Başın sağ olsun, Vətən!
Azərbaycana Odlar Yurdu, igidlər məskəni, şairlər vətəni deyiblər. Odu, atəşi övladlarının qəlbinə hərarət, igidləri torpağına şan-şöhrət, şairləri el-obasına söz-qüdrət gətiribdir həmişə. Müdriklər diyarı olub Azərbaycan.
Yeraltı, yerüstü sərvətləri ilə tanınıb torpağımız. Elə bil Uca Yaradan heç bir gözəlliyini əsirgəməyib bu torpaqdan.Yaxşı nə varsa hamısını bol-bol bəxş edib bu məmləkətə. Ancaq bütün bunlarla yanaşı, Allah belə torpağın övladlarından qan-qadanı, ağrı-acını da əsirgəməyib. Onlardan da kifayət qədər pay düşüb qismətimizə. Taleyimizə döyüş, alnımıza mübarizə yazılıb.
Vətənimizə həris olan yağılar zaman-zaman basqınlar edib, talayıblar var-dövlətini. Başı nələr çəkməyib başı bəlalı xalqımızın?
Lakin bu basqınlar, talanlar əyə bilməyib, sındıra bilməyib bizi. Zaman özü tələb edib, özü yaradıb qəhrəmanlarını. Cavanşirlər, Babəklər, Koroğlular, Nəbilər yetişdirib bu torpaq.
Nələr görməyib bu millətin gözü?
Xalqın qan yaddaşına qara səhifələr kimi həkk olunmuş ərəb istilası, rus təcavüzü və ağıla-gümana gəlməyən bir xəyanət — süfrəmizin qırıntısı ilə dolanıb, ocağımızın istisi ilə isinən bədxah qonşularımız olan mənfur ermənilərin sərsəm torpaq iddiası, gözəl Qarabağa yiyə çıxmaq istəyi. Bu istək Qorbaçov hakimiyyətinin yenidənqurma adı ilə həyata keçirdiyi “yenidənqurma” siyasətindən güc alaraq daha da alovlandı. O zaman hakimiyyətdə olan başsız başçılarımızın qeyrətsizliyi ucbatından erməni də ayaq aldı üstümüzə.
1990-cı ilin ilk ayı yaman qanlı-qadalı gəldi. Yanvarın 19-dan 20- nə keçən gecə dəhşətli qırğın törədildi Bakıda. Qan su yerinə axdı o gecə. Neçə ocağın çırağı söndü, neçə ana övlad, neçə bacı qardaş, neçə körpə ata itirdi o müdhiş gecədə.
Şaxtalı, sazaqlı, hüznlü bir səhər açıldı o gecədən sonra. Qan içində boğulmuş Bakı ən faciəli anlarını yaşayırdı. Ah-nalə, fəryad göylərə bülənd olmuşdu. Bu dəhşətli qırğının şahidi olmuş insanlar ağıllarını itirmək dərəcəsinə çatmışdılar. Təsəlliyə söz də qalmamışdı.
Hamı ağlayırdı, özü də hönkür-hönkür, fəryad qopara-qopara. Lakin şahidlərin selə dönmüş göz yaşları tökülən bu günahsız qanlardan qat-qat artıq olsa da, onu yuyub təmizləməyə qadir deyildi. Göz yaşı ilə suvarılan şəhid qanından qırmızı qərənfillər “bitmişdi” küçələrdə, meydanlarda.
Başını itirmiş adamlar gecə evdən çıxıb bir daha geri dönməyənlərini axtarırdılar, özü də dirilər arasında yox, ölülər içərisində.
Dəhşətə bax, İlahi, əzizinin meyitini tapanlar Allaha şükür edirdilər (Çünki artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa, itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini aradan çıxara bilmişdilər). Əslində, şəhid olanların hamısı hamının əzizi idi . Bu gün də belədir, həmişə də belə olacaq. Çünki onlar Vətənin azadlığı, millətin istiqlaliyyəti uğrunda canlarını qurban vermişdilər, zirvələrin zirvəsinə, şəhidlik məqamına yüksəlmişdilər.
