20 Yanvar: 19 ilin 19 sualı
20 Yanvar faciəsinin 19-cu ildönümü günlərində müsahibimiz bu faciənin qurbanları barədə ilk ensiklopedik nəşrin müəllifi, tanınmış yazıçı-jurnalist Rafiq Səməndərdir
— Rafiq müəllim, 19 il bir gəncin ömrüdür, amma adama elə gəlir ki, o dəhşətli hadisələr dünən olub...
— 19 il bir dərdli gəncimizin ömrüdür, 19 yaşlı bir dərddir. Gənc bir dərdimizin ömrüdür. Lakin bu gəncin beli əyilib dərddən... Tarix üçün isə 19 il nədir ki... Bir göz qırpımı. Bilirsən, yaxşı bir hadisə, könül açan bir əhvalat olsaydı, deyə bilməzdik ki,elə bil dünən olub. Ancaq ağrılı-acılı, qanlı, kədərli hadisə heç vaxt yaddan çıxmır deyə, elə bilirik ki, dünən olub.
Süngü yarası heç vaxt sağalmır. O ki ola bütün bir xalqa, millətə, torpağa, ölkəyə vurulan süngü. Özü də arxadan vurulan zərbə. Biri unutsa da, mini unutmayacaq. Bütün çiçəklər unutsa da, qərənfillər unutmayacaq.
— Siz şəhidlərin ilk bioqrafiyasını cəm edib nəşrə hazırlayarkən, sanki, həm də faciənin baş vermə səbəblərini vərəqləməli, o vaxtkı durumu tədqiq etməli olmusunuz. Kim idi müqəssir?
— Tarix, zaman, dövr! Bu faciənin toxumu illərlə səpilib bizim münbit torpağa. ݸllərin çayırı qalıb torpağımızda. Vaxtında kökü kəsilsəydi belə olmazdı. Vaxtında Bahadır Sonaya aşiq olmasaydı, İmamverdiynən Allahverdi birdəfəlik bilsəydi ki, atan kazaklardır, bir də erməninin çaldığı kamançalara ağlamasaydıq, belə olmazdı. Mən sizə bir söz də deyim, bu “kimdir müqəssir” sualı tarixin hər dönəmində verilib. Görürsən, bu gün də verilir. Ancaq bunun cavabını birdəfəlik verməliyik ki, gələcək nəsillərə bir də bu sual verilməsin.
–20 Yanvar gecəsini və səhərini necə xatırlayırsınız?
— Necə
xatırlayacağam? Kimsəsiz, gücsüz yetim bir uşaq
kimi bir şəhəri, bir xalqı girib evinə, salıb təpiyinin
altına əzirdilər. Sonra da ağa kimi,
barmağını silkələyə-silkələyə
çay-çörəyini yeyirlər. Küçələr
boş gilizlərlə, bir də tank izləri ilə “bəzənmişdi”.
Bütün divarlarda güllə yeri vardı, şəhərin
də başından tüstü çıxırdı.
Adamlar hirsli, qəzəbli, ancaq bir-birinə qarşı
çox mehriban idilər. Hamını bir dərd birləşdirib
mehriban eləmişdi. Ölkədə o günlərdə
oğurluq yox idi, cinayət də yox idi. Yalnız bir cinayət və bir cani
var idi: qanlı imperiya.
— Necə oldu ki, “Şəhidlər”
toplusunu yazmaq kimi ağrılı və ağır bir işə
girişdiniz? Axı, bir yazar üçün bir şəhiddən
yazmaq nə qədər çətindir, o ki qala, 100-dən
artıq qanlı tarixçə...
— Dəqiq bilmirəm, necə
oldu... Amma yadımdadır ki, bir hirs, qəzəb, kin vardı
içimdə. Ancaq hec nə eləyə bilmirdim. Topla,
tüfənglə dalaşası deyildim ki. Görünür,
gücüm kağız-qələmə çatıb.
Bütün hirsimi tökmüşəm onların
üstünə. Gücümü qələmə göstərmişəm.
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
baş redaktorun müavini idim. İşə ayaqla gedib gəlirdim.
Keçmiş “İnqilab” küçəsi ilə gedəndə
azı otuz-qırx mağara girirdim. Bu mağarlarda eşitdiyim
maraqlı epizodları, şəhidlərlə bağlı
adi həyat hadisələrini gəlib evdə özüm
üçün qələmə alırdım. Və bir də
gördüm ki, bir həftənin içində artıq bir
böyük dəftəri yazıb doldurmuşam. Vəssalam,
beləcə heç şəhidlərin qırxı
çıxmamış, mən artıq kitabı yarı eləmişdim.
