Ülvi hisslərdən şəhidlik zirvəsinə

 

Fəlsəfi düşüncələr

 

Bu günlərdə “fəlsəfi poeziya” mövzusunda tədqiqat apararkən Azərbaycan poeziyasının nakam nümayəndələrindən biri, Müşfiq aqibətli, parlaq istedad sahibi gənc şair Ülvi Bünyadzadənin yaradıcılığı ilə tanış oldum və 20 yanvarda xalqımızın istiqlal hərəkatçıları ilə yanaşı, Azərbaycan poeziyasının da necə ağır bir itki verdiyini dərk etdim.

Tarixdə çox nadir hallarda şairin və ya filosofun əsas yaradıcılıq ideyası, çağırışları onun şəxsi həyat nümunəsi ilə üst-üstə düşür, real təcəssümlə tamamlanır. Belə olanda ideya hələ kifayət qədər inkişaf edib öz zirvəsinə çatmamış, bir həyat həqiqəti bu zirvəni fəth edir.

Azərbaycan xalqının tarixində iki milli intibah dövrünü xüsusilə qeyd etmək olar. Bunlardan birincisi XIX əsrin axırları - XX əsrin əvvəlləri idisə, digəri 1988-ci ildən başlanan və ancaq oyanış mərhələsini keçə bilən o izdihamlı illər idi. İkinci hadisə, təəssüf ki, hələ də öz elmi-fəlsəfi təhlilini tapmamışdır. Bu elə bir dövr idi ki, bir tərəfdən, qarşıda imperiya buxovlarından azad olmaq şansı, müstəqillik perspektivi görünürdü, digər tərəfdən — milli varlığın rəmzlərindən biri olan Vətən torpağına qəsd edilmişdi. Həmin dövr hamımız üçün ağrılı, həyəcanlı və eyni zamanda ümidli bir dövr kimi yadda qalmışdır. Bu iki qütbün, əksliklərin vəhdəti dövrün dramatizmini ifadə edir. Qaranlıqlar işıqlara, işıqlar qaranlığa bürünmüşdü. Hamı hər gün, hər saat həm nə isə qorxulu, həm də nə isə sevincli bir şey gözləyirdi. Kimin ki, yeniyetməlik çağı bu dövrə düşmüşdü, onlar gözlərini açıb bu təzadlar içərisində yol seçmək məcburiyyətində idilər. Kim ki, Ülvi kimi hələ gənclik dövründə ikən yetkinlik məqamına çatmışdı, o, hisslərini şeirlərində, düşüncələrini məqalələrində, iradi əzmini əməllərində ifadə edirdi.

“Sevincin qəm ilə qoşa” olmasından bəhs edən “Təzadlar” şeiri də məhz 1988-ci ildə yazılmışdı:

 

Ən dərin dərələr, müdhiş yarğanlar,

Əlçatmaz dağların özülü olur.

Gülüşlər, haraylar, ahlar, amanlar,

Həmişə yan-yana düzülü olur.

 

Yaxud, başqa bir şeirində ana qəlbindəki təzaddan söhbət açılır. Oğlunu Vətənin müdafiəsinə yola salan ananın keçirdiyi duyğularda sevinc və kədərin təzadı:

 

Gözlərindən damcılanan yaz yağışı,

İntizarlı bir könüldən qopub gələn göz yaşıdı, göz yaşı.

Bir arzudu, bir istəkdi,

Bir umuddu hər kərpici, hər daşı.

 

Bəli, bu dövr faciələr dövrü idi. Bu dövr həm də qəhrəmanlıq, cəngavərlik dövrü idi. Yeniyetmə gənclərin elə küçələrdəcə avtobuslara minib birbaşa cəbhəyə, döyüşə tələsdiyi, qanların qaynadığı, hisslərin coşduğu, bəzən on illərlə dərk edilə bilməyən milli mənliyin bir anda dərk edildiyi hümmət zamanı idi, qeyrət zamanı idi!

Amma kimlərsə hələ qabaqcadan özünü bu qeyrət məqamına hazırlamışdı. Damla-damla dolmuş, misra-misra yazılmış bir tale!

 

Axtarın elimin nər balasını,

Versin haqsızların haqq bəlasını!

 

Bu misralar hələ 1987-ci ildə yazılmışdı. Sanki şair qəlbinin uzaqgörən duyumu, intuisiyası məqamın yaxınlaşmasından xəbər verirdi və 17 yaşlı gənc artıq özünü öncədən bu məqama hazırlayırdı.

