Hacıqabul: birinci mərhələ uğurla başa çatdı

 

2004-2008-ci illəri əhatə edən və regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının mühüm xüsusiyyətlərindən biri də sözsüz ki, iri-xırda, güclü-zəif fərqi qoymadan bütün bölgələrin inkişafını, həm də dinamik inkişafını əsas şərt kimi səciyyələndirməsidir. Əslində burada inkişafın elə bir mərhələsi nəzərdə tutulur ki, bu qeyd olunan xoşagəlməz fərqlər birdəfəlik aradan qaldırılsın, respublikanın hər yerində insanlar firəvanlıq içərisində, əmin-amanlıq şəraitində yaşasınlar. Bu faktı məmnuniyyət hissi ilə vurğulamaq lazımdır ki, ötən il tamamlanan proqramda nəzərdə tutulan məsələlər, dövlət başçısının da qeyd etdiyi kimi, uğurla icra olunmuşdur. Məhz bunun nəticəsində də illər boyu baxımsızlıqdan “əziyyət çəkən” rayonlar yenidən “nəfəs almağa” və dirçəlməyə başladılar. Hacıqabul da belə rayonlardandır. Bakıya — paytaxta ən yaxın rayonlardan sayılsa da, əvvəllər bu yaxınlıq yalnız məsafə ilə məhdudlaşır, diqqət və qayğı baxımından isə “onqat uzaqlıq” hiss olunurdu. Rayon kimi yaradılması iki onilliyi keçməsə də Hacıqabulun problemləri əlli-altmış illik rayonların problemləri ilə müqayisədə daha “yaşlı” görünürdü. Ta 2006-cı ilin ilk aylarına — rayon rəhbərliyinin dəyişdirilməsinədək. Aradan keçən təxminən üçillik zaman məsafəsi tarix üçün bir an kimi qısa olsa da, burada görülən işlər, həyata keçirilən tədbirlər əsl irəliləyiş, yeniləşmə və dirçəliş əzmindən xəbər verir. Mən bu cümlələri yazarkən jurnalist təxəyyülündən və fantaziyasından bəhrələnərək obrazlı və bəlağətli sözlər işlətmək və bununla da illüziya yaratmaq niyyətində deyiləm. Birincisi, bu, sadəcə olaraq mümkün deyil, çünki Hacıqabul elə bir mövqedə yerləşir ki, Azərbaycanın bütün bölgələrinə aparan yollar buradan keçir və hər şeyi açıq-aşkar görmək mümkündür. İkincisi də, necə deyərlər, hər şey göz qabağındadır — son üç ildə Hacıqabul rayonundakı dəyişiklikləri və yeniləşmə ruhunu görmədən gəlmək isə, ən azı qərəzin və həsədin nəticəsidir.

 

Yol hər şey deməkdir

 

İnsan uzaq səfərlərə çıxan doğmasına, əzizinə ən gözəl arzularını çox vaxt bu iki kəlmə ilə ifadə edir — “yaxşı yol”. Yaxşı yol uğura, salamatlığa və rahatlığa təminatdır. Həm də məşhur bir deyim var: yol mədəniyyətdir. Elə bu mənada son üç il ərzində Hacıqabul rayonunda görülmüş işlərin siyahısına nəzər salanda diqqəti ilk növbədə yolların çəkilməsini və bərpasını əks etdirən faktlar cəlb edir. O faktlar, zənnimcə, Hacıqabulda aparılan abadlıq-quruculuq işlərinin miqyasını və çəkisini açıq-aşkar sübut etməyə kifayət edir.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafı üçün ayrılmış bir milyon manat vəsaitin 434,500 manatı yol tikintisinə sərf olunmuşdur. İ.Qayıbov küçəsində 10800 paqonometr bardur qoyulmaqla 5,6, M.Hüseynzadə küçəsində 1,5, M.Əsədov küçəsində 1,2 kilometr, ümumilikdə 8,3 kilometr yola altı santimetr qalınlığında asfalt-beton örtüyü salınmışdır.