Şəhidlərin ilinə isə kitab çap olunub
qurtardı.
— Ən ağrılı bir
epizodu yada sala bilərsinizmi?
— Qəribə
burasıdır ki, mən yazdıqca şəhidlərin
sayı hələ artırdı. Rəhmətlik
şair-publisist Eldar Baxışla bir otaqda otururduq. Bir gün
qayıtdı ki, “Ayə, Rafiq Səməndər, anam məni
evdən bayıra çıxmağa qoymur ki, güllə dəyər
sənə. Dedim, ay ana, əgər o Dubinyak Moskvadan gələndə
gülləmi gətiribsə, harda olsa məni tapacaq. İndi
sən də, Rafiq, qorxma, get yaz, əgər gülləmiz gəlibsə
tapacaq bizi.”
Elə o gün bir yazı
yazdım, adını da belə qoydum: “Bu dünyada hərənin
öz gülləsi var.” Qeyri-adi epizod isə o vaxtkı
Semaşko adına xəstəxananın (1 nömrəli şəhər
xəstəxanası — red.) meyitxanasında olarkən
üç gün meyitlərin arasında qalıb,
ölümün ağzından diri çıxan “şəhid”
idi mənim üçün.
— Kitab bir göz
qırpımında yayıldı, qurtardı. Başqa bir vaxt
istənilən müəllif buna sevinərdi. Sizə isə hələ
də ağrımaq qalırdı...
— Elədir. 150 min tiraj. Məni
kədərləndirən yox, sevindirən hal idi bu. Fikirləşirdim
ki, birdən təzə bir imperiya yaranıb bu Şəhidlər
Xiyabanını yerlə-yeksan edər. Təzə bir Kirovun
heykəlini də yapar. Şəhidlərimiz isə unudula bilər.
Necə ki, illərlə unudulub. Amma bu kitabı
düşüb tək-tək evlərdən yığa bilməyəcəklər.
Metronun “Gənclik” stansiyasının yanında, Şəhidlər
Xiyabanında bu kitab üçün qurulan növbələri
görmüşəm. Bu növbələr ürəyimə
təskinlik verib və əməyimin hədər getməyəcəyinə
bir əminlik yaradıb məndə. Əlbəttə, kədərlənmişəm
ki, bu kitab məhv edilmiş soydaşlarımız barədədir.
— O vaxt hamını bir məsələ
düşündürürdü: bu qan yerdə
qalmamalıdır!!! Aradan 19 il keçir...
— Bilirsiz, Yanvar şəhidlərinin
qanı yerdə qalmayıb. Qarabağ şəhidlərinin
qanı isə hələ də yerdə qalıb. Yanvar şəhidləri
müstəqillik, azadlıq uğrunda canlarından keçiblər.
Bu gün ölkəmiz müstəqildir, azaddır.
Başımızın üstündə imperiya qoşunu yox,
öz əlimiz, öz başımız... Bütün bunlar o
şəhidlərin qanı bahasına əldə olunub.
Heç bir ölkəyə, məmləkətə müstəqillik
qapısını döyüb xonçada verilmir. Müstəqillik
qan bahasına alınır. Bu müstəqilliyimiz də
onların qanı bahasına alındı. Qalır indi onu
qorumaq.
— Dönə-dönə təsdiqlədik
ki, qanlı faciələrimiz unutqanlığımızdan
qaynaqlanıb. Sizcə, yaddaşımız tam oyanıbmı?
Kifayət qədər ayılmışıqmı?
—Yox, hələ də tam
oyaq deyilik. Ümumiyyətlə, biz çox gec oyanan
xalqıq. Bunu Sabir də deyib: “Nə yaman yatdı bu oğlan
ölüb ə”. Xalq isə belə söyləyib: “Qalada
yatmış idim, top atdılar, oyanmadım.” Başqa xalqlara
nisbətən torpağımız bizdən tez oyanır. Və
nə gəlirsə torpağımızın başına gəlir,
axıradək bizə dərs olmur. Əksinə, oyananın
başından basırıq. Təəssüf ki, bəzən
“Canın çıxaydı, getməyəydin güllə
qabağına. Səni mən göndərməmişəm”
deyən də tapılır. Bilirsiz, bizi oyatmaq
üçün aylar, illər bəs eləməz... On illər,
əsrlər lazımdır. Yanvar qırğını isə
bunların yanında, sanki, ayağa tikan batması kimi bir
şeydir. Biz hələ tarixin qış yuxusundan
ayılmaqdayıq.