 

Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun ağrısından, acısından,

“Ölüm” adlı yuxusundan mən qorxmuram!

 

Yaxud, “Ömür yolu” poemasında ölümdən sonrakı həyatda, qəbirdə də Qarabağ uğrunda mübarizəsindən bəhs edir:

 

Məni belə aciz görmə qəbirdə,

Qəbirdə də

Qarabağın özüyəm.

 

Bəli, şəhidlərin uyuduğu torpaq Qarabağ torpağı ilə eyni rəngə boyanmış, bir tamın ayrılmaz hissəsinə çevrilmişdir:

 

Qarabağdı mənim dinim, imanım

O torpağın nişanəsi, iziyəm.

 

Şair üçün bir böyük yol var: son məqsədə, ideala aparan yol! Bu uzaq yolun yolçusu üçün ölüm sanki bir məqam, məntəqədir. Burda bir anlıq dayanıb yenidən yola çıxırlar, ta əbədiyyətə qədər! Bu ideal, bu böyük məqsəd isə milli istiqlal idi. Lakin milli istiqlala gedən yolun üzərində böyük-böyük maneələr var. Sanki üzərinə bir daş qoyulmuşdur. Milli duyğu isə bu kobud qüvvənin qarşısında çox kövrək və zərif görünən çiçəyə bənzəsə də, özünün kökə bağlılığı, yaşamaq əzmi ilə seçilir:

 

Kökün durur, canın ölür,

Daş altında bitən çiçək.

 

Bəli, çiçək obrazı təsadüfi deyil, onun ruhani qüdrətini və bir Vətən, bir Azərbaycan timsalı kimi təqdimatını hələ 20 il əvvəl - Ülvinin doğulduğu ildə şair Məmməd Araz vermişdi:

 

Azərbaycan - qayalarda bitən bir çiçək,

Azərbaycan - çiçəklərin içində qaya.

 

İmperiya buxovları milli inkişafı məhdudlaşdırdığı bir şəraitdə nə qədər kiçik xalqlar, etnik qruplar sıradan çıxdı... Vaxtılə Fransada mövcud olan qırx etnik qrupdan artıq heç nə qalmamış, hamısı fransızlaşmışdır. Böyük rus imperiyasındakı yüzlərlə xalqdan əsər-əlamət qalmadı. Hamısı ruslaşdı. Hətta böyük skiflərin, tatarların neçə-neçə imperiyaların yadigarı olan törəmələri də ruslaşmaqdan xilas ola bilmədi. Amma ruslaşmış türklərlə yanaşı, türklüyünü saxlayan, dilini, dinini, mənəviyyatını qoruya bilən xalqlar da oldu. Bu xalqlar içərisində azərbaycanlılar öz milli-mənəvi saflığını yaşatmaq baxımından xüsusilə seçilirlər. Lakin bu milli yaşayış, bu milli həyat çox ağır və təbəddülatlı cığırlardan keçmiş və geniş yola çıxmaq üçün, nəhayət, bir şans yaranmışdı. Onun 20 yanvara cəmi 10 gün qalmış yazdığı bir məqaləsində oxuyuruq: “Xalqımızın milli müstəqillik və demokratiya uğrunda apardığı mübarizə bu gün özünün tarixə qanla yazılacaq, əbədi həkk olunacaq günlərini yaşayır. Günü-gündən mövcud hərbi-polis rejiminin iç üzü açılıb tökülür, onun birdəfəlik dağılması üçün zəmin hazırlanır”.

Lev Tolstoyun xırda xalqların öz milli mənini qorumaq uğrunda mübarizəsini əks etdirən “Hacı Murad” əsəri tufanlara, küləklərə sinə gərən bir kolun yaşamaq əzminə həsr olunmuş uvertüra ilə başlayır. Ülvi Bünyadzadənin “Daş altında bitən çiçəyi” də qəvi bir düşmənin, başının üstünü almış ağır bir daşın yolu kəsməsinə baxmayaraq, işıq üzünə həsrət qalsa da, boy atmağa macal verilməsə də, təslim olmur, yaşamaq uğrunda hər dəfə yenidən cəhd göstərir... Solur, göyərə bilmir, böyüyə bilmir, amma hər dəfə dönüb yenidən daşa təzyiq edir, qarşısındakı maneəni dəf etməyə çalışır. Cismi ölür, canı ölür, amma kökü sağdır. Və nə qədər ki, kök yaşayır, nə qədər ki, yerin təkindən, min illərin dərinliyindən güc alır, qüvvət alır, bu sonu görünməyən mübarizə davam edəcəkdir. Ümidini itirməyəcək, daşın aşındığı, heydən düşdüyü o böhran məqamını, o tarixi fürsəti böyük səbrlə, inamla gözləyəcəkdir.