Dövlət Neft Şirkətinin ayırdığı vəsait hesabına 460 min manatlıq iş görülmüşdür. H.Z.Tağıyev küçəsində 3300 kvadratmetr sahəyə qum-çınqıl döşənmiş, altı sanitmetr qalınlığında 0,7, M.P.Vaqif və M.Müşfiq küçələrində 1,1, M.F.Axundov küçəsində 1,2, İ.Qayıbov küçəsində 1 kilometr asfalt-beton örtüyü qoyulmuş, H.Aslanov və N.Nərimanov küçələrində 2259 kvadratmetr sahədə çala təmir edilmiş, X.Məmmədov küçəsində 2475 kvadratmetr sahəyə qum-çınqıl qarışığı tökülmüş, maliyyə şöbəsinin giriş yolunda və dəmir yolu stansiyasına aparan yolda 6160 kvadratmetr sahəyə 6 santimetr qalınlığında asfalt-beton örtüyü salınmışdır.

Bundan başqa, rayondaxili yolların bərpasına uyğun olaraq Meyniman, Ələtli-Xilə, Ağacanlı kəndlərinin, Quşçuluq fabrikinin qiriş yollarına qum-çınqıl qarışığından hamarlayıcı qat verilməklə kəndarası yollar təmir olunmuş, şəhərin 26 küçəsinə qum-çınqıl qarışığından 12 santimetr qalınlığında 11,2 kilometr uzunluğunda örtük salınmış, 12 küçədə asfalt-beton qarışığından 6 santimetr qalınlığında 10,4 kilometr uzunluğunda örtük qoyulmuşdur. Nəsimi, Şirvan, S.Almazov, Ə.Həşimov küçələrində 300, İ.Qayıbov küçəsində 800 metr uzunluğunda səki salınmış, hərbi hissənin ərazisindən 5 mərtəbəli yaşayış evlərinə doğru gediş yoluna 400 metr uzunluğunda 3 santimetr qalınlığında asfalt-beton örtüyü çəkilmiş, 20 Yanvar küçəsində 460 metr uzunluğunda asfalt-beton örtüyündən səki qoyulmuş, İ.Qayıbov küçəsində beşmərtəbəli 20 mənzilli yaşayış evlərinin yerləşdiyi ərazinin 1487 kvadratmetrinə qum-çınqıl qarışığından əsas qoyulmuş və 1050 kvadratmetr sahəyə 6 santimetr qalınlığında asfalt-beton örtüyü salınmışdır. Həmçinin Xətai küçəsində ikimərtəbəli binaların ətrafı abadlaşdırılaraq qum-çınqıl qarışığından hamarlayıcı qat verilməklə 2590 kubmetr sahə asfalt-beton örtüyü ilə üzlənmiş, sakinlərin istirahəti üçün çardaq və əyləncə yerləri quraşdırılmışdır. Dəmir yolu stansiyasının ərazisində də 1400 kvadratmetr sahəyə 5 santimetr qalınlığında asfalt-beton örtüyü çəkilmişdir.

Yerli büdcənin 103.500 min manat vəsaiti hesabına Qarasu, Abdulyan, Kolanı, Kürcülü, Atbulaq, Navahı, Pirsaat, Talış, Meyniman, Padar kənd məktəblərinin yoluna, Ələtli-Xilə kənd yoluna və Paşalı kənd körpüsünün yoluna 2,1 kilometr uzunluğunda 1100 kubmetr həcmində asfalt-beton örtüyü çəkilmişdir.

Həmçinin yerli büdcədən ayrılmış 92,500 manat vəsaitin 23700 Ə.Şıxlinski küçəsində 4875 kvadratmetrə 15 sentimetr qalınlığında qum-çınqıl qarışığı tökülmüş, məhəllədaxili yollarda 49 min manatlıq iş görülmüş, 0,650 kilometr asfalt salınmış, 1194 paqonometr bardur çəkilmişdir.

