20 Yanvar hadisələrinin beynəlxalq əks-sədası

 

Azərbaycan şəhidlərin ruhunu ehtiramla yad edir

 

Ötən əsrin 80-ci illərinin sonlarında Qazaxıstanda, Baltikyanı respublikalarda, Moldaviyada, Ukraynada, Çeçenistanda, Gürcüstanda mərkəzin ağalıq siyasətinə qarşı etiraz çıxışlarında öldürülənlərin və yaralananların olmasına baxmayaraq, Moskva rəhbərliyi genişlənən ümumxalq hərəkatının qarşısını ala bilmədiyindən, ən ağır zərbəni Azərbaycana yönəltməklə nəyə qadir olduğunu bütün ölkəyə, habelə dünyaya nümayiş etdirmək qərarına gəldi.

Qanlı Yanvar hadisələri vaxtı SSRİ-nin müdafiə, daxili işlər və dövlət təhlükəsizliyi kimi üç güc nazirliyi başçılarının Azərbaycanda olmaları, habelə birləşmiş qüvvələrin hərbi əməliyyatlarının gedişinin nəticələri haqqında ölkə rəhbərliyinə xüsusi məxfi məlumat hazırlamaları Moskvanın bu işi ciddi nəzarətdə saxladığını təsdiq edir.

Sonralar Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi M.S.Qorbaçov xarici ölkə jurnalistlərinin suallarına verdiyi cavabda 20 Yanvar faciəsi üçün məsuliyyət daşıdığını etiraf etmiş və mərkəzin o zaman verdiyi qərarın səhv olduğunu söyləmişdir.

Xatırlayıram, şəhidlərimizin qırxı mart ayının 1-i, yaxud 2-nə düşürdü. Ətraflı məsləhətləşmələrdən sonra razılaşdıq ki, müəyyən işləri başa çatdırmaq, əhalinin təhlükəsizliyini təmin etməyə tam hazır olmaq üçün martın 2-si daha münasibdir... Həm də o gün Bakı qırğınına şəxsən hökm vermiş Qorbaçovun ad gününə təsadüf edirdi...

Səhər tezdən axşama qədər yüz minlərlə adamın ziyarətə gəldiyi şəhidlərimizin qırxı günü mərasimində, İctimai Dəfn Komissiyasının xalqa vaxtaşırı çatdırılan müraciətində deyilirdi:

“Bu gün biz şəhidlərimizin qırxı gününü qeyd etmək üçün matəm mərasiminə toplaşmışıq!

Azərbaycan xalqı öz nakam balalarının, oğul və qızlarının qırxı gününü fövqəladə vəziyyətin hökm sürdüyü, hərbçilərin əhatəsində, döyüş vertolyotlarının uçuş-nəzarət gurultusu altında, snayperlərin hədəfində qeyd edir...

Belə bir mürəkkəb vəziyyət, gözlərinin acı yaşlarını qəlbinə axıtmağı bacaran xalqımızdan öz nəcibliyini və ucalığını qorumağı, səbirli və təmkinli olmağı tələb edir.

Mənim millətim müdrikdir! Mənim xalqım arifdir! O, bir işarədən mətləbi başa düşəndir!

Bu gün biz şəhidlərimizin bütün respublikada keçirilən qırx mərasimini elə aparmalıyıq ki, Azərbaycan xalqının tarixi ənənələrinə, dini adətlərinə, millətimizin ucalığına və şəhidlərimizin məğrur ruhlarına layiq olaq. Bunu bizdən tarixi məsuliyyətimiz, ibrətamiz taleyimiz, milli ləyaqətimiz tələb edir...

Biz bir daha yada salmağı özümüzə borc bilirik ki, verdiyimiz qurbanların sayı, burada dəfn olunanlardan qat-qat çoxdr. Heç şübhə yoxdur ki, gec-tez həqiqət tam aydınlaşdırılacaq, haqq-ədalət öz yerini tutacaq, Qanlı Yanvar faciəsini törədənlər öz cəzasını alacaqdır”.

Şəhidlərimizin qırx mərasimi iştirakçılarının nifrət və qəzəblə dolu “lənət olsun” sədaları, Azərbaycan xalqının azadlıq hərəkatını zəhmli ordunun vəhşi zorakılığı ilə boğmağa çalışan Mərkəzə, Kommunist Partiyasına, Siyasi Büroya, şəxsən ermənipərəst Qorbaçova yönəlmişdi.

