“Bir pəncərə” prinsipinin tətbiqi uğurlu
olmuşdur
Vergilər Nazirliyində
mətbuat konfransı
keçirilmişdir
Dünən Vergilər
Nazirliyinin mərkəzi aparatında kommersiya hüquqi şəxslərin
“ bir pəncərə” prinsipi ilə dövlət
qeydiyyatının tətbiqinin bir illiyinə, 195 saylı
pulsuz telefon xidmətinin beş illiyinə və elektron
kitabxananın tətbiqinə həsr olunmuş mətbuat
konfransı keçirilmişdir.
Vergilər nazirinin mətbuat
katibi Fariz Səmədov 2008-ci ilin bütövlükdə
ölkə iqtisadiyyatı, o cümlədən vergi sistemi
üçün uğurlu il olduğunu bildirmişdir. Ötən
il vergi daxilolmaları üzrə proqnozun artıqlaması ilə
icra edildiyini, vergi inzibatçılığının təkmilləşdirilməsi
istiqamətində bir sıra uğurlar əldə
olunduğunu xatırladan mətbuat katibi elektron bəyannamələrin
tətbiqinin genişləndirildiyini, kommersiya hüquqi şəxslərin
“bir pəncərə” prinsipi ilə dövlət
qeydiyyatına alınmasına başlandığını
vurğulamışdır.
Kommersiya hüquqi şəxslərin
dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil
baş idarəsinin rəisi Zaur Fətizadə “Sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinin “bir pəncərə”
prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri
haqqında” Azərbaycan Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı
ilə Vergilər Nazirliyinin sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinin “bir pəncərə”
prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı və
bu prinsiplə qeydiyyatın tətbiqinin başlanğıc
tarixinin 2008-ci il yanvarın 1-i müəyyən edildiyini
xatırlatmışdır. Bildirmişdir ki, 2008-ci ildən
başlayaraq, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti
subyektlərinin qeydiyyatının “bir pəncərə”
prinsipi üzrə təşkili təmin edilmişdir. Həmin
vaxtdan qeydiyyat prosedurlarının (biznesə başlama)
sayı 13-dən 5-dək, sərf edilən müddət isə
53 gündən 7 günədək, o cümlədən
sırf qeydiyyatın aparılmasına sərf edilən
müddət 3 günədək azaldılmışdır. Baş
idarə rəisinin sözlərinə görə, “bir pəncərə”
prinsipi ilə qeydiyyat işlərinin yerinə yetirilməsinə
nəzarət təşkil edilmiş, digər qeydiyyat
qurumlarına məlumatların ötürülməsi,
kommersiya qurumlarının dövlət qeydiyyatı məlumatları
üzrə hesabatların KİV-də dərci və Vergilər
Nazirliyinin internet saytında yerləşdirilməsi təmin
olunmuşdur.
Z.Fətizadə
bildirmişdir ki, qeydiyyat məlumatları mərkəzləşdirilmiş
şəkildə Dövlət Sosial Müdafiə Fonduna,
Dövlət Statistika Komitəsinə və Dövlət
Gömrük Komitəsinə ötürülür. Bu məqsədlə
həmin təşkilatların hər biri ilə müvafiq
razılaşmalar imzalanmışdır. Həmçinin
2008-ci ildə baytarlıq fəaliyyəti və
sürücülük kurslarının təşkili fəaliyyəti
üzrə qeydə alınmış sahibkarlıq subyektləri
barədə məlumatlar müvafiq dövlət qurumlarına
təqdim edilmişdir. İqtisadi İnkişaf Nazirliyi ilə
əməkdaşlıq haqqında razılaşma
imzalanmış və 2008-ci ilin dekabr ayından etibarən
sahibkarlıq subyektlərinə nəzarət
kitabçaları “bir pəncərə” vasitəsilə təqdim
olunur.
Baş idarə rəisi
bildirmişdir ki, 2008-ci ilin əvvəlində “bir pəncərə”
prinsipi ilə qeydiyyatın aparılması ilə əlaqədar
normativ sənədlərin hazırlanması işləri
aparılmış, müvafiq qaydalar, metodiki göstərişlər,
ərizə və digər sənəd formaları təsdiq
edilmişdir. “Kommersiya hüquqi şəxslərin dövlət
reyestrinin aparılması, istifadəsi və mühafizəsi
qaydaları”nın və “Kommersiya hüquqi şəxslərin
dövlət reyestr kitabı”nın təsdiq edilməsi
haqqında" qərar layihəsi hazırlanmış və
bu təkliflərə əsasən Nazirlər Kabinetinin qərarı
ilə müvafiq dəyişikliklər təsdiq olunmuşdur.