...Təqribən iki il öncə rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun qayğılı “biz axşam yolu, səkini düzəldirik, səhər açılanda baxıb görürük ki, iritutumlu maşınlar hansı hissənisə əzib sıradan çıxarıb” sözlərinə haqq qazandırmamaq mümkün deyildi. Çünki əksər rayonların yolu şəhərin mərkəzi hissəsindən keçdiyinə görə buradan keçən maşınların da ardı-arası kəsilmir, bəzi məsuliyyətsiz sürücülər sürət həddini aşaraq maşını normal idarə edə bilmədiklərinə görə yollara, səkilərə, işıq dirəklərinə xətər yetirirdilər. Əlbəttə, indi bütün bunlar, yaxın keçmişin xoşagəlməz xatirələridir. İndi Hacıqabul rayonunda abadlıq-quruculuq işləri təkcə səliqə-sahman yaratmır, eyni zamanda nizam-intizamı da möhkəmləndirir, insanları qayda-qanunlara riayət etməyə məcbur edir.

 

Məktəb zamanı gəldi...

 

Həmişəyaşar Mirzə Ələkbər Sabirin bu misrası aradan bir əsr keçməsinə baxmayaraq öz aktuallığını itirməyib. Əksinə, məktəbə, elmə, təhsilə diqqət və qayğı daha da artıb. Həm də ölkə rəhbərliyi səviyyəsində. Bu isə ölkədə, o cümlədən Hacıqabulda yeni-yeni məktəblərin tikilməsi, bərbad vəziyyətdə olan təhsil ocaqlarının isə tam müasir səviyyədə təmir edilməsi üçün əsas amilə, təkanverici qüvvəyə çevrilib. Bunu xüsusi qeyd etmək lazımdır ki, on illərlə yeni təhsil ocaqlarının tikilməməsi hacıqabullular üçün də ümidsizlik yaratmışdı. Son zamanlar bir-birinin ardınca tikilib istifadəyə verilən yaraşıqlı sosial obyektər — təhsil, səhiyyə, mədəniyyət ocaqları insanlarda bu ümidsizliyi aparmış, nikbin əhval-ruhiyyə, sabaha, işıqlı gələcəyə inam hissini artırmışdır.

Heydər Əliyev Fondunun vəsaiti hesabına Qızılburun kəndində tikilib istifadəyə verilmiş 240 şagird yerlik orta məktəb binası təkcə kənd sakinlərinin deyil, eyni zamanda bütün rayon əhalisinin sevincinə səbəb olmuşdur. Kənd sakinlərinin sevincini başa düşmək çətin deyil: yeni və yaraşıqlı məktəbdə keçilən dərsin keyfiyyəti də, şagirdlərin təlim-tərbiyəsi də arxayınlıq üçün əsas verir. Padar qəsəbəsində tikilib istifadəyə verilmiş 420 şagird yerlik orta məktəb binası hər cür şəraitlə təmin edildiyindən burada da təhsilin aşağı səviyyədə olması, sadəcə mümkün deyil, əgər belə hal mövcud olsa, buna heç nə ilə bəraət qazandırmaq mümkün deyil. Abdulyan kənd orta məktəbi üçün 80 şagird yerlik 4 əlavə sinif otağının, həmçinin şəhərdə 640 və 300 şagird orta yerlik orta məktəb binalarının, 3 saylı şəhər məktəbinin istifadəyə verilməsi, 38 saylı şəhər məktəbinin ərazisində Amerikanın uşaqların xilası təşkilatı tərəfindən 23 min ABŞ dolları dəyərində əl oyunları meydançasının salınması son illərdə Hacıqabul rayonunda təhsilin səviyyəsinin yüksəlməsinə, intellektual potensialın artırılmasına xüsusi önəm verildiyini, səylər nümayiş etdirildiyini bir daha təsdiqləyir.

