Şəhidlər yüksək
ehtirama layiqdir
“Azadlıq ənam deyil verilsin, o alınır, Azadlıq sevgidir, gecikdin o sənin deyil” – Qaz Təchizatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Nərimanov rayonunda “Canaqqala” şadlıq evində 20 Yanvar faciəsinin 19-cu ildönümü münasibətilə açılan ehsan süfrəsində belə kövrək sətirlərin səslənməsi təbiidir. Axı bu müdhiş, qanlı gündə müstəqilliyimizin təməli qoyuldu.
Tədbirdə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov, respublika komitəsinin sədri Adil Hümbətov və şəhid ailəsi anma mərasimində kövrək ürək sözlərini söylədilər, dönə-dönə əliyalın oğulların ağır zirehli tankların qarşısına qorxmadan, cəsarətlə çıxdıqlarını vurğuladılar. Onlar şəhid olanların qəhrəmanlığını xalqın qan yaddaşına əbədi yazıldığını dedilər. Məhəbbət və ehtiramdan doğan mərasimdə daha bir incə məqama şəhid ailəsi Lalə Balakişiyeva toxundu: “Düşmənlərimiz, əliqanlı imperiya Azərbaycanı darmadağın etmək istəyirdilər. Amma gözü torpağımızda olanlar yanılmışdılar. Axı ümummilli lider ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlamışdı. Allah bundan sonra xalqımıza qara qanlı yanvar günləri göstərməsin”.
Tədbirdə 24 şəhid ailəsinə göstərilən təmənnasız maddi və mənəvi yardımdan danışıldı. Bildirildi ki, komitənin qərarı ilə şəhid ailəsi Lalə Balakişiyeva Yevlax rayon qaz istismar idarəsində mühasib vəzifəsinə təyin olunmuşdur. Xətai rayon qaz istismar idarəsində çilingər işləyən Gülminaz Tağıyevanın ali məktəbdə təhsil alan oğluna hər ay bir aylıq əmək haqqı məbləğində təqaüd verilir.
Anma mərasimində şəhid ailələri onların hər birinə verilən 200 manat maddi yardıma görə minnətdarlıqlarını bildirdilər.
Qismət ALIŞOĞLU
Xalq qəzeti.-2009.-20 yanvar.-S.6.