Ürəklərdə yaşayan şəhidlər
20 Yanvar hadisələrinin növbəti ildönümü ilə əlaqədar respublikamızın hər yerində anma mərasimləri keçirilir. Torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi böyük ehtiramla yad edilir, ruhlarına dualar oxunur.
Dünən bununla əlaqədar Nəsimi rayonundakı 28 saylı orta məktəbdə də tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülarə Verdiyeva bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan və türk dünyası üçün ən ağır faciələrdən biri olmaqla yanaşı, bəşər tarixinin də qara səhifəsidir. Ümumiyyətlə, hər bir xalqın tarixində azad və müstəqil yaşamaq üçün dönüş nöqtəsi hesab edilən tarixi məqamlar vardır. Belə anlarda Vətəninin azadlığı uğrunda öz canlarından keçmiş qəhrəman övladlar çox olmuşdur. Onlar əsla unudulmur və müqəddəs qanları ilə adlarını tarixə əbədi olaraq yazırlar. Natiq həmçinin onu da qeyd etdi ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi haqqında həqiqətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Ölkə Prezidenti, cənab İlham Əliyev də bu ənənəyə sadiq qalmışdır. Belə ki, ölkə başçısının sərəncamı ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Bu, şəhidlərimizə göstərilən hörmət və diqqətin ən bariz nümunəsidir.
Daha sonra çıxış edən müəllimlər və valideynlər 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq səlnaməsi kimi qiymətləndirdilər.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya keçirildi.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.-2009.-20 yanvar.-S.6.