Azərbaycanın Avropa Şurasına gedən yolu Heydər Əliyevin siyasi hakimiyyətə
qayıtdığı gündən başlanmışdı
2001-ci il yanvarın 25-də
qurumun binası önündə dövlət
bayrağımızın məhz ulu öndər tərəfindən
qaldırılması da tarixi ədalət nümunəsi idi
Milli qürur, milli mənsubiyyətlə
fəxr etmək, milli dövlətin beynəlxalq aləmdə
təmsil olunması ilə iftixar hissi keçirmək
nümunəsidir. Ulu öndər Heydər Əliyevin şərəfli
ömrünün bütün məqamları kimi
respublikamızın Avropa Şurasına qəbul olunması
münasibətilə, Avropanın mərkəzində
qürurla söylədiyi bu fikirlər hər birimiz
üçün örnək, ibrət nümunəsidir. “Avropa
Şurası Azərbaycana nə qədər lazımdırsa,
Azərbaycan da Avropa Şurasına bir o qədər
lazımdır” — deyə öz xalqının və dövlətinin
Ümumavropa dəyərlərinə töhfə verəcək
bir ali səviyyədə olduğunu söyləyən ulu
öndər təkcə türk dünyasını,
dostlarımızı sevindirməmişdi, həm də bədxahlarımıza
layiqli cavab vermişdi.
Respublikamızın
Avropa Şurasına qəbul edilməsi yeni əsrin və
minilliyin xalqımız və dövlətimiz
üçün xoş müjdələrlə
başlanması kimi qəbul edilirdi. Yeni əsrin ilk həftələrində
öz dövlət müstəqilliyinin 10-cu ilini yaşayan Azərbaycan
Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata
üzv qəbul edildi. Bu, ulu öndər Heydər Əliyevin
1993-cü ilin yayından etibarən işləyib hazırladığı
sivil, dünyəvi, demokratik və hüquqi dövlət
quruculuğu kursunun təntənəsi idi. Ancaq ölkəmizin
bu quruma qəbul edilməsi üçün dövlət rəhbərliyi
uzun illər gərgin işlər aparmalı olmuşdu. Müstəqilliyin
ilk illərində ölkəyə rəhbərlik edənlərin
siyasi təcrübəsizliyi və diletantlığı
üzündən respublikada yaranmış xaos və anarxiya,
itaətsizlik, qanunsuzluq, demokratik dəyərlərə məhəl
qoyulmaması şəraitində Azərbaycan Avropa
Şurasına qəbul edilməzdi. Ona görə də ulu
öndər ən əvvəl ölkədə siyasi sabitliyə
nail oldu, dövlətin idarə edilməsi üçün
hüquqi baza formalaşdırdı, beynəlxalq aləmə
inteqrasiyanın konturlarını işləyib
hazırladı.
Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olması istiqamətində dövlət başçısı Heydər Əliyev tərəfindən silsilə siyasi tədbirlər həyata keçirilmişdi. Ona görə də 1996-cı ilin iyun ayından artıq ölkəmiz Avropa Şurasında xüsusi dəvət olunmuş qonaq statusu ilə iştirak edirdi. Bu dəvət bizim milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsinə zəmin yaratmışdı. Ulu öndər 1996-cı il iyul ayının 8-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalamış, bu sənəddən irəli gələn bütün vəzifələr yüksək səviyyədə həyata keçirilmişdi. Daha sonra dövlət başçımız bu istiqamətdə bir neçə mühüm sənəd imzalamış, ölkəmizin qitə miqyaslı quruma qəbul edilməsi üçün daha əlverişli zəmin yaratmışdı. 1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərinin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunvericilik aktları Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində Avropa dəyərlərinin bərqərar edilməsi üçün bütün hüquqi təminatları yaratmışdı. Eyni zamanda, Azərbaycanda 1993-cü ilin payızından etibarən köklü islahatlara start verilmiş, cəmiyyət həyatının bütün sahələrində sivil dövlət quruculuğu kursuna xas islahatlar aparılmışdı. Görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci il yanvar ayının 17-də Azərbaycanın bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunması barədə qərar qəbul etmişdi.
