Oqtay qəhrəmanlıq üçün doğulmuşdu, qəhrəman kimi də həlak oldu

 

Oqtayın axır vaxtlar evə iki-üç gündən bir gəlməsi Minarə ananın rahatlığını tamam pozmuşdu. Şəhərdə baş verən hadisələr, gəzən söz-söhbətlər onun həyəcanını daha da artırmış, yuxusunu ərşə çəkmişdi. Nə gecəsi vardı, nə gündüzü. Hər dəfə özünə söz verirdi ki, daha onu evdən kənara buraxmayacaq, ancaq bir şey alınmırdı, oğlunu yola gətirə bilmirdi.

Ana hiss edirdi ki, son bir neçə ildə Oqtayın xasiyyəti çox dəyişib. İpək kimi yumşaq xasiyyətli, zarafatcıl, şən əhval-ruhiyyəli uşaq (26 yaşa çatsa da ananın nəzərində hələ uşaq idi) qaraqabaq, qaradinməz, bir qədər də sərt xarakterli kişiyə çevrilmişdi. Əslində, bunun səbəblərini də bilirdi: bir-birinin ardınca baş verən haqsızlıq! Özü də bir nəfərə, bir ailəyə, bir kəndə qarşı yox, bütün Azərbaycan xalqına qarşı edilən haqsızlıq, zülm. Bu zülmün ilk dalğası onları — Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı tutmuşdu...

Onlar əslən qədim Oğuz yurdu Göyçə mahalının Ardanış kəndindən idilər. Urvası halallıqla yoğrulmuş bu ailədə hər şey zəhmətlə, alın təri ilə başa gəlmişdi. Ailənin başçısı Eyvaz Kərimov ömrü boyu təsərrüfatda çalışmışdı, ixtisasca aqronom idi. Ömür-gün yoldaşı Minarə isə fəal və qabaqcıl işçi kimi dəfələrlə yerli sovetlərə deputat seçilmişdi. Bu mehriban ailə dörd övlad böyüdüb ərsəyə çatdırmışdı: böyüyü Məhəmməd Xabarovskda universitetin hüquq fakültəsində oxuyurdu. Oqtay inşaat sahəsini seçmişdi. Dəniz donanmasında üç il əsgəri xidmətdə olmuşdu. Üçüncü övladları Yaşar Bakı soyuducular zavodunda işləyirdi. Sonbeşikləri Leyla isə yenicə ailə qurub ata ocağını tərk etmişdi...

Ata ocağı deyəndə, əslində orada bir ocaqlıq da qalmamışdı. Erməni faşistləri on minlərlə azərbaycanlı ailəsi kimi, tarix boyu haram görməyən bu ocağa da elə süpürgə çəkdilər ki, gəl görəsən. Həyatı boyu kimsəyə pislik, yamanlıq eləməyən, ehtiyacı olanlara imkan daxilində əl tutan, hamıya yaxşılıq diləyən xeyirxah bir ailə bir günün içində dərbədər oldu: Məhəmməd Xabarovsk vilayətinə getdi, Leyla Ulyanovsk şəhərinə köçdü, Oqtayla Yaşar Bakıya, ata-ana isə Tovuza, sonra Bakıya köçməyə qərar verdi.

