Standartlaşdırma iqtisadi sabitliyi şərtləndirən
amillərdəndir
Azərbaycanda həyata
keçirilən dövlət siyasətinin prioritetlərindən
biri də beynəlxalq standartların tələblərinə
uyğun keyfiyyətli məhsulların istehsalı, milli
bazarın dünya bazarı ilə inteqrasiyasının
düzgün təşkilidir. Təsadüfi deyil ki, son illərdə
ölkəmizdə standartlaşdırma, meteorologiya və
patent məsələlərinə diqqət xeyli
artırılıb. Ulu öndər Heydər Əliyevin fərmanı
ilə 2001-ci ilin sonunda ölkədə keyfiyyətin idarə
edilməsi sahəsində konkret vəzifələrin yerinə
yetirilməsi məqsədilə Standartlaşdırma,
Meteorologiya və Patent üzrə Dövlət Agentliyi
yaradılıb. Hazırda Dövlət Komitəsi statusu ilə
fəaliyyət göstərən bu qurum konkret olaraq
standartlaşdırma, meteorologiya, akkreditasiya, sertifikatlaşdırma
və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi,
milli istehsalın keyfiyyətinin, təhlükəsizliyinin və
rəqabətə davamlılığının
artırılması kimi işləri koordinasiya edir.
Standartlaşdırma
obyektləri aqrar, sənaye istehsalı və emalı, tikinti,
nəqliyyat, səhiyyə sahələrində, həmçinin
beynəlxalq ticarətdə istifadə olunan və hər zaman
tətbiq edilə bilən konkret norma, tələb, metod,
termin, işarə və sairdir. İstehsalın inkişaf
sürətinə və səviyyəsinə əhəmiyyətli
təsir göstərən standartlar qabaqlayıcı və
kompleks metodlara əsaslanır. Artıq ölkəmizin
ayrı-ayrı regionlarında sözügedən qurumun ərazi
idarələri yaradılaraq səmərəli fəaliyyət
göstərir. Lənkəran şəhərində yerləşən
5 saylı ərazi idarəsinin kollektivi də qarşıya
qoyulan tələbləri rəhbər tutaraq bu istiqamətdə
işləri uğurla davam etdirir.
Ərazi idarəsinə təcrübəli iqtisadçı Namiq Kərimov rəhbərlik edir. O, kənd təsərrüfatı, kooperasiya, tədarük, vergi və sair sahələrdə məsul vəzifələrdə çalışıb. Hər yerdə də göstərilən etimadı doğruldub, tələbkarlığı və prinsipiallığı ilə seçilib. 2007-ci ilin dekabrından hazırkı vəzifəyə təyin edilən Namiq Kərimov işə ilk növbədə ərazi standartlaşdırma, meteorologiya və patent idarəsi kimi çox ciddi bir təşkilatın inzibati binasının lazımi səliqəyə salınmasından, burada müasir səviyyədə iş şəraiti yaradılmasından başlayıb. Bu, hər bir qurumun nüfuzunu müəyyənləşdirən ilkin şərtlərdəndir. İdarə 2007-ci il ərzində regionda yerləşən 412 obyektdə meteoroloji nəzarəti həyata keçirib, standartların tələblərə uyğunluğunu araşdırıb və sertifikatlaşdırma işləri aparıb. Minlərlə ölçu vasitəsi müqayisəli dövlət yoxlamasından keçirilib. Başlıcası isə işdə dönuş yaradılması hesabına buranın əvvəllər düşünüldüyü kimi heç də adi bir “tərəzi idarəsi” olmadığı qənaəti cəmiyyətin nəzərində xeyli güclənib.
Ötən il 5 saylı ərazi idarəsi daha çox iş görüb. İl ərzində 83 adda müxtəlif məhsul sertifikatlaşdırılıb, 8307 ədəd ölçü vasitəsi dövlət yoxlamasından keçirilib və bunlardan 124-ü yararsız hesab edilərək istismardan çıxarılıb. Bu işlərdən dövlət büdcəsi hesabına 31min manat vəsait daxil edilib.