Həmin il yanvarın 25-də Azərbaycanın ən yeni tarixinin ən əlamətdar bir hadisəsi baş verdi. Avpopa Şurasının Strasburq şəhərindəki mərkəzi iqamətgahı önündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldıldı. Bu hadisə iki cəhətdən bizim üçün əlamətdar və yaddaqalan idi. Birinci siyasi cəhəti qeyd edək. Tarixən böyük dövlətçilik təcrübəsi və zəngin mədəniyyəti olan Azərbaycan XXI əsrin əvvəlində Avropa ailəsinə tamhüquqlu üzv kimi qəbul edilirdi. BMT, İslam Konfransı Təşkilatı, ATƏT, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və NATO kimi (“Sülh naminə tərəfdaşlıq proqramı üzrə”) mötəbər beynəlxalq təşktilatlarda yüksək səviyyədə təmsil olunan Azərbaycan daha bir nüfuzlu qurumda söz demək üçün mühüm tribuna qazanırdı. Bu hadisənin mənəvi cəhətdən qiymətləndirilməsi də elə bu səviyyədə əhəmiyyətli idi. Belə ki, Strasburqda Azərbaycan bayrağını 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən bu Qafqaz respublikasını bütün dünyada tanıdan, xalqımızın və dövlətimizin misilsiz şəkildə inkişafına nail olan, 1993-cü ilin qanlı və məşəqqətli günlərində siyasi hakimiyyətə qayıdaraq milli dövlətçiliyimizi məhv olmaqdan, xalqı vətəndaş müharibəsindən qurtaran böyük lider qaldırırdı. Bu, hər bir azərbaycanlı üçün fəxr və iftixar mənbəyi idi. Xalqa nicat, dövlətə qurtuluş gətirən böyük lider müstəqil Azərbaycanın bayrağını Avropa Şurasının binası önündə qaldırarkən bir qədər əvvəl yuxarıda qeyd etdiyimiz fikirləri söyləyərək möhtəşəm siyasətçi qətiyyəti nümayiş etdirmişdi: “Biz Ümumavropa dəyərlərinə öz töhfəmizi verməyə hazırıq”.
Heydər Əliyev öz titanik siyasi fəaliyyəti ilə həqiqətən də Ümumavropa dəyərlərinə öz töhfələrini verdi. Demokratik dəyərlərə ehtiram, sülh danışıqlarına sədaqət, əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, milli və dini tolerantlıq nümunəsinin yaradılması, seçki qanunvericiliyinin Avropa standartları səviyyəsinə qaldırılması, seçki praktikasının bütün dünyadakı analoji təcrübəyə uyğunlaşdırılması, bazar iqtisadiyyatı kursunun dönməz xarakter alması, Azərbaycanın bütün dünya üçün açıq ölkə elan edilməsi və bir çox bu qəbildən olan məsələlər Heydər Əliyevin Ümumavropa dəyərlərinə verdiyi töhfələr sırasında idi. Ancaq ekspertlərin fikrincə, ulu öndərin bilavasitə Avropa Şurasının fəaliyyətinə gətirdiyi bir yenilik də var idi. Bu, Avropa Şurası Parlament Assambleyasındakı milli parlament nümayəndə heyətlərinin fəaliyyətinə gətirilən dinamiklik idi. Avropalı deputatlar açıq şəkildə etiraf edirdilər ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüskarlığı, bütün müzakirələrdə nümayiş etdirdiyi çevik reaksiya vermək məharəti, qərəzsizliyi və obyektivliyi digər nümayəndə heyətlərinin də fəallaşmasına səbəb olmuşdur. Fikrimizcə, bu, ulu öndərin AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin formalaşdırılması zamanı nümayiş etdirdiyi siyasi uzaqgörənliyin nəticəsi idi.
Elə cənab İlham Əliyevin AŞPA-dakı fəaliyyətinin nəticəsi olaraq qurum rəhbərliyinin Ermənistanı işğalçı dövlət kimi tanıması da düzgün seçimin nəticəsi olaraq qiymətləndirilir. 2001-ci ildə üzvü olduğumuz Avropa Şurasının Parlament Assambleyası cəmi 1 ildən sonra Ermənistanın işğalçı dövlət olduğunu sübut edən rəsmi sənəd qəbul etdi. Bu, Azərbaycan nümayəndə heyətinin çox böyük uğuru idi. Ekspertlərin fikrincə, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı başqa bir uğuru da var ki, bu da bilavasitə nümayəndə heyətimizin rəhbərinin adı ilə bağlıdır. Belə ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA sədrinin müavini və qurumun büro üzvü seçilən ilk MDB siyasətçisi idi. Bu fakt da ulu öndər Heydər Əliyevin seçim edərkən nə qədər uzaqgörənlik nümayiş etdirməsinin təsdiqidir.
Bu gün — yanvarın 25-də Avropa Şurasının Strasburqdakı binası önündə Azərbaycanın dövlət bayrağının qaldırılmasının növbəti ildönümü qeyd edilir. Bu tarixi nailiyyəti bizə bəxş edən ulu öndər təkcə Avropa Şurasında deyil, dünyanın bütün beynəlxalq təşkilatlarında ehtiramla xatırlanır, hörmətlə yad edilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-25 yanvar.-S.1.