Tarixi yaddaş naminə, xalqın məsləhəti və hökmü ilə yaradılaraq 42 gün ərzində Şəhidlər Xiyabanındakı proseslərin ağır məsuliyyətini öz üzərinə götürmüş, cəmiyyətin müxtəlif ictimai təbəqələrinin təmsil olunduğu İctimai Dəfn Komissiyası üzvlərinin adlarını bütün millətimizə bir daha xatırlatmağı özümə borc bilirəm: Hacı Allahşükür Paşazadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov, Xalid Muxtarov, İbrahim Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Nəriman Əliyev, Rəhim Qasımov.

İctimai Dəfn Komissiyasının köməkçilər dəstəsinin işinə Etibar Səmədov və Rüstəm Xalıqov rəhbərlik etmişlər. Həmin dəstənin tərkibinə Əbdül, İsgəndər , Vaqif, Gündüz, Seyfulla, Fərhad, Adil, Təfəkkür, İlham, Xəlil, Mehman, Cavanşir, Yaşar, Eldar, Möhsüm, Mötəbər, Rahib, Vasif, İxtiyar, Üzeyir, Məhəmməd, Əli, Tamerlan, Feyruz daxil idilər.

O milli sınaq, vətəndaş həmrəyliyi və nikbin faciə günlərində bütün dünya, beynəlxalq ictimaiyyət gördü və inandı ki, bolşevik rejiminin riyakar təbliğat vasitələrinin “yenilməz birlik”, “dostluq qalası” kimi qələmə verdikləri Sovet İttifaqı daxilən çürük, mənəviyyatca şikəst, inzibati-amirlik üsulları ilə idarə olunan, insanların düşüncə sərbəstliyinə, hüquqlarına, azadlıqlarına qənim kəsilmiş zorakı, ədalətsiz, totalitar “şər imperiyasıdır”.

20 Yanvar hadisələrinin hazırlanması, gedişi və faciəli nəticələri barəsində Moskvanın yaydığı böhtanlara, saxta məlumatlara, fitnəkar materiallara baxmayaraq, tezliklə hamı (bunu etiraf etsələr də, etməsələr də) üçün aydın oldu ki, iflas ərəfəsində olan pozulmuş ictimai-iqtisadi sistem öz qan üzərində qurulmuş şərəfsiz 74 illik ömrünü uzatmaq üçün hər cür rəzalətə, cinayətə, hətta vətəndaşlarına qarşı silahlı ordu vasitəsilə mübarizə aparıb, onları qurmağa hazırdır.

Təsadüfi deyildir ki, o günlərdə “Nyu-York tayms” qəzeti yazırdı: “Bakının işğalından sonra xalqını sevən hər bir azərbaycanlıda Moskvaya və Qorbaçova qarşı nifrət hissi oyanmışdır... Vaxtilə üzüyola bir müstəmləkə olan Azərbaycan indi öz suveren, demokratik hüquqlarını tələb edir. Bakıda adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinə qədər demək olar hamı buna inanır ki, Moskva Azərbaycanın suveren hüquqlarını tələb etməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərdi” (18 fevral 1990-cı il).

Türkiyə ictimaiyyətinin 20 Yanvar hadisələrini necə həyəcan, sarsıntı hissləri ilə qarşıladığını təsvir edən “Zaman” qəzeti, ölkə camilərində minlərlə insanın qarşısında, ürək ağrısı ilə deyilmiş fikirləri, səslənmiş müraciətləri, Azərbaycan xalqına kömək göstərmək çağırışlarını dünyaya çatdıraraq yazmışdı: “Sovet imperiyası altında əzilən, əzilə-əzilə döyüşən azəri qardaşlarımızın köməyinə yetişmək bizim qardaşlıq borcumuzdur”. “Orada qardaşlarmız düşmən tanklarının tırtılları altında çeynənirkən, burada rahatca yatıb-qalxmaq haramdır”. “Qapalı yolları ayaqlarımızla, tikanlı sərhədləri köksümüzlə yarıb köməyə yetişək”.

