Azərbaycanın demoqrafik göstəriciləri
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsindən aldığımız
məlumatda deyilir ki, 2009-cu ilin əvvəlinə Azərbaycan
Respublikasının əhalisinin
sayı 8730 min nəfərə
çatmış və
ötən il ərzində 100 min nəfər
və yaxud 1,2 faiz artmışdır. Hazırda ölkədə əhalinin
sıxlığı bir
kvadrat kilometrə 101 nəfər təşkil edir. 2008-ci ildə
əhalinin sayının
artması son 35 ildə
ilk dəfə təbii
artımla yanaşı,
miqrasiya artımının
hesabına baş vermişdir. Əhalinin
51,7 faizi şəhər, 48,3 faizi isə kənd yerlərində yaşayır.
Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Əhalinin orta yaşı 32, doğulanda
gözlənilən ömür
uzunluğu 72,4 yaş, o cümlədən
kişilərdə 69,7, qadınlarda
75,1 il təşkil edir.
2008-ci il ərzində ölkədə 152,1 min, təxminən gündə 417, saatda isə 17 körpə doğulmuşdur ki, onların da 53,9 faizi oğlanlar, 46,1 faizi qızlardır. 2007-ci illə müqayisədə ölkədə doğulanların sayı bir qədər artmışdır. Körpələrin 1648-i əkiz, 27-si isə üçəmdir.
Ötən il ölkədə 52,5 min ölüm halı qeydə alınmışdır və 2007-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,3-dən 6,1-ə qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, tənəffüz və mədə orqanlarının xəstəliklərindən ibarətdir.
2008-ci ildə ölkədə 79,9 min nikah və 7,9 min boşanma halları qeydə alınmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 28, qadınlar arasında isə 24 yaş təşkil etmişdir.
2008-ci ildə Daxili İşlər Nazirliyinin pasport xidmətləri tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3,5 min nəfər gələn və ölkədən 2,6 min nəfər gedən qeydə alınmışdır. Gələnlərin 57,8 faizi Rusiya Federasiyasından, gedənlərin isə 81,6 faizi həmin ölkəyə daimi yaşayış yerini dəyişmək məqsədilə köçmüşlər.
T.ƏLİYEV
Xalq qəzeti.-2009.-
22 yanvar.-S.3.