— 20 Yanvardan sonra
soydaşlarımızın qanı daha çox
axıdıldı, hər kənddə, şəhərdə
şəhid məzarlıqları yarandı, çoxlu “Şəhidlər”
kitabı yazıldı.
— Bütün Azərbaycan
alışıb. Bu oddan bədənin hansı bir əzasısa
kənara çəkilib sərində otura bilməzdi.
Bakıda açılan “trasiruyişiy” güllələr Azərbaycanı
fırlanıb Lənkərandan, Neftçaladan,
Naxçıvandan çıxırdı. Çıxan yerləri
də parçalayırdı. Və hər yerdə də
şəhid xiyabanları... o günlər Azərbaycan
bütünlükdə böyük bir mağarı
xatırladırdı. Mən də düşüb
qapı-qapı bu mağarları gəzirdim. Ən çox əziyyət
verilən, əzabla şəhid olanlar Neftçala şəhidləri
olub. Vertolyotla onları Bakıya gətirərkən
ayaqlarına kəndir bağlayıb vertolyotdan sallayıblar.
Sonra da Qarabağ müharibəsi başlandı, 20 min
soydaşımız şəhid oldu.
–Azərbaycan qanlı
nişangah olmaqdan yayına bilərdimi?
— Yox, yayına bilməzdi.
Qazaxıstan, Gürcüstan yayına bildimi? Heç imperiyanın
Moskvası yayına bilmədi. Sadəcə olaraq, bir az
mütəşəkkil olsaydıq az qanla ötüşə
bilərdik. “Öz” əsgərimizə, “öz”
tankımıza, “öz” tüfəngimizə çox
inandıq. Görünür, ermənilər rusları
“müsəlmanın sonrakı ağlı” barədə ətraflı
məlumatlandırmışdı. Hərçənd ki, gələnlərin
arasında rus qiyafəsində ermənilər də olub.
— 20 Yanvar mövzusuna
qayıdışınız olubmu?
— Yox. Bu mövzudan olduqca
qorxuram. “Şəhidlər” kitabımdan çox qorxduğum
ikinci kitab yoxdur. Mən ömrümün 40 ilini televiziyaya həsr
etmişəm. Çox şeyləri vizual olaraq yadda
saxlayıram. Faktı, hadisəni hər şeydən qabaq
görürəm. Ona görə o mövzuya toxunanda, o
kitabı varaqlayanda hər şeyi 19 il bundan əvvəl
olduğu kimi görürəm. Görürəm və
qorxuram. Kitabı yazanda evləri, rayonları
qarış-qarış gəzəndə heç qorxmurdum.
Amma indi qorxuram. Nədəndi, bilmirəm.
— Şəhid ailələri,
yəqin ki, sonrakı taleyinizlə sıx
çarpazlaşıb.
— Yox, onlarla rastlaşmaqdan da
həmişə qorxmuşam. Qorxmuşam ki, məni
görüb o günləri yada salsınlar. Küncə
qısılmış övladlar, atasının meyitini
qucaqlayan uşaqlar, acı göz yaşları, ah-nalə, fəryad.
Məni görəndə bunlar yada düşür. Hərçənd
ki, gəlişimdən təsəlli alırdılar,
ovunurdular. Soraqlayıb salam göndərənlər olub. Təsadüfən
rastlaşıram da. Mən tanışlıq verməsəm də
onlar tanıyır. Hər halda o boyda yaranın yeri də
göynədir.
— Şəhidlər əbədiyyətə
qovuşdu, şahidlərə qalan nə oldu?
— Çox şey elə biz
şahidlərə qalıb. Onların ruhunu əziz tutmaq. Məzarlarını
ziyarət etmək, uğrunda şəhid olduqları məmləkəti
qorumaq. Yıxıldıqları yerdən ehtiramla keçmək.
Unutmamaq. Təkcə elə Yanvar gələndə yox, hər
gün, hər an yada salıb xatırlamaq. Bir də qərənfilləri
sevmək.