2009-2012-ci illərdə Pirsaat qəsəbəsində 190, Abdulyan kəndində 640, Tava kəndində 300 şagird yerlik yeni məktəb binalarının tikilməsi, Muğan və Navahı qəsəbə, Talış, Meyniman, Qubalı, Rəncbər və Navahı kənd 1 saylı məktəblərin təmir edilməsi, 3 məktəbdə 200, 3 məktəbdə 100, 3 məktəbdə 260 yerlik, 2 məktəbdə 400 şagird yerlik əlavə sinif otaqlarının və “Lalə” uşaq bağçası üçün yeni binanın inşa olunması, həmçinin 18 məktəbin əsaslı təmir edilməsi 12 məktəbdə 2620 şagird yerlik, 131 əlavə sinif otağının tikintisi, 120 şagird yerlik Ağacanlı, 192 şagird yerlik Pirsaat, 100 şagird yerlik Tağılı kənd orta məktəbləri üçün yeni binanın tikilməsi nəzərdə tutulub. Bütün bu tədbirlər Təhsil, Maliyyə, İqtisadi İnkişaf, Fövqəladə Hallar nazirlikləri və rayon icra hakimiyyəti tərəfindən gerçəkləşdiriləcəkdir.

 

Sağlamlığın keşiyində

 

Yəqin ki, üç-dörd il əvvələ kimi Hacıqabulda yeni səhiyyə ocaqlarının tikilib-tikilməyəcəyi ilə bağlı rəy sorğusu keçirilsəydi, rayon sakinlərinin böyük əksəriyyəti “tikilməyəcək” sözünün altından xətt çəkərdi. Bu rəyi formalaşdıran məlum səbəblərə görə onları heç qınamağa da dəyməzdi. İndi isə vəziyyət, necə deyərlər, 180 dərəcə dəyişib, yəni xəyal kimi görünənlər gerçəkliyə çevrilib. Şəhərin mərkəzində salınan 50 çarpayılıq xəstəxananın görünüşü diqqəti uzaqdan çəkir, içərisi isə sanki möcüzəli aləmdir, burada xəstənin müalicə olunması üçün hər cür müasir tipli avadanlıqlar və şərait var. Buraya müraciət edənlərin siyahısı hacıqabullularla məhdudlaşmır, ətraf rayonlardan da bu sağlamlıq ocağına üz tutanların sayı gündən-günə artır.

Şəhər Uşaq Tibb Mərkəzinin tikintisi də tamamlanmaqdadır. Bu mərkəzin təməlqoyma mərasimi hacıqabullular üçün xüsusilə əlamətdar olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmiş, bu mühüm əhəmiyyətli tibb ocağının təməlini şəxsən qoymuşdur. Bütün Hacıqabul sakinləri inanırlar ki, bu mərkəz də istifadəyə veriləndən sonra gələcəyimiz olan uşaqların sağlamlığı keşiyində dayanacaqdır. Bundan əlavə 2009-2010-cu illərdə Səhiyyə, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin və rayon icra hakimiyyətinin birgə işi nəticəsində şəhər mərkəzində Gigiyena-Epidemiologiya Mərkəzi üçün yeni binanın, Kolanı, Tava və Pirsaat kəndlərində feldşer-mama məntəqələrinin tikintisi həyata keçiriləcək, 2009-2012-ci illərdə isə rayonlararası travmotoloji mərkəzin, Pirsaat qəsəbəsində, Kolanı, Ələtli, Tava, Ağacanlı, Qubalı, Tağılı kəndlərində feldşer-mama məntəqələri tikiləcək.

 

Mədəniyyət zənginlik rəmzidir

 

