“Azadlıq toxumu səpdi şəhidlər...”
Kürdəmirdə 20 Yanvar faciəsinin növbəti ildönümü müxtəlif tədbirlərlə qeyd edilir
Respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də Qanlı Yanvar faciəsinin 19-cu ildönümü münasibətilə zəngin tədbirlər nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq bu gün bütün idarə, müəssisə və təşkilatlarda müvafiq tədbirlər keçiriləcək, təhsil və mədəni-maarif müəssisələrində ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həsr olunmuş səhnəciklər, tamaşalar, bədii qiraətlər, inşa yazı işlərinin aparılması və xüsusi dərslərin keçirilməsi, “Şəhidlər Xiyabanı” və 20 Yanvar abidələrinin ətrafında təmizlik və abadlıq işlərinin aparılması və s. nəzərdə tutulmuşdur.
Rayon rəhbərlərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat nümayəndələrinin, ağsaqqalların, ziyalıların, gənclərin müqəddəs ziyarət yerinə çevrilmiş həmin abidələrin önünə əklil və gül dəstələrinin qoyulması, həlak olmuş şəhidlərin ruhuna dualar oxunması, həmçinin Şıxlar, Karrar, Topalhəsənli kənd qəbirstanlıqlarında dəfn edilmiş şəhidlərin məzarlarının ziyarət edilməsi də tədbirlər planına daxildir.
Biz ümumxalq hüzn günü ərəfəsində rayonda olduq, müxtəlif tədbirlərdə iştirak etdik, müharibə veteranları, şəhid ailələri, Qanlı Yanvar gününün şahidləri ilə görüşüb söhbət etdik. Görüş və söhbətlərdən aldığımız ümumi təəssürat bundan ibarətdir ki, kürdəmirlilər 20 Yanvar gününü təkcə dinc və əliyalın əhaliyə qarşı yönəldilmiş misli görünməmiş qırğın, tarixi faciə ilə yanaşı, həm də xalqımızın qəhrəmanlıq tarixi kimi də qiymətləndirirlər. Doğrudan da, silahsız, əliyalın insanların sovet hərb maşınının üzərinə göz qırpmadan və cəsarətlə getməsini yalnız və yalnız qəhrəmanlıq kimi qiymətləndirmək olar.
Vüqar NƏSİROV: Yanvar ayının 19-dan 20-nə keçən gecə mən Bakıda idim. Demək istəyirəm ki, həmin qanlı gecənin, insanlığa, insaf və vicdana sığmayan amansızlığın və qəddarlığın canlı şahidiyəm. Aradan 19 il ötüb. Hələ də o gecə gördüklərimin, şahidi olduqlarımın təsiri altındayam. Hara gedirdinsə ölüm, qan, dəhşət və faciə görürdün. Nə qadına rəhm edirdilər, nə uşağa, nə qocaya. Hara gəldi, necə gəldi güllə yağdırırdılar. Elə küçələr vardı ki, insan qanı sel kimi axırdı. Bu qədər zalımlığın, bu qədər vəhşiliyin, bu qədər qəddarlığın səbəbi nə idi? Axı, qanına qəltan olan həmin insanlar onlara tərəf nəinki güllə, hətta adi bir daş parçası da atmırdılar.
Biz isə o vaxta qədər sovet əsgəri ilə fəxr edirdik. Əsgər də öz ölkəsinin vətəndaşlarını gülləbarana tutarmı? Şəxsən mən o gecədən sonra gördüm və şahidi oldum ki, belə ədalətsizlik, qan və faciə üzərində qurulan və yaşayan bir ölkə gec-tez dağılmalıdır. Dağıldı da.
Sabir ABBASOV: 20 Yanvar faciəsi, əlbəttə, birmənalı olaraq Sovet İttifaqı rəhbərlərinin, ordu komandirlərinin, öz ölkəsinin vətəndaşlarını qorumalı olan əsgərlərin bağışlanılmaz cinayəti idi. Buna söz ola bilməz. Ancaq burada belə bir həqiqəti də unutmaq olmaz. Bəs, o zamankı respublika rəhbərlərinin mövqeyi? Onlar ki, həqiqi vəziyyəti, daha doğrusu, Bakıya qoşun yeridiləcəyini dəqiq bilirdilər. Öz xalqına, öz millətinə bu qədər də düşmən münasibəti bəsləmək olardımı? Ona görə də mən o zamankı respublika rəhbərlərini satqın və cinayətkar adlandırıram.
Xalqımız, torpağımız üçün belə ağır vaxtlarda hamımızın nəzər-diqqəti yenə də ulu öndər Heydər Əliyevə dikilmişdi. Bu qanlı faciənin ilk həqiqi qiymətini də məhz ümummilli liderimiz vermişdir. O ağır vaxtlarda ulu öndərin cəsarətli çıxışı xalqa böyük təsəlli verdi, inam və ümidi artırdı.
20 Yanvar faciəsində yüzlərlə dinc sakin gülləbaran edildi, itkin düşdü, yaralandı. Onların heç bir günahı yox idi. Sadəcə olaraq öz xalqının mərd, qeyrətli övladları idi, torpağını, öz şəhərini qorumaq üçün küçələrə çıxmışdılar, azadlıq və müstəqillik istəyirdilər. Bu müqəddəs istək, bu ülvi arzu isə tanklarla, avtomat və pulemyotlarla qarşılandı.
Ancaq zaman öz
sözünü dedi.
Qan və hökmranlıq üzərində
qurulan imperiya, nəhayət, diz üstə çökdü,
xalqımız öz azadlığına və
müstəqilliyinə qovuşdu.
Beləliklə, deyə
bilərik ki, 20 Yanvar hadisəsinə təkcə faciə kimi baxmaq olmaz.
Bu, eyni zamanda, xalqımızın
tarixinə qızıl
hərflərlə yazılan
qəhrəmanlıq, azadlıq
və suverenlik salnaməsi idi.
Kürdəmir rayonunda
keçirilən tədbirlərin, həmin tədbirlərdə
səslənən fikir və söhbətlərin əsas
mahiyyəti, məna və məzmunu bax, belə idi...
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-20 yanvar.-S.6.