Oqtay 28 nömrəli Tikinti İdarəsində ən yaxşı ustalardan hesab olunurdu. Bənnalar briqadiri vəzifəsinə irəli çəkilmişdi. Ancaq nə fayda, 80-ci illərin axırlarından etibarən Moskva Azərbaycanda elə qazan qaynatmışdı ki, nəinki tikinti meydançalarında, bir çox zavod, fabrik, idarə və təşkilatlarda da iş demək olar ki, dayanmışdı. 1990-cı ilin yanvar ayında Bakı üzərində dolaşan qara buludlar daha da sıxlaşdı. Şəhərdə bir-birinin ardınca baş verən xoşagəlməz hadisələr, dolaşan həyəcanlı xəbərlər əhali arasında, sözün həqiqi mənasında, xof yaradır, insanların narahatlığını günbəgün artırırdı. Axır vaxtlar daha çox hallanan və daha çox narahatlığa səbəb olan fikirlərdən biri bu idi ki, sovet qoşunlarının cəza dəstələri Bakı ətrafına toplaşıb, yaxın günlərdə şəhərə girib ermənilərin qisasını alacaq, “Azadlıq!” şüarı ilə meydana çıxıb öz haqqını tələb edən xalqı cəzalandıracaq. Odur ki, xalqın vətənpərvər oğulları, Vətənin azadlığı yolunda canından belə keçməyə hazır olan insanlar şəhərin müxtəlif yerlərində, paytaxtın giriş qapılarında gecə-gündüz keşik çəkirdilər. Belə qeyrətli oğullardan biri də Oqtay Eyvaz oğlu Kərimov idi. Həmin çətin günlərdə o, nəinki iş yerinə, heç evə, doğmalarına da baş çəkmirdi. Camaatın içərisində, ən qaynar nöqtələrdə olurdu. Daha o, əvvəlki Oqtay deyildi. Baş verən hadisələr, ittifaq dövlətinin rəhbərləri tərəfindən Azərbaycan xalqına qarşı açıq-aşkar aparılan düşmənçilik siyasəti həmişə sakit, üzüyola oğlan kimi ad çıxarmış, Sovetlər Birliyini özünə vətən bilmiş, indiyədək canla-başla ona xidmət etmiş bu gəncin gözlərini açmış, onu öz xalqının haqqını tələb edən alovlu tribuna çevirmişdi. Tez-tez mitinqlərdə, camaat arasında çıxışlar edir, çoxlarının deyə bilmədiyi həqiqətləri gur səslə bəyan edirdi: “Düşmənini tanıyırsansa, o, bir o qədər də qorxulu deyil. Vay o gündən ki, özünə dost bildiyin sənə düşmən kəsilə, düşməninlə birləşib ayağının altını qaza. Ermənilərin Azərbaycan xalqının tarixi düşməni olduğunu hamı bilir. Bunu biz də bilirik, bizdən əvvəlki nəsillər də, əcdadlarımız da. Qaraçılar kimi, Vətənsiz, sərgərdan ömür sürən bu naşükür millətə, öz tarixi torpağımızda yaşamaq üçün yer verdik, hər cür şərait yaratdıq, son tikəmizi də onlarla yarı böldük. Sadəlövhlüklə inandıq ki, belə xeyirxah münasibətimizlə bəlkə onların qəlbindəki kini, küdurəti silək, düşməni tərbiyə edək. Nəticəsi bu oldu ki, torpağımızda özlərinə dövlət yaratdılar və zaman-zaman ərazilərimizi işğal edib min illər boyu orada yaşayan soydaşlarımızı dədə-baba yurdlarından didərgin saldılar... Ermənilər bunu bacarmazdılar, Moskvanın köməyi olmasaydı. Kreml bizim əl-qolumuzu bağlayıb, ermənilərə isə ”vur!" deyir. Tarixi təcrübə bizə dərs olmur. Biz hələ də Sovetlər Birliyində yaşayan xalqların qardaşlığına bel bağlayır, Moskvadan haqq-ədalət umur, imdad gözləyirik. Kremlin indiki sahibləri ermənilərin xeyrinə antiazərbaycan siyasəti aparmaqla məşğuldur. Qorbaçovu hazırda dağılmaqda olan SSRİ-nin taleyi maraqlandırmır. Onun ən böyük arzusu Azərbaycan torpaqları hesabına Ermənistanı gücləndirməkdir. Və bu yolda o, hakimiyyətə gəldiyi gündən planlı şəkildə iş görür. Bu niyyətini həyata keçirməkdə ən böyük maneə Heydər Əliyev idi. Onu da Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırdı. İndi o, Moskvada ev dustağı kimi nəzarət altındadır. Bundan sonra da ermənilər fəallaşmağa başladılar. Akademik Aqanbekyan Fransa mətbuatında müsahibə verib, sərsəm fikirlərini ortaya atdı. Bununla da Qarabağ hadisələrinə start verildi... Bu gün bizim xalqımızın ən böyük bədbəxtliyi odur ki, onun qayğısına qalan ağıllı rəhbəri yoxdur. Azərbaycanı Kremlin əlaltıları idarə edirlər. Milli təəssübkeşlikdən uzaq bu rəhbərləri yalnız bircə şey düşündürür: Moskvanın tapşırıqlarını kor-koranə icra etmək. Bu gün biz respublikamızın başabəla rəhbərlərindən heç bir kömək gözləməməliyik. Xalq ayağa qalxıb öz haqqını müdafiə etməlidir. Vətənini sevən, millət, torpaq, dövlət təəssübü çəkən hər bir azərbaycanlı kölə psixologiyasından yaxa qurtarmalı, ruhən azad olmağa bu yolda ruhən şəhid olmağa, özündə təpər tapmalıdır...”