Hacıqabulun rayon kimi yaranma tarixi çox az olsa da, ərazisində yerləşən tarixi abidələr ta qədimdən burada yaşayış məskənlərinin olduğundan xəbər verir. XI-XIV əsrlərə aid “Pir Hüseyn” Xanəgahının burada yerləşməsi də deyilənləri təsdiqləyir. Tarixi abidələrimizə, mədəni irsimizə laqeyd münasibət, çox təəssüflər olsun ki, “Pir Hüseyn” Xanəgahından da yan keçməmiş, nəticədə abidə baxımsız hala düşmüşdür. Ancaq son illər bu möhtəşəm tarix-memarlıq abidəsində yenidən bərpa işləri aparılmış və ziyarətçilərin ixtiyarına verilmişdir. Hazırda rayon mədəniyyət evinin əsaslı təmiri və yenidənqurulması tamamlanmaqdadır. 2008-2010-cu illərdə 300 şagird yerlik musiqi məktəbi üçün binanın tikintisi, Rəncbər, Navahı, Atbulaq kənd mədəniyyət evlərinin əsaslı təmiri, 2009-2013-cü illərdə isə mərkəzi kitabxananın əsaslı təmiri və yenidənqurulması, tarix-diyarşünaslıq muzeyinin yeni binasının inşası “Pir Hüseyn” Xanəgahı tarix-memarlıq qoruğu üçün yeni inzibati binanın tikilməsi, əlavə 3 ştat vahidinin ayrılıması, qoruqla magistral yolu birləşdirən 14 kilometr avtomobil yolunun asfaltlaşdırılması mədəniyyət və turizm, maliyyə, iqtsadi inkişaf nazirliklərinin və rayon icra hakimiyyətinin birgə həyata keçirəcəyi tədbirlər sırasındadır.

 

Abadlıq, səliqə-sahman, yaraşıq...

 

2006-cı ildən başlayaraq Hacıqabul rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi, əhalinin sosial müdafiə mərkəzi üçün inzibati bina, rayon maliyyə şöbəsinin inzibati binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Hacıqabul rayon şöbəsi işçiləri üçün 2 mərtəbəli yataqxana binasının tikintisi başa çatmaq üzrədir.

Şəhərin əksər küçələrində 8 kilometr açıq kanalizasiya xətləri təmizlənmiş və açıq kanalizasiya qapalı vəziyyətə gətirilmişdir.

Rayonda Şirvan, Bakı şəhəri və Kürdəmir rayonu istiqamətində giriş qapıları tikilmişdir.

Şəhərdə Bələdiyyə, Dədə Qorqud, İcra hakimiyyəti qarşısında və dəmir yolu vağzalı qarşısındakı istirahət parkları tikilib vətəndaşların ixtiyarına verilmişdir.

Rayon icra hakimiyyətinin 2-ci inzibati binasının 1-ci mərtəbəsində vətəndaşların qəbulu üçün 120 yerlik qəbul otağı, 2-ci mərtəbəsində isə Hacıqabul—Kürdəmir 58 saylı Seçki Dairəsinin yerləşdiyi 10 otaq və dəhliz təmir olunaraq Seçki Komissiyasının balansına əvəzsiz olaraq verilmişdir.

İ.Qayıbov, H.Əliyev, M.Əsədov küçələrində işıq dirəkləri yenisi ilə əvəz olunmuş, küçələrə ümumilikdə 62 ədəd elektrik dirəyi qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Regionların Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 14 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı üzrə rayonda ”Pirsaat" su anbarının lildən təmizlənməsi məqsədi ilə təmizlənmə işləri artıq başa çatmaq üzrədir.

Əhalinin texniki suya olan tələbatının yaxşılaşdırılması istiqamətində rayonun Padar, Muğan qəsəbələrinin Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə 55 kilometr uzunluğunda və saniyədə 6 kubmetr su tutumu olan baş suvarma kanalının tikintisi başa satmaq üzrədir.

Bu müddət ərzində — 2006-2008-ci illərdə şəhərdə 9530 poqonometr yeni qaz xətti çəklimiş, 1150 poqonometr qaz xətti təmir olunmuş, 3500 poqonometr köhnə qaz xəttinin boruları təmizlənmişdir, Muğan qəsəbəsinə 1355 poqonometr uzunluğunda yeni qaz xətti çəkilmişdir.

Şəhərin dağüstü massivində Şəhidlər xiyabanının yeni kompleksinin tikinti işləri başa çatmaq üzrədir.

Dövlət Sosial Müdafiə Fondunun və təhsil şöbəsinin inzibati binasının tikintisi başa çatmaq üzrədir. Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə hazırdır.