Türkiyənin Böyük Millət Məclisində çıxış edən ölkənin xarici işlər naziri Məsud Yılmaz Bakıda baş vermiş qanlı hadisələrlə bağlı Moskvanın hərbi müdaxiləsini qətiyyətlə pisləmiş və yaranmış vəziyyətin Azərbaycanın öz müstəqilliyini qazanması ilə nəticələnəcəyini proqnozlaşdırmışdı.

Ölkənin rəsmi dini dairələrinin “Azadlıq” radiosu ilə 21 yanvar 1990-cı ildə bütün dünyaya yayılmış bəyanatında deyilirdi: “Azərbaycanla aramızda din, qan, tarix və mədəniyyət yaxınlığı vardır. Azərbaycanlı qardaşlarımızın üzləşdiyi bu faciəyə türklərin biganəliyi, bizim özümüzə biganəliyimiz olardı. Onların haqq səsinin susdurulmasına necə biganə qalmaq olar? Ürəyimiz qan ağlayır. Bütün Türkiyə göz yaşları içindədir”.

Həmin günlərdə Moskva mətbuatının qərəzli şəkildə yaydığı və dünyanı inandırmağa çalışdığı “əsaslı faktlardan” biri, guya Azərbaycanda “islam dövləti” yaratmaq cəhdlərinin qarşısını almaq zərurəti olmuşdu. Moskva elçilərinin və təhlükəsizlik orqanlarının əli ilə qurulmuş bu məkrli oyunun baş tutmadığı tezliklə bütün dünyaya aydın oldu. Xüsusilə şəhidlərin dəfni mərasimində müsəlman, pravoslav, yəhudi dini icma nümayəndələrinin (rəhbərlərinin) mütəşəkkil iştirakı və Şəhidlər Xiyabanı ərazisində müxtəlif millətlərdən olan oğul-qızlarımızın birlikdə, eyni şərəf, ləyaqət və hörmətlə torpağa tapşırılması Azərbaycan xalqının islam təməlçiliyində (fundamentarizmində) ittiham edilməsi haqqındakı fikirlərin nə qədər əsassız olduğunu sübuta yetirdi.

Bu məsələyə toxunan ABŞ-ın “Baltimor san” qəzeti yazmışdı: “Kremlin guya ”millətçi üsyanı” yatırmaq üçün verdiyi qərar, Konstitusiyanı kobud surətdə pozmuş, eyni zamanda suveren respublikanın hüquqlarını tapdalamışdır” (23 yanvar 1990-cı il).

Çoxmillətli Bakı şəhərinə birləşmiş ordu hissələrinin qəfil hücum zərbəsinin yaratdığı qanlı faciəni müstəqil mənbələrdən aldığı obyektiv məlumatlar əsasında şərh edən “Qardian” (İngiltərə) qəzeti yazırdı: “Kremlin göstərişi ilə yanvarın 19-da Qızıl Ordunun Bakıya girməsi, böhranlı vəziyyəti sakitləşdirmək əvəzinə onu daha da gərginləşdirmişdir... Sovet rəhbəri Qorbaçov öz çıxışında göstərir ki, guya Azərbaycanda islam respublikası yaratmaq qərara alınmışdır, guya çevriliş hazılanırmış. Sovet rəhbəri bunu deyərkən, görəsən, əlində tutarlı əsası vardırmı?” (22 yanvar 1990-cı il).

Bütün millətlərə və xalqlara hörmət ruhunda ata-baba tərbiyəsi almış azərbaycanlıları “islam təməlçiliyi”ndə ittiham edən sovet rəhbərliyinin saxta uydurmalarına ayıq münasibət bildirən xarici mətbuat o günlərdə müxtəlif materiallar çap etməklə, Mərkəzin böhtan xarakterli qərəzli mövqeyinin reallıqdan çox uzaq olduğunu təsdiqləmişdi. ABŞ-ın “Nyu-York tayms” qəzeti müxbirinin “islam təməlçiliyi” ilə bağlı sualına, İctimai Dəfn Komissiyası adından verilmiş cavabda deyilirdi: “Şəhidlər Xiyabanında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, tatarlar, ləzgilər də dəfn olunmuşlar... Bizi “islam fundamentarizmində” günahlandırırlar... Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?” (22 yanvar 1990-cı il).

20 Yanvar hadisələri vaxtı İran İslam Respublikasının dini lideri, Ayətulla Əli Xameneyi həzrətləri buyurmuşdu ki, baş verən hadisələrin əsas səbəbi heç də milli və dini zəmin deyildir. “70 ildən bəri Şimali Azərbaycanda yaşayan müsəlman qardaşlarımızın özünə, dininə qayıtması, şübhəsiz ruslara xoş gələ bilməz”.