Öz halal ata-baba yurdundan, isti od-ocağından zorla ayrılmış, köçkünə, qaçqına, didərginə çevrilmiş bir ana da məskunlaşdığı qərib bir mənzildə əlini göyə qaldırıb şükür edirdi ki, oğlunun meyiti tapılmayıb. Meyiti tapılmayıbsa, deməli sağdır. Sağdırsa, deməli gələcək. Olanların çoxundan ana xəbərsizdi. (Evdəkilər çox şeyi ondan gizlətmişdilər).
Əslində isə..... Kəhriz ana Qərbi Azərbaycanın Krasnoselo rayonunun Cil kəndində yaşayan ən xoşbəxt analardan biri idi. Özünə görə gün-güzəranı, gözəl ailəsi var idi. Ömür-gün yoldaşı Allahverdi müəllim el ağsaqqalı, kənd orta məktəbin pedaqoji kollektivinin fəxri, gözəl riyaziyyatçı kimi hörmət qazanmışdı. Onun yetirmələri içərisində naziri də var, alimi də, sənətinin kamil mütəxəssisi olan müxtəlif peşə sahibləri də. Bu gün Cil kənd orta məktəbinin bütün məzunları Allahverdi müəllimin nəinki özü, hətta adı gələndə belə ayağa qalxır, bu adın qarşısında ehtiramla baş əyirlər. Keçmiş Ermənistan höküməti də bu uğurları dana bilməzdi. Odur ki, Allahverdi müəllimin yetirmələrinə təlimdə və təhsildə əldə etdikləri nailiyyətlərə görə “Qızıl medal” verilmiş, özü isə fəxri adlar, orden və medallarla təltif edilmişdi. 1988-ci ilin məlum hadisələrindən sonra Bakıda məskunlaşan Allahverdi müəllim bir müddət Nəsimi rayonunda 16 və 42 saylı orta məktəblərdə müəllim işləmiş, öz şəxsi keyfiyyətləri, peşə ustalığı və yüksək göstəriciləri ilə valideynləri və işlədiyi pedaqoji kollektivin dərin hörmət və məhəbbətini qazanmışdır. Allahverdi müəllim hazırda təqaüdçüdür. “Çıraq öz dibinə işıq salmaz”, – deyiblər. Ancaq Allahverdi müəlimin ziyasından bol-bol bəhrələnən pöhrələr arasında onun ciyərparası olan övladları – Misrəddin, Xalıqverdi, Sayalı və Yusif də var idi. “Ot kökü üstə bitər”. Halal süd əmib, halal atanın halal çörəyini yeyən bu dörd övlad Allahverdi ocağının dörd qranit sütununa çevrildi. Ailənin ilk övladı olan Sadıqov Misrəddin Cil kənd orta məktəbini əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Hazırda elmlər doktoru, Bakı Dövlət Universitetinin professorudur. Sadıqov Xalıqverdi Cil kənd orta məktəbini əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib, fizika elmləri namizədidir. Sadıqova Sayalı Allahverdi qızı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda filologiya elmləri doktorudur.
Sonbeşik Yusif də bacı və qardaşları kimi atanın etimadını doğruldan övlad oldu. O, 1981-ci ildə Cil kənd orta məktəbini qızıl medalla bitirib, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul oldu. Əla qiymətlərlə oxuyurdu. Universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Valideynləri fəxr edirdi onunla, qohum-əqraba, dost- tanış çox istəyirdi xətrini.
Tələbəlik illəri arxada qalmışdı. İndi o, aspirant idi. Gözəl gələcəyi vardı. Ürəyi arzularla dolu idi.
Yusif nişanlanmışdı, tezliklə toyu olacaqdı. Ömür-gün yoldaşı olası qızla birlikdə xoşbəxt olacağını göz önünə gətirdikcə köksü qabarır, qürur duyurdu .