D.Qorqud parkı, Bələdiyyə parkı və vağzalətrafı dairəvi və istirahət parkları sakinlərin ixtiyarına verilmişdir.

Şəhərin İ.Qayıbov, M.Əsədov və H.Əliyev küçələrində 62 ədəd elektrik dirəkləri quraşdırılmışdır.

İ.Qayıbov, H.Əliyev küçələrində və vağzalətrafı yaşayış binalarının, fərdi yaşayış evlərinin 6844 kvadratmetr dam örtüyü yenisi ilə əvəz olunmuş, fasadı emulsiya ilə rənglənmişdir.

Əlbəttə, görülmüş işlər bununla qurtarmır. Hamısını sadalamağa da ehtiyac yoxdur. Bir az da yaxın gələcəkdə həyata keçiriləcək tədbirlərdən bəhs etmək pis olmazdı. Məsələn, 2009-2010-cu illərdə Hacıqabul şəhərinin su təchizatı və kanalisiya sistemlərinin yenidən qurulması, Padar qəsəbəsinə, Qarasu, Qubalıbaloğlan, Qubalı, Tağılı, Tava, Cəngən və Şorbaçı kəndlərinə içməli su xətlərinin çəkilməsi, 2009- 2011-ci illərdə Qubalı, Tağılı, Tava, Cəngən və Şorbaçı kəndlərini əkin suyu ilə təmin etmək üçün Pirsaat çayı qarşısında bəndin tikilməsi, Kür çayından şəhərin yaşıllıq zonasının və İpək yolu boyunca salınacaq yeni yaşıllıqıların suvarılması üçün uzunluğu 30 kilometr olan 273 kilomterlik su xəttinin çəkilməsi, 2009-2013-cü illərdə Hacıqabul — Kürdəmir istiqamətində yerləşən Kür su mənbəyindən su qəbul etməklə Qarasu, Muğan və Padar, Pirsaat, Navahı, Rəncbər, Qubalı, Baloğlan, Navahi (qəsəbə), Qızılburun, Atbulaq və Kürçüllü, Abdulyan, Kolanı və Talış kəndlərindən, Axtaçı, I Meyniman, II Meyniman, Ələtli, Ağacanlı, Şorbaçı, Paşalı I, Paşalı II, Udulu I, Udulu II, Tağlı və Qubalı kəndlərinin su təchizatını yaxşılaşdırmaq, Pirsaat massivində yerləşən pay torpaqlarının suvarılmasını təmin etmək məqsədi ilə su xəttinin çəkilməsi də daxil olmaqla, Muğan qəsəbəsini, Meyniman, Axtaçı — Şirvan, Talış, Kolanı, Abdulyan və Qarasu kəndlərini magistral yola birləşdirən (30 km) və Cəngən, Tava, Tağlı, Qubalı kəndlərini birləşdirən (40 km) avtomobil yollarının təmiri, Hacıqabul şəhərinin daxili küçələrinin (50 km) əsaslı təmiri və asfaltlaşdırılması, Rəncbər və Qubalı kəndlərini birləşdirən (10 km) yolun asfaltlaşdırılması da görülməsi nəzərdə tutulan işlərin siyahısındadır.

...Göründüyü kimi, 2006-2008-ci illər Hacıqabul rayonu üçün, doğrudan da dinamik inkişafın uğurla tamamlanmış birinci mərhələsidir. Bundan sonra həyata keçiriləcək tədbirlərin hamısını yazmaq uzun bir siyahını əhatə edər. Lakin bunu bir daha qeyd etmək yerinə düşər ki, möhkəm və sağlam təməl sonrakı mərhələnin də uğurla tamamlanması üçün əsaslı baza yaradıb. Bir də ki, rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun dediyi kimi, daim irəliyə, işıqlı gələcəyə aparan qatarın sərnişinləri olmaq ilahi bir fürsətdir, tarixi şansdır. Bu şansı düzgün dəyərləndirmək isə hər kəsin özündən asılıdır.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2009.-23 yanvar.-S.5.