Z.Fətizadə kommersiya hüquqi şəxslərin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına dair statistik məlumatları açıqlamış, 2008-ci il ərzində qeydə alınmış kommersiya hüquqi şəxslərin sayının 6471 təşkil etdiyini və 2007-ci ildə vergi uçotuna alınmış kommersiya hüquqi şəxslərlə müqayisədə 1453 şəxs artdığını diqqətə çatdırmışdır. Ümumiyyətlə, il ərzində qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 44272 olmuşdur.
“Bir pəncərə” prinsipi ilə qeydiyyata alınan kommersiya hüquqi şəxslərin təxminən 63 faizinin paytaxtın payına düşdüyünü vurğulayan Bakı Şəhər Vergilər Departamentinin Kommersiya İdarəsinin rəisi Nigar Alimova idarənin funksional fəaliyyəti barədə ətraflı məlumat vermişdir. N.Alimova Qeydiyyat İdarəsinin qısa müddətdə peşəkar kadrlarla komplektləşdirildiyini bildirmişdir. O, idarədə həm kommersiya hüquqi şəxslərin operativ şəkildə qeydiyyata alınması, həm qeydiyyat üçün qanunvericiliklə tələb olunan sənədlər barədə məlumatlandırılması, həm də onları maraqlandıran bütün sualların cavablandırılması üçün şərait yaradıldığını diqqətə çatdırmışdır.
195 saylı telefon məlumat xidmətinin 2003-cü ilin dekabr ayından fəaliyyət göstərdiyini xatırladan vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov burada başlıca məqsədin vergi ödəyicilərinin müraciətlərinin müasir tələblərə uyğun cavablandırılması, vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almalarından ibarət olduğunu diqqətə çatdırmışdır. İdarə rəisi həmçinin 2006-cı ilin may ayından etibarən bu xidmətin respublikanın bütün bölgələrini əhatə etdiyini vurğulamışdır. E.Məmmədovun sözlərinə görə, 2008-ci ildən vergi ödəyicilərinin “bir pəncərə” prinsipi ilə əlaqədar suallarının cavablandırılması, vergi borcunun öyrənilməsi, vergi hüquqpozmaları barədə şikayət və məlumatların qəbulu, operativ baxılması üçün araşdırmaya yönəldilməsi üçün yeni xidmət menyuları da açılmışdır.
Telefon məlumat xidmətinin canlı və avtomatik rejimlərdə fasiləsiz olaraq fəaliyyət göstərdiyini xatırladan idarə rəisi avtomatik rejimin iş vaxtından sonrakı saatlarda və qeyri-iş günlərində, canlı rejimin isə iş günlərində saat 9.00-dan 18.00-dək çalışdığını vurğulamışdır.
E.Məmmədov bildirmişdir ki, 2008-ci il ərzində telefon xidmətinə ümumilikdə 319.439 müraciət daxil olmuşdur. Bunlardan 251.995-i operator (Azərbaycan, rus və ingilis dillərində), 67.444-ü isə birbaşa mütəxəssislər tərəfindən cavablandırılmışdır. İdarə rəisinin sözlərinə görə, ötən il ərzində telefon mərkəzinə 141 şikayət daxil olmuş və operativ qaydada araşdırılaraq nəticəsi barədə şikayətçilərə məlumat verilmişdir.
Vergi sistemində tətbiq olunan digər yenilik — bu il
yanvarın 1-dən fəaliyyətə başlayan
elektron kitabxana haqda məlumat verən F.Səmədov kitabxanaya vergi sahəsinə dair məlumatların, xarici ölkələrdə vergi
sahəsində həyata
keçirilən islahatlar
və beynəlxalq təcrübəyə dair
təhlil materiallarının daxil edildiyini bildirmişdir. Qeyd etmişdir ki, E-kitabxanada materiallar Azərbaycan, ingilis və rus dillərindədir. Hələlik elektron kitabxanadan yalnız vergi xidməti əməkdaşları
istifadə edə bilirlər. Lakin F.Səmədovun sözlərinə görə,
vergi ödəyiciləri
və digər şəxslər üçün
də istifadə imkanlarının yaradılması
planlaşdırılır. Tədbirdə vurğulanmışdır ki, elektron kitabxana
distant təhsilin tərkib
hissəsidir və beynəlxalq təcrübənin
öyrənilməsi zamanı
materialların internetdə
uzun müddət axtarılmasına sərf
olunan vaxta qənaət imkanı verir.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-23 yanvar.-S.4.