Təəssüf ki, bizim günlərimizdə də Qafqaz xalqlarına, o cümlədən də müstəqil Azərbaycan Respublikasına qarşı keçmiş münasibətlərin bəzi kölgəli cəhətləri özünü rəsmi dairələrin hələ sovet rejimindən miras qalmış Dağlıq Qarabağ münaqişəsinin həllinə “ikili standart” mövqelərindən yanaşmasında, Rusiya Dövlət Duması üzvlərinin ölçülüb-biçilməmiş çıxışlarında, müxtəlif mətbuat orqanlarının qızışdırıcı-fitnəkar çıxışlarında, hərbçilərin hədə-qorxu xarakterli müsahibələrində, Rusiyanın ayrı-ayrı yerlərində yaşayıb-işləyən həmvətənlərimizə qarşı törədilən xoşagəlməz hərəkətlərdə, sərhəd zonaları və qarşılıqlı keçid məntəqələrində yaradılan süni əngəllərdə göstərir.

Bu məqamları xatırlatmaqda məqsəd, böyük qonşu dövlətlə aramızda kin-küdurət yaratmaq, tarixən formalaşmış və şübhəsiz müsbət rol oynamış iqtisadi-mədəni əlaqələr sisteminə xələl gətirmək deyildir. Hər hansı bir demokratik cəmiyyətdə müxtəlif fikir və mövqelərin olması reallığını unutmayan azərbaycanlılar ayrı-ayrı liderlərin, partiya və hərəkat nümayəndələrinin fərqli münasibətlərini bütövlükdə xalqlara, millətlərə şamil etmək xüsusiyyətindən həmişə uzaq olmuşlar. Qonşu dövlətlərlə həmişə xoş, mehriban və işgüzar iqtisadi-mədəni əlaqələr təməlində qarşılıqlı hörmət, müstəqillik, ərazi toxunulmazlığı, təhlükəsizlik, bir-birinin daxili işlərinə qarışmamaq, zorakılıq tətbiq etməmək, çoxcəhətli faydalı əməkdaşlıq xəttini daha da inkişaf etdirmək siyasəti həmişə Şərqdə və onun ilk demokratik quruluşlu dövlət formasını yaratmış qədim-müasir Azərbaycanda yüksək qiymətləndirilmişdir.

Belə bir millətin çətin sınaq günlərindəki müdrik dəyanəti soyuq-şaxtalı yanvar günlərində aşkar-gizli yollarla Azərbaycana gəlmiş 80-ə yaxın ölkənin kütləvi informasiya nümayəndələrini heyrətə gətirmişdi. Ciddi risk və təhlükə altında fəaliyyət göstərən, İctimai Dəfn Komissiyasının qayğısı ilə əhatə olunmuş qəzet müxbirləri, radio-televiziya işçiləri, Qanlı Yanvar hadisələri vaxtı həlak olmuş litvalı jurnalist və yaralanmış xarici tələbələr barəsində, habelə Bakıda təhsil alan xarici ölkə tələbələrinin Azərbaycan xalqı ilə həmrəyliyi, matəm mərasimlərində iştirakı, Şəhidlər Xiyabanını ziyarət etmələri haqqında məlumatların toplanıb dünya ictimaiyyətinə çatdırılmasında böyük zəhmət çəkmişlər. İctimai Dəfn Komissiyası, dəfələrlə onlara xalqımız adından öz razılığını bildirmiş və xahiş etmişdir ki, Azərbaycanda baş verən hadisələr haqqında beynəlxalq aləmə obyektiv məlumat çatdırsınlar.