Oqtayın dəmir məntiqə söykənən bu cür alovlu çıxışlarını dinləyənlər inana bilmirdilər ki, bu, sıravi bir fəhlənin fikirləridir. Bəli, o, qısa bir zaman kəsiyində çox dəyişmişdi, necə deyərlər, əsl həyat universiteti keçmişdi.

Oqtayın belə fəallığı onu, ailəsini yaxından tanıyanların da nəzərindən yayınmırdı. Onlar bu barədə valideynlərinə də xəbər çatdırmışdılar ki, Oqtay odla oynayır, onu aradan götürə bilərlər. Ayrı-ayrılıqda Eyvaz kişi də, Minarə ana da onu nə qədər dilə tutsalar da faydası olmamışdı. Belə söhbətlərin birində o, valideynlərinə dedi: Sizin dediklərinizə əməl etmək övladlıq borcumdur. Amma mən həm də bu torpağın, bu Vətənin övladıyam. Vətən bu gün dardadır. Belə bir vəziyyətdə mən necə evdə otura bilərəm!..

... Baş vermiş faciədən bir neçə gün əvvəl yenə valideynlərinə baş çəkməyə gəlmişdi. Evdə anası tək idi. Oqtay ayaqüstü nahar edib, paltarını dəyişdi. Şər qarışan vaxt evdən çıxmaq istəyəndə qapının ağzında anasını gördü. Gözləri dolmuş ana oğlunun qarşısını kəsib qəhərli səslə təkcə bunu deyə bildi:

— Qurbanın olum, Oqtay, getmə. Qorxuram...

O, anasının üzündən öpüb ürək-dirək verdi:

— Arxayın ol, ana. Heç nə olmayacaq, tez-tez gəlib sənə baş çəkəcəyəm, — deyib qapıdan çıxdı.

Yanvarın 19-dan 20-nə keçən gecə... Tofiq Bəhramov adına respublika stadionu tərəfdən irəliləyən Sovet Ordusunun başkəsənləri qarşılarına çıxan hər şeyi məhv edirdi. Elə bu vaxt qol-qola yapışmış əliyalın üç gənc onların qabağına çıxdı ki, bəlkə dayanalar. Gözlərini qan örtmüş vəhşilər onları gülləbarana tutdular. Hər üç gənc şəhid oldu: Biri Oqtay idi, biri Müşfiq, o biri şəhidi tanıyan olmadı.

Bakı. Şəhidlər Xiyabanı. 20 Yanvar şəhidi Oqtay Eyvaz oğlu Kərimovun uyuduğu məzar. On doqquz ildir ki, hər cümə axşamı buraya əlində qərənfil tutmuş bir ana gəlir. Oğul dağından qəddi əyilmiş ana ciyərparəsinin qara mərmərdən boylanan məsum gözlərinə baxaraq, səssiz-səmirsiz onunla dərdləşir:

— Necəsən, qurbanın olum?

— Yaxşıyam, ay ana. Təkcə səni dərd-qəmə saldığım üçün narahatam. Məni bağışla, anacan...

— Allah bağışlasın, qurbanın olum. Sən bizə dərd-sərdən irəli başucalığı, üzağlığı bəxş etdin. Məndən nə istəyirsən, sənə nə gətirim.

— Heç nəyə ehtiyacım yoxdur, anacan. Təkcə mənim beşiyimin başında oxuduğun “lay-lay” üçün darıxmışam. Onu züm-zümə eləsən mənim üçün xoş olar.

... Minarə ananın şəhid oğlunun məzarı başında züm-zümə ilə başladığı “lay-lay” yavaş-yavaş avazlanaraq burada uyuyan şəhidlərin ruhuna deyilən ağıya çevrildi...

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.-2009.-20 yanvar.- S.5.