— Şəhidlik mövzusunda
xeyli bədii əsər yarandı. Onlar barədə təəssürat
və rəyiniz?
— Şübhəsiz, bu
mövzu hər bir yaradıcı adamın məhək
daşı olmalıdır. Ümumiyyətlə hər
birimizin. Bənnanın da, rəngsazın da,
suvaqçının da. Əgər bənnanın işə
ürəyi yanmasa şəhidlər bulaqları necə
yaranar... Suyu quruyar, suvağı tökülər. Çox həssaslıqla
yanaşılmalıdır bu mövzuya. Quru pafosdan uzaq
olmalıdır. Məsələn, tez-tez qələm sahiblərimiz
belə bir cümlə işlədirlər: “O şəhidlik
zirvəsinə yüksəldi”. Şəhidlik elə zirvədir
də. Heç yadımdan çıxmır, bir müəssisə
rəhbəri, dostum belə bir ərizə göstərdi mənə.
Ata yazır ki: “Oğlum şəhidlik zirvəsinə yüksəlib.
Xahiş edirəm mənə maddi yardım göstərəsiniz”.
Bu cümləni o atanın dilinə kim həkk edib?
Şübhəsiz, diqqətsiz qələm sahiblərimiz.
Çox ehtiyatlı olmaq lazımdır...
– Şəhidlər və
şəhidlikdən kifayət qədər
yazılıbmı, deyilibmi, göstərilibmi?
— Yox... Barmaqla sayılası
əsərlər var. Dramaturqlarımız, bəstəkarlarımız,
yazıçılarımız, şairlərimiz bu
mövzudan, əgər belə demək olarsa, yazıblar. Ancaq
sanballı romanlar, opera-balet, pyeslər yoxdur. Bəxtiyar müəllimin
“Şəhidlər” poeması kimi sanballı əsərlər
yaranmayıb hələ... Bəzən deyirlər, belə əsərlərin
zamana ehtiyacı var. Daha 19 il keçib də. İlkin mənbə
kimi də, faktlar toplusu kimi də “Şəhidlər”,
“Şahidlər” və başqa kitablar var.
— 20 Yanvar faciəsinin gizli
qatlarını zaman üzə çıxara bilibmi?
— Belə faciələrin
hansının gizli qatları üzə çıxıb ki,
20 Yanvarın da çıxsın? Əslində, bunun
bütün gizli və ya qeyri qatları hamıya bəllidir,
hamı bilir. Siyasətçi də bilir, adi vətəndaş
da. Sadəcə olaraq, bunun bəyan edilməsi bu və ya digər
səbəblərdən həmişə eyhamlarla, sətiraltı
mənalarla olub. Bəlkə, gələcək nəsillər
bu eyhamları və sətiraltı mənaları birdəfəlik
götürə bildi... Təki olsun.
— Siz hakim olsaydınız
xalqın ürəyinə dağ çəkənlərdən
kimi və necə cəzalandırardınız?
— Mənim və bizim əvəzimizə
hamısını Ulu Yaradan eləyib. Allah hamısının
cəzasını verib. Məndən olsaydı, bir güllə
bəs eləyərdi. Ancaq Allah onların bəlasını
dövrün “trasiruyişiy” güllələriylə verir.
— Hər bir faciənin dərsləri,
qazancları da olur.
— Ən böyük
qazancımız müstəqillikdir. O ki qaldı dərslərə,
mənə elə gəlir ki, belə bir faciə bir daha təkrar
olmaz. Çünki kifayət qədər “faciə təcrübəsi”
yığdıq. Əgər Allah eləməmiş, lap olsa
belə, bu qədər itkilər vermərik. Güllələr
xalqı qabağına qoyub, barıt dərsi keçdi bizə.
— 20 Yanvar və zaman ...
İllər nəyi dəyişib, gələn günlərin
baxışı necə olacaq?
— 20 Yanvar bizi yaxşı mənada
tamam dəyişdi. İnanırsınız, bircə gecənin
içində... Artıq 21- 22 yanvar o Azərbaycan deyildi
respublika. Xalq da o xalq deyildi, hava da o hava deyildi. Hamı bir
idi... Meydan bir idi, xalq bir meydanda idi: “Azadlıq” meydanında.
İllər isə bu
möhtəşəm, bu alınmaz qalanın hər
daşının üstünə ildə bir daş qoyur.
Söhbəti apardı:
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2009.-20 yanvar.-S.4.