verməkdədir.
Vaqif müəllim Moskva, Krasnodar, Aşqabad, Qroznı, İvano-Frankovsk, Tiflis və Bakı şəhərlərində keçirilmiş beynəlxalq, ümumittifaq, respublika səviyyəli elmi konqres, simpozium və kofranslarda qaz sənayesinin aktual problemlərinə həsr edilmiş maraqlı elmi məruzələrlə çıxış etmişdir. Onun hazırladığı Azərbaycanın yeraltı qaz anbarlarının üçölçülü maketləri dəfələrlə “Xəzər neft-qaz” Beynəlxalq sərgilərində nümayiş etdirilmişdir.
Ömrünün müdriklik çağlarını yaşayan Vaqif müəllim AzETLQİ-də laboratoriya müdiri vəzifəsində işləməklə bərabər həm də Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Neftin-qazın nəqli və saxlanılması” kafedrasının professorudur. ADNA-nın “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
V.Aslanov qaz sənayesində səmərəli əməyinə, fəal və nümunəvi işinə görə, respublika parlamentinin fəxri fərmanı ilə təltif olunmuş, “SSRİ Qaz Sənayesi Nazirliyinin əlaçısı” və “Onuncu beşilliyin zərbəçisi” döş nişanlarına layiq görülmüşdür. Azərbaycan Respublikasında qaz təsərrüfatının yaradılmasının 70 illik yubileyi münasibətilə “Azəriqaz” QSC-nin fəxri fərmanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əmək veteranıdır.
Vaqif müəllim həmişə elmi axtarışlardadır və əməksevərliyi ilə seçilən alimlərimizdəndir. O, hazırda elmi fəaliyyətinin məhsuldar dövrünü yaşayır və əvvəlki illərdə olduğu kimi gənclik həvəsi ilə çalışır. Ümid edirik ki, Vaqif müəllim qaz sənayesinin neçə-neçə problemlərinin həllində bundan sonra da yaxından iştirak edəcəkdir. Bir daha onu təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Rüstəm BAĞIROV,
texnika elmləri doktoru,
professor,
Beynəlxalq Elmlər Akademiyasının akademiki
Xalq qəzeti.-2009.-17 yanvar.- S.7.