Bununla bərabər 667 fiziki və hüquqi şəxslə standartlaşdırma və meteorologiya sahəsində iş aparılıb. 89 fiziki və hüquqi şəxsə qarşı fəaliyyətində dövlət standartlarının tələblərini pozduğuna görə inzibati protokol tərtib edilib. İl ərzində bölgənin ayrı-ayrı rayonlarında fəaliyyət göstərən 18 müəssisədə dövlət nəzarəti xətti ilə yoxlamalar aparılıb və həmin müəssisələrin 16-da qanun pozuntuları aşkarlanıb. Dövlət standartlarının tələblərinə cavab verməyən məhsul istehsal etdiyinə görə 7 müəssisənin istehsalına qadağa qoyulub.
Ərazi idarəsi tərəfindən topdansatış ərzaq anbarlarında yoxlamalar keçirilən vaxt 2 belə müəssisədə aşkarlanmış keyfiyyətsiz məhsulların satışı qadağan edilib. Masallı şəhərində fəaliyyət göstərən topdansatış məhsul anbarında 8 adda məhsul bu aqibətlə üzləşib. Lənkəran şəhərində isə mərkəzi bazar ərazisində “Borjomi” mineral suları üçün nəzərdə tutulmuş yarımlitrlik şüşələrdə mənşəyi məlum olmayan 60 litr araq aşkarlanaraq götürülüb və məhv edilib. Bundan başqa, Masallı rayonunun Ərkivan kəndində fəaliyyət göstərən “Atlanta” müəssisəsinin işi dayandırılıb. Həmin mıüəssisədə buraxılan mineral süfrə suyunun keyfiyyəti dövlət standartlarının tələblərinə qətiyyən cavab vermirdi.
İdarənin yoxlamaları təkcə ərzaq məhsulları istehsalını deyil, sənaye, tikinti, emal müəssisələrinin məhsullarını da əhatə edir. Belə ki, ötən ilin yayında Lənkəranda iki mebel sexinin (yaş ağac materiallarından istifadəyə görə) və bir beton məmulatları sexinin (xammal reagentlərinin uyğunsuzluğuna görə) fəaliyyətinə dövlət qadağası qoyulub.
Namiq Kərimovun dedikləri:
— İdarəmiz Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında standartlaşdırma üzrə fəaliyyəti həyata keçirir. İşimizdə müvafiq əsasnamənin tələblərinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə imzaladığı “Ətraf mühitin təhlükəsizliyi və insan sağlamlığına ziyan gətirən qida məhsulları üzərində dövlət nəzarətinin gücləndirilməsi barədə” sərəncamı və ötən il təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müddəalarına ciddi riayət edirik. Məhsulların standartlarla uyğunluğu komitəmizin ən yüksək tələblərə cavab verən qurğu və avadanlığı olan ərzaq laboratoriyasında, həmçinin İİN-nin Cəlilabaddakı sınaq laboratoriyasında yoxlanılır və laborator cavabdan asılı olaraq sertifikatlaşdırma həyata keçirilir. Eyni zamanda, regionda əhali ilə hesablaşma aparılan ölçü vasitələrinin ildə ən azı bir dəfə məcburi dövlət yoxlamasından keçirilməsini təmin edirik. Ərazimizin əhatə dairəsindəki bütün istehsal sahələrinin, müəssisə və təşkilatların siyahısı, ünvanları dəqiqləşdirilib. Fərdi qaydada onların əksəriyyəti ilə istehsalın meteoroloji təminatı haqqında söhbətlər aparır, praktik məsləhətlər veririk.
Standartlara uyğunluq, zəruri keyfiyyət göstəriciləri iqtisadi sabitliyin və sosial dayanıqlığın başlıca şərtlərindəndir. Qloballaşan dünyada bunlarsız ötüşmək mümkün deyil. Standartlar təyinatına görə fərqli olsa da, məqsədi birdir: elm, texnika və istehsalın son nailiyyətlərinə müvafiq səviyyənin gözlənilməsi. Yalnız belə olduqda Azərbaycan markalı məhsullar dünyada tanınar və qəbul edilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.-23 yanvar.-S.6.