Lakin, necə deyərlər: Sən saydığını say, gör fələk nə sayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhərdəki təlatümdən bərk narahat olan Yusif də evdə qərar tuta bilmirdi. Doğma yurd-yuva həsrəti qəlbinə hakim kəsildiyi gündən erməni vəhşiliyinə qarşı bir nifrət tüğyan edirdi daxilində. Hər bucağında uşaqlığının min bir xatirəsi yaşayan doğma ev-eşiyi, həyət-bacanı Bakıda yöndəmsiz bir erməni evinə dəyişmişdilər. İndi də həmin evin və ümumən şəhərin üstündə bir qara kabus dolaşırdı (şəhərə xəbər yayılmışdı ki, bu gecə Bakıya tanklar yeridiləcək).
Yusif sövq-təbii ilə hiss edirdi bu qara kabusun yaxınlaşdığını. O, yaxınlıqdakı meydana toplaşan izdihamın yanına can atsa da, valideynlərinin israrından keçə bilmirdi. Ata-anası Yusifi yuxuya vermək üçün işığı söndürmüşdülər. O isə valideynlərinin yatdığını güman edib ehmalca küçəyə çıxmışdı.
Səhəri gün şəhid qanından laləzara dönmüş küçə və meydanlarda, xəstəxanalarda, ölüxanalarda qanına qəltan olmuş igidlərin cəsədini gördükcə, yüz dəfə ölüb-dirilən, müdhiş gecənin ağır yükü altında qəddi bükülmüş, heydən düşmüş, donuq baxışlarından iztirab tökülən, sifətləri meyit rəngi almış insanlar arasında bir ata da Yusifini axtarırdı.
Kəhriz ana isə hər tıqqıltıdan səksənib: “Yusifim gəldi”, — deyə qapıya yüyürürdü. Allahverdi müəllim isə artıq axtarışlara son qoymuşdu. Son ümidi də üzülmüş, gözü yollardan kəsilmişdi. Dərk etmişdi ki, axtarmağın mənası yoxdur daha. Çünki çəkilməz bir dərd, kiçik bir təsəlli tapmışdı o. “Bu təsəlli də bircə qoluydu oğlunun”, - desək adamın dili yanar ağzında. Şirin dilli, qara gözlü, şümşad qollu, uca boylu oğul itirib, əvəzinə kəsik bir qol tapmışdı ata. Bu, Yusifin sağ qolu idi. Qolla birlikdə didik-didik olan paltarlardan tanımışdı ata şəhid balasının şəhid qolunu (qol da şəhid olarmış). Yusif şəhid olub elindən, obasından əzizlərindən, tay-tuşlarından ayrı düşmüşdüsə, sağ qol da aid olduğu bədəndən ayrılmışdı.
Bu şəhid qol Allahverdi müəllimin xəyalını çox-çox uzaqlara çəkib apardı. Onun gözləri önünə balaca Yusifin bağdan alma-armud dərdiyi, bağçalardan gül-çiçək topladığı, ayna bulaqlara daş atıb onun zümzüməsini pozduğu titrək əlləri, ilk dəfə Vətən, Ana kəlməsini yazdığı uzun, ağ, arıq barmaqları, atanın-ananın boynunu qucaqlayan şümşad qolları gəldi. Gözləri qaraldı, qolları yanına düşdü atanın.
Ana torpaq qoynuna aldı öz şəhid balalarını. Əsgəri nizamla düzüldü şəhid məzarları yan-yana. Hamısı eyni ölçüdə, eyni biçimdə, eyni rəngdə. Hətta onların üzərinə səpilmiş qərənfillər də eyni cür boynubükük, solğun, yaslı-ələmli idi. Bu məzarlarda uyuyanlar da eyni adda, eyni amalda, eyni əqidədə.
Ancaq təkcə bir qəbir qalanlarından fərqləndi burada. Həmin qəbirdə bütün əzaları yerində olan bədən əvəzinə təkcə bir sağ qol dəfn olundu. Bu, Sadıqov Yusif Allahverdi oğlunun məzarı idi. Bütün bunlardan xəbərsiz olan ana isə Yusifin yoxluğuna inana bilmir, onun yolunu gözləyirdi.
Dünyada analoqu olmayan 20 Yanvar qırğınından, Yusifin müsibətindən sarsılan el-oba özündə qüvvə tapıb Alahverdi müəllimin evinə axışmağa başladı.