 

Bir qəm yüklü ürəyəm ki,

Aparammaz karvan məni...

Mən Ülviyəm, kim atsa da,

Atmayacaq inam məni!

 

Ülvi Bünyadzadə özünün “Daş altında bitən çiçək” şerini nəğmə adlandırsa da, o, sadəcə nəğmə deyil, konkret bir tarixi hadisəyə ictimai-siyasi münasibət olmaqla məzmunu və ideyasına görə gözəl bir fəlsəfi poeziya nümunəsidir:

 

Daşın adı elə daşdır,

Zəncir ilə həmsirdaşdır.

Səni görən nə yaşadır,

Daş altında bitən çiçək?

 

Son bənddə “daş” obrazı daha da konkretləşir; onun zəncir ilə həmsirdaşlığı şairin imperiya qandallarına işarə etdiyinə şübhə yeri qoymur. Lakin şair təkcə bir həyat eşqinin məhdudlaşdırılması, boğulması faktını bədii şəkildə ifadə etməklə kifayətlənmir. O, həm də çiçəyin bu gücü, qüdrəti haradan alması barədə fəlsəfi bir sual qoyur. Bu sualın cavabı onun öz poeziyasında da, kökü lap qədimlərə gedib çıxan milli fəlsəfi fikrimizdə də tapıla bilər. Lakin Ülvi bu cavabı elə həmin şeirin özündə də verə bilmişdir. “Kök” obrazı özü bir cavabdır. Digər tərəfdən şair bu kiçik həcmli şeirdə milli ruhun nə isə abstrakt bir şey olmadığını, onun hər bir millət nümayəndəsinin qanında, canında yaşamalı olduğunu vurğulayır.

Həm də kiminsə, bir başqasının yox, məhz şairin öz qanında, öz canında:

 

Bir az mənə oxşayırsan,

Daş altında bitən çiçək.

 

Bu milli ruh yolunda, Vətən yolunda qanından, canından keçməyə hazır olduğunu şair artıq öz şəhidlik taleyi ilə sübuta yetirmişdir. Amma bunun sübutuna ehtiyacmı var idi? Onun şeirlərinin səmimiyyəti özü bir sübut deyildimi? Lakin şair öz yaşının elə bir dövrünü yaşayırdı ki, burada cəngavərlik duyğusu... rasional və planlı həyat formulasını üstələyirdi.

1937-də xalqımızın məhz seçilmişlərini, milli ruhun ən parlaq daşıyıcılarını aradan götürməyi qarşısına məqsəd qoyan İmperiya siyasəti, düşmən gülləsi o dərəcədə peşəkar idi ki, 90-da - gecənin qaranlığında izdihamın içində də millətin yenicə pərvazlanan poetik qüdrətini yüzlərin içindən seçə bildi və yenə də milli ruhu nişan aldı.

Onun yazıb imzaladığı “And”ın mətni də bu hazırlıq işinin, bu şəhidlik missiyasının sanki planlaşdırılmış olmasına dəlalət edir. Bu, görünür, şairlik təbiətinə xas olan bir cəhətdir. Vaqif Bayatlı Odər “Şeir anddı” adlı şeirində yazır:

 

Şeir - anddı mənimçün,

Şeir yazmaq - and içmək,

and içib göydə ulduzuna,

yerdə şeirinə çəkilir hər şair

yurdunu qoruyan bir əsgər

qılıncına and içib

ölümünə çəkilən tək.

 

Lakin Ülvi Bünyadzadə sadəcə şeirinə çəkilmədi, “ölümünə çəkildi” və torpağına qatışaraq onu yağılara vermədiyinə əminliklə getdi. Bu gedişi ilə nəsillərə örnək oldu. Amma həm də böyük bir könül dəftərini, öz poetik pafosunu, lirik hüznünü də qalıb yaşayanlara ərməğan etdi. Və bu mükəmməl poeziya abidəsi ilə bizimlə qaldı. Və öz milli “mən”ini yaradıcılığında ifadə etməklə millətlə qalmağın, həmişəlik qalmağın da örnəyi oldu.

 

 

Səlahəddin XƏLİLOV,

professor

 

Xalq qəzeti.-2009.-20 yanvar.-S.4.