Xarici jurnalistlər əhali ilə söhbətlərində səmimiyyətlə etiraf edirdilər ki, Bakıya gəlib çatana qədər onların Azərbaycanda baş verən hadisələrə münasibətləri, aldıqları təzadlı məlumatlar sayəsində birmənalı olmamışdır. Lakin öz gözləri ilə gördükləri, peşə təcrübələri, yerli sakinlərlə, xarici vətəndaşlarla, şəhid ailələri, yaralananlarla, xəstəxana işçiləri ilə, ziyarətə gələnlərlə görüşləri, müsahibələri, adi adamlarla söhbətləri, onları obyektiv surətdə tamamilə başqa məntiqi nəticələrə gətirib çıxarmışdır. Sanki xarici jurnalistlərin ümumi rəyini ifadə edən Cənubi Amerikadan ölkəmizə ilk dəfə gəlmiş yaşlı bir jurnalist, o yerlərin adamlarına məxsus çılğınlıq və qəzəblə əhatəsindəkilərə deyirdi ki, Moskva tərəfindən yayılan rəsmi məlumatlarla gördükləri, habelə bilavasitə şahidi olduqları arasındakı kəskin təzad bir insan kimi onu son dərəcədə sarsıtmışdır: “belə zəmanəyə də, onun əxlaqına da lənətlər olsun”.

Jurnalistlərin fikrinə şərik çıxan ABŞ-ın “Vaşinqton post” qəzeti, mərkəzin rəsmi məlumatlarının həqiqəti təhrif etməsi faktlarını Salyan kazarmalarındakı vəziyyətin timsalında belə təsvir etmişdi: “...Şəhərin mərkəzindəki hərbi hissələrin birində yüzlərlə azərbaycanlı və gürcü (habelə digər millətlərin — Q.Ə.) hərbçiləri qiyam qaldırmışlar. Sovet hökuməti isə Bakıdakı Salyan kazarmasındakı azərbaycanlı və gürcü əsgərlərlə, hökumətə sadiq olan qoşun hissələri arasında atışma olduğu haqqındakı xəbərləri təkzib edir. Sovetlər bu qiyamçıları terrorçu adlandırmışdır” (23 yanvar 1990-cı il).

Oxucuların nəzərinə çatdırmağı lazım bilirəm ki, Salyan kazarmaları ərazisində guya snayperlər yerləşdirilib bəhanəsi ilə orada hərbi xidmətdə olan ruslara, gürcülərə, ukraynalılara, ləzgilərə, yəhudilərə, çeçenlərə, azərbaycanlılara və başqa millətlərin nümayəndələrinə qarşı təxribat törədilmişdi. Bakıya hücum etmiş və xüsusi təlim keçmiş hərbçilərin təslim olmaq tələbini rədd etmiş Salyan kazarmasındakı əsgər və zabitlər son nəfəslərinə qədər çiyin-çiyinə vuruşmuşlar... Onların hamısı həlak olmuş, meyitlərin bir hissəsi yandırılmış, bir hissəsi ərazidəki köhnə quyulara atılaraq izi itirmək məqsədilə üstləri örtülmüş, əksəriyyəti sellofan kisələrə salınaraq, xüsusi nəzarət altında Bakı limanında lövbər salmış hərbi gəmilərə daşınmış, oradan isə naməlum istiqamətə aparılmışdır. Bu hadisə yerli və xarici mətbuatda qeyd olunsa da, liman işçiləri, habelə digər sahidlər tərəfindən təsdiq olunsa da, Qanlı Yanvarın bütün təfərrüatı ilə açılmamış qaranlıq səhifələrindən biri kimi qalmaqdadır.

Düşünürəm və inanıram ki, gələcəkdə milli azadlıq hərəkatımızın mühüm bir mərhələsi sayılan Qanlı Yanvar hadisələrinin səbəblərini, sosial bazasını, gedişi prosesini, qüvvələr nisbətini, müxtəlif mövqeləri, ictimai-siyasi nəticələrini, beynəlxalq aləmdə doğurduğu əks-sədanı, onun hələ indiyədək açılmamış, qaranlıq səhifələrini tam obyektivliyi ilə aydınlaşdıran hərtərəfli elmi-nəzəri tədqiqatlar aparılacaq, sanballı əsərlər yazılacaqdır. Bu, bizim nəslin milli-mənəvi və elmi idrak borcudur.

O günlərin şöhrəti solmayacaq, şəhidlərimiz heç vaxt unudulmayacaqdır.

Onların narahat ruhları hər an bizlərə xatırladacaqdır ki, öncə Vətəndir, “Torpaq uğrunda ölən varsa, Vətəndir” və:

“Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!”

Allah cəmi şəhidlərə rəhmət eləsin. Müqəddəs qəbirləri nurla dolsun!

 

 

Qüdrət ƏBDÜLSƏLİMZADƏ,

 iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.-2009.-20 yanvar.-S.3.