Şəhidlərin 7-si günü idi. Yusifgilin evində, həyətində, adam əlindən tərpənmək olmurdu.Kişi məclisindəki söhbətlərdən Kəhriz ananın xəbəri yox idi. Qadınlar isə ehtiyatsızlıq edib, nəsə deyəcəklərindən çəkinərək tez-tez söhbəti dəyişir, xısın-xısın ordan-burdan, son hadisələrdən danışır, göz yaşlarını boğaraq ananın gözünə baxmaqdan yayınırdılar. Həmin günlərdə respublikanın hər yerində şəhidlərin ruhuna dualar oxunur, ehsanlar verilirdi. Allahverdi müəllimin həyətində də... Qadınlar məclisinə çörək gətiriləndə heç kəs süfrəyə əl uzatmadı. Bu zaman Kəhriz ana üzünü camaata tutub özünəməxsus qonaqpərvərliklə, həlim səslə dedi: “Qadanızı alım, ay elim-günüm, bu, 20 Yanvar şəhidlərinə verilən ehsandır. Vallah mənim Yusifim sağdır. Şəhidlərin qırxına kimi, inşallah, balam gəlib çıxacaq. Bax onda bir şadyanalıq süfrəsi açıb hamınızı bura yığacağam. Sonra isə balama toy çaldırıb, gəlinimi evimə gətirəcəyəm”. Hər tərəfdən nisgillə dolu ”amin!", “inşallah!” sədaları ucaldı. Kəhriz ana sözlərinin çin çıxacağına o qədər əmin idi ki, nə səslərdəki niskili sezdi, nə də gözlərdə gilələnən yaşı gördü.
Həmin
vaxtdan illər keçir. Ana hələ də oğul yolu
gözləyir. Yusif isə gəlmir ki, gəlmir. Bu illərdə
çox bulanlıq sular durulub, çox gizli mətləblər
aşkara çıxıb. Ancaq, təəssüf
ki, 20 Yanvar qırğınının günahkarları hələ
də öz “layiqli” cəzalarını almayıblar.
Ancaq əminik
ki, günahsız qanlar yerdə qalmayacaq. Haqq yerini
heç vaxt nahaqqa verməyəcək. Gün
gələcək ki, məhşər qopacaq. O zaman
sağ qolun fəryadı bütün şəhid
ruhlarını ayağa qaldıracaq. Onlar havada
birləşib qatillərin başında şimşək kimi
çaxacaq, onları külə döndərəcək.
Sonda üzümüzü bu
illərdə, mənən ən azı 100 dəfə
qocalmış, lakin nurani simasından daim qayğı və
xeyirxahlıq yağan Allahverdi müəllimə tutub deyirik:
Qamətini şax tut, şəhid atası. Öyün
ki, Tanrı sənə Yusif kimi oğul bəxş edib və
çox istədiyindən Allah onu da çəkib öz
yanına aparıb.
Kəhriz anaya
sözümüz budur ki, qəddini əymə, Yusif anası,
başını dik tut ki, onun kimi Vətənə, elə-obaya
layiq bir oğul böyütmüsən.
Üzümüzü
dörd qranit sütunlu Allahverdi ocağının yeni pöhrələrinə
tutub deyirik: Öyünün, fəxr edin ki, adi yox, Yusif kimi əbədi
bir məşəli olan ocağın
qığılcımlarısınız.
Başın
sağ olsun, ana torpaq, deyirik. Gör sənin uğrunda
Yusif kimi neçə balan şəhid olub.
Yusif və onun
kimi neçə-neçə igidlərin son beşiyisən,
onları köksündə əzizləyirsən.
Şəhidlər
Xiyabanı! Bağla öz qoynunu, onsuz da qüdrətli
bir məmləkətin ziyarətgahına, səcdəgahına,
qibləgahına, and yerinə çevrilmisən.
Tahir İBRAHİMOV,
BDU-nun dosenti,
Gülzar İBRAHİMOVA,
Sabunçu rayonu, 71 saylı orta
məktəbin
müəllimi
Xalq qəzeti.-2009.-20 yanvar.-S.5.